15 Fevral 2026 20:01
280
Səfərlər
A- A+
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNİB 

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNİB 


Fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Serbiya Respublikasının Prezidenti çıxış etdi.


Prezident Aleksandar Vuçiçin
çıxışı

- Hörmətli Prezident, əziz dostum, cənab İlham Əliyev.

Hörmətli Azərbaycan hökumətinin nazirləri və Serbiya hökumətinin nazirləri.

Xanımlar və cənablar, əziz dostlar.

Serbiya Respublikası və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını açmaqdan şərəf hissi duyuram. Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik.

Bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. İcazənizlə xatırladım ki, bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir.

İcazə verin, xüsusi olaraq, bildirim ki, Prezident Əliyevin, o cümlədən Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətlərinin yüksəksəviyyəli rəsmilərinin və nazirlərin burada olması bu Şuraya hər iki tərəfin verdiyi əhəmiyyəti aydın şəkildə göstərir. Əminəm ki, bu gün gördüyümüz iş konkret nəticələrə, aydın razılaşmalara və uzunmüddətli əməkdaşlığa aid mövqeyə əsaslanır. Mən giriş nitqimi çox qısa edəcəm və xahiş edirəm ki, Serbiyanın nazirləri də eyni yanaşma göstərsinlər, çünki biz mətbuata bəyanat mərasiminə yubana bilmərik. Xahiş edirəm, həmin reqlamentə uyğun olaq. Mən sadəcə bir neçə məsələni əlavə etmək istərdim.

Əziz dostum cənab Prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu, o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin.

Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx olacaq. Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən iki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir. Sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəm. Bilirəm ki, o, çox sədaqətli dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız kimi ürəkdən çalışsınlar. Sizə işinizdə uğurlar arzu edirəm.

Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən, xüsusi olaraq, Prezident Əliyevlə Dubravkada qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik.

Azərbaycandan gəlmiş əziz dostlar, Serbiyada özünüzü evdəki kimi hiss edin. Xoş gəlmisiniz. Hörmətli Prezident, mən Sizə, ailənizə, xalqınıza ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, Sizi yenidən mümkün qədər tez qəbul edəcəyəm. Daha çox görüşlər olmalıdır. Çox sağ olun və Serbiyaya xoş gəlmisiniz. Sağ olun.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Təşəkkür edirəm. Hörmətli cənab Prezident, əziz dostlar. İlk növbədə dəvətə görə təşəkkür edirəm. Yenidən Serbiyada olmaqdan çox şadam. Həmçinin təkcə bazar günü deyil, həm də milli bayram günündə mənə vaxt ayırdığına görə dostum Aleksandara minnətdaram. Yeri gəlmişkən, Dövlətçilik Gününüzü təbrik edirəm.

Bunun özü də aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur.

Dostum Prezidentlə geniş müzakirələr apardım. Həmişə olduğu kimi, onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı bağlı baxışı, bilik və təcrübəsi məndə güclü təəssürat yaratdı. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq.

Yeri gəlmişkən, bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir. Bu gün hökumət üzvlərinin demək olar ki, yarısı məni müşayiət edir. Bu özü də onu göstərir ki, nümayəndə heyətlərinin üzvləri arasında, hamımızın arasında müzakirə ediləcək çoxlu məsələlər var. Dostum Aleksandarın Azərbaycana bu il tezliklə baş tutacaq səfərindən əvvəl bugünkü səfərin nəticələrini artıq əldə etməliyik. Mən Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm, buna maksimum dərəcədə ciddi yanaşsınlar ki, həmişə olduğu kimi, razılaşdıqlarımızı nisbətən qısa müddət ərzində həyata keçirək.

Aleksandar artıq tərəfdaşlıq sahələrini müəyyən etdi. Gündəliyə və bugünkü iclasımızın gündəliyinə və müvafiq nazirlər tərəfindən təqdimatlara baxsaq görərik ki, gündəlik genişlənir. Biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik. Prezident Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Hesab edirəm ki, bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətlərinizin olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə investisiya yatırırsınız. Siz Aleksandar Vuçiçin müdrik rəhbərliyi ilə Serbiyada sabitliyin və inkişafın uzun müddət ərzində vacib amil olacağını bilirsiniz. Mətbuata bəyanatla çıxış etmək üçün orada vaxtında olmağımızı nəzərə alaraq, mən də qeydlərimi artıq dediklərimlə məhdudlaşdırmaq istəyirəm. Həmçinin heyətlərimizə öz təqdimatları ilə çıxış etmək imkanını da vermək istəyirəm. Qonaqpərvəliyiniz və dəvətiniz üçün bir daha çox sağ olun.

x x x

İclasda hökumətlərarası komissiyaların sədrləri və digər aidiyyəti nazirlər məruzələrlə çıxış etdilər.

Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlət başçıları bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər.

Bakı-Belqrad aviareyslərinin bu ilin mayından başlayacağı məmnunluqla qeyd olundu, bunun ölkələrimiz arasında humanitar təmasların və turizmin inkişafına töhfə verəcəyinə ümidvarlıq bildirildi.

Sonra prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının Qərarını imzaladılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNİB 

20:01
15 Fevral

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qalib gəlib

20:00
15 Fevral

Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir  

19:59
15 Fevral

Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq  

19:58
15 Fevral

Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır  

19:34
15 Fevral

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

18:50
15 Fevral

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

18:49
15 Fevral

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

18:49
15 Fevral

Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

18:47
15 Fevral

Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir

18:45
15 Fevral

Aleksandar Vuçiç: Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var

18:45
15 Fevral

Azərbaycan-Serbiya sənədləri mübadilə olunub YENİLƏNİB

17:59
15 Fevral

Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib

16:49
15 Fevral

Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb  

16:39
15 Fevral

Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib 

16:01
15 Fevral

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

15:53
15 Fevral

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb  

15:39
15 Fevral

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib 

15:21
15 Fevral

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

15:09
15 Fevral

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

13:20
15 Fevral

Politoloq Aleksandr Kovalenko: Azərbaycan-Ukrayna münasibətləri daim kifayət qədər yüksək səviyyədə olub 

12:53
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!