Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb VİDEO
Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb VİDEO
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret göstərişlər verib. Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə qoşun xidməti və döyüş növbətçiliyinin təşkili yoxlanılıb. Məruzə olunub ki, mövqelərdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz xidmət aparılır, döyüş növbətçiliyi təşkil olunur.
General-polkovnik K.Vəliyev, həmçinin artilleriya, mühəndis və komando hərbi hissələrinə gələrək döyüş hazırlığını yoxlayıb, bölmələrin gündəlik fəaliyyəti, yerinə yetirilən tədbirlərlə bağlı komandir heyətlərinin məruzələrini dinləyib. Bildirilib ki, qarşıya qoyulmuş tapşırıqlar plan üzrə icra olunur, döyüş hazırlığı tədbirlərinin tələblərə uyğun təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir.
Sonda Baş Qərargah rəisi komando bölmələrindən birinin döyüş hazırlığı üzrə təlim və məşqlərini izləyib, onların keyfiyyət və intensivliyinin daha da artırılması, habelə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!