2023-cü il başa çatmaq üzrədir. Bu il torpaqlarımız üzərində milli suverenliyimizin tam təmin olunması, Qarabağda erməni separatizminə son qoyulması kimi hadisələr Prezident İlham Əliyevin müəllifliyi ilə "Heydər Əliyev İli"nə ərməğan edilən böyük töhfələr kimi tariximizə həkk edildi.
Bu uğurlar cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsi həqiqətinin növbəti təntənəsi oldu.
Bu uğurlar bir daha göstərdi ki, Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri Heydər Əliyevin ideyalarını, inkişaf yolunu layiqincə davam etdirir, onları daha da zənginləşdirir və lider qətiyyəti ilə həyata vəsiqə almalarını təmin edir.
İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı yüksəkliyə ucaldıb
30 il əvvəl siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün böyük siyasi dühası ilə Azərbaycanı parçalanmaqdan, dövlətçiliyini və müstəqilliyini itirməkdən xilas etdi.
Görkəmli və təcrübəli dövlət xadimi kimi Heydər Əliyev Azərbaycanı yenidən qurdu, onu inkişaf yoluna çıxardı, dünya birliyinin tamhüquqlu, etimad göstərilən üzvünə çevirdi.
Müasir dövlətimizin qurucusu olan, əməlləri ilə xalqımızın Ümummilli Lideri statusunu qazanan Heydər Əliyevin müdrikliyi həm də ondadır ki, Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin və yüksəlişinin etibarlı və möhkəm təməllərini yaratmaqla yanaşı, cənab İlham Əliyevin şəxsində özünün siyasi kursunu davam etdirə biləcək varis və güclü lider də yetişdirdi…
Azərbaycan xalqı İlham Əliyevin yüksək siyasi və mənəvi keyfiyyətlərini, dövlətə və xalqa nə qədər bağlı olduğunu hələ xarici şirkətlərlə aparılan neft danışıqlarında, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Ermənistanın işğal siyasətinin qlobal səviyyədə ifşa edilməsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini və birinci müavini kimi fəaliyyətində görmüşdü. Bütün bunlar cənab İlham Əliyevin fəaliyyətinin timsalında dövlətə və vətənə layiqli xidmətin mükəmməl örnəyi idi.
İlham Əliyevin Azərbaycanın Baş naziri kimi 2003-cü ilin avqust ayından oktyabr ayına qədər fəaliyyəti isə onun yüksək siyasi keyfiyyətlərinin təcəssümünə çevrildi. Azərbaycan cəmiyyətinin bütün bunlara və Ulu Öndərin siyasi kursuna verdiyi yüksək siyasi dəyər isə 2003-cü ilin prezident seçkilərində təsbit olundu.
İlk dəfə 2003-cü ilin prezident seçkilərində qalib gələrək xalqımızın etimadını qazanan cənab İlham Əliyev həmin il oktayabrın 31-də indiki Heydər Əliyev Sarayında keçirilən andiçmə mərasimində demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır.
Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Bəli, 20 il əvvəl xalqın yekdil dəstəyi və etimadı ilə Prezident seçilərkən cənab İlham Əliyev ölkənin gələcəyinə və taleyinə görə tarixi məsuliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi öz üzərinə götürmüşdü. Hər bir vətəndaş da cənab İlham Əliyevdən, birinci növbədə, Heydər Əliyevin müəyyən etdiyi strateji kursun davam etdirilməsini, dövlətimizin qətiyyətlə öz milli hədəflərinə doğru aparılmasını gözləyirdi. Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, torpaqlarımızın işğaldan azad olunması, Ulu Öndərin müəllifi olduğu enerji siyasətinin davam etdirilməsi və digər bu kimi strateji vəzifələr bu hədəflərin prioritetləri idi.
Bu gün dönüb tariximizə ekskurs edəndə, son 20 ilin reallıqlarına nəzər salanda hər birimizi birinci növbədə dərin fərəh hissi bürüyür, bir vətəndaş olaraq özümüzü qürurlu və məğrur hiss edirik. Çünki bu 20 ildə Prezident İlham Əliyev nə demişdisə, hamısını həyata keçirib, nə söz vermişdisə, hamısını yerinə yetirib. Bu illər ərzində Azərbaycan çox böyük, sürətli və tarixi inkişaf yolu keçib.
20 ildə Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Möhtərəm İlham Əliyev özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarixini yazıb və yaradıb. Cənab İlham Əliyev Heydər Əliyevin arzularını çin edib, Azərbaycanı inkişaf etdirərək Ulu Öndərin arzuladığı yüksəkliyə ucaldıb.
Sözlə əməlin mükəmməl vəhdəti
Təcrübə göstərir ki, ilk növbədə qətiyyətlilik, prinsipiallıq və zamanında sözünü demək, radikal tədbirlər həyata keçirmək bacarığı əsl liderlərə xas keyfiyyətlər kimi dövlətin inkişafını şərtləndirən əsas amillər hesab olunur. Öz fəaliyyətində məhz bu keyfiyyətlərə və prinsiplərə söykənən Prezident İlham Əliyevin siyasi iradəsi Azərbaycanın daha da qüdrətlənməsinin, Cənubi Qafqazın lider dövlətinə, dünyada söz sahibinə çevrilməsinin leytmotivini təşkil edib.
Qürur hissi ilə deməliyik ki, Azərbaycana rəhbərliyinin ilk günündən öz fəaliyyətində sözlə əməlin mükəmməl vəhdətinin nümunələrini nümayiş etdirən cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində ilk növbədə Azərbaycanın iqtisadi inkişafı, dünya birliyində malik olduğu layiqli mövqelərinin daha da gücləndirilməsi, Silahlı Qüvvələrimizin qüdrətlənməsi və döyüş imkanlarının artırılması, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi və ən əsası, işğal altında olan torpaqlarımızın azad edilməsi kimi amillər dayanıb.
Bu kimi ümummilli və strateji vəzifələrin yerinə yetirilməsi fonunda ötən 20 ilin mənzərəsi təsdiq edir ki, möhtərəm Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycanı zirvələrə yüksəldib, prezidentlik dövründə missiyasını layiqincə reallaşdırıb və bu gün də qətiyyətlə həyata keçirməkdədir.
20 illik zaman kəsiyi insan həyatı üçün böyük dövr sayıla bilər. Bir dövlətin tarixi baxımından isə bu, kiçik zaman kəsiyi hesab edilir. Lakin bu 20 ildə Azərbaycan dövlət olaraq o qədər möhtəşəm və saysız-hesabsız uğurlara nail olub ki, buna görə ölkəmizə ancaq həsəd aparmaq mümkündür.
Bu uğurlara nəzər yetirməklə həm Azərbaycanın inkişaf yolları, həm də Prezident İlham Əliyevin qətiyyətli siyasəti barədə konkret mülahizələr yürütmək mümkündür. Məsələn, Prezident İlham Əliyevin fəaliyyətinin və ötən 20 ilin ən böyük hadisələrindən biri Azərbaycanın enerji siyasətinin təntənəsidir. Prezident İlham Əliyevin iqtisadi inkişafla bağlı qarşıya qoyduğu vəzifələr sürətlə və yüksək keyfiyyətlə reallaşmaqdadır. Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox böyüməsi, vətəndaşların sosial rifahının dəfələrlə yüksəlməsi iqtisadi sahədəki inkişafın real ifadəsidir. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri cəmi 1 milyard 220,9 milyon manat idi. Bu gün isə büdcəmiz 40 milyard manata çatmaq üzrədir.
Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon ABŞ dolları təşkil edirdi. 2023-cü ildə bu rəqəm 5 milyard manatdan çoxdur və 2024-cü ildə daha da yüksələcək.
20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. 2003-cü ildə cəmi 1,8 milyard valyuta ehtiyatı olan Azərbaycanın strateji valyuta ehtiyatları artıq 70 milyard dollara yaxınlaşıb və ümumi daxili məhsulun nə az, nə çox, 97 faizinə bərabərdir.
Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev bu illər ərzində Ulu Öndərin strateji inkişaf kursunu həm davam etdirərək, həm də zənginləşdirərək inkişafın Azərbaycan modelini yaradıb. Ümumiyyətlə, cənab İlham Əliyev ölkəmizin yüksəlişi istiqamətində bütün fürsətləri reallığa çevirib. Dövlətimizin, şəxsən Prezident İlham Əliyevin təşəbbüsü və fəal iştirakı ilə əsası qoyulmuş bütün qlobal layihələr uğur qazanıb. "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat xətləri ilə Azərbaycan regionun əsas kommunikasiya mərkəzlərindən birinə çevrilib.
Bu uğurların müəllifi olan Azərbaycan Prezidenti Avropa siyasi dairələrində etimad göstərilən, hörmətlə qarşılanan lider kimi qəbul edilir. Müxtəlif vaxtlarda, əlamətdar tarixlərdə nüfuzlu siyasi liderlərin, dövlət başçılarının Prezident İlham Əliyevə göndərdikləri məktubların məzmunu, dövlətimizin başçısının ən mötəbər beynəlxalq tədbirlərə dəvət edilməsi, çıxışlarının xarici dairələrdə maraqla izlənilməsi, ən əsası, Prezident İlham Əliyevin barəsində deyilən fikirlər bunları təsdiq edir. Məsələn, Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin ünvanına söylədiyi "Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik", "Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır", "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir" kimi ifadələr Azərbaycan Prezidentinin şəxsiyyətinə, siyasi liderliyinə göstərilən yüksək ehtiramın təcəssümüdür.
Yaxud Macarıstanın Baş naziri Viktor Orbanın fikirlərinə diqqət yetirək. O deyir: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm". Bu sözlər Prezident İlham Əliyevin yüksək qlobal nüfuzundan xəbər verir və dövlətimizin başçısının geopolitik məkanda proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən lider olması barədə söylənən fikirlərin davamıdır. Bu fikirlər göstərir ki, cənab İlham Əliyev dünyanın ən nüfuzlu dövlət başçıları ilə bir cərgədə dayanan, özü, sözü və imzası dərin ehtiramla qarşılanan siyasi liderdir. Bu isə öz növbəsində Azərbaycanın qlobal nüfuzunu və beynəlxalq münasibətlər sistemində layiqli yerini müəyyənləşdirən mühüm siyasi faktordur.
Müzəffər Ali Baş Komandan
2003-cü ildə andiçmə mərasimində Prezident İlham Əliyev artıq keçmişdə qalmış Qarabağ problemi ilə bağlı demişdi: "Bu problem yalnız bir neçə prinsip, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla qətiyyətli siyasət həyata keçirən Prezident İlham Əliyev artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanın milli maraq və mənafelərini uğurla təmin etdi, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılması kimi mənfur ideyanın qarşısını qətiyyətlə aldı.
Bununla yanaşı, Prezident İlham Əliyev aparılan danışıqlarda, bütün çıxışlarında aydın şəkildə bildirirdi ki, əgər sülh danışıqları nəticəsiz olarsa, Azərbaycan dövləti müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. Bunun üçün dövlətimizin başçısı Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasını, hər bir qoşun növünün modernləşdirilməsini xüsusi diqqət mərkəzində saxlamış, bu məqsədlə ən müasir silahlar ordumuzun arsenalına daxil edilmişdir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modelinin mühüm nümunələrindən biri də Silahlı Qüvvələrimizin modern hərbi gücə çevrilməsidir.
Beləliklə, torpaqlarımızın işğaldan azad edilməsi məsələsində də Prezident İlham Əliyev necə demişdisə, elə də etdi. 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri növbəti hərbi təxribatın qarşısını alan Azərbaycan Ordusu cəmi 44 günə öz tarixi missiyasını qəhrəmancasına yerinə yetirdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə keçirilən "Dəmir yumruq" əməliyyatı sözdən anlamayan Ermənistanı döyüş meydanında darmadağın etdi. İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi 2020-ci il noyabrın 10-da Azərbaycanın tam qələbəsini elan etməsi müasir tariximizin ən böyük hadisəsinə çevrildi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin bütün qoşunları qəhrəmanlıq göstərdilər. Əlahiddə Ümumqoşun Ordunun bölmələri də tarixi Zəfərimizin qazanılmasına öz layiqli töhfələrini verdilər. Naxçıvandan gələn xüsusi təyinatlılar və digər bölmələrin şəxsi heyəti böyük şücaətlər göstərdilər, qəhrəmanlıq salnamələri yaratdılar. Prezident İlham Əliyevin bu barədə fikirləri hər birimizi qürurlandırır. "İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır", - deyə dövlətimizin başçısı bildirmişdir.
Bu Zəfərlə möhtərəm Prezident regionda yeni reallıqlar yaratdı. Torpaqlarımızı azad edən cənab İlham Əliyev əvvəlcə ermənilərin və onların havadarlarının status iddialarını və ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərdi. Bu il sentyabr ayının 19-da başlayan və cəmi 23 saat davam edən lokal antiterror tədbirlərinin nəticəsi kimi isə Prezident İlham Əliyev Qarabağdakı erməni separatizminin kökünü kəsdi. Müzəffər Ali Baş Komandan separatizmə son qoymaqla tarixi torpaqlarımız olan Qarabağda milli suverenliyini bərqərar etdi. Bu həm də Prezident İlham Əliyevin dünya erməniliyi, Fransa və digər Qərb siyasi dairələri üzərində qələbəsi kimi tarixə düşdü. Dövlətimizin başçısı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan heç vaxt öz milli maraqlarında güzəştə getməyəcək və heç bir qüvvə ölkəmizi öz yolundan döndərə bilməz.
Vətən müharibəsindən sonra Azərbaycanın tarixində tamamilə yeni mərhələ başlayıb. Bu mərhələdə əsas hədəf azad edilmiş ərazilərimizin bərpasıdır. Ötən 3 ildə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin miqyası, həqiqətən olduqca əzəmətli və qürurvericidir. Zəfər yolu, Füzuli və Zəngilan hava limanları kimi nəhəng layihələrin başa çatdırılması, Laçın və Füzuli şəhərlərinə, Zəngilanın Ağalı, Laçının Zabux və Tərtərin Talış kəndlərinə dönüşün təmin olunması azad edilmiş ərazilərə Böyük qayıdışın sürətlə və keyfiyyətlə həyata keçirilməsindən xəbər verir. Görünən odur ki, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və quruculuq əzmi ilə işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, həyata qaytarılır.
Bu prosesdə cənab İlham Əliyevin ən böyük silahdaşı isə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən layihələr, xüsusilə tarixi-mədəni irsimizin bərpası işğaldan azad edilmiş ərazilərin dirçəlişinə layiqli töhfələr verməkdədir. Bu layihələrin hər biri həm də Mehriban Əliyevanın vətənpərvərliyinin, daşıdığı yüksək milli idealların göstəriciləridir.
Prezidentin qayğısı ilə Naxçıvan inkişafının yeni mərhələsinə qədəm qoyub
Vətən müharibəsindən ötən illər həm də Azərbaycanın iqtisadi inkişafı baxımından uğurlu dövrdür. Müharibədən çıxan ölkə olmasına rəğmən ötən 3 ildə müsbət makroiqtisadi göstəricilərin əldə olunması, ümumi daxili məhsul istehsalındakı artım, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində verilən qərarlar, dövlət büdcəsinin gəlir və xərclərinin yüksəlməsi Prezident İlham Əliyevin iqtisadi islahatlarının uğurlu nəticələridir. Təkcə bir fakta diqqət yetirək ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 110,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. O cümlədən, iqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM 3,2 faiz artıb ki, bu da iqtisadi yüksəlişin mühüm göstəricisidir.
Bu gün Naxçıvan da öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Respublikamızın bütün bölgələri kimi, muxtar respublikanın da inkişafı Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Naxçıvanda sosial-iqtisadi sferada əldə olunmuş hər bir nailiyyət məhz Prezident İlham Əliyevin Naxçıvana olan diqqət və qayğısının, həyata keçirdiyi iqtisadi islahatların nəticəsidir.
Cənab Prezidentin ötən il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsini qəbul edərkən verdiyi tapşırıq və tövsiyələr də dövlətimizin başçısının Naxçıvana olan diqqət və qayğısından xəbər verir. Son dövrdə muxtar respublikada bütün sahələrdə baş verən keyfiyyət dəyişiklikləri göstərir ki, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və tövsiyələr layiqincə icra olunur.
Prezident İlham Əliyevin Naxçıvana qayğısının daha bir nümunəsi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiqidir. Proqramın icrası, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi Naxçıvanın inkişafına, əhalinin rifahına və məşğulluğun artırılmasına böyük töhfələr verəcək.
Naxçıvanda görülən işlər, həyata keçirilən sosial-iqtisadi layihələr, yeni iş yerlərinin yaradılması, sakinlərin müraciətlərinin diqqətlə öyrənilməsi, onları qayğılandıran məsələlərin aidiyyəti strukturlar tərəfindən dərhal həll olunması və bütün bunların yüksək vətəndaş məmnuniyyəti yaratması muxtar respublikanın uğurlu inkişaf yolundan xəbər verir. Cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq Naxçıvan öz inkişafının və intibahının yeni mərhələsinə qədəm qoyub.
Naxçıvanın inkişafına xidmət edən hər bir addım, təşəbbüs xalqımızın Ulu Öndəri Heydər Əliyevin ideyalarının uğurlu davamı, Naxçıvanla bağlı arzularının reallaşmasıdır.
Xalqın seçimi dəyişməzdir
Azərbaycan xalqı ötən 20 ildə əldə etdiyimiz uğurlara özünün layiqli siyasi qiymətini verib. Bu dövrdə keçirilmiş bütün prezident seçkilərində xalqımız cənab İlham Əliyevin ətrafında səfərbər olmaqla Azərbaycanı tarixin ən qüdrətli dövlətinə çevirən siyasi kursun, Heydər Əliyev ideyalarının davamına səs verib. Eyni zamanda parlament və bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədləri üstünlük qazanıblar. Bu seçkilərin hər biri göstərib ki, cəmiyyət mövcud siyasi kursa heç bir alternativi qəbul etmir.
Hazırda respublikamız mühüm siyasi hadisə olan prezident seçkiləri ərəfəsindədir. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü il fevralın 7-də respublikamızda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi tək partiyamızın sıralarında birləşən yüz minlərlə vətəndaşımızın deyil, bütün xalqın istəyinin ifadəsinə çevrildi. Bu mənada İlham Əliyev yalnız YAP-ın deyil, bütün xalqın namizədidir.
Torpaqlarımızın azadlığı və erməni separatizminə son qoyulması yeni reallıqlar yaradıb. Qarşıdan gələn prezident seçkiləri də bu reallıqlar şəraitində keçiriləcək. Belə ki, müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, seçkilər torpaqlarımızın tam azadlığı şəraitində baş tutacaq. Ona görə bu seçki də Zəfər seçkisi və ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşəcək. Və əlbəttə ki, hər bir azərbaycanlı ona Zəfər və məğrurluq yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm İlham Əliyevin yanında olacaq. Növbədənkənar seçkilər Prezident İlham Əliyevə yüksək etimadın növbəti bariz göstəricisi kimi tarixə düşəcək.
Bütövlükdə, seçkilərin nəticəsi ötən 20 ilin uğurlarına əsaslanacaq. Xalqımız Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızı işğaldan azad edən, erməni separatizminə son qoyan siyasətin davamına səs verəcək.
Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri