BMT-nin İnsan Məskunlaşmaları Proqramı və COP29-a ev sahibliyi edən Azərbaycanın birgə təşkilatçılığı ilə “Bakıdan Bələmə: Şəhərlər, urbanizasiya və çoxsəviyyəli iqlim gündəliyi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əziziov, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak, Avropa Regionlar Komitəsinin prezidenti Vasko Alves Kordeyro, AYİB-in vitse-prezidenti Mark Bowman, Kuala Lumpur meri və COP29-un xüsusi müşaviri Maimunah Mohd Sharif, UNECE-nin icraçı katibi Tatyana Molcean və başqaları iştirak ediblər.
Tədbirdə “Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyası”nın təqdimatı olub, iqlim fəaliyyətinə dair nailiyyətlər nəzərdən keçirilib və COP30-a uyğun olaraq şəhər və çoxsəviyyəli iqlim fəaliyyəti üçün yol xəritəsini hazırlanması məsələsinə baxılıb. Həmçinin şəhər və regionlarda iqlim fəaliyyətinin genişləndirilməsinə dəstək olmaq yolları müzakirə edilib.
Anar Quliyev Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən işlərdən, infrastruktur layihələrindən, şəhərlərdə iqlim fəaliyyətlərinin genişləndirilməsi və urbanizasiya probleminin həll olunması yollarından danışıb.
Məruzəçilər beynəlxalq təcrübədən danışaraq nəzərə çatdırıblar ki, sənaye müəssisələri adətən şəhərlərdə olur ki, bu da regionlara nisbətən şəhərlərdə daha çox karbon qazının atmosferə atılması ilə nəticələnir. Şəhərlər iqlim dəyişməsinin əsas “günahkarları” hesab olunur. Bunun yumşaldılması üçün Paris Sazişində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Paris Sazişi üzrə əldə olunan razılaşmalara əməl olunsa onda qlobal temperaturu 1,5 Selsidən aşağıda saxlamaq mümkündür.
Tədbir dialoq formasında davam edib.