XX əsrin ortalarında dünyanın siyasi xəritəsində mühüm dəyişiklik baş verdi. Uzun zaman Böyük Britaniyanın müstəmləkəsi olmuş Hindistanın iki hissəyə bölünməsi nəticəsində müstəqil Pakistan dövləti yarandı. Bu hadisə həm də islam dünyasının tarixində mühüm bir mərhələnin başlanğıcı oldu. Eyni zamanda 1947-ci ildə müstəqillik əldə edəndən sonra Hindistanın BMT qətnamələrini qulaqardına vurması nəticəsində Kəşmir üstündə münaqişə yarandı və sonralar dəfələrlə iki ölkə arasında qanlı müharibələrə gətirib çıxardı. 1999-cu ildən sonra tərəflərin nüvə silahına malik olması onların arasında baş verən qarşıdurmanı artıq Cənubi Asiya regionu üçün deyil, bütövlükdə dünyanı təhdid edən bir təhlükəyə çevirdi.
Pakistan adı yaradılması nəzərdə tutulmuş bu ölkəyə hələ 1933-cü ildə qoyulub və mənası "paklar diyarı", "pak insanlar ölkəsi" anlamındadır. Bu dövlətin qurulmasında misilsiz xidmətləri olan, öz şüurlu həyatını onun yaradılmasına həsr etmiş böyük rəhbər Məhəmməd Əli Cinna o zaman ağır xəstə idi. Ona özünün şah əsəri olan müstəqil Pakistanı yalnız bir il görmək qismət oldu.
İslam dünyasının yeganə nüvə dövləti olan Pakistanın əhalisi 2025-ci ildə 255,3 milyon nəfərə çatmışdır. Hazırda əhalisinin sayına görə dünyada 5-ci yeri tutur. Böyük insan resurslarına malik olan Pakistan iqtisadiyyatında bu il sabitləşmə əlamətləri müşahidə olunur. Cari maliyyə ilində ümumi daxili məhsulun 2,7 faiz artacağı, xidmət sektorunda da artımın olacağı proqnozlaşdırılır. Bununla belə, iqtisadi artıma mənfi təsir göstərə biləcək regional qeyri-sabitliklə bağlı narahatlıqlar da mövcuddur.
Çətin qlobal iqtisadi vəziyyətə baxmayaraq, Pakistan iqtisadiyyatında 2025-ci ilin iyununda başa çatan maliyyə ilində ümumi daxili məhsulda 2,7 faiz artım qeydə alınıb. İnflyasiya durmadan azalır, səhmdarların inamı artır və əsas iqtisadi göstəricilər yaxşılaşır.
Pakistan bu il orta səviyyədən yuxarı gəlirli ölkəyə çevrilmişdir və onun 2047-ci ilə qədər (ölkənin yüzilliyi) dünyanın ən yaxşı 10 iqtisadiyyatı sırasına daxil olması gözlənilir.
Pakistan iqtisadiyyatı 2025-ci maliyyə ilində ilk dəfə olaraq nominal ümumi daxili məhsulu 411 milyard dollar olmaqla əhəmiyyətli bir mərhələyə çatdı. Pakistan islahatlar və sabitlik ilə dəstəklənən 2035-ci maliyyə ilinə qədər 1 trilyon dollar ümumi daxili məhsul əldə etməyi hədəfləyir. Təsadüfi deyil ki, Pakistanın Baş naziri Şahbaz Şərif demişdir ki, "Cəsarətli islahatlar, balanslaşdırılmış siyasət və xalqımızın dözümlülüyü sayəsində Pakistan iqtisadiyyatı davamlı inkişaf yolundadır".
Kənd təsərrüfatı ölkənin mühüm iqtisadiyyat sahəsidir və ixracın 75 faizi bu sahədə formalaşır. Əsas ixrac məhsulları kimi buğda, şəkər çuğunduru, pambıq, düyü, meyvə və tərəvəz, çay, ədviyyat və digər ərzaq məhsulları daha çox paya malikdir. Hazırda o, çəltiyin ən böyük istehsalçılarından biridir.
Pakistan iqlim dəyişikliyinə həssaslıq baxımından dünyada beşinci ölkədir, fəlakət riskinə görə isə 194 ölkə arasında 23-cü yerdədir. 2030-cu ilə qədər iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq məqsədilə Pakistanın müxtəlif sektorlarına təxminən 350 milyard dollar sərmayə qoyulmalıdır.
Son zamanlar Pakistan texnoloji suverenliyə can atır, lakin bu ambisiyalar obyektiv iqtisadi və siyasi reallıqlar və əsas suvarma çaylarının mənbələrinə nəzarət edən Hindistanla uzun sürən münaqişə ilə toqquşur.
Pakistan yüngül sənayesi dünya bazarına toxuculuq məmulatları, paltarlar, dəri məmulatları, elektronika və məişət texnikası, tibbi avadanlıqlar və dərmanlar ixrac edir.
Hazırda Bəlucistan, Sind və Pəncab əyalətlərində 7 təbii qaz və neft yatağı istismar olunur. Pakistan rəqəmsal texnologiyaları fəal surətdə mənimsəyir. Son illər burada kriptovalyutalara və süni intellektə marağın artması müşahidə olunmaqdadır. Xüsusilə Karaçi və Lahor kimi böyük şəhərlərdə gənclər kompüter imkanlarından daha çox istifadə edir və ticarətdə iştirak edirlər. Əhalinin 45,7 faizi internetə sabit qoşula bilir. Ölkə texnologiyadan uzaq durmur, amma onun təbiətə zərərini minimuma endirməyə çalışır.
Pakistan 2025-26-cı maliyyə ili üçün 62,4 milyard dollarlıq ümumi federal büdcə elan edib, müdafiə xərcləri əvvəlki ilə nisbətən 20 faiz artaraq 9 milyard dollar təşkil etmişdir.
Pakistan islam dünyasının nüfuzlu və böyük dövlətlərindən biri kimi Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 12-də ilk tanıyanlardan biri olub. Diplomatik əlaqələr isə 9 iyun 1992-ci il tarixdə qurulub. O vaxtdan başlayaraq bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşmiş və möhkəmlənmişdir. Bunda dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Hələ 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Kasablankada Pakistanın sabiq Baş naziri Benazir Bhutto ilə görüşündən sonra Azərbaycan-Pakistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin 2025-ci ilin fevralında Azərbaycana səfəri çərçivəsində təşkil olunan Pakistan-Azərbaycan biznes-forumu iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və qarşılıqlı investisiyaların güclənməsinə töhfə verdi. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il fevralın 24-ü Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata verdiyi birgə bəyanatında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdı. Bu dost ölkənin baş naziri dəfələrlə ölkəmizə səfərləri zamanı Xankəndi və Şuşaya da getmiş və birgə strateji tərəfdaşlığa dair bəyanatlarla çıxış etmişdir.
İkitərəfli münasibətlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı formatında da inkişaf edir. Pakistan hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, ölkəmiz üçün ən çətin anlarda onun yanında olmuşdur. Zəfərlə bitən 44 günlük Vətən müharibəsi buna bariz nümunədir. Hər iki ölkə bir sıra beynəlxalq qurumlar çərçivəsində də daim bir-birinin mövqeyini dəstəkləmişdir. Ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində iqtisadi əlaqələri daha da genişləndirmək niyyətindədir.
Azərbaycan ilə Pakistan arasında ticarət-iqtisadi əlaqələr həmçinin strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi səylər göstərirlər. 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 22,5 faiz artaraq 22 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 4,9 milyon dollar çoxdur. Azərbaycanın Pakistandan idxalı 8,6 faiz artaraq 21,8 milyon dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi təxminən 11 milyon dollar təşkil edib.
2024-cü il iyulun 11-də İslamabadda Azərbaycan və Pakistan hökumətləri arasında imzalanmış güzəştli ticarət haqqında saziş oktyabr ayında təsdiq edilib. Tərəflər yaxın bir neçə il ərzində Pakistan və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini ildə ən azı 1 milyard dollara çatdırmaq əzmində olduqlarını bildiriblər. Azərbaycan və Pakistan arasında imzalanmış güzəştli ticarət sazişi ticarət üçün yeni imkanlar açıb.
Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və qarşılıqlı investisiyaların artırılması məqsədilə müntəzəm olaraq danışıqlar aparılır. Təsadüfi deyil ki, 2024-cü ilin sentyabrında keçirilən biznes-forumunda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, əczaçılıq, tekstil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak ediblər.
Cari il iyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü çərçivəsində imzalanan investisiya sazişinə əsasən, Azərbaycan tərəfi Pakistan iqtisadiyyatının inkişaf etdirilməsinə 2 milyard dollar yatırım qoyacaq. Bu saziş Bakı ilə İslamabad arasında ticarət və investisiya əlaqələrini tarixən yüksək səviyyəyə çatdırır. Bu, həm də qardaşlıq əlaqələrinin və iqtisadi tərəfdaşlığın daha da möhkəmlənməsinə zəmanət verir.
Həmçinin Bakı və İslamabad arasında investisiyalar üzrə Anlaşma Memorandumu imzalanıb. Azərbaycan və Pakistan qarşılıqlı investisiyaları təşviq etmək barədə razılığa gəliblər. Əsas investisiya sahələrinə neft və qaz kəşfiyyatı, bərpaolunan enerjinin inkişafı və enerji səmərəliliyi daxildir. Bu ilin iyul ayında Azərbaycanın iqtisadiyyat nazirliyi ilə Pakistanın federal rabitə nazirliyi arasında İslamabadda keçirilən görüşdə tərəflər regional əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildirmişlər.
Həmçinin 2025-ci ilin yanvarında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirliyi ilə Pakistanın özəlləşdirmə üzrə federal nazirliyi arasında Azərbaycan tərəfinin Pakistanın əsas yol layihələrinə, o cümlədən M6 və M9 magistrallarına mümkün investisiyaları barədə danışıqlar aparılıb. Bu layihələr Pakistan, Azərbaycan və Mərkəzi Asiya respublikaları arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına xidmət edəcək.
2025-ci ilin fevralında SOCAR-ın nümayəndə heyətilə Pakistanın özəlləşdirmə nazirliyinin nümayəndəliyi arasında enerji tərəfdaşlığının daha da genişləndirilməsini müzakirə etmək üçün görüş keçirilib.
Hazırda Azərbaycanda Pakistanın 3600 şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər əsasən kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, ticarət və həmçinin xidmət sahələrində fəaliyyət göstərirlər.
Enerji sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdən biri sayılır. 2024-cü ilin dekabrında Pakistan Dövlət Neft Şirkəti (PSO) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Pakistanın enerji mənbələrinin şaxələndirilməsinə kömək edəcək neft məhsullarının tədarükünə dair saziş imzalayıb.
Bu gün qardaş Pakistanın silahlı qüvvələri dünyada sayına görə 6-cı yerdədir. Pakistan hərbi texnologiyaları və kadr hazırlığı sahəsində Azərbaycana mühüm dəstək göstərir. Son illər Azərbaycan Pakistanda istehsal olunan müasir hərbi texnikaya, xüsusilə aviasiya sahəsindəki yeniliklərə xüsusi maraq göstərir. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın ötən il Pakistandan ÆF-17C çoxməqsədli qırıcı təyyarələri alması oldu. Hərbi sahədə Pakistanla Azərbaycan arasında müttəfiqlik gələcəyə istiqamətlənmiş strateji tərəfdaşlıq kimi qiymətləndirilir.
Azərbaycan və Pakistan arasında əlaqələr dərin tarixi və mədəni tellərlə bir-birinə sıx bağlıdır. İki xalqı ortaq islami dəyərlər, tarix və ənənələr sıx birləşdirir. Qarşılıqlı münasibətlərin inkişafında mədəniyyət və təhsil sahəsində əlaqələrin xüsusi yeri vardır. Son illər tələbə və müəllimlərin mübadiləsi, həyata keçirilən humanitar layihələr böyük əhəmiyyət kəsb edir.
Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimləri Tarix və Şərqşünaslıq fakültələrində "Pakistan tarixi", "Pakistanın siyasi sistemi" və "Pakistanın xarici siyasəti" fənlərini tədris edirlər. Təhsilin magistr və doktorant pillələri üzrə Pakistan tarixinə dair dissertasiya mövzuları, elmi-tədqiqat işləri uğurla müdafiə olunur. Pakistan tarixinə dair dərslik, dərs vəsaitləri, monoqrafiyalar nəşr edilmişdir. Eyni zamanda Şərqşünaslıq fakültəsində urdu dili və ədəbiyyatı fənləri tədris olunur və urdu dili dərsliyi çap olunmuşdur.
Hər iki ölkədə mədəniyyət günlərinin və həftələrinin keçirilməsi, müxtəlif təyinatlı sərgilərin, yarmarkaların təşkili də qarşılıqlı mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Son zamanlar iki ölkə arasında turizm sahəsində əlaqələr də güclənir. Bu sahədə 2024-cü ilin oktyabrında təsdiq edilmiş Azərbaycan və Pakistan hökumətləri arasında hava əlaqəsi haqqında saziş mühüm rol oynayır.
Azərbaycan və Pakistan xalqlarını azadlıqsevərlik, qonaqpərvərlik, humanizm və sairə kimi bir çox müsbət dəyərlər birləşdirir. Hər iki qardaş ölkənin həyata keçirdiyi məqsədyönlü sülhsevər siyasət yaxın gələcəkdə Avrasiya arealında mühüm iqtisadi dəhlizin formalaşmasına təkan verəcək. Bu dəhliz iqtisadi tərəqqiyə geniş yol açacaq. Azərbaycan Cənubi Qafqazda, Pakistan isə Cənubi Asiyada söz sahibidir, dünya siyasətində də özlərinə məxsus rol oynayırlar.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti