Müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəliş Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilib. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən bu düzəlişi edib. Bu həm də qeyri-rəsmi hərbi embarqo idi.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, bu düzəliş Azərbaycan xalqına qarşı amansız Xocalı soyqırımının törədilməsindən bir gün öncə, 24 fevral 1992-ci il tarixində qəbul edilib. ABŞ Konqresi və digər xarici parlamentlərdə olan hamiləri Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik və milli zəmində insanlıq əleyhinə cinayətlərin törədilməsinə rəvac verdilər. Müəllifi Utah ştatını təmsil edən Vayn Oven, həmmüəllifləri arasında isə Frank Pallon, Nensi Pelosi kimi şəxslər var idi. "Həmin dövrdə Azərbaycan yeni müstəqil olmaqla yanaşı, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmələrə məruz qalmış, torpaqlarının 20 faizinə yaxınının işğalı ilə üzləşmişdi. Bu düzəlişi hazırlayan şəxslər əraziyə səfər etmədən, əslində, nə baş verdiyini aydınlaşdırmadan fikir irəli sürmüşdülər. Hansı ki, o dövrdə Ermənistanla sərhədlər Gürcüstan və Türkiyə üzərindən tam açıq idi, əslində, blokadaya düşən Naxçıvan-Azərbaycan ərazisi idi", - deyə o əlavə edib.
Deputat deyib ki, xarici ölkələrlə əlaqələrin olmadığı sovet hakimiyyəti dövründə belə Ermənistanda Diaspor Komitəsi fəaliyyət göstərib, Qərb ölkələri, eləcə də, Qərbdəki siyasətçilərlə böyük şəbəkə qurub. Beləliklə, ABŞ Konqresinə də ayaq açan erməni diasporunun "səxavətli" nümayəndələri Azərbaycana qarşı olan bu maddənin qanun layihəsinin tərkib hissəsinə daxil edilməsinə və həmin qanun çərçivəsində həm Nümayəndələr Palatasında, həm də Senatın səsverməsindən kifayət qədər səs çoxluğunun toplanmasına nail olublar. Bu günədək ABŞ Konqresində təmsil olunan demokratlar Azərbaycan əleyhinə yüzlərlə qanun layihəsi və qətnamənin sponsoru və həmsponsoru olublar. Bu prosesdə xüsusilə aktiv olan şəxs isə o dövrdə senator kimi, sonra vitse-prezident, daha sonra prezidentliyi dövründə Co Bayden idi.
P.Vəliyeva qeyd edib ki, senator Bob Menendez və Frank Pallone kimi şəxslər müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvinin prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar: "2001-ci ildə ABŞ Konqresi 2002-ci ildən prezidentə 907-ci düzəlişi hər il müvəqqəti olaraq dayandırmaq səlahiyyəti verdi və ABŞ-nin prezidentləri ardıcıl olaraq bu səlahiyyətdən istifadə etdilər. 2002-ci ildə Prezident Buş qanunun 907-ci düzəlişini həmin il üçün dayandırsa da, Birinci Corc Buş və Bill Klinton dövründə bu düzəlişin icrası dayandırılmadı. Sonradan oğul Corc Buş, Barak Obama, Donald Trampın hakimiyyətləri dövründə bu ədalətsiz düzəlişin tətbiqi yenidən dayandırıldı. Co Bayden isə bunu 2023-cü ildə antiterror əməliyyatları zamanı əsassız olaraq aktivləşdirdi".
Deputat vurğulayıb ki, Corc Buşun bu səlahiyyətdən istifadə etməsi ABŞ-nin həm Ermənistan, həm də Azərbaycanla yeni təhlükəsizlik münasibətlərinin inkişafı istiqamətində mühüm addım olub. Beləliklə, administrasiya bu əlaqələrdən istifadə edərək Azərbaycan və Ermənistan arasında yenidən hərbi toqquşmaların qarşısını almağa, iki ölkə arasında barışığı təşviq etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çalışdı. Qarşılığında isə Əfqanıstan əməliyyatları, terrorla mübarizədə ABŞ-nin səyləri dəstəkləndi, beynəlxalq missiyalara hərbi kontingent göndərildi. "Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəliş yenidən canlandırıldı və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməyə başlanıldı. Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Lakin bu şəxslər oranı məğlub şəkildə tərk etdikdə Azərbaycanın onlara olan dəstəyini də unutdu. Bu, nankorluqdan başqa bir şey deyildi", - deyə o bildirib.
P.Vəliyeva Prezident İlham Əliyevin Vaşinqtona 8 avqust 2025-ci il tarixli səfərini xatırladaraq deyib ki, həmin dövrdən Azərbaycan-ABŞ münasibətləri yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanıb. Ötən ay ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri çərçivəsində ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. İndi isə müzakirə mövzularından biri 907-ci düzəlişin ləğv edilməsidir. Bu isə Konqresin səlahiyyətlərinə aiddir.
Deputat diqqətə çatdırıb ki, Konqresdə qəbul edilən 907-ci düzəlişin ləğvi ilə əlaqədar qanun layihəsi Florida ştatından olan respublikaçı Anna Paulina Luna tərəfindən 9 dekabr 2025-ci ildə Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinə təqdim olunub, lakin hələ plenar müzakirəyə çıxarılmayıb: "Qanuna komitədə baxıldıqdan sonra Nümayəndələr Palatasında səsverməyə çıxarılır və bu proses adətən uzun çəkir. 907-ci düzəlişin ləğvi ilə bağlı belə qanun layihəsi ilk dəfədir ki, təqdim olunur. Bu isə Prezident İlham Əliyevin ABŞ ilə uğurlu diplomatiyasının nəticəsidir. Qanunun təqdim olunduğu Nümayəndələr Palatasının sədri respublikaçı Brian Mastdır. Parlament üzvlərimiz və Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri ABŞ-yə səfər zamanı bu şəxslə görüşüb və müzakirə aparıb. Milli Məclis ABŞ Konqresi ilə təmasları bu yöndə davam etdirir. Həmin komitədə 28 respublikaçı üzv, 23 demokrat var. Lakin komitədəki demokratlar arasında Azərbaycan əleyhinə layihələrin həmmüəllifləri və müəllifləri olan Bred Şerman, Cim Kosta, Dina Titus, Coaqin Castro, Ted Lieu və digər şəxslər yer alır. Onlar layihəni əngəlləmək üçün dəridən-qabıqdan çıxacaqlar", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, ABŞ-nin qanunverici orqanının qərar qəbul etmək prosesi olduqca qarışıqdır və müxtəlif maraqlı qruplar bu məsələyə daim əngəl törədirlər. Konqresdən keçən qanun və proqramların dayandırılması olduqca çətindir. Bundan fərqli olaraq, 5 ildən bir dəyişən prezidentlərin imzaladığı sərəncamlar növbəti sələfi tərəfindən asanlıqla dəyişdirilə və ya ləğv edilə bilir. Konqresin səsverməsindən keçən sənədlər isə daha rezistentdir, çünki güclü lobbi qruplarının maraqları qərarların ləğvinə mane olur.
Onun sözlərinə görə, daha həlledici bir məqam ABŞ-də bu il noyabrın 26-da təyin edilmiş aralıq seçkilərdir: "Bu, prezidentin dördillik səlahiyyət müddətinin ortasında keçirilən federal seçkilərdir. Aralıq seçkilərdə seçicilər Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü, ABŞ Senatının təxminən üçdəbiri üçün səs verir. Bu seçkilər Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edir. Bizim üçün vacib olan respublikaçıların mütləq əksəriyyətinin hər iki palatada üstünlük təşkil etməsidir. Əgər noyabrın 26-dək 907-ci düzəliş ləğv olunmasa, aralıq seçkilərini gözləməli olacağıq".
P.Vəliyeva vurğulayıb ki, Prezident Donald Tramp aralıq seçkilərlə bağlı ictimai rəyi qazanmaq üçün müsbət fon yaratmaqda həm daxili, həm də xarici siyasətdə fenomenal dəyişikliklər etməyə davam edir. Onun bu müddət ərzində yaradacağı müsbət fon aralıq seçkilərinin taleyini həll edəcək. Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində 907 saylı düzəlişin icrası Prezident Tramp tərəfindən dayandırılsa da, ölkəmiz bunun tam ləğvini gözləyir. Dövlətimiz bu günədək ən çətin missiya və məqsədlərin öhdəsindən layiqincə gəlib. Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"