30 Noyabr 2024 08:10
595
PARLAMENT
A- A+
Bir sıra qanunlara dəyişikliklər üçüncü oxunuşda təsdiq edildi

Bir sıra qanunlara dəyişikliklər üçüncü oxunuşda təsdiq edildi


Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə cari məsələlər müzakirə olunub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, parlamentin komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, Jalə Əliyeva, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov,  Aydın Hüseynov, Azay Quliyev, Bəxtiyar Əliyev bir sıra məsələlər barədə öz fikirlərini bölüşüblər.

Bildirilib ki, Azərbaycanda sosial təminatın daha da gücləndirilməsi ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. Deputatlar dövlət büdcəsinin sosialyönümlü xərclərinin ilbəil dinamik olaraq artırıldığını, Qarabağ və Şərqi Zəngəzurun qurulması üçün daxili mənbələr hesabına vəsaitin ayrıldığını, işğaldan azad olunmuş ərazilərin bərpasına xərclərin yönəldiyini söyləyiblər. Azərbaycanın 2025-ci ildə 10 milyard dollar həcmində sosialyönümlü xərclərinin Cənubi Qafqazın iki ölkəsinin birgə sosialyönümlü xərclərindən 2,5 dəfə çox olduğunu qeyd ediblər. Çıxışlarda seçicilərlə görüşlər zamanı aparılan söhbətlərdə vətəndaşların dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılığı ifadə olunub.

Müzakirələrdə Fransa telekanallarında Azərbaycana qarşı böhtan və iftiralarla dolu fikirlərin səslənməsinə münasibət bildirilib. Bunun Fransanın türk dünyasına qarşı qərəzli mövqeyinin nümayişi olduğu söylənilib. Qeyd olunub ki, Vətən müharibəsində qazanılmış Zəfərdən sonra həyata keçirilən quruculuq işləri, ölkəmizin dinamik inkişafı bəzi qüvvələri narahat edir, onlar Azərbaycana mane olmağa çalışırlar. Bu gün Azərbaycanın bölgədə və dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olması istiqamətində təqdirəlayiq addımlar atdığı vurğulanıb.

Millət vəkilləri, habelə son günlərdə Polşa prezidentinin Ermənistana səfəri ilə bağlı fikirlərini bildirərək, onun Azərbaycanla sərhəddə "binokl diplomatiyası"nın qəbuledilməz olduğunu deyiblər. Azərbaycanla Polşa arasında müxtəlif sahələrdə əlaqələrin olduğu,  Polşa prezidentinin bu hərəkətinin isə təəssüf və təəccüb doğurduğu söylənilib.

Müzakirələr zamanı ölkəmizin evsahibliyi ilə keçirilmiş COP29-un mahiyyəti, hədəfləri və uğurlu nəticələri barədə də fikir mübadiləsi aparılıb. Bu tədbirin dövlətimizin beynəlxalq səviyyədə güclü mövqeyini bir daha nümayiş etdirdiyi bildirilib. Qeyd edilib ki, genişmiqyaslı və planlaşdırılmış böhtan kampaniyalarına baxmayaraq, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə sahəsində tarixi nəticələr əldə etməyi bacarıb.

Deputatlar yüksək səviyyədə təşkil edilmiş  konfransın dünya ölkələri arasında geniş əməkdaşlıq imkanları yaratdığını, tədbirdə mühüm təşəbbüslərin irəli sürüldüyünü söyləyiblər. Millət vəkilləri COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün müvəffəqiyyətlə həyata keçirildiyini, burada qəbul edilmiş yekun sənədin əhəmiyyətini vurğulayıblar.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova iclasın gündəliyinə 15 məsələnin daxil edildiyini, ilk 3 məsələnin beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələri olduğunu deyib. Qeyd edib ki, müvafiq Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb qəbul ediləcək.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Komitə sədri bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən təqdim edilmiş sənəd 1994-cü il sentyabrın 20-də imzalanmış və Ulu Öndərin xidmətləri sayəsində gerçəkləşən "Əsrin müqaviləsi" ilə başlanan işlərin davamı olaraq, həmin müqavilə çərçivəsində formalaşmış beynəlxalq konsorsiumun əsas iştirakçıları ilə birlikdə "yaşıl enerji"yə keçid enerjisi olan təbii qazın hasilatı və pay bölgüsü ilə bağlı məsələləri əhatə edir.

Layihədə 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanmış 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşmanın, habelə İkinci Qoşmanın əsas mətninə edilmiş iki Əlavə Bölmənin qəbul və təsdiq edilməsi və onların həyata keçirilməsinə icazə verilməsi barədə müddəalar ehtiva olunur.

Diqqətə çatdırılıb ki, qaz sazişi olaraq bu layihə Azəri-Çıraq-Günəşli hasilatın pay bölgüsü sazişinin Kontrakt Sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin kontraktla əhatə olunmayan Sərbəst Təbii Qaz Yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur.  Eyni zamanda tərəflər bu layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, qərara almışlar ki, layihə mövcud podratçı şirkətlərlə birgə işlənsin. İkinci Qoşma hazırlanarkən mövcud digər qaz layihələri sazişlərindəki (Abşeron və Şah Dəniz HPBS) əsas kommersiya və fiskal şərtlər əsas götürülmüş, eləcə də onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilmişdir. 

Məsələ ətrafında çıxış edən deputatlar Bəhruz Məhərrəmov, Vüqar Rəhimzadə, Aydın Mirzəzadə, Bəxtiyar Əliyev sözügedən sazişin əhəmiyyəti, ölkə iqtisadiyyatının inkişafında rolu barədə fikirlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə qanun layihəsinin mahiyyətindən bəhs edib. Bildirilib ki, 27 sentyabr 2024-cü ildə Nyu York şəhərində imzalanmış memorandum dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün hər iki dövlətin vətəndaşlarının qarşılıqlılıq prinsipinə uyğun olaraq gediş-gəliş prosesinin asanlaşdırılması məqsədinə xidmət edir. 13 maddədən ibarət sənədə əsasən, hər iki dövlətin vətəndaşları diplomatik, xüsusi və xidməti pasportları təqdim etməklə 180 gün ərzində 90 gündən çox olmayaraq digər dövlətin ərazisinə vizasız daxil ola bilərlər. Bu müddətdən artıq qalmaq niyyətində olan şəxslər isə müvafiq qaydada viza və ya yaşayış hüququ verən sənəd almalıdırlar. Qeyd olunan müddəalar Həcc və ya Ümrə ziyarəti məqsədilə Səudiyyə Ərəbistanı Krallığına gedən Azərbaycan Respublikası vətəndaşlarına şamil edilmir.

Müzakirələrdə deputatlar Rizvan Nəbiyev, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı sənədin iki ölkə arasında əlaqələrin inkişafı baxımından vacibliyini qeyd ediblər.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Komitə sədri Səməd Seyidov daha sonra "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini də təqdim edib. Diqqətə çatdırılıb ki, 27 sentyabr 2024-cü ildə Nyu York şəhərində imzalanmış və 11 maddədən ibarət olan saziş dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün hər iki dövlətin diplomatik və xidməti pasportlara sahib olan vətəndaşlarının gediş-gəliş prosesinin asanlaşdırılması məqsədinə xidmət edir. Razılaşmaya əsasən, tərəflərdən hər hansı birinin diplomatik və ya xidməti pasportlara malik olan vətəndaşlarının hər giriş tarixindən etibarən 30 gündən çox olmayaraq digər dövlətin ərazisinə girişi, tranziti, çıxışı və orada qalması üçün viza əldə etmələri tələb olunmur. 

Deputat Aydın Mirzəzadə məsələ barədə fikir və təkliflərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin digər 9 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihədə hər hansı dəyişikliyin olmadığını deyib. 

Qanun layihəsində qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə "xeyli miqdar", "külli miqdar" anlayışlarının hədləri artırılır və ilk dəfə olaraq  "xüsusilə külli miqdar" anlayışı müəyyən edilir, sanksiyalardakı cərimə cəzasının konkret pul məbləği ilə deyil, cinayət nəticəsində vurulmuş ziyanın müvafiq mislinədək miqdarda pul tənbehi ilə müəyyən olunması təklif olunur, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları müəyyən edən müddəalar təkmilləşdirilir.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, adıçəkilən qanunlarda nəzərdə tutulan dəyişikliklərlə bağlı heç bir əlavə təklifin olmadığını deyib. 

Hər iki məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söylədikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. 

Bildirilib ki, sənəddə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri müəyyən edilir. Həmçinin icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Komitə sədri məsələnin ikinci oxunuşu zamanı aparılan müzakirələrdə söylənilən fikirlərə münasibət bildirib. O, irəli sürülən təkliflərə komitədə işçi qaydasında baxıldığını, habelə qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olunduğunu və məqsədəmüvafiq hesab edilmədiyini bildirib.

Deputat Rəşad Mahmudov bəzi fikir və qeydlərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş)  qanun layihəsindən bəhs edib. O, sənədlə bağlı əlavə heç bir qeyd və təklif  olmadığından onun səsə qoyulmasını xahiş edib. Layihə bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin, o cümlədən dövlət tərəfindən qrant verilməsinin hüquqi əsaslarının yaradılması və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Komitə sədri Azər Əmiraslanov "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə də bağlı məlumat verib və layihəyə dair heç bir təklifin olmadığını deyib. Sənəddə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsi nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov "Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, birinci və ikinci oxunuş zamanı məsələ barədə heç bir təklif irəli sürülmədiyindən onun üçüncü oxunuşda olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə ümumilikdə 5 məcəllədə və 6 qanunda  dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva bu komitələrin rəylərini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Bildirib ki, layihədə qeyd olunan tələblər uşaq müəssisələrində xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Təklif edilən dəyişikliyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə  dair vahid tələb və meyarların əhatə dairəsi genişlənir, sistem şəklində formalaşır. Sənəd dövlət uşaq siyasətinin həyata keçirilməsində mühüm nəticələrə səbəb olacaqdır. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında danışıb. O, layihənin komitədə birinci və ikinci oxunuşlarda geniş müzakirə olunduğunu, məsələ ilə bağlı komitəyə ünvanlanmış bütün təklif və sualların cavablandırıldığını, təqdim olunan sənəddə hər hansı bir dəyişikliyin olmadığını deyib.

Layihə sosial ödənişlərin təyin olunması və bunun hüquqi əsaslarının mütəmadi olaraq təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanıb. 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuş zamanı məsələnin ətraflı müzakirə edildiyini, hər hansı təklifin daxil olmadığını deyib.

Layihədə dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunlara ixtisas dərəcələrinin xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlı maddələr əlavə olunur. Dövlət qulluğunun xüsusi növünə işə qəbul olunan şəxslərin malik olduqları ixtisas dərəcələri, xüsusi, hərbi və diplomatik rütbələri müvafiq xüsusi rütbələrlə uyğunlaşdırılacaq.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti 2 məsələ ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və ikinci oxunuşda müzakirəyə təqdim edilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuşda sənədin geniş müzakirə edildiyini söyləyib, layihədə hər hansı dəyişiklik olmadığı üçün onun səsə qoyulmasını xahiş edib. 

Sənəd qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərdə  qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət şəraiti, mülki hüquq və ailə münasibətləri kimi məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputat Pərvanə Vəliyeva öz fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini, geniş müzakirələrin aparıldığını, layihənin mahiyyəti üzrə təkliflərin olmadığını söyləyib.

Layihədə qanunun yeni redaksiyada təqdim edilmiş 9-cu maddəsində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı şəkildə təsbit olunub. Sənəddə məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq, tərcüməçi və pedaqoqların xidmətindən istifadə kimi məsələlər ehtiva edilir.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədlə bağlı bu komitələrin müsbət rəy verdiklərini diqqətə çatdırıblar.

Müzakirələrdə deputat Nigar Məmmədova çıxış edərək bəzi fikir və qeydlərini açıqlayıb. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu, sənədin birinci oxunuşda müzakirəyə təqdim edildiyini bildirib.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. O qeyd edib ki, layihə "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb. Diqqətə çatdırılıb ki, layihəyə əsasən, qanunun 16.2.1-ci maddəsində "enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" sözlərinin "enerji resurslarının satışından əldə olunan vəsait" sözləri ilə əvəz edilməsi təklif olunur.

Dəyişikliyin edilməsinə zərurət, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan və istehsal, istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürmələrin edilməsi üçün hüquqi əsasın yaradılmasından ibarətdir.

Digər dəyişiklik qanunun 16.3-cü maddəsində "və enerji effektivliyi fondunun saxlanılması xərclərinin" sözlərinin çıxarılması ilə bağlıdır. Belə ki, Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası"nın 1.2-ci bəndində fondun vəsaitlərindən fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunacağı qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, sözügedən fərmanın 3.1-ci hissəsində fondun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradıldığı qeyd olunmuş və onun vəsaitinin sərəncamçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi müəyyən edilmişdir.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Vüqar Bayramov, Soltan Məmmədov, Elçin Mirzəbəyli, Əlibala Məhərrəmzadə çıxış ediblər, fikir və qeydlərini bildiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!