"Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir".
Noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsi zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Özbəkistan əlaqələri bu gün hərtərəfli şəkildə uğurla inkişaf edir.
Azərbaycan xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, kommunikasiyaların qurulması istiqamətində formalaşan mövcud vəziyyət sözügedən ölkələrlə münasibətlərin daha dinamik inkişaf etməsinə gətirib çıxarıb. Bu mənada Azərbaycan-Özbəkistan əlaqələri xüsusi diqqət çəkir. Tarixi kökləri, dili, dini, mədəniyyəti ilə bir-birinə sıx bağlı olan bu iki ölkə siyasi, iqtisadi, ticari, ümumiyyətlə, çoxşaxəli əməkdaşlıqlarında xalqlarımızın, ölkələrimizin rifahını, tərəqqisini əldə əsas tuturlar. Prezident İlham Əliyev və Özbəkistan rəhbəri Şavkat Mirziyoyev arasındakı səmimi dostluq münasibətləri ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm təkan rolunu oynayır.
Yuxarıda sözügedən müsahibəsində dövlətimizin rəhbəri də məhz bu məqama bir daha diqqət çəkib: "Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim".
Qarabağın quruculuğuna dəstək təşəbbüsünü irəli sürən ilk ölkə
İki ölkə ali liderlərinin Özbəkistan və Azərbaycana qarşılıqlı səfərləri də dövlətlərimiz arasındakı əlaqələrin intensiv inkişafına xidmət edir.
Gerçəkləşdirilən tarixi səfərlər zamanı xeyli mühüm sənəd, həmçinin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında bəyannamə, müttəfiqlik münasibətləri haqqında müqavilə, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol Xəritəsi" və digər sənədlər imzalanıb.
Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləyib. Özbəkistan rəhbəri Şavkat Mirziyoyevin işğaldan azad edilən torpaqlarımıza dəfələrlə səfər etməsi də qardaş ölkənin Azərbaycana olan yüksək etimadından xəbər verir. Özbəkistan dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı tikinti və quruculuq işlərinə öz töhfəsini verməklə qardaşlıq həmrəyliyini bir daha nümayiş etdirib.
2023-cü ilin avqustunda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Bu nümunənin özü də "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır", - deyən Şavkat Mirziyoyevin sözlərinin əyani təsdiqidir.
UzA-ya müsahibəsində Prezident İlham Əliyev də elə bu məqama toxunub: "...Qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik".
Strateji qarşılıqlı əlaqələr inkişaf edir
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-16-da Özbəkistanda səfərdə olub.
Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan rəhbəri Şavkat Mirziyoyev ilə təkbətək görüşü zamanı ölkələrimiz arasındakı əlaqələrin inkişafından söz açılıb. Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.
Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulanıb. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək, bu xüsusda dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunulub.
Məşvərət görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair qərar qəbul edilib. Görüşdəki çıxışında bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq: "Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm".
Göründüyü kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə hərtərəfli əlaqələri gündən-günə inkişaf edir və bu dinamika Özbəkistanla dostluğa, qardaşlığa əsaslanan münasibətlərin fonunda daha da irəli çıxıraq gələcək üçün böyük perspektivlər vəd edir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"