18 Avqust 2024 09:12
1480
CƏMİYYƏT
A- A+
Bu bazarda nə istəsən tapmaq olar

Bu bazarda nə istəsən tapmaq olar

 

Nadir musiqi alətləri və saatlardan tutmuş qədim məişət əşyalarınacan...

 

Gələnlər adətən əliboş qayıtmırlar. Axtardığın nə varsa, tapa bilərsən. Qiymətləri də fərqlidir, keyfiyyətləri də. Təzəsinə az rast gələrsən. Əksəriyyəti nimdaşdır. Hətta eləsi var ki, alsan, işinə yaramaz. Yəni o qədər köhnədir. Ancaq satanı olduğu kimi, alanı da var. Və bu alış-veriş heç kimi təəccübləndirmir. Çünki bura "bit bazarı"dır...
Bakının Sabunçu rayonunda yerləşən bu bazar əvvəllər daha çox "rus bazarı" kimi tanınıb. Səbəbi bir vaxtlar satıcılarının əsasən yaşlı rus qadınları və kişiləri olması idi. "Köhnə bazar" adını isə satılan əşyaların köhnəliyinə görə alıb. Gələk "bit bazarı" adına...

 

Xarici ölkələrdə əsrlərdir ki, belə bazarlar var

"Bit bazarı" termininin yaranması nəinki bu bazarı, ölkəmizin sərhədlərini də aşır. Dünyanın ən böyük ölkələrində də "bit bazarları" var, həm də lap çoxdan... Məlumata görə, Parisin şimal ətraflarında Seine-Saint-Denis bölgəsində yerləşən Saint-Ouendəki "Marche aux puces" ilk "bit bazarları"ndan biridir. 
Tokioda yerləşən Togo Shrine bazarı isə Yaponiyada ən məşhur "bit bazarı"dır.  Rusiyada məşhur "bit bazarı"nın sayı çoxdur. Sankt-Peterburqda Udelnaya dəmir yolu platforması və eyniadlı metro stansiyasının yaxınlığındakı bazar məşhurluğuna, eləcə də çoxdan fəaliyyət göstərdiyinə görə onların arasında ilk yeri tutur. "Bit bazarları" Türkiyənin də böyuk şəhərlərinin çoxunda var. İstanbulda Horhor Antikaçılar Çarşısı, Dolapdere "bit bazarı", Feriköy "bit bazarı", Kadıköy "bit bazarı", Ankarada Ulus İtfaiye Meydanı "bit bazarı", İzmirdə Yeni Bornova bazarı bu qəbildəndir.
Terminin necə meydana çıxdığına gəlincə, fikirlər fərqli və mübahisəlidir. Ehtimal edilir ki, satılan əşyalar köhnəldiyi, içərisində bit olması ehtimalı nəzərə alınaraq bazar belə adlandırılıb.

 

Ən səsli-küylü bazar

Başqa ölkələri deyə bilmərik, Sabunçuda yerləşən "bit bazarı" ölkənin ən səsli-küylü ticarət mərkəzidir. Digər bazarlardan bir fərqi də ondadır ki, burada piştaxtalar çox azdır. Satıcılar adətən təqdim etdikləri malları elə yerə saldıqları örtüklərin üstünə düzürlər. 
"Bit bazarı"nda ilk qarşımıza çıxan kitablar olur. Asfalta sərilmiş örtüyün üstündə baş-başa vermiş, bir vaxtlar yəqin ki, çox maraqla, sevilə-sevilə oxunmuş, indi də həsrətlə oxucularını gözləyən kitablara göz gəzdiririk. Əsasən rus dilində və Azərbaycan dilində kiril əlifbasındadır. İngilis dilində olanlar da var. Satıcı Mehman öyünərək deyir: 
- Məndə istənilən kitab var.
Öyrənirik ki, bu kitabların alıcıları əsasən orta yaşlılar olsa da, aralarında daha yaşlılar da var. Mehman kitab alıcılarının 45, 50, hətta 70 yaşlı olduqlarını söyləyir. Kitabların qiyməti isə 1 manatla 10 manat arasında dəyişir. Satıcıdan xəbər alırıq:
- Ən çox hansı kitablar alınır?
- Bədii kitablar... Detektiv kitablar da çox alırlar.
- Burdan kitab satmadan getdiyiniz gün olur?
- Yox, olmur.
- Gün ərzində ən çox neçə kitab satırsınız?
Kitabsatanın cavabı bizi təəccübləndirir: 
- Belə də... şans düşür, Allah yetirir. 50, 60 ədəd, elə günlər olur 10, 20, 30...
Bir az aralıda yaşlı bir qadın iri səyahət çantasının qulpundan ikiəlli yapışıb. Satdığı malların içində pal-paltar daha çox diqqətimizi çəkir.  Qadın adını söyləmək istəməsə də, söhbətdən imtina etmir:
- Satdıqlarım öz uşaqlarımın, nəvələrimin geyinmədiyi, işlətmədikləri əşyalardır. Cavan adamdırlar, alırlar, bir az geyinəndən, istifadə etdikdən sonra daha istəmirlər. Başqasını alırlar. Mən də onların işlətmədikləri əşyaları, geyinmədikləri pal-paltarı bura gətirirəm. Ən azı 50 qəpiyə, 1 manata satıram. Elə gün olur ki, heç nə sata bilmirəm. Bəzən də satış yaxşı olur.
"Bit bazarı"nı dolaşırıq. Ən çox eşitdiyimiz sözlər bunlardır: "Allah bazar versin". Səslər bir-birinə qarışıb:
- Day-day, 2 manata verirsənsə, alıram.
- 2 manata elə özüm almışam.
- Kondisioner işləyir?

 

Burada satıcılar müştəriləri aldatmırlar

Adətən satıcılar burada müştəriləri aldatmırlar. Satdıqları elektrik əşyaları işləməyəndə "işləmir" deyirlər. Belə malları da çox vaxt yararlı olan hissələrindən istifadə etmək üçün alırlar. 
Yalnız həftəsonları qurulan "bit bazarı"nda qiymətlər 20 qəpikdən başlayır. Burda nə axtarsan, tapa bilərsən: hər cür geyim, saat, bijuteriya, fen, oyuncaq, kitablar (klassik ədəbiyyatdan, detektivlər, müasir nəşrlər), hərbi mundir, köhnə filmlərin, serialların diskləri, videokasetlər, samovar, mebel, avtomobil hissələri, santexnika, köhnə sovet alətlərinin ehtiyat hissələri, domino, nərd taxtası, qəhvə dəmləyən, çay qaşıqları, qazan, sac, elektronika əşyaları, telefonlar, kompüter hissələri, televizor, radio, soyuducu, kondisioner, qızdırıcı cihazlar, ventilyator, radio-detallar, məftillər... 
Hətta bu bazarda tanınmış şəxslərin balaca büstləri də satılır. Köhnə əşyaların arasında Leninin balaca büstü diqqətmizi çəkir. Sovet dövrünün təbiri ilə desək, proletariatın dahi rəhbəri büstündən qəmli-qəmli gülümsəyir.
Bəziləri yalnız pal-paltar, ya da texniki avadanlıqlar, yaxud xırdavat satırlar. Ancaq satılan malların içərisində hər cür əşya var. Azər adlı satıcı da nimdaş qazanlar, köhnə uşaq oyuncaqları, telefon, telefon qabları, qulaqcıq və başqa malların yanında, köhnə kətilin üstündə oturub, alıcı gözləyir. Cavan bir kişi yaxınlaşır. Telefonu götürüb diqqətlə baxa-baxa satıcıdan soruşur:
- İşləyir?
- Hə, işləyir. 
Onlar danışır, biz başqa satıcının yanına gedirik...

 

20 qəpikdən satılan əşyalar

Orta yaşlı bir xanıma yaxınlaşırıq. Özünü belə təqdim edir: "Burda hamı mənə "xanım" deyir". Bura hər həftənin şənbə, bazar günləri Zabratdan gəlir. Satdığı malların çeşidi çox olsa da, daha çox pərdə, örtük və başqa ev əşyaları diqqətimizi cəlb edir. Satıcının alıcı azlığından şikayəti yoxdur.
- Bazardı da... - deyir, - hərdən çox mal sata bilirik, hərdən az. Qiymətlər ucuzdur, Elə mallar var ki, 20-30 qəpikdən satırıq.
Vüqar adlı satıcı isə deyir ki, o, hələ bu bazara tanışlıq üçün gəlir:
- Bura rayondan ikinci həftədir tanışlıq üçün gəlirəm. Hələ ki, bunlara (yaxınlıqdakı satıcıları göstərir) kömək edirəm. Görək necə olur...
Satıcı Arif Məhərrəmov isə on səkkiz ildən çoxdur bu bazarda alver etdiyini bildirir:
- Mən Mehdiabadda yaşayıram. Əvvəllər çox yerdə işləmişəm. Sonra çox ağır xəstələndim. Üç ay xəstə yatdım. Səsim çıxmırdı. Yavaş-yavaş sağaldım, özümə gəldim. Təqaüddəyəm. Evdə darıxıram. Bu bazara da məşğuliyyət üçün gəlirəm.
Onun ortağı - Rahib Bədəlov da təqaüdçüdür. Suraxanıda yaşayır.
- Dörd ildir ki, bu bazarda alver edirəm. Satdığımız malları tanış adamlar bəzən qapımıza gətirirlər. Ancaq əksəriyyətini burdan alırıq. Evdə istifadə etmədikləri əşyalarını gətirirlər, biz də onlardan alıb satırıq. Alver hərdən yaxşı, hərdən də zəif olur. 
Arif Məhərrəmov bildirir ki, yer üçün gününə 6 manat ödəyirlər. 
- Bu bazarda ən çox "yer pulu" biz veririk. Çünki yerimiz genişdir. Yer üçün gününə bir manat ödəyənlər var, - Rahib Bədəlov deyir.

 

Hərəsi bir tarixdir...

Satıcı Elşad Abışov deyəsən, əşyaları yerdə düzməyə qıymayıb, piştaxtada yerləşdirib. O, satdığı hər əşyanın tarixinin olduğunu söyləyir və soruşanlara hər biri haqda həvəslə ətraflı məlumat verir:
- Bu çaydan Hindistanın istehsalıdır, qiyməti 180 manatdır. Kofe dəmləyən qab 60 manata satılır. - Sonra göstərdiyi malların tarixçəsini danışır. - Burda olan malların əksəriyyəti qədim əşyalardır. Hərəsi bir tarixin məhsuludur. Məsələn, - piştaxtanın üstündən keçmiş Sovet İttifaqının 1 rublunu götürür. - Bu, rubllar yubiley münasibətilə, 1988-ci ildə buraxılıb. Hərəsinin üstündə dahilərdən birinin rəsmi həkk olunub. Şevçenkonun, Nizaminin... yubiley bir rublluğunu altı manata satıram. Ancaq alanda çox diqqət yetirirlər, gərək rubllar əzik, cızıq olmasın.
Piştaxtanın üstündəki sovet dövrünə aid nişanların, medalların qiymətlərini xəbər alırıq. "Oktyabryat" nişanı 3 manat, "Komsomol" nişanı 5 manat, "Əmək veteranı" medalı isə 10 manatdan satılır. 
- Bunları tapmaq çətin olmur sizə? - soruşuruq.
- Biz tapırıq. Heç kim gəlib demir ki, bunları gətirmişəm, al. Özümüz axtarıb tapırıq. 
- Alıcıları olur?
- Əlbəttə, olur. Daha çox kolleksiya toplayanlar alır.
Satılan əşyalar arasında Hindistan, İngiltərə, Çin, Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Gürcüstan və başqa ölkələrin, eləcə də keçmiş SSRİ-nin pulları var. Biri 50 qəpikdən satılır.
- Adaş, salam. Hərbi mundir lazımdı...
Satıcı Elşad Abışov ona ərklə "adaş" deyə müraciət edən alıcı ilə söhbətə başlayır... 
Tanış olduğumuz başqa bir satıcı - Ceyran İsmayılova - Sabunçu bazarında həftəiçi toyuq-cücə satır. Şənbə və bazar günləri qurulan "bit bazarı"nda isə xırdavat satmaqla məşğuldur. Alıcılardan şikayəti yoxdur.
- İstifadə etmədikləri malları bura gətirirlər, qiymətdə razılaşıb alırıq. Bizdə qiymətlər əlli qəpikdən başlayır.
Satıcılar çox vaxt köhnə paltarları kiloqramla alırlar. Satıcı Ceyran deyir ki, bura satmaq üçün əntiq əşyalar da gətirirlər: 
- Bu əşyaları almağa həm ehtiyacı, həm də marağı olanlar gəlirlər. Nə istəsən, nə axtarsan bu bazarda var, quş südündən başqa...   Sonra sözünə gülə-gülə davam edir. - Bu bazarda bəlkə quş südü də satılır.
Şənbə və bazar günləri əşyalarını köhnəsindən az işlənmişinə qədər gətirib dəyər-dəyməzinə satanlar da olur. Dilarə adlı orta yaşlı satıcı qadın da başqalarından aldığı malları satır. Öyrənirik ki, müxtəlif çeşidli uşaq çantalarının qiyməti 
3 manatdır. Uşaq ayaqqabılarını 
1 manatdan da almaq olar. Dilarə müəllim olduğunu, guşə yaratmaq üçün aldığını söyləyən cavan bir xanıma muncuqlardan səliqə ilə hazırlanmış iki vazanın hərəsini 3 manatdan satır.
Bazarda müxtəlif yaşlarda olan satıcılarla söhbətləşirik. Cavan satıcıların çoxu həftəiçi işlədiklərini, şənbə və bazar günləri bura gəlib alver etdiklərini bildirirlər. Gəzə-gəzə qiymətləri xəbər alırıq. Döşək 10, yastıq 6, qazan 25, samovar 180-200 manatdır.
Satıcı Fədayənin satdığı əşyaların arasındakı şüşə balıqlar, çinidən hazırlanmış mələk, çeyran, xoruz və başqa fiqurlar analarımızın cehizlərini xatırladır. Onların bənzərlərinin bəzilərini uşaq ikən sındırsaq da, hələ də ata ocaqlarımızda qoruyub saxlanılanlar var...

 

Alver günorta bitir

Astaradan gəldiyini söyləyən Rizvan satdığı çayları tərifləyir. Danışır ki, əslində, özü də bu bazara hər həftəsonu mal almağa gəlir:
- Elə bura yolum düşmüşkən, Astara çayı, düyüsü də gətirib satıram, - deyir. 
Bu bazarda ondan başqa da ərzaqlar - tərəvəzlər, meyvələr, quru meyvələr, ədviyyatlar satanlar var.
Bazarın bir tərəfində ağaclar, gül kolları satılır. Payızda və yazda burda daha çox satılan tinglər və tərəvəz şitilləri olur. 
Bazarın geniş bir hissəsində isə göyərçinlər, tutuquşular, ördəklər, qazlar, hinduşkalar, dovşanlar, döyüşkən xoruzlar, kirpilər satılır. Əvvəlcə göyərçinlərin qiymətini öyrənirik. Ramiz və Məhəmməd adlı satıcılar bu bazara alver etməyə 6 ildir gəldiklərini söyləyirlər. Ramiz göyərçinlərin qiymətinin 3 manatdan başladığını bildirir. 15-20 manata və daha baha qiymətə də göyərçinlər satılır. Bildirirlər ki, burda alıcılar hər zaman var. 
Kirpilərin qiyməti ilə maraqlanırıq. Satıcı oğlan deyir ki, kirpilər 10-15 manatdır. Dovşanların qiyməti 5 manatdan başlayır. Tutuquşu 8-10 manata satılır. Danışan tutuquşuların qiyməti 50-70 manatadır. Hinduşkalar 15-manatdan 30-40 manatadək, ördək 15 manatdır. Satılan cücələrin qiyməti 70 qəpikdən başlayır. Toyuqlar 6, 10, 18, 20 manat arasındadır. Xoruzların qiyməti 17-20 manat civarındadır. Ancaq xüsusi cins xoruzların qiyməti 30 manatdan başlayır. Burda da satıcılar alverin zəif olduğundan narazılıq etmirlər.
Artıq günortadır. Alverçilər yır-yığış etməyə başlayırlar. Bu gün də "bit bazarı"nda alver günorta bitir...

Zöhrə FƏRƏCOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!