Azərbaycan Silahlı Qüvvələri buna görə regionda ön sıradadır
Ötən həftə Azərbaycan Ordusunun növbəti möhtəşəm hərbi paradı ölkəmizin qüdrətinin, milli birliyinin və müasir dövlətçilik ideologiyasının parlaq təzahürü kimi tarixə yazıldı. Paytaxt Bakının mərkəzində keçirilən bu təntənəli tədbir həm daxildə xalqın qürur mənbəyi, həm də beynəlxalq arenada Azərbaycanın artan hərbi-siyasi nüfuzunun nümayişi oldu.
Paradda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri, o cümlədən quru qoşunları, hava hücumundan müdafiə sistemləri, raket-artilleriya hissələri, xüsusi təyinatlı qüvvələri və hərbi aviasiya bölmələri iştirak etdi. Meydandan keçən müasir texnika nümunələri, pilotsuz uçuş aparatları, zirehli maşınlar və yüksək dəqiqlikli silah sistemləri Azərbaycanın müdafiə sənayesinin və ordu quruculuğundakı böyük irəliləyişin bariz göstəricisi idi.
Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və texnoloji cəhətdən ən inkişaf etmiş hərbi qüvvəsidir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycanın hərbi imkanları məhdud olsa da, sonradan aparılan genişmiqyaslı islahatlar, hərbi texnika parkının yenilənməsi və müasir texnologiyaların tətbiqi nəticəsində ordumuz tamamilə yeni səviyyəyə yüksəlib.
Azərbaycan Ordusunun texnikası bu gün həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından regionda ön sıradadır. Müasir texnologiyalar, peşəkar hərbi kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar sayəsində Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı səviyyəsinə yüksəlib. Bu güc təkcə Azərbaycanın müdafiə qabiliyyətini deyil, həm də regionda sülhün və sabitliyin qorunmasında rolunu daha da möhkəmləndirir.
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad zamanı nümayiş etdirilən texnikalar isə Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub. Bu müxtəliflik ordunun, eyni zamanda müdafiə, əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.
Hərbi paradda keçid zamanı təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan SPIKE-ER (İ-AR) raketləri, 120 millimetrlik SPEAR minaatanları quraşdırılmış, "SandCat-Stomer" zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu VAŞAQ xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş COBRA-II zirehli tibbi təxliyə avtomobilləri, Land Rover-110 xüsusi təyinatlı patrul avtomobilləri, SKİF - COBRA üzərində yerləşdirilmiş tankəleyhinə idarəolunan raket kompleksi, BTR-82A zirehli transportyorları, PDM-3 - Piyadaların Döyüş Maşınları, T-72M1 və T-90S tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığının və strateji üstünlüyünün açıq nümayişidir.
Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27Æ yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş ÆF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri izləyicilərdə iftixar dolu hisslər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan bayrağının rənglərini paytaxt səmasında canlandırıb.
Onu da vurğulayaq ki, Vətən müharibəsinin 5 illik yubiley paradında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfərlik şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfərlik şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfərlik şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də 12 gəmi paradda nümayiş üçün cəlb olunub.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan 5 il öncə sahib olduğu hərbi qüdrətini daha da artırıb. Bunu İlham Əliyev paraddakı çıxışında bir daha vurğulayaraq deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü getdikcə daha da artacaq və ordumuzun maddi-texniki bazası modern hərbi texnikalarla təchiz ediləcək.
Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasındakı mövqeyini daha da yaxşılaşdıracaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"