30 ilə yaxın müddətdə talan edilən və ölkənin iqtisadi dövriyyəsindən kənarda qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları yenidən qurulur. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və dirçəliş Böyük qayıdışın real məzmununu təşkil edir. Bu çərçivədə ərazilərin iqtisadi zəncirə daxil edilməsi həm regional, həm də milli inkişafı sürətləndirir.
Məhz bu dirçəliş prosesinin planlı və davamlı xarakter alması məqsədilə dövlət tərəfindən xüsusi strateji çərçivə formalaşdırılıb. Prosesin hüquqi və iqtisadi əsaslarını müəyyən edən əsas sənəd isə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"dır. Proqram həmin ərazilərin bərpasına sistemli və mərhələli yanaşmanı təmin edir. Əsas məqsədlərindən biri isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi iqtisadi dövriyyəsinə cəlb olunması, burada rəqabətqabiliyyətli istehsal mühitinin formalaşdırılmasıdır.
İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi zəncirinə inteqrasiyası ilk növbədə müasir infrastrukturun yaradılmasını zəruri edir. Çünki dayanıqlı iqtisadi fəaliyyət nəqliyyat, enerji, kommunikasiya və sosial infrastruktursuz mümkün deyil. Bu baxımdan "Böyük qayıdış" proqramı çərçivəsində həyata keçirilən layihələr iqtisadi canlanmanın fundamental əsasını təşkil edir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirib ki, belə yanaşma dövlət siyasətinin əsas istiqamətlərindən biridir: "Biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik. Enerji sistemi - dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur. Çünki biz beş il ərzində 307 meqavat gücündə su-elektrik stansiyaları yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır. Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölə bilərik".
Məlumdur ki, su təminatının olmaması istənilən ərazidə yaşayış və iqtisadi fəaliyyət üçün əsas maneələrdəndir. Məhz bu reallığı nəzərə alan dövlət azad edilmiş ərazilərdə su təsərrüfatının bərpasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bir sıra mühüm su anbarları tikilib və ya əsaslı təmir olunub. Zabuxçay su anbarının sıfırdan inşası, Sərsəng, Suqovuşan, Köndələnçay və Xaçınçay su anbarlarında aparılan bərpa işləri regionun həm məskunlaşma, həm də kənd təsərrüfatı potensialının formalaşmasına xidmət edir. Bu layihələr təkcə iri maliyyə vəsaitləri deyil, eyni zamanda peşəkar işçi qüvvəsi və hazırlıqlı kadrlar tələb edir. Məhz dövlətin iqtisadi imkanları ilə yanaşı, insan kapitalının səfərbər olunması bu mürəkkəb layihələrin icrasına şərait yaradır.
Dağlıq və çətin relyef şəraitində, xüsusilə Kəlbəcər istiqamətində sərt iqlim və çətin coğrafi şəraitdə elektrik xətlərinin çəkilməsi, körpülərin və uzunluğu onlarca kilometrə çatan tunellərin inşası isə əsl fədakarlıq və qəhrəmanlıq nümunəsidir. Amma gecə-gündüz çalışan mühəndis və fəhlələrin zəhməti hesabına bu bölgəyə işıq, həyat və inkişaf yolu açılır. Dövlət başçısı məlum müsahibədə həmin çətinliyi belə ifadə edir: "Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim. Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər".
Təbii ki, yenidən qurulan yolların hər birində şəhidlərimizin al qanı, şanlı ordumuzun qeyri-adi hərbi strategiya izləri var. Bu yollar zəfərimizin, şəhidlərimizin, qazilərimizin, Müzəffər Ali Baş Komandanın iradə və qətiyyətinin əksidir. Yeni yaradılan yol infrastrukturu rahatlıqla yanaşı, həm də əhalinin mobilliyini yüksəldən, yaşayış və məşğulluq məkanlarını bir-biri ilə sıx əlaqələndirən mühüm iqtisadi amildir. Ağdamda yaşayan vətəndaşın Şuşada işləməsi, yaxud əks prosesin baş verməsi artıq real və gündəlik praktikaya çevrilib. Məhz bu imkanlar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını asanlaşdırır və onların normal həyata qovuşmasını təmin edir. Dövlət başçısı yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bu yanaşmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: "Bu gün əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır, artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq" - , deyə Prezident İlham Əliyev jurnalistin bu barədə sualını cavablandırıb.
İşğaldan azad edilmiş ərazilərdə yaradılan müasir infrastruktur bu torpaqların Azərbaycanın ümumi iqtisadi zəncirində funksional və rəqabətqabiliyyətli halqaya çevrilməsinə xidmət edir. Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər iqtisadi planlaşdırma, investisiya təşviqi və özəl sektorun fəal iştirakını özündə birləşdirir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən vergi və gömrük güzəştləri, sənaye və aqroparkların yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd"lərin tikilməsi, eləcə də xüsusi iqtisadi zonaların formalaşdırılması regionun ölkə iqtisadiyyatına sürətli inteqrasiyasına şərait yaradır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"