Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların, mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər.
Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov tədbirdə çıxış edərək C4C təşəbbüsü haqqında məlumat verib, mədəniyyətin müsbət iqlim gündəmini formalaşdırmaq gücündə olduğunu vurğulayıb. “Azərbaycan COP29-da “İqlim üçün mədəniyyət” təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. Hazırda bu təşəbbüs beynəlxalq miqyasda geniş təbliğ olunur və bir çox ölkə onu dəstəkləməkdə maraqlıdır. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq, mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyə çalışır”, - deyə nazir müavini qeyd edib.
Gəncləri C4C təşəbbüsündə fəal rol almağa çağıran F.Cəfərov bildirib ki, iqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri təşviq etmək üçün mədəniyyətin potensialından yararlanmaq imkanımız var.
Digər çıxışlarda da C4C təşəbbüsünün əhəmiyyəti vurğulanıb, onun konkret hədəfə yönəldiyi diqqətə çatdırılıb, bu təşəbbüsə dəstək ifadə olunub.
“Newman Partnership” təşkilatının təsisçisi, tanınmış təlimçi Martin Nyuman “İqlim üçün mədəniyyət” təşəbbüsünün məqsədləri haqqında məlumat verib.
Sonra mövzu ilə bağlı məlumatların yer aldığı videoçarx nümayiş olunub.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.