23 Sentyabr 2022 00:42
521
İQTİSADİYYAT
A- A+

Azərbaycan "yaşıl enerji" istehsalına da sanballı töhfələr verəcək 

 

Bərpaolunan enerjidən istifadə getdikcə dünyada özünə daha geniş yer alır. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, dünyanın enerji sistemi "xalis sıfır" emissiyalar cığırı ilə irəliləyərsə, əsrin ortasında elektrik enerjisi istehsalının 90 faizə qədəri bərpaolunan enerji mənbələrinin payına düşər. Bunun da 70 faizi günəş və külək enerjisi mənbələrindən alınar. 
Bu sahənin inkişafı üçün Azərbaycanın da geniş imkanı və potensialı var. Odur ki, ölkəmizdə həmin məsələyə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev bu barədə demişdir: "Adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq, bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq".
Prezident İlham Əliyevin bərpaolunan enerji mənbələrini ölkənin inkişafında strateji prioritet kimi müəyyənləşdirən "yaşıl enerji" kursu uğurla həyata keçirilir. Hazırda Azərbaycanda bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr reallaşır. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Perspektivdə yeni layihələrin gerçəkləşməsi dayanır. Belə ki, ölkəmiz "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edib.
Bərpaolunan enerji sahəsində zəngin təcrübəsi olan xarici şirkətlər də Azərbaycanın dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə inamla qoşulublar. Xüsusilə Prezidentimizin işğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonası elan etməsi böyük maraq doğurur. Məsələn, bp şirkəti ilə Cəbrayıl rayonunda tikiləcək 200 meqavatdan çox gücə malik olan günəş-elektrik stansiyası layihəsi ilə bağlı məsələlər uğurla həll edilir. 
Bir sıra digər ölkə və şirkətlərin də Azərbaycanla bu sahədə əməkdaşlıq və tərəfdaşlıq etmək istək və məqsədləri var. Bunu təkcə cari ay ərzində Energetika Nazirliyində keçirilən görüşlər də təsdiqləyir.
Energetika naziri Pərviz Şahbazovun ölkəmizdə səfərdə olan Pakistanın Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Masud Maliklə görüşündə enerji sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının inkişafı üzrə perspektiv imkanlar nəzərdən keçirilib. Azərbaycanın enerji ixrac infrastrukturunun genişləndirilməsi, təbii qazın nəqli və ixracı sahəsindəki təcrübəsi vurğulanıb. Pakistana mayeləşdirilmiş təbii qaz tədarükü, ölkədə boru nəql infrastrukturu, maye qazın reqazifikasiyası, neft emalı, neft məhsullarının pərakəndə satışı kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda ölkəmizin "yaşıl enerji" potensialı, bu potensialın reallaşdırılması istiqamətində xarici investisiyaların cəlbi ilə icra olunan layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üçün görülən işlər haqqında qonağa məlumat verilib.
Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann ilə görüşdə də iki ölkə arasında enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafı perspektivlərindən danışılıb.
Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub. Bu sənədin Almaniya şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə "yaşıl enerji" sahəsinə yönəlməsi üçün bir mesaj olduğu vurğulanıb. Azərbaycanın bərpaolunan enerji layihələri barədə məlumat verilib. Alman şirkətlərinin ölkəmizə missiyasının təşkili təklif edilib və şirkətlər bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrdə iştiraka dəvət olunub.
Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşdə ölkəmizdə enerji sahəsində həyata keçirilən yerli və qlobal əhəmiyyətli layihələr, o cümlədən elektroenergetikanın inkişafı və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb. BƏƏ-nin "Masdar" və "TAQA" şirkətləri ilə mövcud əməkdaşlıq və cari layihələrin icra vəziyyəti nəzərdən keçirilib. İki ölkə arasında "yaşıl enerji" əməkdaşlığı enerji keçidinə birgə töhfə kimi qiymətləndirilib və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Belçika Krallığının energetika naziri Tinne Van der Straeten ilə görüş isə onlayn formatda olub. Qlobal enerji gündəliyində olan məsələlər və Azərbaycanın enerji istehsalı və ixracı istiqamətində həyata keçirdiyi tədbirlər nəzərdən keçirilib. İki ildən az bir vaxtda "Cənub qaz dəhlizi" ilə Avropa ölkələrinə artan dinamika üzrə təbii qaz tədarük edildiyi, enerji sahəsində Avropa İttifaqı ilə yenilənmiş Strateji Tərəfdaşlıq Sənədinə uyğun hazırda layihənin ötürücülük gücünün artırılmasının prioritetliyi qeyd olunub.
Eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyinin təminatına növbəti perspektiv töhfəsi kimi Xəzər dənizinin külək enerjisi potensialının Şərqi Avropaya ixracı ilə bağlı planları diqqətə çatdırılıb. Həm təbii qaz tədarükünün artırılması, həm də külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların yatırılmasının və əməkdaşlığın vacibliyi vurğulanıb. Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əhəmiyyətindən bəhs edilib.
"Serbiya Azərbaycandan elektrik enerjisi idxal etməyi nəzərdə tutur. "Bu sözləri isə Serbiyanın Baş nazirinin müavini - energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç Belqradda deyib.
Nazir bildirib ki, Serbiyanın "Elektroprivreda Srbije" (EPS) dövlət enerji şirkəti Azərbaycandan 2600 meqavat-saat elektrik enerjisinin alınması ilə bağlı razılığa gəlib. Z.Mixayloviç hazırda rəsmi Belqradın həmin elektrik enerjisinin nəqli üçün Türkiyə ilə danışıqlar apardığını da qeyd edib.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın əvvəlində Balkan regionuna səfəri zamanı türkiyəli həmkarından Azərbaycanın elektrik enerjisinin Bolqarıstan üzərindən Serbiyaya ötürülməsində kömək istəyib.
Bütün bunlar göstərir ki, dünyaya səs salan neft-qaz və ixrac, nəqliyyat-kommunikasiya layihələrini həyata keçirən ölkəmiz yaxın zamanlarda gələcəyin enerjisi - "yaşıl enerji" istehsalı sahəsinə də öz sanballı töhfəsini verəcək.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video