Qlobal iqlim dəyişmələri bütün bəşəriyyət üçün böyük təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün dünya ölkələri əl-ələ verməli, sıx əməkdaşlıq etməlidirlər. Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlıq üçün də vacib bir platformadır.
Dünyanın bütün ölkələrinin iqtisadi vəziyyəti eyni deyil. Hələ də maliyyə yardımına böyük ehtiyacı olan ölkələrin sakinləri yoxsulluqdan əziyyət çəkirlər. Təəssüf ki, elə ölkələr də var ki, böyük dövlətlərin müstəmləkə siyasətinin qurbanına çevriliblər. Onların əksəriyyətinin malik olduqları zəngin təbii sərvətlərindən istifadə edərək əhalisinin yaşayış səviyyəsini yüksəltməsinə işğalçı ölkələrin rəhbərləri maneələr yaradırlar. Nəticədə, təbii sərvətləri həmin ölkələrin vətəndaşlarının firavanlığına, rahat yaşamalarına şərait yaratmalı ikən başlarının bəlasına çevrilib.
İqtisadi geriliyi həmin ölkələrin ekoloji vəziyyətinə də təsir göstərir. İqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə aparmalarına problemlər yaradır.
Ölkəmizin paytaxtında keçirilən dünyanın ən mötəbər iqlim tədbirində - COP29-da iştirak edən kiçik ada dövlətləri də eyni problemlərlə üzləşiblər. Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) onların haqq səsi dünyaya çatdırılır.
Noyabrın 13-də COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində dövlətimizin başçısı İlham Əliyev çıxış edərək bu, olduqca vacib məsələni bütün dünyanın diqqətinə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir: "Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir".
Kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirən Azərbaycan indiqədək məqsədyönlü addımlar atıb, xeyli maliyyə və humanitar yardımlar göstərib.
Prezident İlham Əliyev qeyd etdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
Dövlətimizin başçısı sammitdə neokolonializm və iqlim dəyişmələrinə də diqqəti yönəltdi. Fransa və Niderlandın, xüsusən də Karib dənizi və Sakit okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu, artan dəniz səviyyəsinin, kəskin hava şəraitinin və biomüxtəlifliyin pozulmasının həmin regionlara ciddi təhlükə yaratdığını, həmin icmaların səsinin bir çox halda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu vurğuladı: "Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reuniyon, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent-Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sent-Maarten, Boneyr, Sent-Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, - gəlin həmin ərazidəki xalqları alqışlayaq, - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır".
Fransanın Əlcəzairdə, Fransa Polineziyasında, Yeni Kaledoniyada və digər ölkələrdə uzun illərdir ki, apardığı müstəmləkəçilik siyasətinin dəhşətli ağrılarını əhali ilə yanaşı, təbiət də çəkir. Müstəmləkəçi ölkə tərəfindən planetin ekosisteminə də zərər vurulub. Prezident İlham Əliyev sammitdə çıxışında bildirdi: "Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"