"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası təkcə növbəti beynəlxalq tədbir kimi deyil, müasir dövrdə vətəndaş cəmiyyətinin qlobal idarəetmədə artan rolunun yeni siyasi və institusional mərhələsi kimi də yadda qaldı.
Dünyanın 114 ölkəsini - Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsini təmsil edən vətəndaş cəmiyyəti institutlarının Bakıda bir araya gəlməsi Azərbaycanın artıq beynəlxalq humanitar-siyasi dialoqun əsas ünvanlarından birinə çevrildiyini bir daha nümayiş etdirdi.
Bu gün dünyada qeyri-hökumət təşkilatları təkcə ictimai birliklər və ya sosial təşəbbüs qrupları kimi qəbul edilmirlər, onlar həm də humanitar böhranların idarə olunmasında, yoxsulluqla mübarizədə, ekoloji təhlükələrin aradan qaldırılmasında, insan hüquqlarının müdafiəsində, təhsil və səhiyyə proqramlarının reallaşdırılmasında mühüm missiya daşıyırlar. Afrikada aclıqla mübarizə proqramlarından tutmuş Asiyada iqlim dəyişikliklərinə qarşı aparılan təşəbbüslərə, Latın Amerikasında sosial ədalət layihələrindən tutmuş Avropada insan hüquqları platformalarına qədər QHT-lər beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsinə çevriliblər. Bu mənada Bakıda keçirilən ilk Baş Assambleya vətəndaş cəmiyyətinin gələcək dünya nizamında daha fəal rol alacağına dair ciddi mesaj verdi.
Tədbirdə iştirak edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışında Qlobal Cənubun beynəlxalq sistemdəki artan təsirinə xüsusi diqqət çəkərək vurğulamışdır: "Biz yeni dünya nizamının formalaşmasında, sadəcə, müşahidəçi olmamalıyıq. Cənub ölkələri bu prosesin fəal iştirakçısı olmalıdır". Prezidentin köməkçisi həmçinin qeyd etmişdir ki, Azərbaycan coğrafi, tarixi və mədəni baxımdan özünü Qlobal Cənubun ayrılmaz hissəsi hesab edir və bu istiqamətdə ölkəmizin son illər həyata keçirdiyi siyasət artıq konkret nəticələr verir.
Bu fikirlər, əslində, Azərbaycanın son illər yürütdüyü çoxtərəfli diplomatik siyasətin məntiqi davamıdır. Xüsusən Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, eləcə də COP29 və WUF13 kimi mühüm beynəlxalq platformalara evsahibliyi etməsi ölkəmizin inkişaf etməkdə olan dövlətlər arasında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasını isə həmin siyasi xəttin vətəndaş cəmiyyəti müstəvisində davamı kimi qəbul etmək olar.
Bu gün ölkəmizdə QHT hərəkatı dövlətçilik maraqları, milli həmrəylik və ictimai məsuliyyət prinsipləri çərçivəsində inkişaf edir. Xüsusən ölkəmizdə fəaliyyət göstərən QHT-lər son illər sosial layihələr, şəhid ailələrinin və qazilərin müdafiəsi, ekoloji təşəbbüslər, gənclərin inkişafı, rəqəmsal maarifləndirmə və beynəlxalq ictimai diplomatiya istiqamətlərində ciddi uğurlar əldə ediblər. Azərbaycan vətəndaş cəmiyyəti artıq daxili sosial institut olmaqla yanaşı, həm də milli maraqların beynəlxalq platformalarda müdafiə mexanizminə çevrilib.
Bunun ən parlaq nümunələrindən biri kimi Qarabağla bağlı ictimai təşəbbüsləri qeyd edə bilərik. Vətən nüharibəsindən təxminən 2 il sonra Azərbaycan QHT-ləri Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarı, ekoloji təhlükələr, meşələrin məhv edilməsi, tarixi və dini abidələrə qarşı vandalizm faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərdilər. Şuşa istiqamətində keçirilən ekoloji etiraz aksiyası da vətəndaş cəmiyyətinin milli maraqlar ətrafında birləşməsinin simvoluna çevrildi. 2022-ci il dekabrın 12-dən başlayan aksiya 138 gün davam edərək ölkə tarixində ən uzunmüddətli və fasiləsiz etiraz aksiyalarından biri olmaqla beynəlxalq ictimaiyyətin diqqətinin bölgəyə yönəlməsində mühüm rol oynadı. Həmin proses bir daha göstərdi ki, Azərbaycan QHT-ləri ölkənin suveren hüquqlarının müdafiəsi, ekoloji təhlükəsizlik və milli sərvətlərin qorunması istiqamətində də fəal ictimai gücə çevriliblər.
Bakıda təşkil edilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası isə bu prosesə yeni məzmun verdi. Tədbirdə platformanın institusional strukturu formalaşdırıldı və ölkəmizin təmsilçisi Fuad Kərimli baş katib seçildi. Ümid edə bilərik ki, qarşıdakı 5 il ərzində Azərbaycanın vətəndaş cəmiyyəti diplomatiyası da dünyada baş verən proseslərdə fəal aktorlardan biri kimi qətiyyətli mövqe sərgiləyəcək.
Əslində, Bakı bu mötəbər tədbirə evsahibliyi etməklə təkcə növbəti beynəlxalq forumun təşkilatçısı kimi müasir beynəlxalq münasibətlər sistemində vətəndaş cəmiyyətinin artan rolunu müəyyən edən yeni siyasi və ictimai platformanın əsas mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi. Dünyanın müxtəlif qitələrindən gələn ictimai liderlər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri Bakıda qlobal problemləri müzakirə etməklə yanaşı, yeni geosiyasi reallıqlar fonunda Qlobal Cənub ölkələrinin ortaq maraqlarını ifadə edən ədalətə, bərabər tərəfdaşlığa, qarşılıqlı hörmətə və inklüziv inkişafa əsaslanan yeni əməkdaşlıq modelinin təməlini də qoydular. Bu platforma bir daha göstərdi ki, artıq dünya siyasətində qərarlar yalnız ənənəvi güc mərkəzlərində deyil, həmçinin inkişaf etməkdə olan ölkələrin birgə iradəsi əsasında formalaşa bilər. Azərbaycanın belə bir tarixi prosesin mərkəzində dayanması isə ölkəmizin artan beynəlxalq nüfuzunun, uğurlu çoxtərəfli diplomatiyasının, yumşaq güc siyasətinin və milli maraqlara söykənən strateji baxışının növbəti təzahürü kimi xüsusi əhəmiyyət daşıyır.
Elşən QƏNİYEV,
"Azərbaycan"