Azərbaycan xalqının tarixinə əbədi həkk olunan 2020-ci ilin 27 sentyabr tarixi təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün Haqq və Ədalətin təcəllisi günü, Böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaq. Xalqımız bu Anım gününü Vətən uğrunda qəhrəmanlıq və şəhadətin Şərəf salnaməsi kimi daima yaşadacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin 27 Sentyabr – Anım Günü ilə bağlı yaydıqları bəyanatda əksini tapıb.
“Bu gün Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri - vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların bərpası, torpaqlarımızın minalardan təmizlənməsi ilə bağlı nəzərdə tutulan və hazırda sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Bərpa olunmuş tarixi məscid binalarından ucalan Azan səsləri, bərpa və yenidən qurulan ibadətgahlar, xristian məbədləri mənəvi dəyərlərini, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycan dövlətinin tolerant dövlət siyasətinin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmasına, nəinki Azərbaycanda, dünyanın müxtəlif nöqtələrində - Vatikanda katakombaların bərpasına, Serbiyada məscid və kilsə bərpasına töhfələrinə bütün dünya şahiddir. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı, pravoslav və erməni kilsəsini bərpa edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənəvi dəyərlərə qayğı və himayəsinin parlaq təzahürüdür.
Biz din xadimlərinin əsas məqsədi - gələcəkdə baş verə biləcək müharibələrin, günahsız insan tələfatının, terror aktları və münaqişələrin qarşısını almaq üçün tarixin dərslərini xatırlatmaqdır. Bu niyyətlə, təqvimimizə Böyük Zəfər yolunun başlanğıcı kimi yazılan 27 Sentyabr - Anım Günündə qəhrəman şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyirik”, - deyə bəyanatda qeyd olunub.