28 Iyun 2024 08:30
260
İQTİSADİYYAT
A- A+

Biləsuvarda taxıl biçini başa çatır

 

Məhsuldarlığın keçən ildəkindən 3-4 sentner çox olacağı gözlənilir

 

Günün ikinci yarısı, saat 15 radələridir. "NEW Holland" markalı taxılbiçən kombayn, 2 yük maşını sahənin kənarında dayanıb. Fermer Fəxrəddin Quliyev kombaynçı Təhmasib Kazımovla birlikdə buğda zəmisini nəzərdən keçirir. 
Biləsuvar Dövlət Aqrar İnkişaf  Mərkəzinin (DAİM) məsul işçisi Rəşadət Əskərov bizi ilk növbədə torpaq sahibi ilə tanış edir: "Ən yaxşı fermerlərimizdən biridir". Təqribən 60 yaşlarında Fəxrəddin kişi hal-əhvaldan sonra üzünü kombaynçıya tutub "İşə başlamaq olar, sahə tam quruyub" deyir. Sonra o, sürücüləri də yanına çağırıb sanki həm də bizə eşitdirirmiş kimi sözünə davam edir: "İki gündən bəri yağan yağışlar, havanın nisbətən sərin keçməsi işimizi bir qədər geri saldı. Ancaq neyləmək olat?! Təbiət, iqlim dəyişib. Əvvəlki illərə nisbətən bu il may ayı da yağmurlu keçdi. Bu isə pambığın inkişafını, eləcə də yonca biçinini xeyli ləngitdi". Sonra da kombaynçı Təhmasibə "Lənkəranlı balası, çox sağ ol, bu təzə kombaynla bizə köməyə gəlmisən", - deyir. - "Ancaq səndən xahiş edirəm, sahəni təmiz biç. Elə et ki, itkiyə-filana yol vermə. Heç bilirsən, bu məhsulu yetişdirənəcən nə qədər zəhmət, nə qədər xərc çəkmişəm?! Göründüyü kimi, yaxşı buğda əmələ gəlib. Qalır indi onu təmiz biçmək". Fermer sürücülərə də öz tövsiyə və tapşırıqlarını verir: "Şofer balalar, yəqin siz də maşınlarınızı nəzərdən keçiribsiniz. Elə edin, həyətə apararkən itkiyə yol verməyin. Hələ gec deyil, yük yerini bir də yaxşı-yaxşı nəzərdən keçirin". 
R.Əskərov da öz tövsiyələrini verir. Torpaq mülkiyyətçisi F.Quliyev tapşırıqlarını verəndən sonra 3-4 addım zəminin içərisinə yeriyir. Buğdanın küləşini, sünbülünü bir daha gözdən keçirib: "Hə, işə başlamaq olar" deyir. Bir işarəyə bənd imiş kimi kombaynçı Təhmasib yeyin addımlarla kombayna yaxınlaşıb, pilləkənlərlə kabinəyə qalxır. Bir andaca motoru işə salır. Sarı rəngli "tarla gəmisi" irəliləməyə başlayır. Fəxrəddin kişi və Rəşadət Əskərov kombaynın biçdiyi yeri nəzərdən keçirirlər. R. Əskərov: "Maşallah olsun, çox təmiz biçir, yerə nə bir sünbül, nə bir dən düşür. "NEW Holland"lar tayı-bərabəri olmayan kombaynlardır. Təmiz biçmək, sahədə manevr etmək sarıdan hələlik onlara üstün gələn yoxdur. Mən hələ kombayn sürücüsü üçün yaradılan şəraiti demirəm. Kabinəsinə bir qram toz-torpaq girmir. Kondisionerinə isə söz ola bilməz. Sərin, təmiz bir şəraitdə kombaynçı da daha rahat və məhsuldar işləyir". 
Bu vaxt sahənin o biri başına gedib geri qayıdan kombaynın kabinəsinin üstündəki işıq yanmağa başlayır. Fəxrəddin kişi yaxınlıqda dayanmış "KAMAZ"ların kölgəsində oturmuş sürücülərə: "A bala, kombaynın bunkeri dolub, biriniz onun yanına sürün" deyir. Sürücü - cavan oğlan İlkin Əhmədov bir göz qırpımında maşını kombaynın yanına sürür. R.Əskərov fermerə deyir: "Yaxşı məhsul yetişdirmisən. Bunkerin tez dolması bunu bir daha sübüt edir". Fermerin cavabı gecikmir: "A qardaş, bilirsən nə qədər zəhmət çəkmişik?! Suyunu, gübrəsini vaxtında vermişəm, digər aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışmışam". 
Doğrudan da, nümunəvi sahədir. 17 hektar buğda zəmisinin içində bir dənə də olsun alaq otu yoxdur. Sahə alaqlı olanda kombayn dəmirdən olsa da, dözmür. Bu cür təmiz olanda isə kombayn yaxşı, məhsuldar işləyir, xarab olmur. Hər gün ən azı 15-20 hektar zəmini biçir. 
Biləsuvarda taxıl biçini başa çatmaq üzrədir. Təbiətin törətdiyi fəsadlara baxmayaraq, fermerlər çıxış yolunu bütün aqrotexniki tədbirləri vaxtında yerinə yetirməkdə görürlər. Çəkilən zəhmət isə öz bəhrəsini verir. Ümumilikdə keçən ilin payızında rayonda 34 min 306 hektarda taxıl əkilmişdir ki, onun da 9 min 985 hektarı buğda, 24 min 321 hektarı arpadır. Hazırda hər gün 44 kombaynla 1000 hektara yaxın sahənin məhsulu biçilir. Mütəxəssislər deyirlər ki, məhsuldarlığın keçən ildəkindən 3-4 sentner çox olacağı gözlənilir. Fermerlərdən Ramiz Əliyev, Etibar Əmənov, Mirsahib Zəkiyev isə hər hektardan 50 sentnerdən çox məhsul götürmüşlər. 
Biçinin optimal müddətdə, itkisiz və təhlükəsiz başa çatdırılması üçün rayonda qabaqcadan tədbirlər həyata keçirilmişdir. RİH-də Fövqəladə Hallar Nazirliyinin Yanğına Qarşı Mübarizə rayon bölməsinin əməkdaşlarının, mütəxəssislərin iştirakı ilə fermerlər, kombaynçılar, qəsəbə və kənd ərazi nümayəndələri və digər əlaqədar şəxslər üçün müşavirə keçirilmiş, taxılçılar təlimatlandırılmışlar. Bununla bərabər, Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyevin sədrliyi ilə 9 nəfərdən ibarət qərargah yaradılmışdır. Görülən tədbirlər nəticəsində indiyədək heç bir qəza, yanğın və digər xoşagəlməz hadisə baş verməmişdir. 
Biçin yekunlaşmaq üzrədir. Lakin əkinçiliyin başqa sahəsində pambıqçılıqda  işlərin qızğın çağıdır. Hər tərəfdə kultivatorlar işləyir, cərgələrarası alaq otlarından təmizlənir, tarlalara yemləmə gübrəsi verilir, ikinci suvarma işləri aparılır. Bir sözlə, pambıqçılar da yüksək məhsul əldə etmək əzmilə çalışırlar. 

Seyran CAVADOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video