Həyata keçirilən təşkilati tədbirlər sayəsində Bakı konfransı uğurla davam edir
BMT-yə daxil olan ölkələrin 2000-ci ilin sentyabrında qəbul etdiyi "Minilliyin deklarasiyası"nın iqlimin dəyişilməsi, biomüxtəliflik, səhralaşma, meşə və su ehtiyatlarının qorunmasına dair bölmələrində XXI əsrdə baş verəcək qlobal ekoloji böhrana qarşı fəaliyyətlərin optimal strategiyası işlənib hazırlanmışdır.
Bəşəriyyət öz inkişafında elə bir mərhələyə çatmışdır ki, elmi-texniki tərəqqi təbiətə öz mənfi təsirini göstərmiş və təbii sərvətlərdən səmərəsiz istifadə dünya miqyasında əsaslı dəyişikliklər - torpaq, akvatoriyalar, hava, flora və fauna kimi həyat amillərinin çatışmazlığı təhlükəsini yaratmışdır.
Dünya təcrübəsi göstərir ki, təbiəti böhran vəziyyətindən çıxarmaq üçün yeganə həll cəmiyyətin mövcudluğunun əsasını təşkil edən bioloji müxtəlifliyin qorunmasıdır.
Bu problemin həlli insan sivilizasiyası, o cümlədən müstəqil Azərbaycan Respulikası üçün həyati əhəmiyyət kəsb edir. Çünki biomüxtəlifliyin bütövlüyü ekosistemlərin stabilliyini əks etdirir. Biomüxtəliflik azalırsa, təbii ekosistemlərin kütləvi məhv edilməsi prosesi sürətlənir.
Azərbaycan Respublikasını "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"nə çevirmək istiqamətində intensiv fəaliyyətlər həyata keçirilir. Çirklənmiş ərazilərin bərpası, meşələrin, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir. İqlim dəyişiklikləri ilə əlaqədar qarşıya qoyulan problemin həlli isə yalnız dövlət və insanların birgə səyləri ilə mümkün ola bilər.
Azərbaycanın "Qırmızı kitabı"nın I nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olmaqla, qorunmasına ehtiyac yaranan 108 növ heyvan və 140 növ bitki, II nəşrində 223 növ heyvan və 300 növ bitki əksini tapmışdısa, III nəşrə 460 növ bitki, 241 növ heyvan, 47 növ göbələk adı daxil edilmişdir.
İlk dəfə olaraq Kiçik Qafqazın şimal-şərq hissəsinin xüsusi mühafizə olunan ərazilərinin (Göygöl Milli Parkı, Eldar Şamlığı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu, Korçay Dövlət Təbiət Qoruğu) flora biomüxtəlifliyinin 107 fəsilə, 465 cins və 1208 növ, qaya və töküntülərin 34 fəsilə, 106 cins, 187 növdən ibarət olması aşkar edilmişdir.
Çayların iqlim və relyefin qeyri-bərabər paylanmasındakı rolunu nəzərə alaraq, Kiçik Qafqazın şimal-şərq yamacı çay hövzələrinin (Kürəkçay, Şəmkirçay, Qoşqarçay, Zəyəmçay, Gəncəçay, Ağstafaçay) intrazonal bitkiliyi və yarğanların flora biomüxtəlifliyinin inventarlaşdırılması, nadir və məhvolma təhlükəsində qalan növlərin monitorinqi aparılmış, taksonomik strukturu dəqiqləşdirilmiş, bitkiliyin müasir təsnifatı verilərək, genofondun mühafizəsi üçün tədbirlər sistemi işlənib hazırlanmışdır.
COP29 ərəfəsində zəngin tarixi memarlıq və arxeoloji abidələri ilə zəngin olan Qazax rayonu ərazisində yerləşən Damcılı bulağı ilə məşhur olan "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunda və Gədəbəy rayonunun Şır-Şır şəlaləsində monitorinqlər aparılmışdır. Ekoloji tarazlığın qorunması və iqlimin tənzimlənməsində bitki örtüyünün rolu açıqlanmış və bu istiqamətdə təbliğat işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın birinci möcüzəsi adlandırmışdır. Qazax rayonu ərazisində zəngin tarixi memarlıq və arxeoloji abidələri ilə zəngin, 200 min il tarixə malik qədim Daş dövrünün yadigarı olan möcüzəli Damcılı mağarası və Gədəbəy rayonu ərazisində Haçaqaya dağında yerləşən Şır-Şır şəlaləsi COP29-a gələn qonaqlar üçün ekskursiya marşrutu hesab oluna bilər.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və ARETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun birgə təşkilatçılığı ilə 14-15 oktyabr 2024-cü ildə "İqlim dəyişikliyi və ekosistemlərin davamlılığı: Təhdidlər, çağırışlar, həllər" mövzusunda elmi sessiyada giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, ARETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun baş direktoru akademik İradə xanım Hüseynova "Qlobal iqlim dəyişiklikləri dövründə davamlı inkişaf naminə qlobal və milli cağırışlar" mövzusunda geniş məruzə ilə çıxış etmişlər. Sessiya bütövlükdə COP29, "Yaşıl dünya naminə həmrəylik ili"nin tələbləri səviyyəsində keçmişdir.
Azərbaycanda iqlim dəyişmələrinin torpaqların deqradasiyasına təsirinin qiymətləndirilməsi, Azərbaycanın su ehtiyatları - müasir vəziyyət, biotəhlükəsizlik problemləri və onların həlli yolları, iqlim dəyişikliyinin patogenlərin yayılmasına və inkişafına təsiri, iqlim dəyişmələrinin flora və fauna biomüxtəlifliyinə təsiri, COP29: Karbon emissiyasının azaldılmasına elmi baxış, insan sağlamlığında iqlim faktoru, ekosistemlərin biomüxtəlifliyinin dayanıqlılığının qiymətləndirilməsi, qlobal iqlim dəyişmələrinin aqrar sahəyə təsiri, iqlim dəyişmələri dövründə ərzaq təhlükəsizliyi probleminin həllinə yeni yanaşmalar, Xəzərin Azərbaycan sektorunda qlobal iqlim dəyişmələrinin hidrobiontların növ müxtəlifliyinə təsiri və s. məsələlər müzakirə olunmuşdur.
Sessiyada COP29-la əlaqədar iqlim dəyişmələrində ekosistemlərin rolu, davamlılığının qiymətləndirilməsi, biomüxtəlifliyin inventarizasiyası, qorunması, o cümlədən növlərin nəslinin kəsilməsinin qarşısının alınması, genetik müxtəlifliyin qorunması istiqamətində elmi-tədqiqat işlərinin nəticələri və istiqamətləri ümumiləşdirilmişdir.
Vaqif NOVRUZOV,
Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü