Vəziyyətin gərginləşməsinə və hər hansı baş verəcək təxribata görə məsuliyyət İrəvanın və onun havadarlarının üzərinə düşəcək
Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında aprelin 5-də keçirilməsi nəzərdə tutulan konfrans ərəfəsində Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması müşahidə edilir. Belə ki, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə KİV-də və sosial şəbəkələrin erməni seqmentində vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Qərb Ermənistanı revanşizmə sövq edir
Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin, zirehli texnikasının, artilleriya qurğularının, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkətinin müşahidə edilməsi haqlı olaraq suallar yaradır. Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edərək bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bu barədə məlumatda bəyan edilib ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistanın və onun havadarlarının üzərinə düşəcək.
Aprelin 5-nə planlaşdırılan ABŞ-Aİ-Ermənistan konfransından ruhlanan ermənilərin hansısa hoqqalardan çıxmaları, sülh danışıqları və münasibətlərin normallaşdırılması prosesinə zərbə vurmaq istəmələri gözləniləndir. Çünki bu gün Qərbin adıçəkilən siyasi dairələrinin Cənubi Qafqazla bağlı mövqeləri və planları Ermənistanı sülhə yox, revanşizmə sövq edir. Başqa cür desək, Qərb dairələri məqsədyönlü şəkildə İrəvanı sülh prosesini pozmağa həvəsləndirirlər. Və bundan cəsarətlənən Ermənistan hərbi-siyasi rəhbərliyi sadəlövhcəsinə nəsə əldə edəcəyinə inanır.
Əlbəttə, buna bənzər hadisələr əvvəllər də çox olub. Hələ Vətən müharibəsinə qədər Ermənistan məlum siyasi dairələrə arxalanaraq Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamışdı. Haqq-ədalət Azərbaycanın tərəfində olsa da, məhz Qərb siyasi dairələrinin dəstəyi ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini tapdalayır və hətta ölkəmizi yeni müharibə və işğalla təhdid edirdi.
Lakin 44 günlük müharibə göstərdi ki, Ermənistanın cəzasını vermək və torpaqlarını azad etmək Azərbaycan üçün çətin məsələ deyil. Eyni zamanda həm 44 günlük müharibə, həm antiterror tədbirləri təsdiqlədi ki, heç kim gəlib Ermənistanın yerinə döyüşməyəcək. Digər tərəfdən, həm Aprel döyüşləri, həm Tovuz döyüşləri, həm Vətən müharibəsi, həm də antiterror tədbirləri göstərdi ki, Ermənistanın və separatçıların bütün təxribatları özlərinə baha başa gəlib. Bu baxımdan, Ermənistanın indi hansısa təxribatının ilk növbədə öz başında çatlayacağını söyləmək çətin deyil. Baş verənlər həm də göstərir ki, Ermənistan "dəmir yumruq" üçün darıxıb.
ABŞ-Aİ-Ermənistan konfransı xoşməramlı ola bilməz
Ermənistan və Qərb siyasi dairələri planlaşdırdıqları 5 aprel konfransını tamamilə başqa cür şərh edirlər, bu tədbirin guya regionda sülhə xidmət göstərəcəyini bildirirlər. Lakin aydındır ki, birtərəfli şəkildə heç bir problem həll olunmur və ya sülh əldə edilmir. Bu baxımdan, ABŞ-Aİ-Ermənistan konfransı heç bir halda xoşməramlı ola bilməz.
Digər tərəfdən sual olunur ki, niyə Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın bir dövrdə ABŞ və Avropa İttifaqının təşkilatçılığı ilə belə bir konfrans keçirilməyib. 30 ilə yaxın dövr az müddət deyil və bu dövrdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı bir tədbir təşkil etmək olardı.
44 günlük müharibədən sonra bütün dünya erməni vəhşiliyinə, Azərbaycan ərazilərinin vandalcasına dağıdılmasına şahidlik etdi. İndi bu torpaqları Azərbaycan dövləti öz imkanları hesabına bərpa edir. Nədən Avropa İttifaqı və ABŞ bu prosesdə öz töhfələrini vermək istəmirlər.
Yaxud ərazilərimizin minalanmasının fonunda dünya Ermənistanın terrorçu xislətini gördü. Müharibədən sonra yüzlərlə Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı oldu. Amma ABŞ və Avropa İttifaqı susur və üstəlik, minatəmizləmə prosesində də Azərbaycana kömək etməkdən uzaqdır.
Bütün bunların fonunda ABŞ və Avropa İttifaqının Ermənistanla bağlı konfrans keçirməsi riyakarlıqdan, ikiüzlülükdən, bu ölkəni işğala həvəsləndirməkdən başqa bir şey deyil.
Əzilən erməni dövləti və xalqı olacaq
Əslində, nə Avropanı, nə də ABŞ-ni Ermənistan maraqlandırmır. Bu ölkə sadəcə olaraq Qərbin əlində Kremlə qarşı istifadə etmək, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və ya ona qarşı ikinci cəbhə üçün vasitədir. ABŞ və Avropa İttifaqının Ermənistanla imzalamağı planlaşdırdığı təhlükəsizlik zəmanətinə dair sənədin də məqsədi məhz budur. Qərb belə bir sənədin imzalanmasına nail olmaqla Ermənistanı özünün anti-Rusiya avantürasına daha dərindən cəlb etmək niyyəti güdür. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünü dayandırması da göstərir ki, İrəvan Qərbin Rusiya ilə bağlı planlarına aktiv şəkildə qoşulub. Bütün bunlar, o cümlədən Ermənistandakı Avropa İttifaqı missiyasının tərkibi artıq Rusiyada da ciddi narahatlıqla qarşılanır. "İndi, üstəlik, Norveç, Kanada və ABŞ-dən olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında yazıb ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib. "Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması kimi davranması böyük sual doğurur. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin həddindən artıq təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirirlər", - deyə o bildirib.
Görünən odur ki, əzilən erməni dövləti və xalqı olacaq. Çünki xəstə təfəkkür və saxta iddialar, üstəlik, asanlıqla xəyanət etməyi bacarmaları bu xalqa yaxşı heç nə gətirə bilməz.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"