25 Dekabr 2024 08:35
155
SİYASƏT
A- A+
Azərbaycanı zirvələrə qaldıran Lider

Azərbaycanı zirvələrə qaldıran Lider


Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdə ən böyük xidmətlərindən biri də özündən sonra ölkənin müqəddəratını və dayanıqlı inkişafını təmin edə biləcək şəxsiyyəti yetişdirməsi idi. Ulu Öndərin Azərbaycan üçün verdiyi ən dəyərli sərvəti bünövrəsini qoyduğu, alternativi olmayan unikal dövlət irsini siyasi varisi cənab İlham Əliyevə əmanət etməsidir. Məhz bu uzaqgörən və müdrik seçim 21 ildir ki, Azərbaycanı hər gün, hər saat irəliyə aparır, qarşıya qoyulan saysız hədəflərin hər birinin uğurla tamamlanmasını bərqərar edir. 

Prezident İlham Əliyev ali dövlət kürsüsünə seçilməmişdən əvvəlki illərdə Heydər Əliyevlə çiyin-çiyinə çalışaraq Azərbaycanın rifahı və tərəqqisi üçün əvəzolunmaz töhfələr verib. Gənc yaşlarından xüsusi zəkası və siyasi fəhmi ilə dövlət idarəetməsinin incəliklərini əxz etməklə Azərbaycanın bugünkü uğurlarına parlaq cığır açıb. Əslində, bu qabiliyyət və istedad hər kəsə nəsib olmur. Bu, siyasi genetika daşıyıcısı kimi İlham Əliyevin Ulu Öndər məktəbinin sirlərini dərindən mənimsəmək, ən kiçik ştrixlərini belə siyasi yaddaşına hopdura bilmək idrakının inikasıdır. 

Sabitliyin yeni bərqərar olduğu, bazar iqtisadiyyatına keçidin təməllərinin yeni atıldığı və ölkənin inkişafı üçün qarşıda çoxsaylı vəzifələrin dayandığı məsuliyyətli bir dönəmdə Azərbaycanın mütərəqqi kadrlarından biri kimi İlham Əliyevə kəskin ehtiyac yaranmışdı. Onun coşub-qaynayan quruculuq enerjisindən istifadə etməmək, dövlət aparatında müasirlik gətirə biləcək xidmətlərinin qarşısını kəsmək tarixin ədalətsizliyi olardı. Məhz bu hüdudsuz istedad və tükənməz çalışqanlığı Heydər Əliyevin diqqətindən yayına bilməzdi və ona etimad göstərilməsi qarşısıalınmaz zərurətə çevrilmişdi. Bu barədə cənab Prezidentin fikirlərinə diqqət edək: "1994-cü ildə respublikada mənə yüksək bir vəzifə həvalə edildi. Mən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti oldum. Hər şey gözlənilmədən baş verdi. Atam məni çağırıb dedi ki, bu işlə məşğul olmaq lazımdır, bu, ölkə üçün çox vacibdir. Heydər Əliyevin sözü mənim üçün həmişə qanun olub. Vacibdirsə, deməli, vacibdir".

Dahi və tarixi şəxsiyyətin sözünü və tapşırığını fəaliyyətində qanun və ali meyar kimi kodlaşdıran İlham Əliyev vacib tapşırığı yerinə yetirmək üçün özünə əmin idi. Həmin vəzifəyə qədər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundakı şərəfli müəllimlik təcrübəsi, müxtəlif mötəbər siyasi auditoriyalardakı diqqətçəkən siyasi erudisiyası və iti məntiqi, müzakirələrdə fərqli fikir ortaya qoyması və qeyri-adi təşəbbüskarlığı, əldə etdiyi bilik və bacarıqlar, ən əsası isə atasından öyrəndiyi peşəkar dövlət vərdişləri boşuna getməmişdi. Bu baxımdan ona ARDNŞ-də yüksək məsuliyyətli vəzifənin həvalə edilməsi yüksək etimaddan qaynaqlanırdı. Bu təyinat həm də Azərbaycanın həyatı üçün olduqca vacib olan yeni neft strategiyasının hazırlanması və xarici şirkətlərlə beynəlxalq sazişin imzalanması üçün qarşıya qoyulmuş böyük məsuliyyət, vacib missiya idi. Təbii sərvətimiz olan neft həmin illərdə ölkənin iqtisadi inkişafının açarı hesab olunurdu.

Həmin dövrdə xarici neft şirkətlərini Azərbaycana gətirmək və neft müqaviləsinin milli dövlət maraqlarına uyğun imzalanmasını təmin etmək xüsusi bacarıq və qabiliyyət tələb edirdi. Beynəlxalq enerji şirkətləri əvvəlki iqtidarın səriştəsizliyi və qətiyyətsizliyindən istifadə edərək özlərinin maraqlarına uyğun kontrakt layihəsi üzərində manipulyasiya etməyə, ölkəmiz üçün qəbuledilməz şərtlər irəli sürməyə çalışırdılar. İlham Əliyev həmin mənzərəni belə xatırlayır: "1994-cü ilin iyulunda danışıqların sonuncu mərhələsi üçün Hyustonda olarkən fikirləşirdik ki, burada bir həftə olacağıq, müqavilədə hər hansı üslub xətalarını, kiçik mübahisəli məsələləri yoluna qoyaraq Bakıya qayıdacağıq. Lakin gözləntilərimizin əksinə olaraq danışıqlar zamanı çoxsaylı mübahisəli məsələlər meydana çıxdı və biz Hyustonda 45 gün keçirməli olduq". 

Xarici şirkətlər özlərinə sərf edən şərtlərin qəbul edilməməsinin ardınca daha ağır  arqument ortaya qoymuşdular - Xəzərin hüquqi statusu öz həllini tapmayanadək onlar danışıqlarda iştirak etməyəcəklər. Bu, az qala "Əsrin müqaviləsi"nin fiasko ilə bitəcəyi demək idi. Eyni zamanda Azərbaycanın gələcək inkişafının mühərriki olan neft sıçrayışının qarşısının tamamilə bağlanması sayıla bilərdi. Bu danışıqlar iqtisadi savaş və sanki ölüm-dirim mübarizəsi idi. Azərbaycanı layiqincə təmsil edən İlham Əliyev qarşısına konkret prinsipial məqsəd qoymuşdu: "Neft sazişi imzalanmayınca Vətənə dönmək yoxdur". O, bütün iradəsini bu səmtə yönəltdi, nəhəng enerji şirkətlərinin rəhbərləri qarşısında diplomatik fəndləri və iqtisadi taktikası ilə oyun qaydalarını dəyişdirərək onları şərtlərindən geri çəkilməyə vadar edirdi: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Hyuston danışıqlarının səmərə verməməsinə baxmayaraq, Ulu Öndər və cənab İlham Əliyev nikbin idi, onlar ədalətli və Azərbaycanın milli mənafeyinə uyğun sazişin imzalanması yolunda ruhdan düşmədilər. Vaşinqtonda aparılan çətin və gərgin danışıqlar raundunda ARDNŞ-in yeni birinci vitse-prezidenti dünyada ilk dəfə dənizdə neft hasil etmiş Azərbaycanın zəngin enerji ənənələrini və dünya neft sənayesindəki möhtəşəm yerini xatırladaraq Xəzərin statusu barədə şərtlərin bəhanə xarakteri daşıdığını sübut etdi, tutarlı arqumentləri ilə Qərb şirkətlərinin ədalətsiz şərtlərini saziş mətnindən çıxartdı. Beləliklə, Ümummilli Liderin beynəlxalq nüfuzu və şəxsi münasibətləri, İlham Əliyevin isə mükəmməl enerji diplomatiyası sayəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Onlar sübut etdilər ki, dünyanın neft mərkəzi olan Bakı müasir neft erasının da ən etibarlı ünvanı, Xəzər dənizində beynəlxalq əməkdaşlığın hüquqi təminatçısıdır.

Ulu Öndərin və İlham Əliyevin müəllifi olduqları yeni neft strategiyası Azərbaycana iri investisiyaların cəlb edilməsi və enerjinin dünya bazarlarına nəqli sayəsində respublikamızın iqtisadi inkişafının möhkəm bünövrəsinə çevrildi, azad iqtisadi sistem qurulmasını, ölkəmizin dünya iqtisadiyyatına dinamik inteqrasiyasını və güclü inkişaf bumunu təmin etdi. İlham Əliyevin yetkin siyasi lider kimi sədası beynəlxalq tribunalardan gəlir, fəal və məqsədyönlü millət vəkili kimi qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları müxtəlif beynəlxalq platformalarda ifşa olunur, Ermənistan-Azərbaycan münaqişəsi barədə obyektiv rəy formalaşmasında dönüş yaranmışdı. O, ABŞ-də nəhəng siyasi platformalara dəvət olunur, dəyərli və dərin analitik düşüncəsinə xüsusi önəm verilirdi. 2002-ci il oktyabrın 21-dən 24-dək Vaşinqtonda işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər böyük əks-səda doğurmuşdu. İlham Əliyev səfər müddətində ABŞ-nin vitse-prezidenti Riçard Çeyni, energetika naziri Spenser Abraham, Dövlət katibinin birinci müavini Riçard Armitac, ABŞ Prezidentinin Xəzər diplomatiyası üzrə müşaviri Stiven Mənn, Birləşmiş Ştatların tanınmış siyasi xadimləri, o cümlədən sabiq Dövlət katibi Madlen Olbrayt, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbərləri və digər mötəbər şəxslərlə görüşlər keçirərək siyasi istedadı ilə qarşısındakıların heyrətamiz marağına səbəb olmuşdu. 

Onun Amerika-Azərbaycan Ticarət Palatası, Kembric Energetika Tədqiqatları Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirlərdəki çıxışları da Amerika və dünya miqyasında mühüm siyasi hadisə kimi qarşılandı. ABŞ-nin keçmiş müdafiə naziri Uilyam Perri qeyd edirdi ki, İlham Əliyevin nitqi böyük siyasətə hazır olan diplomatın fikirləri təsirini bağışlayır. ABŞ-nin keçmiş Dövlət katibi Corc Şults isə vurğulayırdı ki, Azərbaycan yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş ölkələri ilə bir cərgədə duracaq.

İlham Əliyevin ABŞ-nin məşhur universitetlərindən olan Cons Hopkins Universitetindəki çıxışı gənc bir siyasətçinin müdrik baxışlarını, təsəvvüredilməz zəkasını nümayiş etdirdi. O, Azərbaycan həqiqətlərini ən xırda detallarına qədər şərh edərək erməni təcavüzkarlığının simasını ifşa etdi, dünya erməni lobbisinin Amerika və müxtəlif ölkələrdəki çirkin oyunlarına qətiyyətlə lazımi cavab veriləcəyindən xəbərdar etdi. Həmin görüş çərçivəsində ünvanlanan çoxsaylı sualları cavablandıran İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini bəyan edərək Azərbaycanın mövcud vəziyyətlə heç vaxt razılaşmayacağını və öz ərazilərini azad etmək üçün digər mümkün imkanlardan istifadə edəcəyini xatırlatdı. ABŞ-dəki erməni icmasının nümayəndəsinin təlimatlandırdığı Vartan Barseqyanın sualına isə İlham Əliyevin cavabı sərt şillə təsiri bağışlamışdı. Barseqyanın müstəqil respublika kimi təqdim etdiyi Dağlıq Qarabağdakı ermənilərə qarşı Azərbaycanın antiterror əməliyyatları aparmaq niyyətlərinə İlham Əliyevin cavabı belə olmuşdu: "Siz mövcud olmayan qurumu təmsil edirsiniz. Dağlıq Qarabağ adında respublika yoxdur. Azərbaycanın bu ərazisini işğal edən banda var. Oradakı hakimiyyət hərbi rejimdir. Onların hamısı cinayət törətmiş şəxslərdir, terror hadisələri törətmiş adamlardır. Bu adamlar Ermənistanla birlikdə Azərbaycan ərazisinin bir hissəsini işğal etmişlər. Bir də deməliyəm ki, siz heç kimi təmsil etmirsiniz. Bəlkə özünüz özünüzü təmsil edirsiniz. Bəlkə də erməni lobbisini, erməni icmasını təmsil edirsiniz. Amma Dağlıq Qarabağı yox. Bu adda ölkə yoxdur".

2002-ci ildə Vaşinqtonda mötəbər kürsülərin birindən verilən bu ultimatum hələ Milli Məclisin deputatı, ARDNŞ-in birinci vitse-prezidentinin xəbərdarlığı idi. O, dünyanın ən güclü ölkəsinin paytaxtından Ermənistana və havadarlarına 18 il sonra alacağı qisasın anonsunu verirdi. İlham Əliyev Qarabağı işğal edən bandanın, cinayətkar və terrorçu rejimin, cinayət törətmiş şəxslərin cəzalandırılacağı, antiterror əməliyyatı ilə köklərinin kəsiləcəyi günün gələcəyinə əmin idi. Çünki o tarixi özü seçəcəkdi.

İlham Əliyev 2003-cü ildə mükəmməl dövlət kadrı və dünya miqyasında planetar siyasi keyfiyyətləri ilə seçilən şəxs kimi xatırlanırdı. O həm də Azərbaycanın və Cənubi Qafqazın nəhəng siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında ikinci şəxs kimi siyasi proseslərin mərkəzində dayanırdı. YAP-ın 1999-cu ildə keçirilən I qurultayında partiya Sədrinin müavini, 2001-ci ildə keçirilən II qurultayında isə birinci müavini seçilməklə İlham Əliyev təcrübəli siyasətçi, nüfuzlu ictimai xadim kimi prezidentliyə gedən yoluna dərin zəmin hazırlayırdı. Tale elə gətirdi ki, həmin dövrdə Ulu Öndərin səhhətində yaranan problemlər dövlət kürsüsünün ona əmanət edilməsini labüdləşdirdi. Sözsüz ki, Heydər Əliyevin müəyyənləşdirdiyi möhtəşəm siyasi xəttə sahib çıxacaq, bu kursu irəli apara biləcək yeganə seçim İlham Əliyev idi, Azərbaycanda onun alternativi yox idi. 

2003-cü ildə keçirilən prezident seçkilərində müdrik Azərbaycan xalqı cənab İlham Əliyevə yekdilliklə səs verdi və bu seçim bir daha Heydər Əliyev yolunun alternativinin olmadığını təsdiqlədi. İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və müqəddəs "Qurani-Kərim"ə and içərək ali məqamda ali məramlarını bəyan etdi: "Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir. Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

O, Heydər Əliyevin dövlətçilik mirasını çiyinlərinə götürərək yeni demokratik hüquqi islahatlara start verdi. Peşəkar iqtisadçı kimi iqtisadi idarəetmə kursunu yeni çağırışlara əsaslandırmaqla iqtisadiyyatı büsbütün keyfiyyət mərhələsinə transformasiya etməyi bacardı. Müəllifi olduğu regionların sosial-iqtisadi inkişaf modeli əsaslı infrastruktur intibahı olmaqla paytaxtla bölgələr arasında kommunikativ bərabərliyi təmin etdi. Birnömrəli qayəsi isə erməni tapdağında olan torpaqlarımızın azad edilməsi üçün güclü ordu yaratmaq idi. "Güclü iqtisadiyyat-güclü dövlət" devizinə söykənərək addım-addım Zəfər Ordusunu qurdu, həmçinin beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qüdrətini artırdı, dünya birliyində qətiyyətli simasını formalaşdırdı.

Prezident İlham Əliyevin unikal iqtisadi zəkası Azərbaycanın qlobal dünyaya inteqrasiyasını sürətləndirməklə dayanıqlı və rəqabətli ölkə statusunu təmin etdi. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildi. 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin önəmli hissəsi olan TANAP-ın açılışı baş tutdu, 2020-ci il dekabrın 31-də Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri istifadəyə verildi.

2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı çərçivəsində Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması Azərbaycanın dövlət başçısının müəyyənləşdirdiyi xarici siyasətin növbəti nailiyyəti kimi tarixə həkk olundu. Beş Xəzəryanı ölkənin bərabərhüquqlu maraqlarını təmin edən razılaşmanın qüvvəyə minməsindən sonra regionda yeni siyasi-iqtisadi əməkdaşlıq formatı daha da şaxələndi, yeni transkommunikasiya bağlantıları üçün əlverişli zəmin yarandı. Regional enerji xəritəsinin yeni bloku olan Trans-Xəzər boru kəmərinin reallaşması üçün sağlam mühit təsis olundu. Müasir qlobal nəqliyyat coğrafiyasının ən rentabelli və sərfəli xəttinə çevrilən Orta dəhlizin gerçəkləşməsində də həmin konvensiyanın mühüm əhəmiyyəti var. Azərbaycan hazırda Orta dəhlizin ən strateji halqası olan Zəngəzur dəhlizi quruculuğunu yekunlaşdırmaqdadır ki, bu nəhəng nəqliyyat arteriyası Zəngəzuru "Şərq-Qərb" kommunikasiyasının ən hərəkətverici və axıcı bölgəsinə çevirəcək.

Cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün ötən illər ərzində yorulmadan çalışdı, ATƏT-in Minsk qrupunun, digər beynəlxalq missiyanın Ermənistanın mənafeyinə xidmət edən güzəşt təkliflərini əlinin tərsi ilə geri çevirdi, heç vaxt prinsipial mövqeyindən geri dönməyəcəyini və hərbi yolla da olsa, ərazi bütövlüyünün təmin ediləcəyini bildirdi. Azərbaycanın artan iqtisadi qüdrəti müdafiə büdcəsini də böyütdü, 2003-cü ildə müdafiə büdcəsi 170 milyon dollar təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 14 dəfə artaraq 2,3 milyard dollara çatdırıldı. Bu, Zəfər Ordusunun qarşıya qoyulan ali tapşırığı ən layiqli səviyyədə başa çatdırması üçün mühüm faktorlardan biri idi.

Ali Baş Komandan Ermənistanda, hətta Qərbdə yaranmış "Azərbaycanın hərbi güclə torpaqlarını azad etməsi mümkünsüzdür" mifini darmadağın edərək 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Dünyanın ən ali institutunun kabinetində paraflanmış 30 ilə yaxın icra olunmayan kollegial kağız parçasının hüquqi legitimliyini təkbaşına gerçəkləşdirdi. 

Həmin dövrdə Azərbaycan lideri Ermənistanla yalnız hərbi cəbhədə deyil, həm də informasiya, siyasi-diplomatik müstəvidə mübarizə aparırdı və hər birində haqlı və ədalətli olduğunu sübut edirdi. Onun prosesləri zərgər dəqiqliyi ilə incələmək istedadı və qeyri-adi təmkinlə qərarlar vermək dəyanəti, "dəmir məntiq"i həmişə haqlı olduğunu sübuta yetirirdi. Ali Sərkərdə İlham Əliyev və yenilməz ordumuz tarixi Zəfər qazanmaqla Azərbaycanı əbədi xoşbəxtliyinə qovuşdurdu. 

Azərbaycanın siyasi lideri 2002-ci ildə Vaşinqtonda erməni lobbisinə xatırlatdığı qətiyyətli bəyanatını son akkorduna qədər icra edərək Xankəndidəki qanunsuz hərbi rejimin varlığına son qoydu, cinayət törətmiş şəxsləri həbs edərək layiqli şəkildə cəzalandırdı, Azərbaycanın dövlət suverenliyini tam bərpa etməklə missiyasını başa çatdırdı. O, Azərbaycan xalqının milli yaddaşında dövlətin vahidliyini və milli ləyaqətini bərpa edən lider kimi xarakterizə olunmaqdadır.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında hazırda xalqımız ən qürurlu və rifahlı dövrünü yaşayır. Onun yaratdığı yeni nümunəvi unikal iqtisadi model sayəsində ölkəmiz ötən 21 ildə misilsiz nailiyyətlər əldə edib, Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf mərhələsinə ucalıb. 

2003-2023-cü illərdə ümumi daxili məhsul (ÜDM) 14,8 dəfə artaraq 134 milyard manata çatdı. Dövlət büdcəsinin gəlirləri 25,2 dəfə artaraq 1,2 milyard manatdan 36 milyard manata yüksəldi. Dövlət büdcəsinin xərcləri 27 dəfə artaraq 1,3 milyard manatdan 38 milyard manata çatdı. Hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, 2023-cü ildə 7 milyard manata yaxınlaşdı. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 50 dəfəyə yaxın artaraq 72 milyard ABŞ dollarına çatıb. Ölkəmizin xarici ticarət əlaqələri qurduğu dövlətlərin sayı 124-dən 188-dək artıb.

2003-2023-cü illər ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyaların məbləği 320 milyard ABŞ dollarına yaxınlaşıb. 2003-2023-cü illərdə 2,5 milyon iş yeri yaradılıb. Sahibkarlara 2,5 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. 2003-2023-cü illər ərzində orta aylıq əməkhaqqı 13 dəfə artaraq 77 manatdan 940  manata çatdırılıb. Bu illər ərzində minimum əməkhaqqı 38 dəfə artaraq 9 manatdan 345 manata yüksəlib. Orta aylıq pensiyanın məbləği 18 dəfə artaraq 23,8 manatdan 435 manata çatıb. Minimum pensiyanın məbləği bu illər ərzində 14 dəfə artaraq 20 manatdan 280 manata çatdırılıb.

Dünyanın ən nəhəng maliyyə institutlarının dərc etdiyi beynəlxalq hesabatlara əsasən, Azərbaycan yuxarı ortagəlirli ölkələr qrupuna daxil olub, "orta insan inkişafı" statusuna malik ölkələr qrupundan "yüksək insan inkişafı" statusuna malik ölkələr qrupuna keçib.

2024-cü il fevralın 7-də öz ərazi bütövlüyünü və dövlət suverenliyini, konstitusiya quruluşunu tam bərpa edən Azərbaycanda ilk dəfə keçirilən prezident seçkilərində növbəti dəfə ali dövlət məqamına yüksələn cənab İlham Əliyev demokratik islahatların və iqtisadi idarəetmənin yeni keyfiyyət arxitekturasını qurmaqdadır. Onun postmünaqişə dövründə müasir sülh quruculuğu, regional və beynəlxalq əməkdaşlıq çağırışları və qlobal həmrəylik ideyası yeni iqtisadi-geosiyasi landşaftı formalaşdırmaqdır. Bu, Prezident İlham Əliyevin mötəbərliyinin, möhtərəmliyinin təkrarolunmazlığıdır. 


Ramid NAMAZOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında yaralananlar üçün həkimlər Aktauya gəlib

21:10
25 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

21:09
25 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən

21:08
25 Dekabr

Dövlət Komissiyası: Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür  

21:08
25 Dekabr

“Aktyor sənətini öyrən” layihəsi davam edir

21:07
25 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır  

21:06
25 Dekabr

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib

21:05
25 Dekabr

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

21:04
25 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:03
25 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

21:02
25 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:01
25 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan  

21:01
25 Dekabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

21:00
25 Dekabr

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

Milad günü Norveçdə qatarların hərəkəti dayandırılıb

17:26
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!