Dünyada istixana qazı emissiyalarının azaldılması istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, hazırkı siyasətlər hələ də Yerin təhlükəli səviyyədə istiləşməsinə səbəb olacaq.
AZƏRTAC “New Scientist” jurnalına istinadla xəbər verir ki, son araşdırmalara görə, bu siyasətlər 2100-cü ilə qədər planetin 1,9°C ilə 3,7°C arasında istiləşməsi ilə nəticələnə bilər. Üstəlik, 22-ci əsrdə bu istiləşmənin davam etməsi ehtimalı yüksəkdir.
Kaliforniyada yerləşən “Stripe” şirkətinin iqlimşünası Zeke Hausfather bildirir ki, 2100-cü ildən sonra da karbon emissiyaları davam edərsə, qlobal temperatur daha da yüksələcək. Onun təhlilləri son beş ildə dərc edilmiş ondan çox tədqiqatın icmalına əsaslanır. Bu araşdırmalara görə, dünyanın istiləşməsinin 2,3°C ilə 3°C arasında olma ehtimalı daha yüksəkdir. Bununla belə, iqlim sisteminin emissiyalara necə reaksiya verəcəyinə dair qeyri-müəyyənliklər nəticəsində istiləşmənin 1,9°C ilə 3,7°C arasında dəyişə biləcəyi qeyd olunur. Alimlər bu rəqəmləri müəyyən edərkən, ən çox ehtimal olunan ssenariləri – 5 faizdən 95 faizə qədər ehtimalları nəzərə alıblar. Hazırkı siyasətlərlə bu əsrdə 4,4°C-dən çox istiləşmə ehtimalı az qiymətləndirilir.
Son tədqiqatlar göstərir ki, 2100-cü ilə qədər planet 4°C-dən çox istiləşməyə məruz qala bilər. Ancaq indiki vaxtda bu real görünmür. Bunun əsas səbəblərindən biri kömürdən istifadənin azalması və emissiyaların artımını məhdudlaşdırmaq üçün görülən tədbirlərdir. Z.Hausfather qeyd edir ki, əvvəllər nəzərdən keçirilən bəzi ssenarilər reallıqdan uzaq idi. Eyni zamanda, bu irəliləyişlər iqlim siyasətində müəyyən müsbət nəticələrin əldə edildiyini göstərir. Ancaq bu, emissiyaların gələcəkdə daha da azalacağına tam zəmanət vermir. Enerji tələb edən texnologiyaların, xüsusilə süni intellektin inkişafı, qlobal emissiyalara yeni təzyiqlər yarada bilər. Z.Hausfather hesab edir ki, yaxın gələcəkdə süni intellekt səbəbilə emissiyaların artma ehtimalı mövcuddur. Lakin uzunmüddətli perspektivdə bunun qlobal istiləşmə nəticələrinə ciddi təsir edəcəyi gözlənilmir.