12 Dekabr 2024 08:25
103
SİYASƏT
A- A+
Dahiliyin HeydƏr Əliyev qüdrəti

Dahiliyin HeydƏr Əliyev qüdrəti


"Milli ideologiya, ilk növbədə dövlətçilikdən ibarətdir. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Dahi liderimiz, Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu müdrik kəlamlar bugünkü qüdrətli Azərbaycanın yüksəlişinin təməl prinsiplərində, yol xəritəsində bir mayak rolunu oynayıb desək yanılmarıq. Məhz bu siyasi xətt Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirə bildi. Müstəqilliyini itirmək, bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtularaq inkişaf yoluna qədəm qoyan bir ölkə həmin yüksəliş strategiyasına uyğun addımlayaraq istəyinə nail oldu. 


Xalqa əvəzsiz xidmət missiyası


Əlbəttə ki, istənilən ölkədə müstəqil dövlətçilik konsepsiyasının formalaşması məhz fenomenal liderlərin adı ilə bağlıdir. Bu xalqlar içərisində azərbaycanlıların da adının çəkilməsi bizim üçün fəxarətdir. 

Ulu Öndər Heydər Əliyev yaşadığı əsrin dahi siyasətçisi, iradəli, cəsarətli, bacarıqlı liderlərindən biri idi... 

Liderlik keyfiyyətləri ilə diqqətləri cəlb edən dünyaşöhrətli diplomat, dünyanın ən böyük azərbaycanlısı idi...

Məhz buna görə də Azərbaycan xalqı xilaskar liderinin əziz xatirəsini hər zaman dərin ehtiramla anır.

Xoşbəxt xalqıq ki, Tanrı bizə Ümummilli Lider kimi tarix yaradan şəxsiyyət bəxş edib. Dövlətinin, xalqının ən ağır günündə üzərinə götürdüyü məsuliyyəti bacarığı, istedadı, uzaqgörənliyi ilə həll edib xilaskar liderə çevrilən Ulu Öndər tarixi proseslərə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər həyata keçirib.   

Bəlkə də Ulu Öndər Heydər Əliyev olmasaydı, nəinki bu gün tarixin ən qüdrətli Azərbaycanı var idi, heç bəlkə də, onun müstəqilliyindən əsər-əlamət yox idi. Parçalanmış, torpaqları tamamilə işğal edilmiş, pərən-rpərən düşmüş bir xalq kimi yaşayırdıq...

Amma Ulu Öndərin xilaskarlıq missiyası sayəsində hazırda Azərbaycan dünyada sayılıb-seçilən, söz-nüfuz sahibi olan, iqtisadi müstəqilliyini təmin edən, müstəqil siyasət yürüdən ölkə kimi tanınır. Bütün bu uğurlar Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi inkişaf konsepsiyasının bəhrəsidir.  

Müstəqil Azərbaycanı böyük dünya siyasətinə qovuşduran siyasi liderin həyatı və irsi barədə düşünərkən gözlərimiz önündə onun heyrətamiz intellekti, işıqlı ideyaları, xüsusilə dəyərli əxlaqi və siyasi siması canlanır. Hər kəs bu dahi şəxsiyyətlə bağlı hər hansı bir fikir söyləyərkən böyük şərəf və məsuliyyət hissi keçirir.

Azərbaycanın tarixdə müdrik dövlət adamları çox olub. Onların sırasında Ulu Öndər Heydər Əliyev ayrıca və misilsiz mövqe tutur. Həmin mövqe tarixin bu böyük şəxsiyyətin öhdəsinə qoyduğu missiyanın, vəzifələrin mürəkkəbliyi ilə bağlı idi. Bu missiya müstəqil Azərbaycan dövlətini yaratmaq, inkişaf etdirib dünya düzəninə çıxarmaq və dünyaya Günəş kimi doğan dövlətə çevirmək idi. 

Ömrünü xalqına, dövlətinə bağışlayan dahi şəxsiyyət bunlardan ikisinə nail oldu. Azərbaycanı müstəqil dövlət kimi qurdu və dünyaya tanıtdı. Onun yarımçıq qalan işini siyasi və həyat məktəbinin ən layiqli məzunu cənab İlham Əliyev davam etdirərək tamamladı. Azərbaycanın suverenliyini tam bərpa edib tarixinin ən qüdrətli dövlətini formalaşdırdı. 

Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Liderin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. O, hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevirdi. Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndərin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ən yüksək tribunalardan böyük iftixarla "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" söyləyən bu böyük şəxsiyyət, ilk növbədə, dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycanın reallıqlarını, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı.

Böyük strateq hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkışafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri ilə, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaradıb.


13 ilin möhtəşəm uğurları


Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illəri əhatə edən hər iki zaman kəsimində dövlətçiliyimizin təməllərini çox möhkəmlədib. 

Azərbaycana rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illəri əhatə edən 13 illik tarixi dövrdə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi ilə respublikamızda bütün sahələrin inkişafında böyük sıçrayışa nail olub. Parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Ulu Öndər, sözün əsl mənasında, möcüzələr yaradıb. 

Onun Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmiz imperiyanın 15 respublikası arasında sosial-iqtisadi duruma görə 14-cü yerdə idi. Ölkədə dərin tənəzzül yaşanırdı. Məhz belə bir çətin dönəmdə Ümummilli Lider üzərinə böyük məsuliyyət götürdü və sovet imperiyasının bütün ideoloji-siyasi maneələrinə baxmayaraq, ən ağır vəzifənin öhdəsindən gəlməyi bacardı, Azərbaycanın inkişaf konsepsiyasını formalaşdırdı. Danılmaz həqiqətdir ki, 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi-sosial, həmçinin milli-mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş oldu. Milli ruhun inkişafı və intibahı dövrü başladı. Həmin zamanda Azərbaycan keçmiş ittifaqda sosial-iqtisadi göstəricilərinə görə geridə idi. Amma Ulu Öndər qeyri-adi idarəçilik bacarığı, polad iradəsi ilə respublikamızda bütün sahələrin inkişafında böyük sıçrayışa nail oldu, Azərbaycanı inkişaf səviyyəsinə görə ittifaqda 14-cü yerdən 4-cü yerə yüksəltdi. Düzdür, digər ölkələr də yerində saymırdı, onlarda da inkişaf gedirdi. Amma Heydər Əliyev zəkası, idarəçilikdə dinamikası elə möhtəşəm səviyyədə idi ki, Azərbaycan daha sürətlə irəliləyirdi. 

Bu qısa zamanda Azərbaycanın nailiyyətləri hər kəsi heyran edirdi. Əgər diqqət etsək görərik ki, bu az zaman ərzində məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verilib. Sənaye və kənd təsərrüfatı istehsalı 2,7 dəfə artıb, tələbat mallarının istehsalı 3 dəfə yüksəlib, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 2,6 dəfə çoxalıb. Taxıl istehsalı 573,9 min tondan 1 milyon 211,3 min tona, üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min tona, pambıq istehsalı 299,4 min tondan 831,2 min tona qalxıb. Neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artıb. Sənayedə 4400 adda yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olunub.  Bunlardan 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilib. 

Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə - cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırılıb. 1972-ci ildə Bakıda indiki Heydər Əliyev sarayının, 1975-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun açılışı olub. 1976-cı ildə Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırılıb, daha sonra Sərsəng su anbarı, Bakı Dərin Özüllər Zavodu istifadəyə verilib. 1980-ci ildə "Gülüstan" sarayı tikilib, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salınıb. 1969-1982-ci illərdə ölkəmizdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkilib.

Ulu Öndərin ən çox diqqət yetirdiyi sahələrdən biri də təhsil sahəsi idi. Azərbaycanın gələcəyini etibarlı əllərdə görmək istəyən dahi lider gənc nəslin hərtərəfli təhsil alması üçün əlindən gələni əsirgəmirdi. 1969-1982-ci illərdə ölkədə 770-ə qədər məktəb binası istifadəyə verildi. Respublikada ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olundu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər ali təhsil almağa göndərilirdi. Göndərilən 47 nəfərin də az bir hissəsini azərbaycanlılar təşkil edirdi. 1975-ci ildə isə onların sayı 700 nəfərə çatdı. Həmin dövrdən  başlayaraq azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə ziyalılarımız azad nəfəs almağa başladılar. 

Azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılıb. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr həm də milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilib. Məhz bu qələbələr, nailiyyətlərlə Azərbaycan müstəqillik dövrünə hazırlanıb. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra başlayıb.


Naxçıvandan başlayan müstəqillik və yüksəliş yolu


Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Ulu Öndər Heydər Əliyev ona bəslənilən ümidləri layiqincə doğrulda bilib. Təsadüfi deyil ki, sovet illərində olduğu kimi, müstəqillik dövründə də məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bütün təbəddülatlardan xilas olmağı bacarıb. Bu baxımdan tarixi həqiqətdir ki, əgər 1993-cü ilin gərgin və böhranlı iyun günlərində Ulu Öndər siyasi hakimiyyətə qayıtmasaydı, indi bəlkə də nə müstəqilliyimiz, nə də dövlətçiliyimiz var idi. 

Heydər Əliyev siyasi rəhbərliyin bütün maneələrinə, hətta sui-qəsd təhlükələrinə baxmayaraq, 1990-cı ilin iyulunda əvvəl Bakıya, sonra anadan olduğu qədim Naxçıvan torpağına döndü. Bununla da Azərbaycanın qurtuluş missiyası Naxçıvandan başladı.

Qısa müddətdən sonra Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri seçilməsi, əslində, tək Naxçıvan sakinlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının seçimi, istəyi idi. Bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə Heydər Əliyev elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli Lider bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi. Blokada şəraitində yaşayan, Bakıdakı rəhbərliyin davamlı təzyiqlərinə və maneələrinə məruz qalan Naxçıvanda əsl müstəqillik və dövlətçilik modeli yarandı. Təsadüfi deyil ki, müstəqillik və dövlətçiliklə bağlı bütün rəsmi qərarlar Azərbaycan Ali Soveti tərəfindən yox, Naxçıvan Ali Məclisi tərəfindən qəbul olunmuşdu. Müstəqillik və dövlətçiliklə bağlı təşəbbüslərin müəllifi də Azərbaycana o zaman rəhbərlik edən prezidentlər deyil, məhz Heydər Əliyev idi. 

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Nəticədə, öncə Bakıda qaldırılmalı olan üçrəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. 

Həmin tarixi anı Ulu Öndər sonralar belə dəyərləndirmişdir: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ Kommunist Partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq".

34 il öncə, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında ucaltdığı bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə bu gün Qarabağda, Şərqi Zəngəzurda, bütün Azərbaycanda qürurla dalğalanır.

Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri kimi qəbul etdiyi müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yeni müstəqillik qazanmış dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi və 1993-cü ildən sonra bütün Azərbaycana şamil olunacaq yeni inkişaf kursunun da əsası idi.

SSRİ rəhbərliyinin imperiya siyasətinə və ermənipərəst mövqeyinə etiraz əlaməti olaraq Azərbaycan xalqı azadlıq hərəkatına qalxdı. Xalqımızın müstəqillik əzmini qırmaq üçün 1990-cı ilin yanvarında imperiya tərəfindən Bakıya qoşun yeridildi və qanlı qırğın törədildi. Azərbaycan xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi.

1990-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu.

1992-ci il noyabrın 21-də Naxçıvanda  xalqın marağı ilə yaşayan 550 nəfər ziyalıdan ibarət təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsinin məntiqi nəticəsi olaraq YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə, xalqın ən etibarlı tribunasına çevrildi. 

Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan böyük tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. 

Bir tərəfdən, ölkədə yaranmış xaotik vəziyyəti nizamlayan Ulu Öndər, digər tərəfdən, erməni işğalına qarşı qlobal miqyasda savaşa başladı. Məhz Heydər Əliyevin çox gərgin və genişmiqyaslı fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Ulu Öndərin inkişaf konsepsiyasına uyğun atılan bütün addımlar hər sahədə yüksəlişi şərtləndirdi. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə  hakimiyyətə gəldikdən heç bir il keçməmiş ordu quruldu, əks hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi.

Sonrakı illərdə bizi inkişafa, tərəqqiyə aparan yol məhz Ulu Öndərin sayəsində başlandı. "Əsrin müqaviləsi"ni imzaladı, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu, ölüm hökmü və senzura ləğv edildi, azərbaycanlıların soyqırımı və deportasiyası haqqında tarixi fərmanlar verdi, azərbaycançılıq hakim ideologiyaya çevrildi. Ulu Öndər Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olanları etdi, Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail oldu. Heydər Əliyev yenidən hakimiyyətə gəlməklə vətəndaş müharibəsi və qardaş qırğınına son qoydu, balanslaşdırılmış xarici siyasətə nail oldu, dövlət-din münasibətlərini tənzimlədi.


Heydər Əliyev idealları və irsini yaşadan fond


Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti xalqın taleyini öz siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməsi oldu.

Hazırda Azərbaycan tarixinin ən qüdərli dövrünü yaşayırsa, əminliklə deyə bilərik ki, bu, Heydər Əliyevin gerçəkliyə çevrilən ideyalarının bəhrəsidir. Onu reallaşdıran, uğurla həyata keçirən isə böyük strateq Heydər Əliyevin məktəbinin ən layiqli məzunu cənab Prezident İlham Əliyevdir. 

Adını Azərbaycan tarixinə Müzəffər Sərkərdə kimi yazdıran Ali Baş Komandan məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 21 ildə ölkəmiz misli görünməmiş uğurlara imza atan dövlət kimi tanındı. Azərbaycanda bu gün əldə olunan böyük nailiyyətlər, qazanılan zəfərlər Ulu Öndərin əsasını qoyduğu təməllərin nəticəsidir. Demək, Heydər Əliyev həm də bütün uğurlarımızda, inkişafımızda yaşayır. Çox əlamətdar haldır ki, Ulu Öndəri xalqın nəzərində yaşadan bir müqəddəs ünvan da var - Heydər Əliyev Fondu. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond dahi şəxsiyyətin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. 20 il öncə, 2004-cü ildən fəaliyyətə başlayan fond ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfəsini verir. 

Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir.

Ulu Öndərin ideallarını yaşadaraq ümumbəşəri dəyərlərə mühüm töhfələr verən Mehriban xanım Əliyeva bu xoş məramı ilə beynəlxalq ictimaiyyətin böyük hörmət və rəğbətini də qazanmağı bacarıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sərhəd tanımayan xeyirxah təşəbbüsləri ona dünyada böyük nüfuz qazandırıb.

Qarabağın və Şərqi Zəngəzurun quruculuğunda və bərpa işlərində yenə də daim bu torpaqların böyük himayədarı olmuş Ulu Öndər Heydər Əliyevin şərəfli adı, müqəddəs imzası var. Dahi şəxsiyyətin adını daşıyan fond bu prosesdə yenə də ön sıradadır. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük fədakarlıq göstərir. 

Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən gələn mütəxəssislər də iştirak edirlər. Bildiyimiz kimi, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşdı və istifadəyə verildi. Həmçinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəli fondun dəstəyi ilə Şuşa şəhərində yenidən ucaldıldı. 

Minlərlə qədim, tarixi tikiliyə, dini, milli abidəyə yeni həyat verən Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpası üçün işləri davam etdirir. Fondun layihələri çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir.

Hörmətli Mehriban xanım Əliyevanın bu dəyərli fəaliyyəti Ulu Öndərin ruhuna böyük ehtiram olmaqla bərabər, həm də onun ideyalarının, amallarının əbədi yaşayacağını nümayiş etdirir. Bütün bunlar Heydər Əliyevin nə qədər dahi, əvəzedilməz şəxsiyyət olduğunu təsdiqləyən reallıqlardır. 

Əminliklə deyə bilərik ki, müqəddəs Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev həm 30 ildən sonra Azərbaycanın suvrenliyini tam təmin etməsi, həm də Ulu Öndərin arzuladığı dünyaya Günəş kimi doğan ölkə yaratması ilə dahi liderin ruhunu şad edib. 

Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. İkiəsrlik münaqişəni, otuzillik müharibəni Zəfərlə bitirən, dünyanın ən islahatçı ölkələri sırasına yüksələn, bölgənin şəriksiz liderinə çevrilən ölkəmizin bütün bu nailiyyətləri Prezident İlham Əliyevin möhtəşəm fəaliyyətinin nəticələridir. Ancaq bir məqamı da unutmayaq, möhtərəm dövlət başçımız hər zaman bildirir ki, bu nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurla həyata keçirilməsi təmin edir.

Haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı sayılan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə formalaşdırdığı təməllər həm də uzun onilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək düzgün yol kimi ölkəmizin yeganə alternativsiz yüksəliş yoludur.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hikmət Hacıyev: Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır  

11:51
12 Dekabr

Azərbaycan səhnəsinin ilk Hamleti  

11:46
12 Dekabr

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər  

11:41
12 Dekabr

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını ziyarət edib  

11:36
12 Dekabr

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

10:10
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!