"Azəri-Çıraq-Günəşli" - 30 ildə 45 milyard dollar sərmayə, 4,4 milyard barel neft
30 il əvvəl torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan dünyada riskli ölkə sayılırdı. Belə bir vəziyyətdə xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana sərmayə qoymağa cəlb etmək mürəkkəb məsələ idi. Ölkənin xəzinəsinin boş olması isə xarici investisiyanın cəlb edilməsini gündəmə gətirmişdi.
Məhz belə çətin dövrdə Ulu Öndər Heydər Əliyev növbəti tarixi missiyanı yerinə yetirdi. Ümummilli Liderin uzaqgörənliyi, səyi və mübarizəsi, dünyadakı siyasi nüfuzu sayəsində Azərbaycanın yeni neft strateqiyasının təməl daşı olan "Əsrin müqaviləsi" imzalandı.
İlk növbədə kontrakt imzalanarkən Ulu Öndərin bu hadisəni necə dəyərləndirdiyini xatırlayaq: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və inkişaf etməsi üçün geniş meydan açılmışdır. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk".
Bu da bir həqiqətdir ki, keçmiş sovet respublikaları arasında xarici neft şirkətləri ilə beynəlxalq müqavilə imzalayan ilk dövlət məhz Azərbaycan olub. Başqa sözlə, "Əsrin müqaviləsi" postsovet məkanında xarici neft şirkətləri ilə imzalanan ilk beynəlxalq sazişdir.
"Əsrin müqaviləsi" adını almış bu möhtəşəm saziş Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlarının tammiqyaslı işlənməsi məqsədini daşıyır. AÇG dənizdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Bu meqastruktur Xəzər dənizinin altında 2000-3500 metr dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. 2024-cü ilin birinci yarısının sonuna qədər layihəyə ümumi investisiya həcmi təqribən 45 milyard dollar olub. İndiyədək AÇG-dən təqribən 4,4 milyard barel neft hasil edilib.
AÇG-nin işlənməsi bir neçə mərhələdə həyata keçirilib. Belə ki,"Çıraq" yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca "Azəri" layihəsinin birinci mərhələsi - "Mərkəzi Azəri" gəlir. Buradan hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı ikinci faza - "Qərbi Azəri" və "Şərqi Azəri" platformalarını əhatə edib. Onlardan isə hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında alınıb. AÇG-nin işlənməsinin növbəti üçüncü fazası çərçivəsində "Dərinsulu Günəşli" platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra "Qərbi Çıraq" platformasını əhatə edən "Çıraq Neft Layihəsi" reallaşıb. Bu platformadan ilk neft 2014-cü il yanvarın 28-də əldə edilib. AÇG yataqlarının işlənməsi ilə əlaqədar ən sonuncu layihə "Azəri Mərkəzi Şərqi"dir (ACE) . Bu layihə AÇG-nin müddətinin 2050-ci ilə qədər uzadılması barədə Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də imzalanmış yeni sazişə - "Yeni əsrin müqaviləsi"nə əsasən işlənir. Layihəyə 2019-cu ildə sanksiya verilib. Bundan sonra tikilən ACE platformasından ("Yeni əsrin müqaviləsi" çərçivəsində) ilk neft bu il aprelin 16-da çıxarılıb.
Hazırda AÇG üzrə iştirak payları belədir: BP (Böyük Britaniya) - 30,37 faiz, SOCAR (Azərbaycan) - 25 faiz, MOL( Macarıstan) - 9,57 faiz, İNPEKS (Yaponiya) -9,31 faiz, "Ekvinor" (Norveç) - 7,27 faiz," EksonMobil"- (ABŞ) 6,79 faiz, TPAO (Türkiyə) - 5,73 faiz, İTOÇU (Yaponiya) - 3,65 faiz, ONGCVideş (Hindistan) - 2,31 faiz. Yeri gəlmişkən onu qeyd edək ki, Azərbaycan dünyanın bir çox aparıcı enerji şirkətləri ilə uğurlu, qarşılıqlı maraqlara əsaslanan möhkəm əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb.
Ötən illər ərzində AÇG-dən hasilat müxtəlif həcmdə olub. İndi buradan gündə təxminən 336 min barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa marşrutu) ilə nəql olunur.
Bir vaxtlar isə bizi gözü götürməyən kənar qüvvələr, eləcə də "sapı özümüzdən olan baltalar" deyirdilər ki, Azərbaycanda neft yoxdur və belə bir sazişin imzalanması əbəsdir. Cavabı isə zaman özü verdi. Belə ki, "Əsrin müqaviləsi" əsrlərə hesablanmış düzgün və uzaqgörən strategiya əsasında imzalanmışdı. Azərbaycanın AÇG-dəki ehtiyatları hətta ona imkan verdi ki, XX minilliyin 90-cı illərində imzalanmış kontrakt XXI əsrin ortasınadək uzadıldı.
Yeni saziş imzalanarkən Prezident İlham Əliyev demişdir: "Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq".
Bu neft həcmlərinin ölkəmizə gətirdiyi faydalar da misilsizdir. Bu barədə çox deyilib, çox yazılıb. Dövlətimizin başçısı dönə-dönə vurğulayıb ki, ölkəmizin əsas gəlir mənbəyi "Azəri-Çıraq-Günəşli" yataqlarıdır və bunu hamı bilməlidir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, kifayət qədər valyuta ehtiyatları var, iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində önəmli addımlar atır.
Hələ 7 il əvvəl "Yeni əsrin müqaviləsi" imzalanarkən Prezident İlham Əliyev bunları da bir daha qeyd etmişdir: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadəetmə imkanlarımız dayanır. Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik".
Həmin vaxtdan bəri nailiyyətlərimiz daha da artıb. Ən başlıcası isə, mənfur düşməni zəbt etdiyi doğma torpaqlarımızdan qovmuş, erməni faşizmi üzərində qələbə çalmışıq. İndi isə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk. Prezidentimiz bu zəfər üçün də neft layihələrindən iqtisadi güc aldığımızı vurğulayıb.
İndi bu sazişin təcrübəsindən özümüz də bəhrələnirik, qonşularımız və dostlarımız da. "Əsrin müqaviləsi" elə möhkəm özülə, elə polad platformaya çevrilib ki, onun üzərindən yeni möhtəşəm layihələrə yol açılıb. Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan, Ümummilli Lider Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkilib, Azərbaycanı qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum kəməri inşa edilib. Ölkəmizi pan-Avropa qaz təzhizatçısına çevirən 3500 kilometrlik "Cənub qaz dəhlizi" yaradılıb. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, günün tələbləri baxımından inkişaf etdirilir və Azərbaycanı yeni zirvələrə doğru aparır.
Flora SADIQLI,
"Azərbaycan"