04 May 2024 08:35
207
CƏMİYYƏT
A- A+

Azərbaycanın güc strukturları müasir texnologiya əsasında istehsal edilən texnika, silah və döyüş sursatları ilə təmin olunur

 

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı - İ.Nəzərovun (layihənin rəhbəri), M.Əliyevin (icraçı), R.Hüseynovun müəllifləri olduqları "Atıcı silahlar və döyüş sursatlarının yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması" işi 2024-cü il üçün texnika sahəsində Dövlət mükafatına təqdim edilmişdir. 
Azərbaycanda hərbi sənaye kompleksinin əsası Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra qoyulmuşdur. Amma ittifaq dağıldıqdan sonra keçmiş SSRİ-nin hərbi sənaye kompleksi üçün fəaliyyət göstərən, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr SSRİ-nin süqutundan sonra bir sıra ciddi problemlərə məruz qaldılar. Mövcud  xammal, satış bazarının itirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin kəsilməsi, regionda qeyri-sabitlik və digər problemlər müəssisələrin tənəzzülə uğraması, sözün əsl mənasında, dağılaraq tamamilə sıradan çıxması ilə nəticələndi. Əsasən, müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradılsa da, qarşıya qoyulan əsas məqsədə çatmaq mümkün olmadı. Müstəqilliyin ilk illərində respublikada hökm sürən idarəsizlik, səriştəsizlik, heç bir  iqtisadi savadı, təcrübəsi olmayan təsadüfi adamların dövlət idarəçiliyinə gətirilməsi nəinki ərazi bütövlüyünün qorunmasına, həm də ordu quruculuğuna böyük zərbə idi. 
Yalnız 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə respublikaya rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mütəşəkkil, güclü, müasir hərbi texnika, silah və sursatla təmin olunmuş bir orduya çevrilməsi, ordu rəhbərliyinə səviyyəli, hərbi hazırlıqlı milli kadrların gətirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görüldü. Ulu Öndərin rəhbərliyi və bilavasitə iştirakı ilə orduda aparılan məqsədyönlü islahatlar çox qısa bir müddətdə öz bəhrəsini verdi. İndi Azərbaycan Silahlı Qüvvələri həm hərbi hazırlığına, həm də mütəşəkkilliyinə, müasir hərbi texnika ilə təchizatına görə regionda ən güclü ordudur.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Prezidentin apardığı  məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycanın hərbi potensialı gücləndirilmiş, hərbi sahəyə ayrılan dövlət vəsaitinin həcmi artırılmış, nəticədə Azərbaycan Ordusu müasir silah-sursat və hərbi texnika ilə tam təchiz edilmişdir.
Nazirlik yarandığı gündən qarşıya qoyulmuş əsas məqsəd tabeçiliyində olan istehsal müəssisələrinin yenidən qurularaq istifadəyə verilməsi olmuşdur. 2007-2024-cü illər ərzində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə nazirliyin tabeli birlik və müəssisələrində aparılan tikinti və yenidənqurma işləri nəticəsində 50-dən artıq yeni istehsal sahələri yaradılmışdır. Həmin obyektlərin açılışında Prezident, Ali Baş Komandan İlham Əliyev iştirak etmiş, özünün xeyir-duasını və dəyərli tövsiyələrini vermişdir.
Yaradıldığı müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin maşın və avadanlıq parkının yeniləşdirilməsi məqsədilə elmin və texniki tərəqqinin bütün imkanlarını özündə cəmləşdirən, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkət və firmalarından mürəkkəb əməliyyatları həyata keçirən çoxsaylı texnoloji avadanlıq, 2000-ə yaxın müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınaraq quraşdırılmış və istehsala buraxılmışdır.
Nazirliyin müəssisələrində yaradılan yeni istehsal sahələri təkcə Azərbaycan Respublikası Silahlı Qüvvələrini deyil, həm də digər güc strukturlarını müasir tələblərə cavab verən müxtəlif təyinatlı hərbi məmulatlarla, texnika, silah və döyüş sursatları ilə, o cümlədən xalq təsərrüfatını, maşınqayırma, cihazqayırma, elektronika, rabitə sahələrində istifadə olunan müxtəlif təyinatlı avadanlıq və ehtiyat hissələri ilə təmin edir. Bu göstərilənləri əsas götürərək belə bir qənaətə gəlmək olar ki, müstəqil Azərbaycanın ən ali mükafatlarından biri olan Dövlət mükafatına təqdim edilən digər işlər arasında Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşının təqdim etdiyi iş istər siyasi, istər elmi, istərsə də iqtisadi cəhətdən əsaslandırılmış fundamental bir işdir.
Mükafata təqdim olunmuş elmi-tədqiqat, layihə-konstruktor və təcrübi-sınaq işi atıcı silahlarda və artilleriya sistemlərində istifadə edilən müxtəlif növ döyüş sursatlarının yaradılmasına, istehsalının təşkil olunmasına və eləcə də istifadəyə yararsız, təhlükəli, saxlanması həm ekoloji, həm də iqtisadi cəhətdən səmərəsiz olan döyüş sursatlarının utilizasiyasına nəinki respublikamızda, eləcə də MDB məkanında ilk dəfə yeni tökmə texnologiyası tətbiq etməklə müxtəlif çaplı döyüş minaatanları üçün minaların və zirehli texnika (T72 tankı, BMR və MTLB tipli döyüş maşınları üçün) tırtıllarının gövdəsinin istehsalına yönəldilmişdir.
Azərbaycanda ilk dəfə müasir 12,7x108 mm-lik AH-12,7 iriçaplı pulemyotu nazirliyin müəssisələrinin konstruktorları və elmi mütəxəssisləri  tərəfindən layihələndirilmiş və təcrübi-sınaq nümunələri hazırlanaraq zavod və poliqon sınaqlarından keçirilmiş və seriyalı istehsalına başlanılmışdır. İlk dəfə ölkəmizin mütəxəssisləri tərəfindən yaradılan və nazirliyin tabeli müəssisələri tərəfindən seriyalı istehsalına başlanılan "AN-12,7" pulemyotu Müdafiə Sənayesi Nazirliyinin Bakıda keçirilən "ADEX 2022" IV Azərbaycan Beynəlxalq Müdafiə sərgisində nümayiş etdirilmiş və bu möhtəşəm sərginin açılışında iştirak edən dövlət başçısı, Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. 
Respublikamızda ilk dəfə iriçaplı döyüş pulemyotunun yaradılması, "yanan modellər" üzrə mina gövdələrinin və zirehli döyüş maşınlarının çox mürəkkəb istismar şəraitində dağılaraq sıradan çıxan aparıcı hissələrinin - tırtıllarının müasir tökmə üsulunun mənimsənilməsi çox bahalı şixtə materiallarından istifadəsini 85 faiz yüksəltməyə, emal payının 10-15 faizədək, tökmə qüsurlarını 5-10 faizə qədər azaltmağa, qəlib materiallarından istifadəsini 95 faizə qədər çatdırmağa, milyonlarla manat dövlət vəsaitinə qənaət etməyə və Müdafiə Nazirliyinin göstərilən məmulatlara olan tələbatını tam təmin etməyə imkan vermişdir.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan atıcı silahların hissələrinin "Həssas tökmə" üsulu ilə alınması zamanı hissələrin istehsalına sərf edilən əmək tutumunun azalması, material sərfiyyatına qənaət olunması, məhsuldarlığın artmasına, hissələrin ölçülərinin dəqiq alınmasına nail olunmuşdur. Hazırda metallurgiya, maşınqayırma, aviasiya, kosmik, hərbi və digər sənaye sahələrində metal töküklərin istehsalında müxtəlif tökmə üsullarında istifadə edilir. 
Nazirliyin müəssisələrində qabaqcıl texnologiyaların, aparılmış məqsədyönlü elmi-tədqiqat, layihə-axtarış konstruktor işlərinin nəticələrinin tətbiqi nəticəsində Azərbaycanda ilk dəfə müxtəlif çeşidli atıcı silahlar üçün patronların seriyalı istehsalını təmin edən avtomat rotor xətləri tətbiq edilməklə müasir istehsal sahəsi yaradılmışdır. Bundan əlavə, nazirliyin   mütəxəssisləri tərəfindən aparılmış   məqsədyönlü   elmi-tədqiqatlar nəticəsində çox mühüm bir problemin-artilleriya mərmilərinin partlayış zamanı qəlpələnməyə hesabı, alınmış nəticələrin çoxsaylı sınaqlarla təsdiqi, mərmilərinin partlayıcı qatışıqlarla doldurulması üçün optimal tərkibin və variantların seçilməsinə və praktiki tətbiqinə nail olunmuşdur.
Yüksək mükafata təqdim olunan işin ən vacib və mühüm əhəmiyyət kəsb edən sahələrindən biri də Azərbaycanda ilk dəfə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ekoloji cəhətdən təmiz, partlayış təhlükəsizliyinə görə bütün norma və tələblərə cavab verən müasir texnologiyalara əsaslanan artıq istifadəyə yararsız, vaxtıötmüş döyüş sursatlarının müasir utilizasiya sahəsinin yaradılması və istifadəyə verilməsidir. Bu sahədə qabaqcıl texnologiyalara əsaslanmış üsulların tətbiqi istismar müddəti başa çatmış, sıradan çıxmış döyüş sursatları, həm də təkrar emal materialı kimi (mis, bürünc, partlayıcı maddələr, barıt, yüksəkkeyfiyyətli polad, çuqun və s.) mühüm dövlət ehtiyatıdır. Döyüş sursatlarının klassik üsulla, yəni partlatmaqla utilizasiyası həm ekoloji təhlükəsizlik, həm də iqtisadi səmərəlilik cəhətdən yolverilməzdir.
Döyüş sursatlarının utilizasiyası nəticəsində əsas və köməkçi materiallardan və elementlərdən mülki məmulatların istehsalının təşkili, müəssisələrə bəzi çətin tapılan materialların kənardan alınmasını aradan götürməklə yanaşı, milyon manatlarla dövlət vəsaitinə qənaət etməyə imkan yaratmışdır.
Nazirliyin tabeli müəssisələrində müxtəlif kalibrli döyüş patronlarının seriyalı istehsalı ilə yanaşı, avtomat patronları üçün müasir tələblərə cavab verən "şəffaf maqazinlərin" istehsalı mənimsənilmiş və hazırda həmin maqazinlərin kütləvi istehsalına başlanılmışdır. Çox yüksək konstruktiv möhkəmliyə malik bu cür patron maqazinləri müəssisədə xüsusi tərkibli plastik kütlədən hazırlanır. İriçaplı avtomat və əl pulemyotları üçün nəzərdə tutulmuş bu "şəffaf maqazinlər" müxtəlif, dəyişkən istismar şəraitində davamlılıqları ilə yanaşı, patronların silahın patron yuvasına etibarlı ötürülməsini təmin edir.
Şəffaf plastik kütlədən (polikarbonat PC) patron daraqlarının təzyiq altında avtomatik tökmə üsulu ilə xüsusi konstruksiyalı pres-qəliblərdə hazırlanması bütün texnoloji tsikl boyu əl əməyinin aradan qaldırılmasını təmin etməklə yanaşı, müəssisəyə yüz min manatlarla vəsaitə qənaət etməyə və Müdafiə Nazirliyinin bu cür patron daraqlara olan tələbatını tam təmin etməyə imkan vermişdir.
Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində istehsal olunan müdafiə və mülki təyinatlı məhsullar son illər bir sıra beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və bir sıra xarici ölkələrin hərbi mütəxəssisləri tərəfindən çox yüksək qiymətə layiq görülmüşlər. Yeri gəlmişkən qeyd edək ki, nazirliyin iştirak etdiyi beynəlxalq sərgilərdə nümayiş olunan məhsulların çeşidləri durmadan artır. 2009-cu ildə Türkiyədə təşkil olunan "İDEF-2009" sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildə Küveytdə keçirilən "Körfəz Müdafiə və Aerospeys" sərgisində 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi.
Bu sərgi Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca yeddinci sərgi idi. Bundan öncə, nazirlik "İDEF-2009", "SOFEX-2010", "MSPO", "AAD-2010", "İDEX-2011", "İDEF-2011","ADEX-2014", "ADEX-2016", "ADEX-2018" və "ADEX-2022"  sərgilərində təmsil olunmuşdur. 
Bu il Azərbaycan regionda müdafiə sənayesinə həsr olunan ən nəhəng tədbirə Azərbaycan Beynəlxalq Müdafiə sərgisinə ("ADEX-24") evsahibliyi edəcək. "ADEX -24" sərgisində təyyarə və aviasiya sistemləri, hərbi dəniz gəmiləri və dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri, logistika xidmətləri, radioelektron sistemlər, "C4ISR", optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursatlar, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və digər sahələrin təmsil olunması planlaşdırılıb.
Bütün bunları nəzərə alaraq, tam əminliklə vurğulamaq olar ki, 2024-cü il üçün " Texnika" sahəsində Respublika Dövlət Mükafatına təqdim olunmuş işlər arasında Müdafiə Sənayesi Nazirliyinin işi müstəsna əhəmiyyət kəsb edir və ümidvarıq ki, o, yüksək mükafatı almağa əsas namizədlərdən biri olacaq.

Adil QƏRİBOV, 
akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video