Ali qurum jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son qoyulmasını tələb edib
Dünən dünya "Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son" Beynəlxalq Günü qeyd edilib.
Xatırladaq ki, 2013-cü ildə BMT Baş Assambleyası özünün 68-ci sessiyasında 68/163 saylı qətnamə qəbul edərək, hər il noyabrın 2-ni "Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son" Beynəlxalq Günü elan edilməsinə qərar verib.
Qətnamə üzv dövlətləri cəzasızlıqla mübarizə üçün konkret tədbirlər görməyə çağırıb. Bu tarix 2013-cü il noyabrın 2-də Malidə öldürülən iki fransız jurnalistin xatirəsinə ehtiram kimi seçilib. Bu əlamətdar qətnamə media işçilərinə qarşı istənilən hücumları və zorakılıq aktlarını pisləyir.
Bundan əlavə, qətnamə üzv dövlətləri jurnalistlərə və media işçilərinə qarşı zorakılığın qarşısını almaq üçün əllərindən gələni etməyə, onlara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını və məhkəmə qarşısına çıxarılmasını təmin etməyə və qurbanların adekvat hüquqi müdafiə vasitələrinə çıxışını təmin etməyə səsləyib.
Qətnamə həmçinin dövlətləri jurnalistlərin müstəqil şəkildə və əsassız müdaxilə olmadan öz işlərini yerinə yetirmələri üçün təhlükəsiz və əlverişli mühit yaratmağa dəvət edir.
2022-2023-cü illərdə UNESCO jurnalistlərin, media işçilərinin və sosial media məzmun istehsalçılarının 162 qətlini qeydə alıb. Bu barədə "Jurnalistlər böhran və fövqəladə hallar cəbhəsində" adlı hesabatda deyilir. Hesabatın müəllifləri bildirirlər ki, bu, əvvəlki iki illə müqayisədə 38 faiz çoxdur.
Hesabatda qeyd olunur ki, jurnalist qətllərinin sayının artması qismən silahlı münaqişələrin olduğu ölkələrdə media işçilərinin ölüm hallarının artması ilə bağlıdır. Lakin bu ölkələrdən kənarda 2022-ci ildə baş vermiş 60 insidentlə, UNESCO tarixində ən yüksək göstərici olmaqla, jurnalistlərin qətlində əhəmiyyətli artım qeydə alınıb.
Təşkilatın məlumatına görə, Latın Amerikası və Karib hövzəsi jurnalistlərin ən çox qətlə yetirildiyi region olaraq qalır.
Cəzasızlıq zorakılığa səbəb olur
BMT-nin Baş katibi Antonio Quterreş müraciətində bildirib ki, qlobal miqyasda hər 10 jurnalist qətlindən 9-u cəzasız qalır və cəzasızlıq daha da ağır zorakılığa səbəb olur: "Keçən ay qəbul edilmiş Gələcək Paktı silahlı münaqişələrdə çalışan jurnalistlərə, media işçilərinə və əlaqəli personala hörmət etməyə və mühafizəyə çağırır. Hökumətləri jurnalistləri qorumaq, onlara qarşı cinayətləri araşdırmaq və günahkarları təqib etmək üçün təcili tədbirlər görərək bu öhdəlikləri həyata keçirməyə çağırıram".
2006-2024-cü illər arasında dünyada 1700-dən çox jurnalist öldürülüb. Media işçilərinə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son qoyulması söz azadlığının və hər kəsin informasiyaya çıxışının təmin edilməsi üçün zəruri şərtdir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyib: "İnsanlara həqiqəti deyən və silahlı münaqişələrin mahiyyətini açan jurnalistlər insan hüquqlarının əsl müdafiəçiləridir". Onun sözlərinə görə, jurnalistlərə qarşı hücumlar söz azadlığını pozur və ictimaiyyəti tənqidi informasiya əldə etməkdən məhrum edir.
Qadın jurnalistlərə qarşı təhdidlər
Jurnalistlərin öldürülməsi media senzurasının ən ifrat formasıdır. Mətbuat işçiləri həm də saysız-hesabsız təhdidlərə məruz qalırlar, xüsusən də rəqəmsal sahədə.
Bu cür təhdidlər, eləcə də jurnalistlərə qarşı hücumlar qorxu mühiti yaradır, informasiya, fikir və ideyaların sərbəst axınının qarşısını alır.
Mediada çalışan qadınlar xüsusilə təhdid və hücumlara məruz qalırlar. UNESCO-nun bu yaxınlarda dərc etdiyi "Qadın Jurnalistlərə Qarşı Onlayn Zorakılıqda Qlobal Meyillər" adlı sənədə əsasən, sorğuda iştirak edən qadın jurnalistlərin 73 faizi öz işləri ilə əlaqədar onlayn rejimdə hədə-qorxu və təhqirlərə məruz qaldıqlarını bildiriblər.
Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son qoyulması günümüzün ən vacib və çətin məsələlərindən biridir. Bu, bütün vətəndaşların söz azadlığının və məlumat əldə etməsinin təmin edilməsi üçün zəruri şərtdir.
Münaqişələrin və digər böhranların sayının artması ilə 2024-cü ilin mövzusu təhlükəli mühitlərdə çalışan jurnalistlərin təhlükəsizliyi, o cümlədən müdafiəsi və təqibi ilə bağlı daha geniş müzakirələri təşviq etmək məqsədi daşıyır.
Bu ilin əsas tədbirləri 6 və 7 noyabr 2024-cü il tarixlərdə Afrika Birliyinin Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki qərargahında keçiriləcək, böhran və fövqəladə vəziyyətlərdə jurnalistlərin təhlükəsizliyinə diqqət yetirəcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"