15 Sentyabr 2025 09:44
426
SİYASƏT
A- A+
Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad etməklə mühüm xilaskarlıq missiyası həyata keçirdi. Bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinə dövlət quruculuğu prosesinə başlamaq imkanı yaratdı. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular. Babalarımızın miras qoyduğu bu qardaşlıq sonrakı illərdə yeni məzmunla zənginləşərək bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin taleyində mühüm amil olub. Sentyabrın 15-i Azərbaycan xalqı üçün mühüm tarixi hadisə və qürur mənbəyidir.

AZƏRTAC Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümündə həmin hadisələrə və bu zəfərin fonunda çağdaş dövrün mənzərəsinə nəzər salır.

Qafqaz İslam Ordusunun qəhrəmanlığı və Azərbaycan tarixində dönüş nöqtəsi

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qırğınlar törədən erməni bandalarına vermişdilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə divan tuturdu. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Trans-Qafqaz Komissarlığı, nə də Trans-Qafqaz Seymi ala bilmədi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi və bu səbəbdən də Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi. Həmçinin dövlətin müstəqilliyini müdafiə etməyə qadir olan milli hərbi qüvvələr tam formalaşmamışdı. Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycanın müstəqillik əldə etməsi bu ölkələrin marağına uyğun deyildi.

Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə 1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərk-silah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi.

Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Şəhər daşnak-bolşevik qüvvələrindən xilas edildi. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini möhkəmləndirmək imkanı qazandı.

Türkün tarixində dönüş nöqtəsi olan qələbələr

Türkün şanlı tarixini vərəqlədikcə müxtəlif dövrlərdə baş verən və qələbə ilə nəticələnən hadisələr arasında bir ümumi cəhəti görmək olur: tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda, ədalətin, sülhü bərqərar etməyin, dinc yanaşı yaşamağın təntənəsidir. 1071-ci ilin avqust ayında Malazgird döyüşündə səlcuqlu igidlər dünyaya meydan oxuyan Bizans ordusunu məğlub etdilər və Anadolunun qapıları türklərin üzünə açıldı. Bu qələbə bir millətin birliyinin və gücünün nəyə qadir olduğunu göstərdi. 1453-cü il mayın 29-da İstanbulu fəth etmiş Sultan II Mehmet bölgəyə əmin-amanlıq gətirdi.

Türk tarixinin şərəf zirvəsi olan Çanaqqala döyüşü isə Birinci Dünya müharibəsinin gedişini dəyişdi. Antanta ittifaqı Osmanlı dövlətinin paytaxtı İstanbulu ələ keçirərək boğazları idarə etmək istəsə də, niyyəti baş tutmadı. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüş tarixə Çanaqqala zəfəri kimi həkk olundu. Bu şanlı zəfərin qazanılmasında azərbaycanlılar da yaxından iştirak etdilər və Çanaqqalada şəhid oldular.

XXI əsrdə isə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı: Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər 107 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə Türkiyə liderinin, türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi.

Türkiyə-Azərbaycan qardaşlığı nəinki regionda, dünya miqyasında önəmli amildir

Milli, tarixi və məntiqi əsaslara söykənən “Bir millət, iki dövlət” kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz əksini tapır. Xatırladaq ki, Türkiyədə Çanaqqala Zəfərinin 100 illiyini (2015-ci il) və Azərbaycanda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü (2018-ci il) qardaş ölkələrin liderləri birlikdə qeyd ediblər. 2020-ci il dekabrın 10-da isə iki dövlətin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə keçirilən Zəfər paradında iştirakı Türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyini və qüdrətini bir daha nümayiş etdirdi.

Bu qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi, tarixi Qars müqaviləsindən 100 il sonra, azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.

İki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı ilk kömək əlini uzadan Azərbaycan oldu. Bu barədə qardaş ölkənin lideri deyib: “Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirməklə respublikanın bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. Həmin əməliyyatların keçirildiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Qarabağın Azərbaycan torpağı olduğunu, Azərbaycanın ərazi bütövlüyünə dair atdığı addımları Türkiyənin dəstəklədiyini bir daha bəyan etdi.

Həmin hadisələrdən beş gün sonra – sentyabrın 25-də Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdi. İki ölkənin liderləri İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoydular. Bu il martın 5-də isə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri iştirak etdilər. Prezident İlham Əliyev həmin mərasimi Türkiyə-Azərbaycan birliyinin, dostluğunun, qardaşlığının daha bir əyani təzahürü kimi dəyərləndirdi.

Bu il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışında da iki ölkənin liderləri iştirak etdilər. Həmin mərasimdə Azərbaycan Prezidentinin çıxışından bu fikirləri xatırlamaq yerinə düşər: “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

Türkiyə Prezidenti “Azərbaycan” məhəlləsinin açılışını “Bir millət, iki dövlət” fikrinin daha bir nümunəsi kimi dəyərləndirdi: “Bu gün burada “Bir millət, iki dövlət” şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq”.

Xatırladaq ki, ötən il Bakıda Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başladı. Belə bir model iki ölkənin təhsil sahəsində əlaqələrinə böyük töhfə verir.

Şəhidlərin qanı ilə yazılmış qələbə

Türkiyə-Azərbaycan qardaşlığı XX əsrin ikinci onilliyinin qanlı müharibələrinə, mürəkkəb siyasi proseslərinə birgə sinə gərdi və zaman-zaman daha da möhkəmləndi. Azərbaycan paytaxtının ən hündür yerlərindən birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, silah qardaşlığımızın rəmzi sayıla bilər. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda, iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. Onlar öz fədakarlıqları və cəsarətləri ilə bir dastan yazaraq, Türkiyə və Azərbaycan qardaşlığının rəmzinə çevrildilər.

1918-ci ildə işğaldan azad edilən Bakı müasir dövrdə İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycanın paytaxtı olaraq dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir, postmüharibə dövrünün gündəliyini Azərbaycan Prezidenti İlham Əliyev diktə edir. Bu və digər tarixi məqamlar bütün Türk dünyasını qürurlandırır və sevindirir. Bugünkü reallıqlar, həmçinin Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının həyatiliyini bir daha təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!