10 May 2026 08:10
162
SİYASƏT
A- A+
Azərbaycanın quruculuq salnaməsinin müəllifi

Azərbaycanın quruculuq salnaməsinin müəllifi


Torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağdakı erməni separatizminə son qoyulması müasir Azərbaycanın tarixində yeni siyasi, iqtisadi və sosial mərhələnin başlanğıcı oldu.  Bu dövrü siyasi baxımdan ona görə dəyərləndiririk ki, artıq bütün ərazilərimiz üzərində milli suverenliyimiz tam təmin edilib. Azərbaycanın Konstitusiyası artıq Qarabağ və Şərqi Zəngəzurda qüvvədədir və dünya respublikamızın yaratdığı yeni reallıqları qəbul edir. 

İqtisadi baxımdan Azərbaycan tarixinin yeni mərhələsi işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının hərəkətə gətirilməsini, Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi dəyər zəncirinə qoşulmasını özündə ehtiva edir.  Sosial baxımdan tariximizin yeni dövrü Qarabağ və Şərqi Zəngəzurda yenidən başlanan həyatdır.

Anadan olmasının 103-cü ildönümünü əlamətdar hadisə kimi və böyük minnətdarlıq hissi ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanı məhz bu cür görmək idi. O, torpaqlarımızı azad görmək, məcburi köçkünlərin öz doğma evlərinə qayıtmalarını istəyirdi və siyasi fəaliyyətinin mərkəzində bu məsələlər dayanırdı, inanırdı və əmin idi ki, bütün bunlar reallığa çevriləcək. "Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerinə, yurduna qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir", -deyə Heydər Əliyev çıxışlarının birində bildirmişdi.

 Ulu Öndərin bir zamanlar söylədiyi bu fikirlər artıq reallıqdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün bunları təmin etməklə Ulu Öndərin arzularını çin etdi, Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrini yazdı. Heydər Əliyevin ruhu  artıq rahatdır.  


Qarabağ və Şərqi Zəngəzurdakı şəhərlər planlı şəkildə bərpa olunur


 Tarixinin yeni mərhələsində dövlətimiz müasir qlobal baxışları, rəqəmsal  çağırışları, innovasiyaları rəhbər tutaraq öz hədəflərinə doğru inamla addımlayır. Bu mərhələdə əsas milli prioritet və milli ideya Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, işğaldan azad edilmiş yurd yerlərimizin bərpasıdır. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 5-də Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bu barədə deyib: "Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır".

Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur. Xüsusilə qeyd edilməlidir ki, bu iqtisadi rayonlardakı bütün şəhərlər baş planlar və  müasir çağırışlar əsasında yenidən qurulur. Bu yerdə qeyd edək ki, Prezident İlham Əliyevə işğaldan azad olunmuş rayonlara səfərləri zamanı bərpa edilən və yenidən qurulan bütün şəhərlərimizin baş planları təqdim olunub. Dövlətimizin başçısı qeyd edib ki, quruculuq planlı və sistemli şəkildə aparılmalıdır: "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq". Həqiqətən, Şuşa, Füzuli, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və işğaldan azad edilmiş digər şəhərlərimizdə həyata keçirilən layihələr müasir şəhərsalmanın uğurlu nümunəsidir. Bu şəhərlərdə vətəndaşlarımızın məskunlaşması təmin olunub və bu proses davam edir.


Azərbaycanda şəhərsalmanın böyük tarixi və zəngin ənənələri var


Azərbaycan ərazisindən tarixən karvan yollarının keçməsi şəhərlərin formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir. Müxtəlif tarixi mərhələlərdə yaranan şəhərlərimiz yaşayış məntəqələri olmaqla yanaşı, xalqımızın iqtisadi və mədəni yüksəlişində mühüm rol oynamışlar. Bu şəhərlərdə həm də tarixən Azərbaycanın milli memarlığı yaranmış və özünəməxsus xüsusiyyətləri və ənənələri əsasında təkamül yolu keçmişdir. 

Bakı, Gəncə, Naxçıvan,  Şəki, Şuşa və digər şəhərlərimizdəki tarixi abidələr Azərbaycanda köklü şəhərsalma mədəniyyətinin və ənənələrinin olduğunu göstərir.  Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan qədim tikililər, qalalar, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın və şəhərsalmanın parlaq ənənələrini nümayiş etdirir. 1750-ci ildə salınmış Şuşa şəhəri Azərbaycanda şəhərsalmanın və Orta əsr milli memarlığının ən parlaq nümunəsidir.

XX əsr isə Azərbaycanda şəhərsalmanın inkişafında mühüm tarixi mərhələ hesab olunur. Əlbəttə, buna qədər də Azərbaycanda şəhərlər inkişaf edir, böyüyürdü. Məsələn, Şuşanın bir şəhər kimi tarixi inkişafı əsasən XIX əsrin əvvəllərindən vüsət almış, şəhərin bir  sıra məhəllələri yaranmışdır. O cümlədən Bakı neftin çıxarılması ilə əlaqədər XIX əsrdən inkişaf etməyə və böyüməyə başlamışdır.  Bakının planlaşdırılması tarixinin başlanğıcı da XIX əsrə təsadüf edir. İlk dəfə olaraq XIX əsrin əvvəllərində (1810-1822-ci illərdə) Qalanın (İçərişəhər) baş planı bir neçə variantda işlənilmişdir. 

O cümlədən digər şəhərlərimizdə XIX əsrdə çoxsaylı memarlıq nümunələri yaradılmışdır. Lakin XX əsr Azərbaycanda şəhərsalma sahəsində tamamilə fərqli bir mərhələdir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında sərəncamında bu barədə deyilir: "Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. İki görkəmli memarın - Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir".

Sovet dövründə həm Bakının inkişafı,  həm də bütövlükdə respublika üzrə şəhərsalma və kəndlərin simasının dəyişməsi bir neçə mərhələdən keçmişdir. Bu dövrdə şəhər və kəndlərin simasının dəyişməsi, müasirləşməsi, urbanizasiyanın iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafı şərtləri əsasında reallaşması əsasən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində baş vermişdir. Heydər Əliyevin respublikamıza rəhbərlik illəri həm də milli memarlığımızın daha da inkişafı dövrü kimi xarakterizə olunur. "Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur" - Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında sərəncamında deyilir.


Planlaşdırma olsa da, göstəricilər məqbul deyildi


Bakı yalnız regionun deyil, dünyanın gəzməli və görməli şəhərlərindən biridir. Paytaxtımızın gözəlliyi və memarlıq nümunəsi baxımından tayı-bərabəri olmayan binalarının bir çoxu XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa olunub. O cümlədən Dənizkənarı bulvarın, indiki bir çox küçənin yaranma tarixi çarizm dövrünə təsadüf edir. Lakin Bakının müasir şəhərsalma qaydaları və normaları əsasında inkişafı əsasən Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra başlayır. Bu dövrdən etibarən Bakıda elmi cəhətdən əsaslandırılmış planlaşdırma həyata keçirilmişdir.

1924-1927-ci illərdə hazırlanmış A.P.İvanitskinin başçılığı altında hazırlanmış Baş planın əsasında şəhərin təbii iqlim və mənzil-kommunal şəraitinin araşdırılması, inkişaf perspektivləri, sənaye rayonlarının istehsalat profili və s. dururdu. Baş planda məhəllələrin, meydançaların tikilməsi, yaşıllıqların salınması, küçə nəqliyyatının qurulması öz əksini tapmışdı. 1934-1937-ci illərdə Leninqrad (indiki Sankt-Peterburq) və Bakının baş memarı olan məşhur memar L.A.İlyinin rəhbərliyi ilə Bakının yeni Baş planı hazırlandı. Bu planın əsas ideyalarından biri də Dənizkənarı ərazidə şəhər mərkəzinin və dənizkənarı parkın salınması idi. Bu Baş plan tərtib edilərkən əvvəlki baş planların müsbət cəhətləri nəzərə alınmış və bir sıra məsələlər dəqiqləşdirilmiş və inkişaf etdirilmişdi. Baş planın müsbət cəhətlərindən biri də Bakı amfiteatrını tam əhatə etməsi, ətraf qəsəbələri birləşdirməsi, şəhər ərazisinin amfiteatr formasını saxlaması, həm də tikintinin növbələşməsi, relyefin və seysmikliyin şərtlərini nəzərə almaqla ərazinin zonalaşdırılması hesab edilir.

İkinci Dünya müharibəsindən sonra respublikamızda şəhərsalma prosesləri xeyli dərəcədə dəyişikliklərə məruz qaldı. Bu baxımdan Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin salınması və formalaşmasını xüsusi olaraq qeyd etmək lazımdır. Müharibədən sonra SSRİ-nin bütün paytaxt şəhərlərində mənzil tikintisini sürətləndirmək üçün bir sıra yeniliklər oldu, o cümlədən əhali arasında "xrüşşovka" adı ilə tanınan 5 mərtəbəli binalar tikildi. 1951-1954-cü illərdə Bakı şəhərinin yeni Baş planı hazırlandı. Baş plan bütün Bakı amfiteatrının ərazisini əhatə etməklə, 1970-ci ilə qədər olan müddəti nəzərdə tuturdu. 

Ötən əsrin 60-cı illərində Azərbaycan əhalisinin 20 faizdən çoxu Bakıda yaşayırdı. Əhalinin sayına görə, Bakı ittifaq respublikaları arasında dördüncü yeri tutan şəhər idi. Lakin inkişafı səciyyələndirən bir sıra şərtlər üzrə Bakının göstəriciləri ittifaqın digər şəhərləri ilə müqayisədə aşağı idi. Həmin dövrdə araşdırmalardan aydın olmuşdu ki, paytaxtda olan 7,5 mln. kvadratmetr yaşayış sahəsinin 2,8 mln. kvadratmetri inqilabdan əvvəl tikilib və onlar heç bir mühəndis, sanitariya-gigiyena kommunikasiyasına malik deyil. 1968-ci il noyabrın 9-da Bakıda yağan güclü yağışlar nəticəsində baş verən daşqın bu evlərin yararsız olduğunu bir daha sübut etdi. Deyilən ərazilərə İçərişəhər, Keşlə qəsəbəsi, Oktyabr (indiki Yasamal) rayonunun dağlıq hissəsi, Bayıl, "Təzə bazar" adlanan sahə ilə üzbəüz Səməd Vurğun küçəsindəki ərazi, "Ağ"və "Qara" şəhər aid idi. Üstəlik metropolitenin və vacib sənaye obyektlərinin tikintisi ilə əlaqədar yaşayış üçün yararsız evlərin sökülməsi məsələsi ortaya çıxırdı. 

Kəndlərdə də vəziyyət qənaətbəxş deyildi. 1969-cu il yanvarın 1-i  məlumatına görə, Azərbaycanın 2 milyon 433 min nəfərdən ibarət olan bütün əhalisinin 49 faizini təşkil edən kənd əhalisi 60 inzibati rayonun ərazisində, çox vaxt bir-birindən xeyli uzaq olan son dərəcə kiçik qəsəbələr halında yerləşmiş 4359 yaşayış məntəqəsində yaşayırdı. Bu qəsəbələrin əksəriyyəti abad yollar, içməli su, kanalizasiya, yaşıllıqlar və zəruri mədəni-məişət obyektləri ilə təmin edilməmişdi. Kəndlərin əksəriyyəti əsasən müasir sanitariya-gigiyena və kommunal-məişət tələblərinə cavab verməyən evlərdən ibarət idi. Samanlı çiy kərpicdən tikilən, üstü hörmə qamışla örtülən və palçıqla yapılan daxmalar hələ də qalırdı. Kəndlərdə müasir məktəb, kitabxana, klub yox dərəcəsində idi. Məktəbəqədər uşaq tərbiyə ocaqlarının, xəstəxanaların, poliklinikaların və hamamların tikintisi çox ciddi problem olaraq qalırdı. Dağ və dağətəyi zonalarda yerləşən yaşayış məntəqələri bulaq suyu ilə az-çox qənaətbəxş təmin edilsələr də, müasir su kəmərlərinə ehtiyac hiss olunurdu. Kanalizasiya isə yox dərəcəsində idi. Yalnız bir neçə sovxoz qəsəbəsində kanalizasiya sistemləri yaradılmışdı. Hətta mərkəzi su təchizatı sistemi olan yaşayış məntəqələri kanalizasiya şəbəkəsi ilə təmin edilməmişdi. 

1968-ci ilin əvvəlinədək kənd yerlərində ancaq 10 min mənzilə qaz çəkilmişdi ki, bu da kənd əhalisinin bütövlükdə az bir hissəsini təşkil edirdi. Respublikada yalnız iki yerdə - Yevlax və Əli Bayramlı (Şirvan) şəhərlərində qazpaylayan stansiyalar işləyirdi. Belə bir stansiya bir də 1969-cu ilin sonunda Naxçıvanda istifadəyə verildi. Respublika rayonlarının əksəriyyətinin meşəsiz olduğunu, əhalinin yanacaqla yarıtmaz təchiz edildiyini nəzərə alaraq və torpaq erroziyasına qarşı mübarizə vəzifələrini əsas tutaraq, kənd yerlərinə qaz çəkilişinin sürətinin artırılması gündəlikdə duran ən vacib məsələlərdən biri hesab edilirdi. Respublikaya hər il yüz min tonlarla daş kömür gətirilsə də, ehtiyac tam ödənilmirdi. 


Ötən əsrin 70-ci illərində Azərbaycan böyük tikinti meydanını xatırladırdı


Yalnız Bakıda deyil, bütün Azərbaycanda şəhərsalmanın ən sürətli dövrü, habelə kəndlərin inkişafı Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbərliyə başlamasından sonrakı dövrü əhatə edir. Ulu Öndər şəhərlərin inkişafını, mənzil fondunun artırılması, insanların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edilməsini daim nəzarətdə saxlayır və bu istiqamətdə işlərin daha da canlandırılması üçün hökumətə, müvafiq icra strukturlarına konkret tapşırıqlar verirdi. 

Respublika rəhbərliyi bu sahədə görülən işlərin daha da sürətləndirilməsi üçün ittifaq hökuməti qarşısında məsələlər qaldırır, mənzil tikintisi bazasının möhkəmləndirilməsi və istifadəsində neqativ halların aradan qaldırılması istiqamətində tədbirlər görürdü. O cümlədən Bakıda yeni mikrorayonların və qəsəbələrin salınması prosesi sürətləndi. Hər il ən azı 800 min - 1 milyon kvadratmetr mənzil sahəsinin istifadəyə verilməsi üçün tapşırıqlar verildi. Paytaxtda yaşayış, məktəb, xəstəxana, mədəni-məişət obyektlərinin tikintisi ilə əlaqədar konkret proqram həyata keçirildi. 

Artıq 70-ci illərdə Azərbaycan böyük bir tikinti meydançasını xatırladırdı. Bütün respublika ərazisində bir-birinin ardınca ucalan yaşayış binaları, mədəni-məişət və sağlamlıq ocaqları, sənaye obyektləri Azərbaycanın simasını dəyişdi. Mənzil tikintisini getdikcə daha da genişləndirmək məqsədilə hər il çoxlu vəsait buraxıldı. Obyektlərin ixtisaslı kadrlara olan tələbini ödəmək üçün də mühüm tədbirlər görüldü. 

Azərbaycan SSR Nazirlər Sovetinin 4 may 1972-ci il tarixli qərarı ilə Bakının Baş planının texniki-iqtisadi əsasları (TİƏ) təsdiq edildi. TİƏ əsasında 1972-1976-cı illərdə Bakının Baş İnkişaf Planı tərtib edildi. Planda şəhər planlaşdırma bazasının inkişafına, ərazinin artmasına və şəhərin fəaliyyət zonalarının təkmilləşdirilməsinə baxılmış, eləcə də mənzil, mədəni-məişət və mülki tikintinin digər növlərinin, yaşıllaşdırmanın və abadlaşmanın, həmçinin mühəndislik və yol-nəqliyyat təminatının inkişafının sosial-iqtisadi və şəhər planlama perspektivləri müəyyən edilmişdi. Şəhərin memarlıq-kompozisiya görünüşünün yaxşılaşdırılması məsələlərinə böyük diqqət ayrıldı.

Bakıda yeni binaların tikintisi əsasən mikrorayonlarda aparılırdı ki, bunlar da iri 5-9 mərtəbəli panel evlər idi. Onu da qeyd edək ki, yeni tikilən binaların texniki göstəricilərində Bakının təbii-iqlim şəraiti də nəzərə alınırdı. Təcrübə göstərirdi ki, 1960-cı illərdə tikilmiş daş binaların, iri panel binaların isə 33 faizində havaçəkmə imkanı məhdud idi. Əhalinin 75 faizi sanitar qovşaqla vanna otağının bir yerdə olması və tavanın hündürlüyünün 2,5 metr olmasından, nəfəsliyin olmamasından və mətbəxin kiçik olmasından əziyyət çəkirdi. Bütün bunlar nəzərə alınaraq sonrakı dövrdə tikilmiş evlərdə havaçəkmə sistemi quraşdırıldı və binalarda 2-3 otaqlı mənzillərin sayı artırıldı, əsasən sanitar qovşaq və vanna otağı ayrıldı, mətbəxin sahəsi 6,3 kvadratmetrədək artırıldı, tavanın hündürlüyü 2,7 metrə çatdırıldı, hər adama orta hesabla 7 kvadratmetr yaşayış sahəsinin düşməsi nəzərə alındı və s.

 Artıq 70-ci illərdə Bakının yaşayış fondunun ümumi sahəsi 13,3 milyon kvadratmetrə çatdı ki, bu da 1920-1960-cı illərdəki yaşayış fondunun sahəsindən 1,5 dəfə çox idi. Köhnə evlərin yerində, boş düzənliklərdə ucalan hündür binalar, təzə salınan məhəllələr, mikrorayonlar, qəsəbələr Bakını daha yaraşıqlı etdi. O illərdə çarizm dövründə tikilmiş, lakin heç bir kommunal şəraiti olmayan, artıq yararsız hala düşmüş binaların sökülməsi məsələsinə də xüsusi diqqət yetirilirdi. 

80-ci illərdə Bakıda indiki Heydər Əliyev Sarayı, "Gülüstan" sarayı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin binası, yeni Dəmiryolu vağzalının binası, rayon partiya komitələrinin inzibati binaları və s. kimi bir sıra böyük obyektlər tikilmiş, onlar şəhərin yeni memarlıq ansambllarının formalaşdırıcı elementinə çevrilmişdilər. O cümlədən 70-ci illərdən etibarən metro stansiyalarının inşasının sürətlənməsi Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişafını tamamlayırdı.

1981-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, Bakı Şəhər Partiya Komitəsinin və Azərbaycan SSR Təhsil Nazirliyinin qərarı ilə Xalq Təsərrüfatı İnstitutunun nəzdində mənim elmi rəhbərliyimlə paytaxtın iqtisadi-sosial inkişaf problemlərini tədqiq etmək məqsədilə elmi-tədqiqat laboratoriyası yaradıldı. Apardığımız gərgin iş öz faydasını verdi. 80-ci illərdə paytaxtın iqtisadi-sosial inkişaf istiqamətlərini nəzərdə tutan maraqlı bir iş başa çatdırıldı. Onu da qeyd edək ki, bu iş mahiyyətinə, quruluşuna, əhatə etdiyi məsələlərin aktuallığına görə, respublikamızın tarixində ilk kompleks araşdırma idi. Bu tədqiqat nəticəsində xalq təsərrüfatı sistemində Bakının rolu və yerinin nəzərə alınması isə iqtisadi-sosial, demoqrafik, coğrafi, tarixi amillərin qiymətləndirilməsi ilə şəhərin məhsuldar qüvvələrinin inkişafındakı əsas meyillər və xüsusiyyətlər aşkar edildi, plandan öncəki, plan və proqnoz tədqiqatların inkişafına kömək edən, iqtisadi və sosial inkişafı sürətləndirmə üzrə qəbul edilən qərarların effektivliyini artıran təkliflər və tövsiyələr hazırlandı. 

Qeyd etdiyimiz kimi, kənddə də vəziyyət ürəkaçan deyildi. Bu işə fikir verilməməsi onunla nəticələnmişdi ki, respublikada hər kənd sakininə orta hesabla ölkə üzrə olan 13,9 kvadratmetr əvəzinə 8,1 kvadratmetr mənzil sahəsi düşürdü. Bu məsələyə münasibət bildirən Heydər Əliyev deyirdi: "Biz bununla razılaşa bilmərik. Dövlət Plan Komitəsi beşillik üçün tapşırığı təcili surətdə yenidən nəzərdən keçirməli, mənzillərin istifadəyə verilməsi həcmlərinin artım sürətini minimum ikiqat artırmalı, kənddə mənzil tikintisinin xeyli artmasını təmin etməli, əsasən fərdi və kooperativ mənzil tikintisinə fikir verməlidir. Bunun üçün bizdə bütün imkanlar vardır".

Respublikanın görkəmli memarları belə hesab edirdilər ki, "kəndləri yenidən qurmaq, kənd əhalisinə mədəni-məişət xidmətini yaxşılaşdırmaq məsələlərinə böyük əhəmiyyət verilməli, kənd və şəhər əhalisinin ictimai-iqtisadi və mədəni-məişət səviyyəsi arasında yaranmış köklü fərqləri yumşaltmaq, kənd yaşayış məntəqələrini tədricən abad qəsəbələrə çevirmək kimi məsələyə diqqətin artırılması vacib vəzifələrdən hesab edilməlidir. Kənd yerlərində köhnə yaşayış binalarının yeni yaşayış evləri ilə əvəz edilməsi, mədəni və məişət xidməti obyektlərinin daha səmərəli yerləşdirilməsi kimi məsələlərə də diqqətin artırılması vacib sayılırdı. 

Artıq 70-ci illərdə kənd yerlərində dövlətin, kolxozların və əhalinin vəsaiti hesabına 5,1 milyon kvadratmetr yaşayış evləri tikildi ki, bu da üst-üstə Sumqayıt, Gəncə, Mingəçevir və Əli Bayramlı (Şirvan) şəhərlərinin mənzil fonduna bərabər idi. Kəndlərdə hər dörd adamdan biri on il ərzində özünə yeni ev tikdi.

Görülmüş bütün tədbirlərin nəticəsində hər il on minlərlə adamın mənzil şəraitinin yaxşılaşdırılması mümkün oldu. 70-ci illərdən sonra evi olmayanların mənzillə təmin edilməsi ilə yanaşı, azsahəli yaşayış evləri olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, normaya uyğun yeni mənzillərlə təmin edilməsi siyasəti də gücləndirildi. 

Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünün əsas inkişaf göstəriciləri müxtəlif sosial-iqtisadi göstəricilərlə yanaşı, respublikamızda şəhərsalma mədəniyyətinin yeni keyfiyyət mərhələsinə yüksəlməsi, ölkəmizin simasının müasirləşməsi, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşması olmuşdur. 


Müasir, innovativ və sürətli quruculuq nümunəsi


Azərbaycan bu gün Ulu Öndərin ideyaları əsasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir. Respublikamızın yüksəlişinin ən böyük nümunələrindən biri bütün şəhərlərimizin, kəndlərimizin inkişafıdır. Xüsusilə qeyd edilməlidir ki, Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ötən dövrdə mühüm işlər görülüb. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının fonunda isə Azərbaycanda müasir şəhərsalmanın müasir ənənələri formalaşır. 

Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərara alınıb. Məzmununa və əhatə dairəsinə görə bu forum BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın möhtəşəm quruculuq salnaməsini yaradan böyük şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə davam edən bu quruculuq Azərbaycanın müasir, innovativ və sürətli inkişafını dünyaya bəyan edir.


Ziyad SƏMƏDZADƏ,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub

00:48
10 May

Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb VİDEO  

00:33
10 May

Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

00:17
10 May

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib  

00:09
10 May

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

00:01
10 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şükürbəyli kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib

23:16
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!