05 Fevral 2025 08:05
240
SİYASƏT
A- A+
Bu ölkəyə azadlıq verilməsi BMT qərarlarına hörmət olardı

Bu ölkəyə azadlıq verilməsi BMT qərarlarına hörmət olardı


Bu gün bütün sülhsevər bəşəriyyət ötən əsrin ortalarından qalan ən uzun ömürlü bir problemin beynəlxalq hüquq normalarına uyğun olaraq çözülməsini istəyir. Bu, əksəriyyəti müsəlmanlardan ibarət olan Kəşmir əhalisinə BMT tərəfindən verilmiş və Hindistan tərəfindən çeynənmiş hüquqların bərpası məsələsidir. Hindistanda müsəlman əhalisinin çoxluq təşkil etdiyi yeganə bölgə Cammu və Kəşmir hələ 1947-ci ildə Britaniya müstəmləkəsindən ayrılaraq iki müstəqil ölkə olduqdan sonra Pakistan və Hindistan arasında gərginliyin mərkəzinə çevrildi.

Ötən dövr ərzində iki ölkə arasında birbaşa və ya dolayı yolla yaranan gərginlik səbəbindən dörd müharibəyə və minlərlə insanın həyatını itirməsinə səbəb olan Kəşmir məsələsi, tərəflər arasında daim közərən gərginlik ocağı olmaqla yanaşı, eyni zamanda dünyanı narahat edən humanitar bir problemə çevrilib.

Böyük Britaniya 1947-ci ildə özünün keçmiş müstəmləkəsi olan Hindistanın iki hissəyə - Hindistan və Pakistan dominionlarına bölünməsi haqqında qərar qəbul etdi. Bundan sonra Kəşmir yeni müstəqillik qazanmış Hindistan və Pakistan dominionlarından biri ilə birləşməli idi. Bu dövrdə Hindistana və ya Pakistana qoşulmaq, yaxud da müstəqil dövlət olmaq məsələsində tərəddüd edən, qərarsız olan Kəşmir maharacası, etiqadca indus olan Hari Sinqh əhalinin əksəriyyətini təşkil edən müsəlmanların rəyini soruşmadan, nəzərə almadan subyektiv qərar qəbul etdi. Belə bir addım müsəlmanların maharaca hakimiyətinə qarşı üsyanlarına səbəb oldu. 

Pakistanın ilk baş valisi Məhəmməd Əli Cinna nəzarətində olan ingilis qüvvələrinə dərhal Kəşmir ərazisinə daxil olmaq əmri versə də, ingilis generalı bu əmri yerinə yetirmədi. Nəticədə Puştu tayfa qoşunları və onların ardınca Pakistan könüllüləri Kəşmir ərazisinə daxil oldular. Maharaca dərhal Dehli hökumətinə müraciət edərək ondan hərbi yardım istədi. Təcili qaydada oraya göndərilmiş hind qoşunları Puştu tayfalarının və müsəlman könüllülərinin silahlı birləşmələrinin hücumlarını Kəşmirin paytaxtı Şrinaqar yaxınlığında dayandırdılar. 

Əhalisinin 77 faizi müsəlmanlardan ibarət olan Kəşmir bölgəsi Pakistana qoşulmağın tərəfdarı olsa da, Hari Sinqh Hindistanla birləşməyə qərar verdi. Beləliklə, 26 oktyabr 1947-ci il tarixli Qoşulma sazişi ilə Kəşmir Hindistana birləşdirildi. Bu qərarın qəbul edilməsinə gizli bir amil də təsir göstərmişdi. Belə ki, bu amil Hindistan İttifaqının ilk baş naziri Cəvahirləl Nehrunun ailəsinin mənsub olduğu kastanın mənşəcə Şrinaqar şəhərindən olması idi. Yəni o, razı ola bilməzdi ki, öz kastasının yaşadığı ərazi başqa ölkədə qalsın.

Nəticədə 1947-ci il oktyabrın 28-dən dekabrın 22-dək Kəşmirin mənsubiyyəti problemi üzrə danışıqlar aparıldı. Lakin yerli əhalinin öz iradəsini azad surətdə ifadə etməsinin zəruriliyi məsələsində tərəflər arasında fikir ayrılığı yarandı. Tezliklə Pakistanın nizami hərbi hissələri də müharibəyə qoşuldu. Döyüşlər ləng xarakter alaraq bir ilədək davam etdi. Bu hadisələr Birinci Hindistan-Pakistan müharibəsi hesab olunur. 

1949-cu il yanvarın 1-də savaş dayandırıldı və avqust ayında BMT-nin himayəsi altında atəşkəs xətti müəyyən olundu. Razılaşmaya bu iki ölkə tərəfindən regionun demilitarizasiyası daxil idi. Beləliklə, Kəşmir ərazisi müvafiq olaraq Hindistanın və Pakistanın nəzarəti altında olan iki hissəyə bölünmüş halda qaldı. 

Məlumata görə, Hindistan əsgərləri və hindli ekstremistləri iki ay ərzində Cammu bölgəsində 300 mindən çox Kəşmir müsəlmanını Pakistana qoşulmaq istəklərinə görə qətlə yetirmişdilər. Bəzi tarixçilərin "soyqırımı" kimi qələmə verdiyi bu qətliamın məqsədi bölgədəki demoqrafik üstünlüyü hinduların xeyrinə dəyişmək və mümkün referendum halında Cammu və Kəşmirin Hindistanda qalmasını təmin etmək idi. Müqayisə üçün qeyd etmək olar ki, erməni silahlı dəstələrinin son 200 ildə Azərbaycanın tarixi İrəvan, Zəngəzur və Qarabağ bölgələrində apardıqları soyqırımı siyasəti də eyni məqsədi güdürdü. 

BMT TŞ-nin 1948-ci il 21 aprel və 13 avqust, 1949-cu il 5 yanvar tarixli qətnamələri tərəfləri öz qoşunlarını ərazidən çıxarmağa və rəy sorğusu keçirməyə çağırdı. Lakin nə Hindistan, nə də ki, Pakistan öz qoşunlarını Kəşmirdən çıxarmaq istəmədilər. Onlar belə bir halda Kəşmirin bu hissəsini qarşı tərəfin işğal edəcəyindən ehtiyat etdiklərini bildirdilər. Beləliklə, həmin dövrdən bəri öz ədalətli həllini tapmayan Kəşmirin hansı ölkəyə aid olması məsələsi üzərindən 78 il vaxt keçməsinə baxmayaraq, bu məsələ hələ də problem olaraq qalır. BMT TŞ-nin Kəşmirin gələcəyi ilə bağlı referendum çağırışlarına baxmayaraq, kəşmirlilər onilliklər ərzində öz müqəddəratlarını təyin edə bilmirlər.

BMT qəbul etdiyi qətnamə ilə Kəşmir xalqının hansı ölkəyə sərbəst şəkildə qoşulacağına qərar vermək üçün rəy sorğusu keçirilməsinə çağırsa da, Hindistan bunlara əməl etməkdən boyun qaçıraraq qoşunlarını Kəşmirdən çıxarmadı və nəzarət etdiyi bölgələri "Cammu və Kəşmir" adı ilə ilhaq etdi. 

Pakistan isə Kəşmirə "Azad Kəşmir (Müstəqil Kəşmir)" və "Gilgit Baltistan" kimi iki muxtar bölgə statusu verdi. Pakistanın nəzarət etdiyi Kəşmir bölgəsində yaradılmış Azad Kəşmir İslam Respublikası 13,3 min kvadratkilometr ərazini əhatə edir və təxminən beş milyon əhalisi var. 

1950-ci illərin sonunda Çin tədricən Şərqi Kəşmiri işğal etdikdən sonra Kəşmir üç hissəyə bölündü. Hazırda bölgənin əsas hissəsinə, yəni əhalinin sıx yaşadığı Kəşmir vadisini və Cammu bölgəsini idarə edən Hindistan tərəfindən nəzarət olunur. O, qərbdə kiçik bir əraziyə nəzarət edən Pakistanla şimalda əhalinin az məskunlaşdığı, yüksək dağlıq əraziyə nəzarət edən Çin arasında bölünüb. Müvəqqəti atəşkəsdən sonra Cammu və Kəşmir ərazisinin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qaldı. Bölgənin şərqindəki 20 faiz hissəsi qonşu Çinin nəzarətinə verildi.

"Azad Kəşmir"in Pakistanın tərkibinə daxil olmasını və orada hökumətin qurulmasını Dehli hökuməti tanımadı və bütün hind xəritələrində bu ərazi Hindistanın bir hissəsi kimi təsvir olundu. 1956-cı ildə Hindistanın yeni inzibati bölgüsü haqqında qanun qəbul olunandan sonra rəsmi Dehli özünün əlində olan Kəşmir ərazilərinə Cammu və Kəşmir ştatı statusu verdi. Bu ştatın yay paytaxtı Şrinaqar, qış iqamətgahı isə Cammu şəhəri oldu. Atəşkəs xətti isə faktiki olaraq sərhədə çevrildi.

Hindistanla sərhəd mübahisəsi olan Çin 1956-1962-ci illərdə Kəşmirin şərqindəki Aksay-Çin yaylasını ələ keçirərək Kəşmir məsələsinə qarışdı. Pekin hökumətinin Kəşmir məsələsində Pakistanı dəstəkləməsi və Pakistanın Kəşmirin kiçik bir ərazisini Çinə vermək qərarı iki ölkə arasında yaxınlaşmanı gücləndirdi. Çinin Himalaydakı sərhəd mübahisəsini müharibə yolu ilə həll etmək cəhdini nəzərə alan Hindistan Kəşmir siyasətini sərtləşdirdi və bölgədə hərbi gücünü artırdı. 

1980-ci illərin sonlarına doğru Hindistanın nəzarətində olan Cammu və Kəşmirdə kütləvi xalq üsyanları başladı. Zorakılıq aktları, siyasətçilərə qarşı sui-qəsdlər, adam oğurluğu və bu kimi hadisələr tüğyan etdi. Hindistan bölgədəki iğtişaşların Pakistan tərəfindən dəstəkləndiyini iddia edərək bölgəyə əlavə təhlükəsizlik qüvvələri yerləşdirdi. Beləliklə, Hindistanın nəzarətində olan Cammu və Kəşmir Hindistan təhlükəsizlik qüvvələri tərəfindən insan hüquqlarının pozulmasına səbəb oldu.

Pakistan öz həllini tapmayan Kəşmir məsələsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə 1989-cu ildə fevralın 5-ni "Kəşmir ilə Həmrəylik Günü" elan etdi. Hindistan hökuməti referenduma qarşı mövqe nümayiş etdirsə də, Pakistan davamlı olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini istəyir.

"Kəşmir Həmrəylik Günü"nün məqsədi Hindistanın Cammu və Kəşmirdə hakimiyyəti altında olan Kəşmir xalqı ilə həmrəylik nümayiş etdirmək, onların öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsini dəstəkləmək və bölgədə qarşıdurmalarda həyatını itirən müqavimət döyüşçülərini və mülki insanları yad etməkdir. Kəşmirdə on illərdir davam edən qarşıdurma və zorakılıqlarda on minlərlə dinc sakin, üsyançılar və hökumət təhlükəsizlik işçiləri həyatlarını itirib.

Bu azmış kimi, Hindistanın Ali Məhkəməsi millətçi baş nazir Narendra Modinin hökumətinin Cammu və Kəşmir əyalətinin xüsusi statusunun ləğvi ilə bağlı 2019-cu il qərarını 2023-cü il dekabrın 11-də təsdiq etdi. Hindu millətçi lideri sosial mediada "tarixi" qərarın "ümid şüası, daha yaxşı gələcək vədi və daha güclü və daha birləşmiş Hindistan qurmaq üçün kollektiv əzmimizin sübutu" kimi şərh etdi. Lakin bu qərar yeni gərginliyə yol açdı. İki ölkə 1990-cı illərin sonlarında ardıcıl nüvə silahı sınaqları keçirdi və bu, mümkün müharibənin miqyası ilə bağlı narahatlıqları artırdı. 2000-ci illərdə aparılan dialoq səyləri heç bir nəticə vermədi.

Son illərdə tez-tez qarşılıqlı pozuntulara səbəb olan nəzarət xəttində baş verən toqquşmalar iki ölkəni bəzən müharibə həddinə gətirdi. Hər iki ölkənin nüvə silahına malik olması tərəfləri müharibədən saxlasa da, Kəşmir məsələsi illər keçdikcə sanki Pakistanın "qanı axan yarasına" çevrilib. 

Artıq 6-cı ildir ki, Cammu və Kəşmirin demoqrafik quruluşu və siyasi mənzərəsi ilə bağlı kampaniya aparılır, əcnəbilərə yaşayış sertifikatları verilir, müvəqqəti sakinlər seçici siyahılarına salınır. Həmçinin parlament seçki dairələrinin yenidən təşkili, torpaq və əmlakın idarə edilməsi qanunlarının dəyişdirilməsi də bu kampaniyanın əsas tərkib hissələrindən biri olub.

BMT TŞ-nin Kəşmirin gələcəyi ilə bağlı referendum çağırışlarına baxmayaraq, Kəşmir əhalisi uzun illərdir ki, öz müqəddəratlarını təyin edə bilmirlər. Bu münaqişə Hindistan və Pakistan arasındakı problemdən çıxaraq beynəlxalq humanitar problemə çevrilib.

Davamlı sülh və təhlükəsizlik naminə Hindistan münaqişənin inkarından münaqişənin həllinə keçməlidir. Əksinə, Hindistan dünya birliyini Cammu və Kəşmirin onun ərazisinin ayrılmaz hissəsi olduğuna inandırmağa çalışır. Bölgədə günahsız insanların təqibi, əsassız həbslər və qondarma "mühasirə və axtarış" əməliyyatları adi hala çevrilib. Hindistan silahlı qüvvələri müxtəlif şərtlər altında onlara səlahiyyət verən amansız qanunlarla əməliyyatlarını cəzasızlıq şəraitində davam etdirirlər. 

Son zamanlar Pakistanın Baş naziri Şahbaz Şərif Kəşmirdə baş verən hadisələrə, hind hakimiyyət orqanlarının beynəlxalq insan haqlarına zidd əməllərinə münasibət bildirərək qeyd etmişdir ki, bütün bu tədbirlər BMT Təhlükəsizlik Şurasının qətnamələri və 4-cü Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Yüz minlərlə Hindistan əsgərinin davamlı iştirakı Cammu və Kəşmiri dünyanın ən ağır hərbiləşdirilmiş bölgələrindən birinə çevirib. Ümumi insan hüquqları üzrə Cammu və Kəşmirdəki pozuntular geniş şəkildə sənədləşdirilmiş və qlobal olaraq pislənilmişdir. Kəşmirli jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı pis rəftar Hindistanın fərqli səsləri susdurmaq üçün hər cür yola getməyə hazır olduğunu daha da nümayiş etdirdi.

Pakistan hər il beynəlxalq ictimaiyyəti regionda insan haqları pozuntularına son qoymağa, Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etmək qərarına görə, BMT Təhlükəsizlik Şurasının Cammu və Kəşmirlə bağlı qətnamələrini yerinə yetirməyə çağırır. Ölkə rəhbərliyinin qəti və prinsipial mövqeyi belədir ki, Pakistan Kəşmir xalqının öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququ bərpa olunana qədər ona güclü mənəvi, siyasi və diplomatik dəstəyini göstərməyə davam edəcək.

Azərbaycan dövləti və xalqı da Kəşmirin azadlıqsevər müsəlman əhalisinin hüquqlarının bərpası uğrunda mübarizəsində ona həmişə bu işdə mənəvi, siyasi və diplomatik dəstək verən Pakistanın yanındadır. Kəşmir problemi təkcə müsəlman dünyasının məsələsi deyil, eyni zamanda bütün tərəqqipərvər və sülhsevər bəşəriyyətin məsələsidir. Bu problem həll edilmədən Cənubi Asiyada davamlı sülhdən və dinc yanaşı yaşamaqdan söhbət gedə bilməz. 

BMT TŞ-nin 78 ildən bəri kağız üzərində qalan qərarının yerinə yetirilməsi üçün dünya birliyi, beynəlxalq təşkilatlar qəti siyasi iradə nümayiş etdirməlidir. Yalnız Kəşmir xalqının insani hüquqları tam təmin olunandan sonra bu subkontinentə möhkəm sülh gələcək və əsrlər boyu müştərək tarixə malik olmuş Hind və Pakistan xalqları da mehriban qonşuluq və dostluq şəraitində yaşaya biləcəklər. Məhz belə bir şəraitdə Pakistan və Hindistan arasında həyatın müxtəlif sahələrində qarşılıqlı etimada və təhlükəsizliyə əsaslanan əməkdaşlıq bərqərar olacaqdır. 


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

FHN Ucardakı zəncirvari ağır yol qəzası ilə bağlı məlumat yayıb YENİLƏNİB

11:23
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

"Futbolçu əziyyət görəndə qazandığı pulun qədrini biləcək"

09:10
16 Fevral

Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

09:05
16 Fevral

Şəhid məzarları ziyarət edilib  

09:00
16 Fevral

Rəsmi İrəvanın "sülh" oyunları

08:55
16 Fevral

Bir qərinənin faciəsi

08:50
16 Fevral

Sovet hakimiyyətinin unutdura bilmədiyi Əli bəy Hüseynzadə

08:45
16 Fevral

Milli ruhlu rəssamın yaradıcılıq yolu

08:40
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!