07 Avqust 2026 14:48
323
SİYASƏT
A- A+
Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı

Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı


2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin Vaşinqton şəhərinə işgüzar səfəri çərçivəsində başlanan Vaşinqton prosesi Bakının təqdim etdiyi yol xəritəsi əsasında Cənubi Qafqazda geostrateji balansı köklü şəkildə dəyişən və regional təhlükəsizlik arxitekturasını yenidən şəkilləndirən tarixi dönüş nöqtəsi oldu.

Azərbaycanın hərbi müstəvidə əldə etdiyi üstünlüyü beynəlxalq səviyyədə rəsmiləşdirərək Bakının Avrasiya məkanında əsas geosiyasi aktor və logistik mərkəz kimi mövqeyini daha da möhkəmləndirən bu təmaslar sülh prosesində həm də ABŞ-nin iştirakçı rolunu rəsmiləşdirməklə, regionda kənar geostrateji təsir balansını yeni, maraqların uyğunlaşdırıldığı mərhələyə daşıdı. Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sülh müqaviləsinin baza prinsiplərinin rəsmiləşdirilməsi ilə dekadalarla davam edən münaqişə səhifəsi hüquqi və siyasi müstəvidə de-fakto qapandı. Eyni zamanda regional kommunikasiyaların açılması Orta Dəhliz çərçivəsində Şərq-Qərb tranzit marşrutlarının beynəlxalq təhlükəsizlik zəmanəti almasını və qlobal təchizat zəncirində geoiqtisadi çəkisinin artmasını təmin etdi.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Vaşinqton şəhərində Prezident Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və dövlət başçısının Azərbaycan mediasına verdiyi müsahibənin məzmunu da ilk dövrdən Cənubi Qafqazın geopolitik arxitekturasında və Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində tam fərqli dövr başladığını deməyə əsas verdi: “Həqiqətən də, iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması, 1992-ci ildən bəri tətbiq edilən ədalətsiz 907-ci düzəlişin qüvvəsinin ABŞ Prezidenti tərəfindən təntənəli formada növbəti dəfə "waiver" mexanizmi üzrə dayandırılması və Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin razılaşdırılmış mətninin xarici işlər nazirləri səviyyəsində paraflanması regionda onilliklər boyu davam edən münaqişə səhifəsinin hüquqi və siyasi müstəvidə qapanmasının bariz göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı elə Vaşinqtonda yerli mediaya müsahibəsində bu tarixi hadisəni yüksək qiymətləndirərək vurğulayıb ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Paraflanma aktı diplomatik masada uzun illər aparılan mürəkkəb danışıqların başa çatdığını, tərəflərin artıq mətnə hər hansı birtərəfli düzəliş və ya redaktə təklif etmək hüququndan məhrum olduğunu rəsmiləşdirir. Bu razılaşdırılmış mətni müstəsna edən əsas şərtlər və sənədin mahiyyəti birbaşa Azərbaycanın müəyyənləşdirdiyi bazis prinsiplərinə dayanır. Sənəddə BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə istinad olunması suverenlik, ərazi bütövlüyü, beynəlxalq "uti possidetis juris" – sərhədlərin toxunulmazlığı prinsipi və "non-use of force" - güc tətbiq etməmək kimi beynəlxalq hüququn imperativ "jus cogens" normalarının dövlətlərarası münasibətlərin təməli kimi götürüldüyünü təsdiqləyir”. 

Deputat qeyd edib ki, keçmiş münaqişənin və ərazi iddialarının bir daha təftiş olunmayacağının və revanşizm cəhdlərinin qətiyyətlə rədd edildiyinin təsbit edilməsi gələcəkdə yarana biləcək hüquqi-siyasi riskləri tamamilə aradan qaldırır və "status quo ante" rejiminin bərpasını imkansız edir. Beləliklə, Ermənistanın onilliklər boyu irəli sürdüyü qeyri-real iddialar və xarici havadarların vasitəçilik adı altında prosesi uzatmaq cəhdləri iflasa uğrayıb, sazişin mətni sırf iki dövlətin suveren bərabərliyi təməlində formalaşıb. Bu mənada sənədin paraflanması Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin qətiyyətinin və siyasi iradəsinin növbəti böyük zəfərinin təcəssümüdür. Çünki Azərbaycan təkcə hərbi qələbələri əsasında formalaşan müstəviyə söykənməklə deyil, həm də güclü hüquqi arqumentlərlə öz şərtlərini qarşı tərəfə və beynəlxalq birliyə qəbul etdirib. Bununla uzun illər ərzində Azərbaycanı barışmaz tərəf kimi qələmə verməyə çalışan erməni lobbisinin və geostrateji manipulyasiya edən qüvvələrin tezisləri tamamilə darmadağın olunub. 

Sənədin məhz Vaşinqtonda, ABŞ Prezidentinin şahidliyi ilə paraflanması rəsmi Bakının irəli sürdüyü 5 əsas prinsip daxilində sülh gündəliyinin qlobal miqyasda qəbul olunduğunu və legitimliyinin ən ali səviyyədə təsdiqləndiyini nümayiş etdirir. Bu, Azərbaycanın öz gücü hesabına yaratdığı hərbi-siyasi reallığın diplomatik masada tam və şərtləndirilməz qələbəsidir. 

B.Məhərrəmov bildirib ki, bu prosesin ən mühüm hüquqi və institusional nəticələrindən biri də 1992-ci ildən bəri fəaliyyət göstərən və artıq funksionallığını tamamilə itirmiş ATƏT-in Minsk qrupunun və onunla əlaqəli strukturlarının de-yure ləğvi üçün ATƏT-ə birgə müraciətin edilməsi oldu: “Bu addım regional münaqişənin "dondurulmuş" statusunu aradan qaldıraraq postmünaqişə reallıqlarını beynəlxalq institutlar səviyyəsində rəsmiləşdirdi. Regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması üzrə razılaşmalar, xüsusilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında maneəsiz bağlantının təmin edilməsi və Ermənistan ərazisindən keçəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və milli yurisdiksiyası prinsiplərinə söykənərək Orta Dəhlizin strateji əhəmiyyətini artırdı. Siyasi və geopolitik nöqteyi-nəzərdən isə Vaşinqton Sammiti Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni strateji mərhələyə çıxardı. Əslində Azərbaycan müstəqilliyinin ilk illərindən, xüsusən Ümummilli Lider Heydər Əliyevin dövründən Amerika Birləşmiş Ştatları ilə məhz bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və suverenliyə riayət müstəvisində münasibətlər qurmağı arzulayırdı. Ulu Öndər məhz "par in parem non habet imperium" formatında - sağlam və praqmatik tərəfdaşlığın tərəfdarı idi. Lakin ötən dövr ərzində böyük güclər, xüsusən Cənubi Qafqazda qeyri-praqmatik, imperialist məqsədlər güdən dairələr və Bayden-Blinken cütlüyünün iqtidarı zamanı ABŞ administrasiyası təzyiq və diktə dili ilə prosesləri idarə etməyə çalışırdılar. Təsadüfi deyil ki, cənab İlham Əliyev özü də bu dövrü kəskin tənqid edərək bildirmişdi ki, əvvəlki administrasiya dövründəki dörd ili itirilmiş illər kimi qiymətləndirir. "Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi". Həqiqətən, həmin dövrdə adıçəkilən dairələr regionda davamlı sülh və sabitliyin yaranmasına öz geostrateji maraqlarına təhdid kimi yanaşır, Ermənistandakı revanşist qüvvələri təhrik edərək işğalçı və separatçı meyillərin saxlanılmasına zəmin yaradırdılar. Lakin cənab İlham Əliyevin Vaşinqton təmasları və imzalanan tarixi sənədlərlə böyük güclərin bu təzyiq siyasətinə və geosiyasi manipulyasiyalarına kökündən son qoyuldu”. 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bütün bu mənfi prosesləri tam tərsinə çevirərək Cənubi Qafqazda Azərbaycanın arzuladığı, Ulu Öndərin əsasını qoyduğu ideallara söykənən tamamilə yeni konfiqurasiya yaratdı. ABŞ Prezidenti Donald Trampın praqmatik və realpolitik yanaşması ilə əvvəlki administrasiyanın ədalətsiz siyasətindən imtina edildi, 907-ci düzəlişin qüvvəsi məhz Oval kabinetdə dayandırıldı. Dövlət başçısı da müsahibəsində 907-ci düzəlişin ləğvini və strateji əməkdaşlıq formatına başlanılmasını "tarixi hadisə" adlandıraraq Donald Trampın bu rəmzi jestinin Azərbaycan üçün çox dərin mənası olduğunu xüsusi vurğuladı: "Bu artıq ədalətsizliyin aradan qalxdığını göstərir". ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair razılıqdan qısa müddət keçdikdən sonra buna uyğun olaraq qrafikdə heç bir gecikmə olmadan ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri və strateji müttəfiqlik istiqamətində real, icraolunan sənədlərin imzalanması isə prosesin formal mahiyyət daşımadığını sübut etdi. Bu fakt aydın şəkildə nümayiş etdirir ki, Prezident İlham Əliyev elə sarsılmaz və cəlbedici bir geosiyasi, geoiqtisadi reallıq yaradıb ki, Vaşinqton artıq bu yeni reallıqda Azərbaycanın real imkanlarını, regional potensialını və strateji çəkisini tamamilə doğru qiymətləndirməyə başlayıb. Yüksəksəviyyəli səfərlərin ləngimədən və nəzərdə tutulmuş cədvələ dəqiq riayət edilməklə reallaşması Vaşinqtonun rəsmi Bakı ilə münasibətləri ən üst səviyyədə inkişaf etdirməkdə nə qədər maraqlı olduğunu göstərir. “8 avqust razılaşmalarından sonra Donald Trampın sosial media hesabında dəfələrlə Prezident İlham Əliyevə istinadən paylaşımlar etməsi, dövlətimizin başçısına təşəkkürünü bildirərək onun liderliyini, siyasi iradəsini və uzaqgörənliyini yüksək qiymətləndirməsi, eyni zamanda, Prezident İlham Əliyevi Yaxın Şərqdə Sülh Şurasına və qlobal sülh təşəbbüslərinə dəvət etməsi yaranmış yeni reallıqda Azərbaycanın Amerika üçün artan strateji rolunun və çəkisinin bariz sübutu idi. Bu baxımdan, ABŞ Prezidentinin nümayiş etdirdiyi şəxsi rəğbət və yüksək diqqət, sadəcə, diplomatik etiket çərçivəsi deyil, Bakının regionda və ondan kənarda həlledici geosiyasi aktora çevrilməsinin, habelə beynəlxalq təhlükəsizlik sistemində oynadığı nizamlayıcı rolun Vaşinqton tərəfindən rəsmən həzm olunması və dəyərləndirilməsidir. Trampın bəyanatları və davamlı təqdir mesajları göstərir ki, Birləşmiş Ştatlar Azərbaycanı yalnız Cənubi Qafqazın lider dövləti kimi deyil, həm də Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər uzanan nəhəng coğrafiyada sülhün, sabitliyin və transmilli layihələrin təminatçısı olan qlobal miqyaslı tərəfdaş kimi qəbul edir. Prezident İlham Əliyevin yaratdığı yeni reallıq iki ölkə arasındakı münasibətləri yerli və lokal çərçivədən çıxararaq qlobal siyasətin mərkəzi gündəliyinə daşımış, Azərbaycanı ABŞ-nin Yaxın Şərq və Avrasiya siyasətində əvəzolunmaz strateji tərəfdaşına çevirmişdir”, – deyə deputat əlavə edib.

B.Məhərrəmov qeyd edib ki, Vaşinqton görüşlərinin böyük diplomatik zəfər sayılmasının ən mühüm səbəblərindən biri də uzun illik erməni lobbisinin ABŞ-Azərbaycan münasibətləri üzərindəki mənfi təsirinin tamamilə puç edilməsidir. İllərlə erməni lobbisi və onun təsiri altında olan siyasi dairələr Vaşinqtonla Bakı arasında sağlam təməllərə söykənən əlaqələrin qurulmasına süni maneələr yaradırdılar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müsahibəsində də bu tarixi haqsızlığa toxunaraq xatırladıb ki, 1992-ci ildə 907-ci düzəliş qəbul edilərkən konqres üzvləri erməni lobbi qruplarının təsiri altına düşüb Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Dövlət başçısı Prezident Donald Trampla keçirdiyi birbaşa və səmimi təmaslarla sübut etdi ki, Azərbaycan Cənubi Qafqazda real siyasi-hərbi vəziyyəti öz gücü hesabına dəyişdiyi kimi, Vaşinqtonla münasibətləri də erməni lobbisinin təsir imkanlarından azad edərək tamamilə beynəlxalq hüquqa və milli maraqlara uyğun şəkildə nizamlamağa nail olub. Məhz bu çərçivədə Prezident İlham Əliyev Donald Trampla görüşünü yüksək qiymətləndirərək onun Azərbaycanın rolunu, geosiyasi əhəmiyyətini dərindən bilməsini çox önəmli amil adlandırmışdı.

Deputat deyib ki, Vaşinqton görüşü və imzalanan tarixi sənədlər, eyni zamanda, həm də Azərbaycan dövlətinin tam müstəqil iradəsinin, sarsılmaz suveren imkanlarının və sərbəst qərarvermə gücünün əyani təcəssümüdür: ““Sovereign equality” prinsipini təmin etmiş cənab İlham Əliyev tarixin heç bir dövründə müşahidə etmədiyimiz elə formata nail olub ki, bu gün faktiki dünyada heç bir xarici güc mərkəzi Azərbaycana digər dövlətlərlə münasibətlərinin istiqamətini diktə edə və daxili işlərinə müdaxilə edə bilməz. Bu situasiya isə tarixin təbii axarının Azərbaycana töhfəsi yox, Prezident İlham Əliyevin vizyonun uğurudur. Dövlət başçımızın da ifadə etdiyi kimi, "Bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik". Bu qətiyyətli mövqe Azərbaycanın qlobal arenada müstəqil qərar verən, öz gələcəyini özü tayin edən və beynəlxalq hüququn tamhüquqlu subyekti kimi çıxış edən qüdrətli bir dövlət olduğunu birdəfəlik sübuta yetirib”. 

Bəhruz Məhərrəmov vurğulayıb ki, 8 avqust razılaşmaları ilə bərqərar olan yeni reallıq Azərbaycanın həm regional, həm də qlobal müstəvidə artan geosiyasi çəkisini mahiyyətcə yeni bir mərhələyə yüksəldir. Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə, Avrasiya məkanının əsas nəqliyyat, logistika və energetika qovşaqlarından birinə çevrilərək öz gündəliyini beynəlxalq aləmə qəbul etdirən strateji aktora çevrilib. Vətən müharibəsində BMT Nizamnaməsinin özünümüdafiə hüququnu ehtiva edən 51-ci maddəsinə uyğun olaraq və lokal antiterror tədbirlərində əldə olunan tarixi zəfərin Vaşinqtonda ən yüksək səviyyədə hüquqi və siyasi baxımdan təsbit edilməsi rəsmi Bakının təkcə hərbi güclə deyil, dərin diplomatik strategiya ilə regionun gələcək taleyini müəyyən etdiyini göstərir. Tramp administrasiyasının vasitəçiliyi ilə ABŞ-nin birbaşa dəstək verdiyi "TRIPP" layihəsi və Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Azərbaycanın Şərq və Qərb, eləcə də Şimal və Cənub arasında əvəzolunmaz körpü rolunu daha da möhkəmləndirir. “Tarixi və siyasi baxımdan bütün bu nailiyyətlərin mərkəzində isə əvvəldə də qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin məhz yeni reallığın yaradıcısı kimi çıxış etməsi dayanır. Ən azı son 23 illik tarixi gedişat göstərir ki, dövlətimizin başçısı onilliklər boyu beynəlxalq güclərin Cənubi Qafqaza diktə etdiyi samitsiz, nəticəsiz və status-kvo uzadıcı strategiyaları kökündən sarsıdaraq, öz müstəqil hərbi-siyasi iradəsi ilə yeni şərtlər diktə edən nadir lider olaraq hərbi zəfərimizi Vaşinqton masasında beynəlxalq diplomatiyanın standartına çevirib, Cənubi Qafqazın suverenliyinə və ərazi bütövlüyünə söykənən tamamilə yeni geosiyasi nizam formalaşdırıb. Prezident İlham Əliyevin formalaşdırdığı bu yeni geoiqtisadi və geosiyasi reallıq elə sarsılmaz və dönməz xarakter daşıyır ki, bundan sonra beynəlxalq güc mərkəzləri proseslərin gedişatını və yaradılmış konfiqurasiyanı istəsələr belə dəyişdirə bilməzlər. Dövlət başçısının reallaşdırdığı nəhəng energetika və logistika layihələri, açılan transmilli kommunikasiyalar və Azərbaycanın beynəlxalq nəqliyyat habına çevrilməsi faktı regionun taleyini birbaşa qlobal iqtisadiyyatın damarlarına bağlayıb. Artıq mövcud konfiqurasiyanı pozmaq dünya güclərinin birbaşa iqtisadi maraqlarına ağır zərbə vurmaq, yaxud şübhə altına almaq deməkdir. Bu səbəbdən, gələcəkdə qlobal siyasət hansı istiqamətdə inkişaf edir-etsin, Azərbaycanın milli maraqları formalaşan hər bir yeni konfiqurasiyada "pacta sunt servanda" prinsipinə uyğun olaraq həmişə ən ali səviyyədə təmin olunacaq və qorunacaq. Hətta Amerika Birləşmiş Ştatları da özünün transmilli iqtisadi və təhlükəsizlik maraqlarının uzlaşması naminə rəsmi Bakının müəyyənləşdirdiyi bu nizamın qorunmasında maraqlı tərəf kimi çıxış edir”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində başqa bir istiqamət – Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması sahəsində keyfiyyətcə həlledici və tarixi bir dövr başlayıb. Onilliklər boyu blokada şəraitində saxlanılan kommunikasiya infrastrukturlarının bərpası məhz rəsmi Bakının diktə etdiyi prinsiplər – suverenlik, ərazi bütövlüyü və milli yurisdiksiyası çərçivəsində real müstəviyə keçib. Vaşinqton Bəyannaməsində təsbit olunan "TRIPP" proqramı da göstərir ki, Azərbaycan lideri bütövlükdə Avrasiya qitəsinin ticarət və logistika xəritəsini yenidən çəkir. 8 avqust Vaşinqton sənədinin imzalanması, eyni zamanda, BMT Nizamnaməsinin əsas prinsiplərinə uyğun olaraq beynəlxalq sülhün və dövlətlərarası dostluq münasibətlərinin təşviq edilməsi fonunda qlobal diplomatik sistem üçün müstəsna əhəmiyyət kəsb edir. BMT Nizamnaməsində təsbit olunmuş münaqişələrin dinc yolla həlli, suveren bərabərlik və ərazi bütövlüyünə hörmət prinsipləri Cənubi Qafqazda real sülhün hüquqi sütununa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi sülh missiyası BMT-nin sülh yaratma konsepsiyalarının Cənubi Qafqazda ən uğurlu tətbiq modelidir. Daha ümumiləşdirmiş formada desək, Vaşinqton Zirvəsi Azərbaycanın qazandığı böyük hərbi-siyasi zəfərlərin məntiqi davamı kimi məhz Prezident İlham Əliyevin sarsılmaz iradəsi və prinsipial mövqeyi sayəsində ölkəmizin qazandığı tarixi üstünlüyü diplomatik masada tam qələbəyə çevirən platforma oldu. 

B.Məhərrəmov bildirib ki, dövlət başçısı da məhz bu reallıqları ümumiləşdirərək 8 avqust görüşünü dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab etdiyini, bunun bütün regiona çox müsbət təsir göstərəcəyini bəyan etmişdi: "Bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır". Görünən odur ki, məhz Vaşinqtonda imzalanmış sənədlər və əldə olunmış razılaşmalar Azərbaycanın  yaratdığı yeni reallıqlarının beynəlxalq diplomatik müstəvidə tam təsbit olunmasını təmin edərək Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və iqtisadi inteqrasiya dövrünü başladıb.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

16:34
07 Avqust

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

16:30
07 Avqust

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

16:29
07 Avqust

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

16:28
07 Avqust

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

16:27
07 Avqust

ATƏT-in Minsk qrupunun ləğvi – tarixi zərurətdən yeni reallığa

16:24
07 Avqust

Qarşılıqlı etimada söykənən strateji tərəfdaşlıq 

16:15
07 Avqust

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi 

16:05
07 Avqust

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb 

16:03
07 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

16:00
07 Avqust

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır 

15:57
07 Avqust

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

15:54
07 Avqust

Regionun siyasi tarixində mühüm dönüş nöqtəsi

15:40
07 Avqust

Tarixi zəfərdən mütləq sülhə 

15:24
07 Avqust

Vaşinqtondan başlayan yeni siyasi mərhələ

15:05
07 Avqust

Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı

14:48
07 Avqust

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!