28 Iyun 2024 08:10
157
İQTİSADİYYAT
A- A+

Böyük qayıdış daha da sürətlənəcək

 

Dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra bunun üçün əlavə vəsait ayrılacaq

 

Məlum olduğu kimi, Milli Məclisin iyunun 25-də keçirilən növbədənkənar sessiyasının növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul  olunub.
Əvvəla qeyd edək ki, dövlət büdcəsinə yenidən baxılmanı bir sıra amillər  şərtləndirmişdir. Bunlardan biri "Böyük qayıdış" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.  Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi  üçün əlavə maliyyə təminatının yaradılması da həmin amillərdəndir. Daha bir amil isə  yeni infrastruktur layihələrinin  həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclərdir və s. 
Əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaratmışdır.  Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirmişdir. Belə ki, bu ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artmışdır. Cari ildə inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşmışdır.Yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirmişdir. Bu dövrdə  dövlət büdcəsinin gəlirləri 12 milyard 144,3 milyon manat proqnoza qarşı 13 milyard 259,4 milyon manat və ya 109,2 faiz təşkil etmişdir. 
Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları  bu il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaratmışdır. Qanun layihəsində də qeyd olunmuşdur ki, zəruri əlavə xərclərin maliyyə təminatının mənbələri kimi  makroiqtisadi sabitliyə xələl gətirməyən, orta və uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər və maliyyələşmə alətləri çıxış edir.Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat, xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılmışdı.
Milli Məclisdə iyunun 25-də keçirilmiş müzakirələr zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim etmişdir. Komitə iclasında üçüncü oxunuşda müzakirə edilən qanun layihəsinə dair layihə təşəbbüskarları tərəfindən dəyişiklik irəli sürüldüyü deyilmişdir. Bildirilmişdir ki, təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 500 milyon manat əvəzinə 535 milyon manat artırılaraq, 6 milyard 435 milyon manata çatdırılır. Qeyd edilmişdir ki, əlavə 35 milyon manat daxilolmaların Əlavə Dəyər Vergisinin (ƏDV) həcminin artması hesabına təmin olunacağı ilə izah edilir. Dəyişiklik nəticəsində dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində də Dövlət Gömrük Komitəsinin xərclərinin 35 milyon manat artırılması təklif olunur. 
Diqqətə çatdırılmışdır ki, nəticədə ilkin təqdim olunmuş rəqəmə nisbətən, dövlət büdcəsinin gəlirləri 0,1 faiz artırılaraq 36 milyard 388 milyon, dövlət büdcəsinin xərcləri 0,1 faiz artırılaraq 39 milyard 742,3 milyon, dövlət büdcəsinin cari xərcləri 0,1 faiz  artırılaraq 23 milyard 59,4 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri, ilkin təqdim olunmuş rəqəmə nisbətən 0,1 faiz artırılaraq 43 milyard 515 milyon, xərcləri isə 0,1 faiz artırılaraq 45 milyard 626,8 milyon manat olacaq. 
Həmin gün Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat vermişdir. 
Hər iki sənəd barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini deyən komitə sədri bir daha xatırlatmışdır ki, təqdim edilmiş sənədlərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün dürüstləşdirilmiş gəlir və xərcləri bərabər olaraq 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil edəcək. Qeyd olunmuşdur ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün dürüstləşdirilmiş büdcəsi 4,7 milyon manat artırılacaq və bu artım qeyri-büdcə sektoru üzrə baş verəcək. 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki məsələ barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlamışdır. İclasda 2024-cü ilin dövlət büdcəsində, Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının büdcələrində dəyişikliklərlə bağlı qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunmuşdur.
Dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi 2024-cü ildə ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini uğurla həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video