Yenidən qurulan Cəbrayıl şəhəri dekabrın 25-də növbəti köç karvanını qarşılayıb. Bu mərhələdə şəhərə respublikamızın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 49 ailə - 253 nəfər qayıdıb. Bununla da Cəbrayıl şəhərinin sakinlərinin sayı 1169 nəfərə çatıb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
İki ildən artıqdır ki, işğaldan azad edilmiş ərazilərimizə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Vətən müharibəsindən sonra Böyük qayıdışın ilk ünvanı Zəngilanın Ağalı kəndi oldu. Ondan sonra Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərini, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux və Sus kəndlərinə qayıdış olub. Qayıdışın sonuncu ünvanı Xocalı rayonunun Ballıca kəndi idi. Şəhər və kəndlərimiz bərpa edildikcə qayıdışın yeni ünvanlarının sayı da artacaq.
Xatırladaq ki, Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk şəhərdir. O zaman bu şəhərin azad olunması Vətən müharibəsinin gedişində həlledici amilə çevrilərək, ordumuzun gələcək hərbi əməliyyatlarının da uğurla keçirilməsi üçün mühüm stimul olmuşdu. Belə ki, Cəbrayıl şəhər və rayon mərkəzi olduğu üçün onun azad edilməsi Silahlı Qüvvələrimizin müharibənin ilk həftəsində qazandığı ilk mühüm strateji uğur kimi Vətən müharibəsinin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi.
Cəbrayıl şəhərinin azad olunmasından sonra ortaya çıxan acınacaqlı mənzərə isə erməni vandallığının növbəti nümayişi oldu. Düşmənin daşını daş üstə qoymadığı şəhər dövlətimizin gücü hesabına yenidən qurulur.
Cəbrayıl şəhərinə ilk qayıdış bu ilin sentyabr ayında baş tutub. Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında sakinləri təbrik edərək deyib: "Bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Xatırladaq ki, indiyədək 2593 ailə - 10113 nəfər ocağına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 369 ailə (1388 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 287 ailə (1169 nəfər) Cəbrayıl şəhərində, Xocalı rayonunun Ballıca kəndində 27 ailə (152 nəfər) məskunlaşıb.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"