14 Mart 2023 01:30
1226
Mədəniyyət
A- A+

Bayram simvolları

 

Qədim dünya hər gələn baharla təzələnir. Təbiət yenidən canlanır. Novruz da bu dirilişin, bu dirçəlişin bayramıdır. Bayrama qədər qeyd olunan dörd çərşənbənin hər biri isə yaradılışın mərhələlərindən birini əks etdirir. Su, Od, Yel və Torpaq çərşənbələrinin hər birinin öz mənası, özünəməxsus adət-ənənələri, mərasimləri mövcuddur. Elə Novruz bayramının zəngin mərasimlərinin, adət-ənənələrinin də, hətta həmin gün süfrələrə düzülənlərin belə dərin mənaları var. 

 

Baharın ilk müjdəçilərindən biri - səməni 

 

Bayramda evlərin, süfrələrin bəzəyi olan səməni həyatın, əkinçiliyin, yaşıllığın rəmzidir. Novruz bayramının simvollarından biri, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni göyərtməklə insanlar baharla qədəm qoyan yeni ilin bolluq, bərəkət gətirməsini arzulayırlar. Bayram ərəfəsində, yazın gəlişi hiss olunmağa başlayanda səməni dənli bitkilərdən cücərdilir. Boy atdıqca ona baxıb fərəhlənən, sevinən insanlar: 
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
- deyə vəd etməyi də unutmurlar. Adətən, bayram günlərində bütün süfrələrdə səməni olur. Səməni yaşıllığın, təbiətin, məhsulun, həyat və bolluğun rəmzidir. 
Novruz bayramında süfrələrə düzülən, xonçalara qoyulan boyanmış yumurtalar və şirniyyatların da xüsusi mənası var. Folklorşünaslar bu fikirdədirlər ki, oval, dairəvi formada olduğundan yumurta qalaktikanı təmsil edir. Ağ, göy, yaşıl, qırmızı boyanması isə dörd fəslin rəmzi və əmin-amanlıq kimi səciyyələndirilir.
Adətən, Novruzda xüsusi şirniyyatlar, eləcə də şəkərbura, qoğal, paxlava bişirilir.  Qoğal - Günəşin, şəkərbura - Ayın, paxlava alovun rəmzi hesab olunur.
Bayram süfrəsinə adətən, ailə üzlərinin sayına görə, Novruz şamları düzülür və yandırılır. Ənənələrdən biri də Novruz süfrəsinə adları "S" hərfi ilə başlayan yeddi nemətin - süd, səməni, su, səbzi və digər nemətlərin qoyulmasıdır.
Bütün ailə üzvlərinin süfrə başına yığışması, birlikdə bayram xörəklərindən yeməsi vacib sayılır. İnanca görə, əgər bir nəfər bayram günü öz evində olmasa, yeddi il evdə olmayacaq.

 

Yazla qışın mübarizəsi

 

Qədim zamanlardan Azərbaycanda Novruz şənlikləri olduqca maraqlı, təmtəraqlı keçib. Şənlikləri izləməyə gələnlər ən gözəl paltarlarını geyiniblər. Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl hazırcavablıqları, oyunbazlıqları ilə tamaşaçıları əyləndirir, güldürür. Ancaq bu personajlar, onların oyunları və deyişmələri də yalnız əyləncə xarakteri daşımır. Məzhəkəli tamaşada qışla yazın mübarizəsi ifadə olunur. Qış təslim olmaq, öz yerini yaza təhvil vermək istəmir. Amma yaz da geri çəkilmir. Kosa torpağın rəmzi kimi təqdim olunur. Bu şənlik əkinçilik bayramını əks etdirir. Sonra Kosa - torpaq ölmür, dirilir, yəni təbiət oyanır.
Novruz bayramının digər simvolu - Bahar qızı bir qədər müasir və mübahisəlidir. Folklorşünasların bildirdiklərinə görə, Bahar qızı bayram simvollarına edilmiş son əlavələrdən biridir. Belə ki, qədim Novruz şənliklərində bu obraz olmayıb. Qeyd edirlər ki, Bahar qızı ənənəvi yeni il bayramının simvollarından sayılan Qar qızdan ilham alınaraq yaradılıb. Yazın gəlişini ifadə edən Bahar qızını Novruz rəmzlərində maraqlı yeniliklərdən biri sayanlar az olmasa da, etiraz edənlər də var. Folklorşünas Məhəmməd Məmmədov müsahibələrindən birində bildirib ki, Bahar qızını Novruzun simvolu saymaq olmaz: "1967-ci ildə Bakıda Novruz bayramına hazırlıqla bağlı keçirilən iclasda qədim bayramımızın adının dəyişdirilməsi, onun nə üçün bahar adlandırılması və bu yeni il bayramının mərkəzində "Bahar qızı" adlanan aparıcı qəhrəmanın olması mübahisələrə səbəb oldu. İclasda görkəmli alimlərimiz M.Təhmasib, M.Seyidov, Xalq şairi Bəxtiyar Vahabzadə çıxış edərək bildiriblər ki, "əgər biz bu gün uydurma Bahar qızını qəbul etsək, o, əbədi olaraq bu bayramın mərkəzində möhkəm və əsaslı yer tutacaq".  Həqiqətən də bu uzaqgörənlik sonradan öz təsdiqini tapdı. Moskvanın göstərişi ilə Novruz bayramının əsas simvolları sırasına daxil edilən "Bahar qızı" uzun müddətdir əsas simvollardan hesab olunur. Novruz bayramının əsas simvolları təbii ki, Kosa, Keçəl, keçi, səməni, Günəş və digərləridir". Folkloşünas diqqətə çatdırıb ki, mərkəz Novruz bayramında "Bahar qızı"nın surətini yaratmaqla slavyan mədəniyyətindəki Qar qız obrazını təkrarladı: "Məqsəd Novruzun qədim mədəniyyətinə yad elementlər salmaqla xalqın ulu tarixini saxtalaşdırmaq idi".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video