Çinin Cıcian əyalətinin Ucen şəhərində Dünya İnternet Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnsan mərkəzli və süni intellektlə rəqəmsal gələcəyi əhatə etmək - Kiberməkanda ortaq gələcəkli bir cəmiyyət qurmaq” mövzusunda keçirilən konfrans texnologiya idarəçiliyi, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi mövzularda 24 alt forumdan ibarət olub.
Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin videomüraciəti yayımlanıb, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şulei, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Cunhua, tanınmış internet və rəqəmsal inkişaf şirkətlərinin rəhbərləri çıxış ediblər. Tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, aparıcı internet şirkətlərinin nümayəndələri, o cümlədən ekspertlər, alimlər və media mütəxəssisləri də daxil olmaqla 1800-dən çox iştirakçı bir araya gəlib.
Dünya İnternet Konfransı çərçivəsində süni intellekt üzrə xüsusi komitənin yaradılması, beyin mərkəzlərinin əməkdaşlıq proqramının işə başlaması və beynəlxalq rəqəmsal təlim institutunun yaradılması elan olunub.
Dünya İnternet Konfransının “Qlobal Gənc Liderlik” Proqramına seçilmiş 17 ölkənin, o cümlədən Çin, Braziliya, Rusiya, Malayziya, Cənubi Koreya, İsveçrə və Böyük Britaniyanın nümayəndələri tədbirdə iştirak ediblər. Azərbaycandan Vyana Universitetinin doktorantı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva qlobal gənc lider mükafatına layiq görülüb.
“Rəqəmsal gələcək və gənclik” adlı subforumda “Rəqəmsal əməkdaşlıq və gənclərin rolu” mövzusunda çıxış edən A.Əliyeva Azərbaycanın iqtisadi potensialı, Şərq ilə Qərb arasında ticarət və nəqliyyat yollarında əlverişli mövqeyi, yaşıl inkişafla bağlı təşəbbüsləri barədə danışıb, “Avropa İttifaqı-Çin nəqliyyat əlaqələndirməsi və Cənubi Qafqaz regionunun rolu” adlı araşdırma layihəsi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti haqqında məlumat verib.