25 İyul 2025 08:55
688
Mədəniyyət
A- A+
Cəmi 4 il təhsil aldı... məktəbini yaratdı

Cəmi 4 il təhsil aldı... məktəbini yaratdı


Elə sənətkarlar, elə xanəndələr var ki, onların öz yolu, dəst-xəti olur.  Oxuduqları muğamlara, təsniflərə möhürlərini vururlar. İfa etdikləri mahnı, təsnif, muğamlar onların adları ilə tarixləşərək əbədiyaşarlıq ömrü qazanır. Çox da uzağa getməyək, kifayətdir ki:


Əzizinəm, barama

Qara teli darama

Sənə qurban olaram

Yara vurma yarama.

deyək, dərhal söhbətin Xalq artisti, xanəndə, şair və qəzəlxan, pedaqoq Hacıbaba Hüseynəli oğlu Hüseynovdan getdiyi hamıya məlum olur.

Hacıbaba Hüseynov 1919-cu il martın 15-də  Bakının  Çəmbərəkənd məhəlləsində, dənizçi ailəsində dünyaya gəlib. Hacıbaba çoxuşaqlı ailənin ilki idi. Ailədə 7 uşaq olublar. Onları dolandırmaq üçün Hüseynəli kişi hər cür ağır işlər görərdi. Hacıbaba da atası ilə birlikdə dənizə çıxar, ona yardımçı olar, qayıqla gətirilən yükləri daşımağa kömək edərdi. 

Hacıbabanın valideynlərinin dindar olduqları övladlarına da təsirsiz ötüşməmişdi. Hələ kiçik yaşlarından Hacıbaba yas məclislərində nohə və mərsiyə deyərmiş. Ata nənəsinin arzusu Hacıbabanı axund görmək imiş: "Mən uşağımı mollaxanaya qoyacaqdım. Onu axund görmək istəyirdim. Gör uşağım getdi nə oldu...", - deyə təəssüflənirmiş. 

Məhəllədə bu gözəl səsli, avazlı uşağı hamı tanıyırmış. Onu tez-tez məscidə azan verməyə apararmışlar. Qızı Sədaqət xanım müsahibələrinin birində atası haqqında belə deyib: "Atam peyğəmbər, imam aşiqi idi. Arada görürdüm eyvanda dayanıb ağlaya-ağlaya kimləsə danışır. Sonra başa düşdüm ki, o, qəlbində Allahla, imamlarla danışır. O qədər sevgisi var idi ki, onlara. Seyid Əzimi, Füzulini çox sevirdi. Mütaliəni sevərdi. Əslində, dörd sinif oxuyub. Amma bədii, tarixi kitabları, hikmətli məsəlləri sevirdi. Bəhlul Danəndəni, Molla Nəsrəddini oxuyub bizə danışardı".

Sovet hakimiyyətinin dinə, dindarlara qarşı mübarizə apardığı illərdə  məktəblinin məscidə gedib azan verməsi, mərsiyə oxuması yolverilməz idi. Ona görə də Hacıbabanın müəllimi onu yanına çağırıb bərk danlayır və müəllimi ilə aralarındakı söhbət onun oxuduğu təhsil ocağı ilə vidalaşmasına səbəb olur. Beləliklə, Hacıbaba Hüseynovun təhsil həyatı 4-cü siniflə tamamlanır. 

Əslində, atası da onun xanəndə olmasını istəmirmiş. Ailənin böyük övladı ilə söhbət edən Hüseynəli kişi: "Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə olarsan ha...", - deyərək oğluna sənətdən kənar durmağı tövsiyə edirdi. Yetkinlik yaşına çatanda atasının xəstəliyə tutulması, bir müddət yataqdan qalxa bilməməsi Hacıbabanın qayğılarını daha da artırır. Hüseynəli kişi vəfat edəndə Hacıbaba 21-22 yaşlarında idi. Atasını itirəndən sonra ailənin yükünü təkbaşına çiyinlərinə götürməli olur. Bir müddət zavodda xarrat  işləyir. 1943-cü ildə ona çağırış vərəqi gəlsə də, son anda "əmr var, sən gərək burada qalasan" deyib onu vaqondan düşürdürlər. Ailəsinin maddi vəziyyəti ağır olduğuna görə qarmoncalan qohumu Teymur Dəmirov onu özü ilə nağaraçalan kimi toylara aparır. Beləliklə, Hacıbaba Hüseynov xarratlıqdan uzaqlaşmağa başlayır.

Hacıbaba Hüseynovun həyat hekayəsindən danışan qızı deyir: "Bir gün anasını qohumlarıgilə aparanda qonşuda bir qız görür. Əslən qarabağlı olan qızın adı Mehparəydi. O da nənəsigilə qonaq gəlibmiş. Hacıbaba Mehparəyə vurulur. Qızla evlənmək istədiyini anasına söyləyir. Elçi gedirlər. 1943-cü ildə 24 yaşlı Hacıbaba 19 yaşlı Mehparə ilə ailə qurur. Ancaq müharibə olduğu üçün toy etmirlər. Sonralar Hacıbaba Hüseynov zarafatla deyərmiş: "Camaat aclıqda arvadını boşayırdı, mən isə evləndim".

Gənc ailəyə Çəmbərəkənddə - baba evində balaca bir otaq ayırırlar. Ailənin çətinliklərini görən Hacıbaba ömür-gün yoldaşına deyir: "Darıxma, bir az döz. İndi müharibədir. Sonra səni elə yedirib-geyindirəcəyəm ki, hamı barmaqla göstərib deyəcək ki, Hacıbabanın arvadına bax".

Elə bu yerdə bir sirri açaq. Hacıbaba Hüseynövun ömür-gün yoldaşı xanəndə Sara Qədimovanın bacısı idi. Müharibənin son illərində bacısıgilə qonaq gələn Sara xanıma bacısı sözarası deyir: "Ay Sara, Hacının da yaxşı səsi var, hərdən oxuyur". Bacıların  israrlı xahişi ilə Hacıbaba oxumağa başlayır. Oxuyub-qurtaranda görür Sara xanım ağlayır. Bu əhvalatdan sonra Sara Qədimova tarzən Əhməd Bakıxanovla bəstəkar Cahangir Cahangirova yeznəsi haqqında danışır. Hacıbaba Hüseynov Əhməd Bakıxanovun ansamblı ilə oxuyur, həm də toylara gedir.

Toylarda nağaraçalan Hacıbabanı bəzən toy sahibləri oxutdurarmışlar. Hacıbaba Hüseynov xatirələrinin birində bu barədə danışarkən demişdir: "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılayır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxumağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim".

1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir.  O, 1962-1992-ci illərdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində müəllim işləyir. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və bir çox tanınmış sənət adamı onun tələbələri olurlar.

Hacıbaba Hüseynov "Rast" muğamının "Üşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Onun təşəbbüsü ilə "Bayatı-Şiraz" muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə edilib.

Hacıbaba Hüseynov ilk dəfə televiziya ekranında görünəndə təqribən 40 yaşı varmış. Həmin gün bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib, orada tarzən Əhsən Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiəti ilə "Zabul", "Rast" və "Şur" muğamlarını oxuyub.

Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk dəfə İraqa gedir. 1990-cı ildə Türkiyənin Adana, 1991-ci ildə bir ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə 12 nəfərlik musiqiçi heyəti ilə iki aydan artıq çəkən İran İslam Respublikasına olur.

Ömrünün sonlarında xəstəliklə mübarizə aparan xanəndənin xarici səfərlərə getməsinə həkimlər icazə vermir. Hacıbaba isə deyir: "Yox, mütləq mən xarici səfərə  gedəcəyəm. Sədaqət məndən videomaqnitofon, bir də şuba istəyib, onu alıb gətirəcəyəm". Həkimlər xanəndədən yazılı "iltizam" aldıqdan sonra  səfərə çıxmasına icazə verirlər. Sonuncu qastroldan gələndə Hacıbaba Hüseynov təyyarədə qızına  aldığı hədiyyələri əlində tutur ki, Sədaqət onları görsün. 

Övladı Sədaqət xanım xatirələrində belə deyir: "Yetmiş yaşına qədər heç bir fəxri ad almayan xanəndə Xalq artisti adını alanda da çox sevinmir. Son zamanlar  əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına tez-tez gedirdi. Son zamanlar toylara da getmirdi, zəifləmişdi. Birdən-birə halı dəyişdi. Həkimə apardıq. Dedilər, işemiyadır. On gün sonra xəstəxanada qaldı, evə gətirdik. Yavaş-yavaş arıqlayırdı, sonra təngnəfəslik başladı. Uşaq vaxtı pnevmoniya keçirmişdi, ağciyərində ləkə vardı. Təngənəfəslik ağciyər xərçənginə çevrildi. Xəstəliyini bilmirdi. Bir qonaqlıqda çox danışmış, bir az da oxumuşdu. Ona bu qədər danışmaq olmazdı. Ağır xəstə idi. Xəstəxanadan cəmi 10 gün idi çıxmışdı. Qonaqlıqdan evə gec qayıtdı. Onu gözləyirdik. Bir oğlan qolundan tutub birtəhər gətirdi, ağzından qan gəldi. Əli ilə su istədi, verdim. Həkim çağırmağa getdim, zəng vuranda artıq keçinmişdi". 

1993-cü il oktyabrın 24-də 74 yaşında dünyasını dəyişən xanəndə qızına vəsiyyət edir ki, dəfni heç kimə verməsinlər.

Görkəmli xanəndə Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından, yaratdığı məktəbdən layiqincə bəhrələndiklərini dəfələrlə deyiblər. Dünyaşöhrətli muğam ustası Alim Qasımov Hacıbaba Hüseynov haqqında danışarkən belə deyib: "Tələbə idim, kiçiklik edirdim. Köhnə "Moskvic" avtomobilim var idi. Dərsdən sonra Hacıbaba Hüseynovu otuzdurub maşınla evə aparırdım. Onun dərsi bir tamaşa idi. Məndə öyrənmək qabiliyyəti çətindir. Bir mahnını öyrənəndə evdə nəvələrim, hamı öyrənir, mən qalıram. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra qayıtdı ki, səs yazmaq lazım deyil, öyrədirəm səni. Bütün günü yemək yeməmişdim, əsəbləşdim, bir parçadır da, imkan ver yazım öyrənim. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitofondan böyük bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim".

Hacıbaba Hüseynov təkcə ifaçı deyildi, həm də bəstəkar qabiliyyətinə malik olan yaradıcı idi. Onun bəstəkarlıq səriştəsi, qabiliyyəti imkan verirdi ki, uşaqlıq illərində, gəncliyində, yeniyetməlik çağlarında eşitdiyi hansısa unudulmuş melodiyaları, ayrı-ayrı təsnifləri bərpa eləsin. Onları müasir sığalla daha gözəl hala salsın, köhnəlmiş sözləri dəyişərək öz yaradıcılığından və ya digər şairlərdən uyğun gələn misralar əlavə edərək, gözəl, yeni musiqi lövhələri yaradaraq xalqa təqdim etsin. Hacıbaba Hüseynovun bir özəlliyi də ondan ibarət idi ki, onu həm yaşlı, həm orta, həm də gənc nəslin nümayəndələri çox sevirdilər. Hacıbaba Hüseynovun ifasında o qədər orijinallıq var idi ki, hətta Şərq musiqisinə, muğamata bələd olmayanlar belə onu bir dəfə dinləyəndə səsinə vurulurdular.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!