Avropa dövlətlərinin, xüsusilə də Almaniya iqtisadiyyatının tənəzzülə doğru irəlilədiyi bir vaxtda Ukraynada davam edən hərbi əməliyyatlar hesabına ABŞ iqtisadiyyatı yüksələn xətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Berline Zeitung” nəşri yazıb. Qeyd edilib ki, Ukraynaya hərbi yardım göstərmək ABŞ-ın hərbi sənaye kompleksi üçün çox faydalıdır. Onların sifarişləri həddən artıq artıb. Qəzet “The Wall Street Journal”a istinadla yazır ki, 2022-ci ilin fevralından 2024-cü ilin fevralına kimi ABŞ-ın hərbi sənaye kompleksinin istehsal həcmi 17,5 faiz artıb. Hərbi sifarişlər ABŞ iqtisadiyyatının 0,5 faiz artmasına səbəb olub. Sifarişlər yalnız Ukraynadan deyil, Avropadan da daxil olur. Polşa “Apache” vertolyotları, zenit raket kompleksi (Himars), M1A1 “Abrams” tankları almaq üçün 30 milyard, Almaniya 60 ədəd CH-47F “Chinook” vertolyotu almaq üçün 8,5 milyard, Çexiya qırıcı F35 təyyarələr almaq üçün 5,6 milyard dollar vəsaiti ABŞ hərbi sənaye kompleksi çərçivəsində fəaliyyət göstərən şirkətlərə ödəyiblər.
Ağ evin Milli İqtisadiyyat Şurasının sədri Leyl Breynard bildirib ki, hərbi sifarişlər ABŞ üçün olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, bu sifarişlər ABŞ–da ümumi istehsalı artırır, yeni iş yerləri yaradır.
Artıq Avropa dövlətləri də hərbi sənaye kompleksini inkişaf etdirməyə başlayıblar. Münxen Təhlükəsizlik Konfransında çıxış edən Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, NATO dövlətləri hərbi xərclərini artırmalıdır. “Almaniya hərbi xərclərini 3,5 faiz və daha çox artırmağı düşünür. Hərbi xərcləri daha çox artırmaq dünyada baş verən hadisələrdən asılı olacaq”, - deyə B. Pistorius vurğulayıb.