COP29-un Azərbaycan paytaxtında keçirilməsi, hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri, elm adamları və ekspertlərin Bakıda toplaşaraq iqlim böhranının həlli yollarını müzakirə etməsi həm ölkəmiz, həm region, həm də ümumilikdə dünya üçün əhəmiyyətli nəticələr vəd edir.
Yeni mərhələ olan enerji keçidi prosesində Azərbaycanın söz sahibi olmasının ölkə iqtisadiyyatına müsbət təsirlər göstərəcəyi qəti şübhə doğurmur. Konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, "yaşıl enerji"nin inkişafını təşviq edəcək. Ölkəmizin beynəlxalq əlaqələri, diplomatik mövqeyi daha da möhkəmlənəcək.
COP29 çərçivəsində əldə olunan əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycana iqlim siyasətində daha böyük addımlar atmağa imkan verəcək, o cümlədən bu sahədə beynəlxalq əməkdaşlıqları gücləndirəcək, qlobal və regional miqyasda iqlim dəyişikliyi ilə mübarizənin səmərəliliyinin artırılması üçün ciddi platforma yaradacaq.
Qəzetimizin əməkdaşları COP29 konfransının keçirildiyi "yaşıl zona"da olublar və tədbir iştirakçılarının ölkəmiz haqqında təəssüratlarını öyrəniblər.
Yamaykadan gəlmiş İkemba Uqo ölkəmiz haqqında fikirlərini belə izah etdi:
- Bakı haqqında az-çox təsəvvürüm var idi. Amma bu qədər gözəl, cəzbedici olduğunu ağlımdan belə keçirməmişdim. Əgər əvvəllər Azərbaycanın yeraltı və yerüstü təbii zənginlikləri olan ölkə olduğu haqqında müəyyən bilgilərim var idisə, indi bu gözəl ölkə barədə daha çox məlumat topladım. İlk növbədə qeyd edim ki, ölkəniz daha çox qiymətli bir sərvətə də sahibdir. Bu da Azərbaycan xalqıdır. Burada çox mehribançılıq və səmimiyyət gördüm. İnsanlar həddən artıq qayğıkeşdirlər. Mən dünyanın heç bir yerində tanımadığı birinə bu cür istiqanlı münasibət göstərən insanlara rast gəlməmişəm. Etiraf edim ki, özüm də bu cür deyiləm. Azərbaycanlıları gördükdən sonra fikirləşirəm ki, gərək öz üzərimdə iş aparam. Gərək insanlara qarşı belə diqqətli olmağı bacarasan. Bakıya qısamüddətli səfərim ilk növbədə mənim özüm haqqımda fikirlərimi dəyişdi. Şəhəriniz də çox gözəldir. Binalar, küçələr, Dənizkənarı bulvar xoşuma gəldi. Konfransdan sonra Bakının görməli yerlərini gəzmək üçün vaxtım olur. Alov qüllələrinin qarşısında dayanıb saatlarla Xəzər dənizinə tamaşa edirəm. Bakının gözəlliyini seyr etdikcə qəlbimə rahatlıq gəlir. Fikirləşirəm ki, nə yaxşı COP29 Azərbaycanda keçirildi və mən Bakıya gəlib bu möhtəşəm mənzərəni gördüm. Həm də bu ölkənin vətəndaşları haqqında kifayət qədər yüksək təsəvvür yarandı.
Azərbaycan zəngin ölkədir. Düşünürəm ki, COP29-un ölkənizdə keçirilməsi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. İnanmıram ki, COP29-da iştirak edən hər hansı bir ölkənin təmsilçisi öz ölkəsinə döndükdən sonra respublikanız haqqında xoş fikir söyləməsin. Əminliklə qeyd edim ki, Amerikaya qayıtdıqdan sonra mətbuatda Azərbaycan haqqında yazılar dərc etdirib öz gözəl təəssüratımı bölüşəcəyəm.
Pekindən gəlmiş Zixi Zhanq deyir ki, Azərbaycanın qədim İpək yolunun üstündə yerləşməsi haqqında məlumatım olsa da, insanlarının ipəkdən də incə ürəyə sahib olduqlarını bilmirdim. Deyə bilərəm ki, həm ölkənizlə, həm də xalqınızla fəxr etməyə tam haqqınız var.
Bakı Şərq və Avropa memarlığının ən gözəl ornamentlərini özündə əxz etmiş şəhərdir. Burada klassik şəhər mədəniyyətinin elementləri ilə müasirlik elə tamamlanıb ki, adam buna heyran olmaya bilmir. Bakını görüb düşündüm ki, qədim keçmişlə bugünkü müasirlik sanki burada əl-ələ verib.
Çox dadlı mətbəxiniz var. Yeməkləriniz çox dadlıdır. Konfransın açılışında incəsənət ustalarının çıxışlarını dinlədim. Musiqiniz çox gözəldir. Hələ də onun sehrindən çıxa bilməmişəm desəm, şübhə etməyin. Bir məsələni də qeyd edim ki, COP29-un ölkənizdə keçirilməsi, dünyanı narahat edən qlobal bir məsələnin Azərbaycanda müzakirə edilməsi ölkənizə verilən yüksək dəyərdir və bu, dünyanın Azərbaycanın yürütdüyü siyasətlə razılaşması deməkdir.
Faktiki olaraq Azərbaycan bu gün Avropanın enerji bazarında söz sahibidir. Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ, bərpaolunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpaolunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir.
Öyünə bilərsiniz ki, ölkəniz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Heç şübhəsiz ki, Azərbaycan yaxın gələcəkdə dünya bazarında "yaşıl enerji" nəqlinə görə də özünəməxsus yer tutacaq.
Braziliyalı Sinara Leandra söhbətə özü haqqında məlumatla başladı:
- Braziliyanın Turizm Nazirliyində çalışıram. COP29-da Braziliyanı təmsil edən nümayəndələrdən biriyəm. COP30 Bakıdan sonra Braziliyada keçiriləcək. Ölkənizlə əməkdaşlıq edirik. COP kimi möhtəşəm bir tədbirə evsahibliyi etməyin çox ciddi məsuliyyəti var. Bunu başa düşdüyümüz üçün də Bakının təcrübəsini öyrənmək fikrimiz var. Bəri başdan deyim ki, tədbir çox mütəşəkkil təşkil edilib. Dünyanın elə bir ölkəsi yoxdur ki, burada iştirak etməsin. Ölkənizə COP29 tədbirindən kənar turistlər də gəlib. Hər hansı bir çatışmazlıq, hotel, qidalanma, nəqliyyat problemi yoxdur. Bu, ölkənizin mükəmməl olaraq beynəlxalq tədbirlərə evsahibliyi etmək təcrübəsinin olduğu ilə əlaqədardırsa, digər tərəfdən iqtisadi imkanlarınızın göstəricisidir.
Müşahidələrimiz göstərir ki, Azərbaycan həm də təbii gözəlliyi ilə diqqətçəkən ölkədir. Tarixi abidələrlə zəngindir. Qiymətlərin ucuz olması da turistlər üçün əlverişlidir. Bütün bunları nəzərə alaraq Azərbaycanla turizim sahəsində geniş əməkdaşlıq etmək niyyətimizi bəyan edirəm.
Bakıda Qız qalasından dənizə tamaşa etməkdən aldığım zövqü söz ilə ifadə edə bilmirəm. Alov qüllələri, Heydər Əliyev Mərkəzi və Ağ şəhərdə də olmuşam.
Ağ şəhər müasir arxitektura baxımından bənzərsizdir. Axşamın qaranlığında evlər, ictimai binalar o qədər gözəl görünür ki, heyranlığımı gizlədə bilmirəm. Bakı haqqında bir kəlmə ilə deyərdim ki, "Bravo"!
Hindistanlı Nikil Siddalinqappa ölkəsində neft şirkətində çalışır. Nikil deyir ki, ölkəmizin gözəlliyi, insanların mehribanlığı, mərhəməti və qayğısı onu heyran edib: "COP29-da ölkəmi böyük bir neft şirkətinin nümayəndəsi kimi təmsil edirəm. Burada bəşəriyyət, insanlıq üçün çox vacib bir məsələ müzakirə edilir. Ən başlıcası odur ki, COP29-un sədrliyi dünyaya sülh çağırışı edir. Bu, çox vacib məsələdir. Əgər belə olsa, insanlar silahların danışmadığı bir dünyada yaşamağın nə qədər gözəl olduğunu hiss edib bəlkə də müharibə etməzlər. Hesab edirəm ki, Azərbaycan bu çağırışla öz ruhunu, düşüncəsini dünyaya nümayiş etdirdi. Bu gün ölkəniz pəncərəsində qaranlığa işıq salan, qaranlıqları aydınlaşdıran bir evə bənzəyir. Elə bir evə ki orada gözəllik, rahatlıq, sevgi, gülüş var.
Gəzdiyim yerlər, insanlarla etdiyim söhbət imkan verir deyəm ki, Bakı təmiz, tarixi bir şəhərdir. Bu torpağın insanları isə həqiqətən öz qonaqpərvərliyi, mehribanlığı və səmimiyyəti ilə adamı özünə bağlayır. Təəssüf edirəm ki, konfrans başa çatacaq, bir neçə gündən sonra Hindistana qayıdacağam. Vaxtım olsaydı, Azərbaycanın bütün şəhərlərini gəzərdim. İndi bu arzumu gerçəkləşdirə bilməsəm də, gələcək planımda ailəmlə birlikdə mütləq ölkənizə gəlib ən gözəl yerləri gəzəcəyəm".
Digər həmsöhbətimiz Fonqoh Eric Kamerundan gəlib. Eric ölkəsinin COP29-da təbiət, təhsil və beynəlxalq əlaqələr üzrə təmsilçisidir. Eric deyir ki, COP29 ölkələrimiz arasında yeni əməkdaşlıq imkanları yaradan bir platformadır: "Azərbaycan bizim üçün çox doğma və dost bir ölkədir. 2020-ci ildə Vətən müharibəsində qələbə xəbərinizi eşidəndə sevincimdən uşaq kimi ağladım. Bu, müharibədə çalınan qələbə yox, İlahi bir zəfər idi. 30 il torpaqlarınız işğal altında qalmışdı. Bu illər ərzində müharibədən əziyyət çəkən insanların başına işğalçılar çox müsibətlər gətiriblər. Biz müharibənin, ədalətsizliyin nə olduğunu öz həyatımızda yaşayan xalqıq. Nəhayət, bu gün ölkəniz dünyada sülh, əmin-amanlıq ölkəsi kimi tanınır. Hesab edirəm ki, ölkələrimiz arasında əlaqələr bundan sonra daha da genişlənəcək. Biz qardaş ölkə olan Azərbaycanla yeni əlaqələr qurmaqda çox maraqlıyıq və sevindiricidir ki, buna nail ola bilmişik.
Ölkənizdə olmaqdan çox məmnunam. Azərbaycanın bütün uğurlu işləri bizi öz uğurumuz qədər sevindirir".
Elşən QƏNİYEV,
"Azərbaycan"