Azərbaycanın milli dövlət quruculuğu tarixində xüsusi rolu və əməyi olan simalardan biri də cümhuriyyətin ilk ədliyyə naziri kimi yaddaşlarda qalan Xəlil bəy Hacıbaba oğlu Xasməmmədovdur.
Xəlil bəy Xasməmmədov 150 il bundan öncə, 1873-cü il oktyabrın 25-də qədim Gəncə şəhərində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alan Xəlil bəy Gəncədəki klassik gimnaziyanı uğurla bitirdikdən sonra Moskva Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Tələbəlik illərində bəzi müəllimlərinin, eləcə də tələbə yoldaşlarının rus millətçiliyini təbliğ etmələri onu xalqının gələcək taleyini düşünməyə sövq etmişdir. Beləliklə, Xəlil bəy Rusiya tarixini oxuduqca, soykökünü öyrənməyə böyük maraq göstərmişdir. Odur ki, universiteti bitirəndə Xəlil bəy artıq bir türk, müsəlman millətsevəri kimi tanınırdı.
1895-ci ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirən Xəlil bəy Xasməmmədov Yekaterinodar, indiki Krasnodar dairə məhkəmələrində işləməyə göndərilir. Bir müddət Yekaterinador şəhərində işlədikdən sonra vətənə dönür, Gəncə dairə məhkəməsində işə düzəlir. Bu zaman Rusiyanın qanunlarının xalqının adət-ənənəsi ilə düz gəlmədiyinin, məmurların rus dilini bilməyən əhali ilə, xüsusən də müsəlmanlarla necə alçaldıcı davrandıqlarının şahidi olur. Xəlil bəy Xasməmmədov özü kimi vətənsevərlərlə məsləhətləşir, bu vəziyyətdən xilas olmağın yollarını müzakirə edir, təşkilatlanmaq üçün yollar axtarırlar. Ədalətliliyi, haqsevərliyi, yanımcıllığı ilə xalqının diqqətini cəlb etdiyinə görə onu 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasından 2-ci Dövlət Dumasına deputat seçirlər.
X.Xasməmmədov dumada Xalq Azadlığı Partiyasını təmsil etməklə Fətəli xan Xoyski ilə birlikdə milli-dini bərabərlik komissiyasının, dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuşdular. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov varlı ailələrdən olmalarına baxmayaraq, fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğunu deyir və onu dəyişdirməyə çalışmışdılar.
Xəlil bəy Xasməmmədov dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə həyata keçirilməsini təklif etmişdi. 2-ci Dövlət Duması buraxıldıqdan sonra çağırılan 3-cü Dövlət Dumasına seçilən Xəlil bəy Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat olmuşdur. O, dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyaların üzvü kimi çalışmışdı.
3-cü Dövlət Dumasının tribunasında Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edən Xəlil bəy Xasməmmədov demişdir: "Dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir".
Xəlil bəy Xasməmmədov dumadakı fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilmədiyini, onların maariflənməsinə az vəsait xərcləndiyini, maddi rifah halının yüksəldilməsi üçün heç bir iş görülmədiyini və digər bu kimi məsələləri dəfələrlə gündəmə gətirmişdir.
Dumanın ən fəal deputatlarından olan Xəlil bəy Xasməmmədov ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfiyyət, seçki, dini etiqad, "zemstvo" idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və başqa məsələlər müzakirə edilərkən bu sahələrdə islahatlar aparılmasının vacibliyini dəfələrlə diqqətə çatdırmışdır. Xalq təhsili məsələləri barədə çıxışlarında o, ibtidai məktəbdə ana dilində təhsilin mütləqliliyini vurğulamış və Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası tatar şöbəsinin Yelizavetpola (Gəncə) köçürülməsi və müstəqil seminariyaya çevrilməsi barədə Rusiya Xalq Maarifı Nazirliyi qarşısında vəsatət qaldırmışdı.
Xəlil bəy Xasməmmədov 1913-1917-ci illərdə Gəncə şəhərində bələdiyyə rəisi işləyərkən siyasi fəaliyyətini daha da genişləndirmişdir. 1917-ci ilin fevralında çar II Nikolayın hakimiyyəti süquta uğradıqdan sonra Xəlil bəy Xasməmmədov Nəsib bəy Yusifbəyli və başqa məsləkdaşları ilə birlikdə Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmışdır. 1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz Müsəlmanlarının Qurultayında və həmin ilin may ayında Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanları qurultayında fəal iştirak edən Xəlil bəy Xasməmmədov birliyə nail olmaq üçün maraqlı təkliflər irəli sürmüşdür.
Dövrün siyasi hadisələrini diqqətlə izləyən Xəlil bəy Xasməmmədov görür ki, kiçik qüvvə ilə səmərəli iş görmək mümkün deyil. Odur ki, Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasının "Müsavat" Partiyası ilə birləşdirilməsinin tərəfdarı olur. 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən birləşdirici qurultayda Xəlil bəy Xasməmmədov partiyanın Mərkəzi Komitəsinin üzvü seçilir.
Xəlil bəy Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri kimi tanınır. Gəncə Qəza İcraiyyə Komitəsinin sədri işləyir. O, Zaqafqaziya Komissarlığı Dövlət Nəzarəti Komissariatında, Zaqafqaziya Seymində çalışır. 1918-ci il mayın 26-da Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra Azərbaycan Milli Şurasının yaradılmasında fəal iştirak edir və Milli Şuraya üzv seçilir. Onu həmin il keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin tərkibinə daxil edirlər.
Gərgin və ağır günlərdə Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət Kabinəsində ədliyyə naziri təyin edilir. Yeni nazirliyin formalaşmasında əlindən gələni əsirgəməyən Xəlil bəy Xasməmmədovu 2-ci Hökumətin Kabinəsi təşkil ediləndə əvvəlcə portfelsiz nazir, 1918-ci il oktyabrın 6-da kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışır. "Müsavat" Partiyasından Azərbaycan Parlamentinə üzv seçilən Xəlil bəy Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Pespublikasının 1919-cu il aprel-iyun konfranslarında iştirak edir.
1920-ci ilin aprelində Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunur. Az sonra yerli rus şovinistlərinin, eləcə də İrandan, Türkiyədən, habelə digər ölkələrdən gəlib Azərbaycana sığınan ermənilərin xəyanəti və dəstəyi ilə bolşevik Rusiyası Azərbaycanı işğal edir.
Xəlil bəyin qardaşı Ələsgər bəylə, Ələkbər bəy də dövrün məşhur hüquqşünas və ictimai xadimi olub. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi şöbəsinin və Azərbaycan FK-nın əmri ilə 1920-ci il mayın 29-dan iyunun 4-nə qədər heç bir səbəb olmadan həbsdə saxlanılıb. 1922-ci ilin aprelində Ələsgər bəy yenidən həbs edilib. O, ağır işgəncələrdən sonra buraxılıb. 1929-cu ilin son aylarında Xəlil bəy Xasməmmədovla yaxınlıq əlaqəsi olan bütün qohumlar həbsə və sürgünə məruz qalıblar. Ələkbər və Məmməd bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə birlikdə, şəxsi əmlakları müsadirə edilməklə Qazaxıstana sürgün edilirlər.
Bu zaman Türkiyədə olan Xəlil bəy Xasməmmədov siyasi-publisistik fəaliyyətlə məşğul olur. "Yeni Qafqasya" (1923-27), "Azəri-türk" (1928-31), "Odlu yurd" (1920-30), "Azərbaycan yurd bilgisi" (1932) jurnallarında, Parisdə fransızca çıxan "Prometey" (1929-38), rusca "Kavkaz" (1932-38), habelə Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" (1932-34) və "Qurtuluş" (1934-38) kimi dövri mətbuatda siyasi məzmunlu məqalələr dərc etdirərək işğala qarşı sərt mövqe nümayiş etdirir.
Xəlil bəy Xasməmmədov 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzinin yaradılmasında fəal iştirak edir, Mərkəzi Komitəyə və "Müsavat" Partiyasının rəhbərliyinə seçilir. Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfındən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri olur.
Yaradıcı ömrünü mühacirətdə başa vuran, bilik və bacarığını millətinin azadlığı uğrunda mübarizəyə həsr edən Xəlil bəy Xasməmmədov 1945-ci il avqustun 11-də, 71 yaşında dünyasını dəyişmiş, İstanbuldakı Fəriköy məzarlığında dəfn edilmişdir. Qədirbilən Azərbaycan xalqı ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədovun milli dövlət quruculuğu və xalqının azadlıq uğrunda mübarizəsini heç vaxt unutmur, xatirəsini əziz tutur. Doğulub boya-başa çatdığı Gəncə şəhərində Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutu, həmçinin şəhərin mərkəzi küçələrindən biri Xəlil bəy Xasməmmədovun adını daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində onun adını daşıyan muzey təşkil edilib. Qardaş ölkəyə yolu düşənlər, eləcə də diaspor nümayəndələri tarixi günlərdə Xəlil bəy Xasməmmədovun məzarını ziyarət edir, ruhuna dualar oxuyur, qəbri üzərinə gül dəstələri düzür və ehtiramlarını bildirirlər.
Rəhman SALMANLI,
"Azərbaycan"