13 Yanvar 2026 10:16
140
İQTİSADİYYAT
A- A+
Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

Son illərdə iqlim dəyişikliyi, ölkənin su ehtiyatlarının 70 faizdən çoxunun transsərhəd çay axınlarından asılı olması və su tələbatının artması Azərbaycanda su ehtiyatlarının idarə edilməsində yeni yanaşmaların tətbiqini zəruri edib. Bu məqsədlə 2020-ci ildən etibarən su təsərrüfatı dövlət prioriteti səviyyəsinə yüksəldilib, su ehtiyatlarının səmərəli istifadəsi, su itkilərinin azaldılması, uçot və nəzarət sistemlərinin təkmilləşdirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası üzrə kompleks tədbirlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısı ölkənin su təsərrüfatı sahəsində görülən işlərlə bağlı danışıb. Prezident qeyd edib ki, içməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olub.

“Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapıb. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib",- deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyevin sözlərinə görə, bu gün azad edilmiş ərazilərdə də içməli su və suvarma layihələri icra edilir: “Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.

Prezident qeyd edib ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür.

“Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Qeyd etdiyim kimi, son 20 il ərzində ancaq sadaladığım, - halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.

Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bu gün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda, görülmüş işlərdən danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Müşavirədə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, 2020-ci ildən başlayaraq hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir. Su təsərrüfatı balansı əvvəlki üç il üzrə faktiki hesabat ili üzrə gözlənilən və növbəti il üzrə proqnoz göstəricilərini özündə əks etdirir ki, bu da ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmənin aparılmasına imkan verir.

Onun sözlərinə görə, su ehtiyatlarının içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və prioritetləşmə aparmaqla optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində əsas su anbarlarında su ehtiyatlarının həcmi cari il yanvarın 1-nə 16,4 milyard kubmetr təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 milyard kubmetr və ya 60 faiz çoxdur.

“Ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanıb. Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılıb. Komissiyanın fəaliyyəti çərçivəsində əsas su anbarları üzrə tövsiyə olunan iş rejimləri təsdiq edilir, sudan istifadə gündəlik qaydada nəzarətdə saxlanılır və görülən tədbirlər əhalinin içməli və suvarma suyu ilə təchizatının daha da yaxşılaşdırılmasına, su elektrik stansiyalarının səmərəlilik göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradılıb. Ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsi üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, içməli su təchizatı sahəsində sayğaclaşdırma, subartezian quyularında avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi istiqamətində işlər davam etdirilir. Ölçmə cihazlarının texniki parametrlərinin elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiyası üzrə işlər aparılır. Müasir ölçmə cihazlarının quraşdırıldığı məntəqələrdən daxil olan operativ məlumatlar əsasında gündəlik bülletenlər hazırlanır və aidiyyəti qurumlara təqdim olunur”.

Qeyd edək ki, Azərbaycanın su ehtiyatlarının idarə olunması son illərdə həm iqlim dəyişmələri, həm də artan əhali və iqtisadi fəaliyyət fonunda strateji əhəmiyyət kəsb edən məsələlərdən birinə çevrilib. Bu kontekstdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarəetmə mexanizmlərinin yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer alır. Məhz bu zərurətdən irəli gələrək Azərbaycan Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yüksək səviyyəli Dövlət Su Komissiyası yaradılıb. Yeni yaradılan Komissiya ölkə üzrə su istifadəsinin mövcud vəziyyətinin kompleks təhlilini aparmaq, su ehtiyatlarının uçotu və idarə olunmasında sistemli yanaşmanı formalaşdırmaq, habelə sahədə mövcud institusional və infrastruktur problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər hazırlamaq missiyasını üzərinə götürüb. Dövlət Su Komissiyasının fəaliyyəti su təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının dayanıqlılığı və uzunmüddətli sosial-iqtisadi inkişaf baxımından yeni idarəetmə mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Dövlət Su Komissiyasının fəaliyyətinin institusional və praktiki çərçivəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə 2020–2022-ci illər üçün Tədbirlər Planı təsdiq edilib. Sözügedən sənəd su ehtiyatlarının idarə olunmasında sistemli yanaşmanın təmin edilməsinə yönəlmiş əsas prioritet istiqamətləri müəyyənləşdirib. Tədbirlər Planı çərçivəsində su obyektlərinin mütəmadi monitorinqinin təşkili, nəzarətsiz və qeyri-qanuni su götürmələrin qarşısının alınması, vahid və şəffaf su uçotu sisteminin qurulması, habelə suvarma və paylama şəbəkələrində itkilərin azaldılması əsas vəzifələr kimi müəyyən olunub. Bununla yanaşı, plan su resurslarının səmərəli istifadəsi, ekoloji tarazlığın qorunması və su təsərrüfatında idarəetmə intizamının gücləndirilməsi baxımından normativ və texniki tədbirlərin kompleks icrasını nəzərdə tutur.

Su ehtiyatlarının idarə olunmasında rəqəmsal transformasiyanın təmin edilməsi məqsədilə “Elektron su təsərrüfatı informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Sözügedən sənəd elektron sistemin fəaliyyət prinsiplərini, məlumatların toplanması və emalı mexanizmlərini, dövlət qurumları arasında informasiya inteqrasiyasını, habelə institusional məsuliyyət bölgüsünü normativ əsasda müəyyənləşdirir. Elektron su təsərrüfatı informasiya sisteminin tətbiqi su ehtiyatlarının uçotunun dəqiqləşdirilməsi, real vaxt rejimində monitorinqin aparılması, qərar qəbuletmə prosesinin məlumat əsaslı təşkil edilməsi və şəffaflığın artırılması baxımından mühüm alət kimi qiymətləndirilir. Bu mexanizm, eyni zamanda, nəzarətsiz su istifadəsinin qarşısının alınması və su itkilərinin minimuma endirilməsi istiqamətində dövlət nəzarətinin gücləndirilməsinə xidmət edir.

Bundan başqa, su ehtiyatlarının qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Oxçuçayın ekoloji vəziyyətinə nəzarət məqsədilə 2021-ci ilin yanvar ayından etibarən mütəmadi kompleks monitorinqlər həyata keçirilir. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrup formalaşdırılıb. Monitorinqlər zamanı Oxçuçayın suyundan və dib çöküntülərindən nümunələr götürülərək üzərində fiziki-kimyəvi təhlillər aparılıb, əldə olunan nəticələr əsasında çayın çirklənmə səviyyəsinin dinamik qiymətləndirilməsi hazırlanıb. Paralel olaraq, su təsərrüfatı infrastrukturunun modernləşdirilməsi istiqamətində iri kanallar və magistral xətlər üzrə suölçən cihazların quraşdırılması, kanalların təmir-bərpası və sızmaların azaldılması üzrə tədbirlər icra edilib. Bu tədbirlərin davamı olaraq su ehtiyatlarının planlaşdırılması və idarə olunmasında balanslaşdırılmış yanaşmanın formalaşdırılması məqsədilə su balansı modulunun tətbiqi üzrə ilkin mərhələyə başlanılmışdır. Sözügedən addımlar su itkilərinin minimuma endirilməsi, uçotun dəqiqləşdirilməsi və qərar qəbuletmə prosesinin elmi əsaslara söykənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şahin Mustafayev qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi ilə birlikdə həmin ərazilərdəki su ehtiyatlarımız üzərində də nəzarət bərpa edilib ki, bu da ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 20 faizinə bərabərdir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər üzrə fəaliyyətin əlaqələndirilməsi Komissiya tərəfindən Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilir.

Onun sözlərinə görə, Laçın rayonunda Qubadlı və Zəngilan rayonları üzrə 12 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı məqsədilə həcmi 26,7 milyon kubmetr olan “Zabuxçay” su anbarı inşa edilərək istismara verilib: “Ağdərə rayonunda həcmi 5,9 milyon kubmetr olan “Suqovuşan” su anbarı təmir-bərpa edilib. Dörd rayon üzrə 29,7 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına xidmət edən 20 kilometr uzunluğunda “Tərtərçay” sol sahil suvarma kanalı və onu “Suqovuşan” su anbarından su ilə təmin edən 5,2 kilometr uzunluğunda magistral kanalı yenidən qurularaq istismara verilib. Beş rayon üzrə 67 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq 50 kilometr uzunluğunda “Tərtərçay” sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanmış və tikinti işlərinə başlanılacaqdır. Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən “Xaçınçay” su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15,5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6,2 min hektar təşkil edən “Köndələnçay” su anbarları təmir-bərpa edilib".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov müşavirədə çıxış edərək bildirib ki, Azərbaycanda fasiləsiz içməli su təminatı, sayğaclaşdırma ilə bağlı faizlər və bununla bərabər Avropa İttifaqında olan rəqəmlər göstərilib. Onun sözlərinə görə, içməli suya olan əlçatanlıq Azərbaycanda 73,4 faiz, təxminən 74 faiz, Avropa İttifaqında isə 95 faizdir: "Fasiləsiz su təminatı Azərbaycan üzrə 72,5 faiz, Bakı və Abşeronda, - Siz də qeyd etdiniz, - 70 faizdir. Bunun fərqli olmasının səbəbi son illərdə rayonlarda, bölgələrdə aparılan böyük quruculuq işləridir. Odur ki, orada fasiləsiz suya əlçatanlıq daha yüksəkdir. Sayğaclaşdırma Avropa İttifaqı ilə müqayisədə daha yüksək səviyyədədir – 91,9 faiz, təxminən 92 faizə çatmaqdadır. Su itkilərimiz isə daha yüksəkdir. Su itkiləri faktiki olaraq 38,6 faizdir ki, bu, Avropa İttifaqında orta hesabla 22 faizdir. Bununla yanaşı, bizim itkilərimiz 46 faizə yaxındır. Çünki bununla yanaşı, bir də daxili istismarda olan sular var, onlar da itki olaraq nəzərə alınır. Avropada bu, 3 faiz olduğu halda, Azərbaycanda 9 faiz səviyyəsindədir”.

Bundan başqa, 2024-cü ildə görülən işlər üzrə su ehtiyatlarının alternativ mənbələr hesabına genişləndirilməsi və təkrar istifadənin təşviqi məqsədilə Bakı şəhərində Hövsan Aerasiya Qurğusunda təmizlənmiş çirkab sularının kənd təsərrüfatında suvarma məqsədilə istifadəsi üzrə pilot layihə icra olunub. Layihə çərçivəsində müəyyən edilmiş təcrübə sahələrində təmizlənmiş sularla suvarma aparılıb, aqrotexniki və ekoloji göstəricilər üzrə nəticələr toplanaraq sistemli şəkildə təhlil edilib. Aparılmış müşahidə və analizlər əsasında təmizlənmiş çirkab sularının suvarmada istifadəsinin mümkünlüyü, riskləri və effektivliyi qiymətləndirilmiş, əldə olunan nəticələr mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflərin hazırlanmasına imkan verib. Sözügedən pilot layihə su qıtlığı şəraitində dayanıqlı su idarəçiliyi modellərinin formalaşdırılması və dövri iqtisadiyyat prinsiplərinin su təsərrüfatına inteqrasiyası baxımından əhəmiyyətli praktiki təcrübə kimi dəyərləndirilir.

Z.Mikayılovun sözlərinə görə, tikinti və layihələndirmə işləri ilə yanaşı, sistemlərin düzgün uçotunun aparılması və rəqəmsallaşdırılması da çox vacibdir: “Çünki sistemlər genişləndikcə onlara insan sayı ilə nəzarət etmək mümkün olmayacaq. Bunun üçün də bir çox yerlərdə - Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı və yağış suları sistemlərində proqram təminatları, yeni “Skada” sistemləri, "Ayote" (IoT) dediyimiz internet texnologiyalarından istifadə edilərək nəzarət sistemləri qurulacaq ki, bu da uçot sisteminin elektronlaşdırılmasına və təkmilləşdirilməsinə, insan amilinin bu sistemdən mümkün qədər çıxarılmasına yol açacaq. Suyun keyfiyyət göstəriciləri onlayn monitorinq olunacaq və bu şəkildə gündə bir neçə dəfə laboratoriya analizləri almaqla deyil, gördüyümüz hər hansı bir dəyişiklik onlayn şəkildə sistemdə göstərilərək yerində və zamanında müdaxilələr həyata keçiriləcək. Sızmaların və su itkilərinin qarşısının alınması üçün "Ayote" monitorinq sistemləri sayəsində bundan çox tez xəbər tutmağı və onun operativ şəkildə həll edilməsini nəzərdə tuturuq. Təbii ki, bütün bu işlərin görülməsi ilə yanaşı, biz həmin istiqamətdə maddi-texniki bazanın, yəni istismar qurumlarının maddi-texniki bazasını yüksəldərək, onların bu xətalara, bu qəzalara və bu işlərə operativ reaksiya göstərməsini nəzərdə tuturuq”.

Rəsmi statik məlumatlara son iki il ərzində təxminən 40 minədək köhnə mexaniki su sayğacı mərhələli şəkildə elektron smart sayğaclarla əvəz olunub. Bu dəyişiklik su istehlakının dəqiq uçotunun aparılması, itkilərin azaldılması və istehlakçı davranışlarının daha şəffaf şəkildə idarə edilməsi baxımından mühüm irəliləyiş kimi qiymətləndirilir. Bununla paralel olaraq, içməli suyun keyfiyyətinin standartlara uyğunluğunun təmin edilməsi istiqamətində laborator nəzarət mexanizmləri gücləndirilib, müasir analiz metodları tətbiq olunub və risk əsaslı su təhlükəsizliyi yanaşmalarının əhatə dairəsi genişləndirilib. Görülən tədbirlər əhalinin sağlam içməli suya çıxışının təmin edilməsi ilə yanaşı, su təchizatı sistemində qabaqlayıcı nəzarət və erkən xəbərdarlıq mexanizmlərinin formalaşdırılmasına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

Sudanlı nazir müavini “ASAN xidmət”də  

11:19
13 Yanvar

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

11:17
13 Yanvar

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi hava hücumu edib, ölənlər və yaralananlar var  

11:14
13 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

10:51
13 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib  

10:48
13 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

10:31
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:21
13 Yanvar

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

10:16
13 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:11
13 Yanvar

Azərbaycan nefti cüzi bahalaşıb  

10:06
13 Yanvar

AAYDA gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

10:01
13 Yanvar

Böyük Britaniya qoşunlarının Ukraynaya göndərilməsi şərtini açıqlayıb  

09:44
13 Yanvar

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 faiz vergi tətbiq ediləcəyini açıqlayıb  

09:34
13 Yanvar

Ağ Ev: Neft tankerləri Venesuela limanlarını yalnız ABŞ-ın icazəsi ilə tərk edəcək  

09:32
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!