10 Yanvar 2025 22:58
101
İQTİSADİYYAT
A- A+
Azərbaycan nəqliyyat qovşağına çevrilir: ADY-nin 2024-cü ildə beynəlxalq dəhlizlərin inkişafı üzrə əsas nailiyyətləri 

Azərbaycan nəqliyyat qovşağına çevrilir: ADY-nin 2024-cü ildə beynəlxalq dəhlizlərin inkişafı üzrə əsas nailiyyətləri 

Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir. Bunun üçün bir tərəfdən beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, digər tərəfdən isə beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə aktiv iş apararaq dəhlizlərin funksionallığının artırılması tələb olunur. Azərbaycan ərazisindən keçən tranzit daşımaların multimodal strukturu, yəni dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsi beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıq və koordinasiyanı zəruri edir.

Qeyd edilən istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verməkdədir. Azərbaycan üzərindən tranzit daşımaların əsas “onurğa sütunu”nu dəmir yolları təşkil edir ki, 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon ton, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11 faiz üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8 faiz, ağac, sellüloz, kağız məhsullarında isə 26 faiz artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89 faiz, kimya sənayesi məhsulları 12 faiz, daş kömür və digər yanacaq məhsulları 52 faiz artım göstərib.

ADY Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyd edilən tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərərək bu sahədə ölkəmizin beynəlxalq koordinasiya fəaliyyətinin əsas iştirakçılarındandır.

Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY formalaşdığı 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olub. Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinə başlanılıb. İştirak etdiyimiz dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.

Bundan başqa, Horadiz–Ağbənd layihəsinin tamamlanması, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında yeni dəmir yolu xəttinin çəkilməsi, Naxçıvan MR ərazisində dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və Naxçıvan MR ilə Azərbaycanın digər hissəsi arasında dəmir yolu əlaqəsinin təmin edilməsindən sonra yekun nəticədə Orta Dəhlizin daha bir qolu formalaşacaq.

2024-cü ildə Orta Dəhliz vasitəsilə konteyner daşımaları artıb

ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb.

2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir.

Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır.

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilərək yenidən istifadəyə verildi

Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Modernləşdirmə işləri tamamlandıqdan sonra ötən il mayın 20-dən etibarən yükdaşımalar bərpa edilib.

Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmir yolu xəttinin geniş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.

Modernləşdirmə işlərinin tamamlanmasının ardınca ötən il həm də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərərək regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasına töhfə verəcək. Eyni zamanda, Marabda–Kartsaxi sahəsinin bütün dəmir yolu infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.

Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birgə təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” şirkəti də həlledici rola malikdir. Bu birgə müəssisə vasitəsilə vahid pəncərə yanaşmasının, stabil tarif siyasəti və səmərəli daşınma şərtlərinin tətbiqini təmin edilir. Eyni zamanda, 2024-cü ildə Çin dəmir yollarının törəmə şirkəti olan Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) birgə müəssisəyə qoşulması Orta Dəhliz üzrə daha təkmilləşmiş yanaşma, daha professional daşınma texnologiyalarını tətbiq etmək imkanlarına yol açır.

Orta Dəhlizin cənub qanadı hesab olunan Avrasiya Nəqliyyat Marşrutu beynəlxalq marşrutların diversifikasiyasını və əlavə yük axınlarının cəlb edilməsini təmin edərək Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Pakistan üçün yeni ticarət imkanları yaradır. Avstriya Dəmir Yollarının bu marşrutun inkişafına maraq göstərməsi Qərb-Şərq istiqamətində yüklərin daşınması potensialının reallaşdırılması üçün əlverişli zəmin yaradır.

Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində işlər davam etdirilir

Şimali Avropa, həmçinin Rusiya ilə Hind okeanını birləşdirmək üzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirib.

Dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmir yolu daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Sazişin məqsədi dəmir yolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu Saziş üzrə əməkdaşlıq sayəsində dəmir yolu nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmir yolu nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.

Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmir yolu rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

ADY Şimal-Cənub dəhlizinin inkişafı üçün də intensiv işlər görür. Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı ilə Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.

ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub. Rekonstruksiya çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameraları ilə təmin edilib. Həmçinin yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsi yaradılıb.

Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditor şirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərin daşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur. Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaları ilin sonunadək 10-15 faiz artırmağa imkan verib.

Terminalın potensialının Astara–Rəşt dəmir yolu xətti istifadəyə verildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılması planlaşdırılır.

Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.

Tranzit yükdaşımaların səmərəliliyinin artırılması istiqamətində islahatlar aparılır

ADY 2024-cü ildə beynəlxalq dəhlizlər üzrə dəmir yolu nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini davam etdirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.

Bununla yanaşı, dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının getdikcə daha çox ön plana çıxması fonunda ADY bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandakı mövcud təcrübələrə əsaslanaraq konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə start verib. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu prioritetləşdirilib.

Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən ADY-nin törəmə şirkətləri “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil edilib. Nəticədə “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürərək müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim etməyə başlayıb.

Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə xidmət edən uzunmüddətli strategiya həyata keçirilir

Ümumiyyətlə, bütün qeyd edilən işlər 2024-cü ildə ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədi ilə müəyyən olunmuş uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir və ADY-nin qarşısında qoyulmuş hədəflərə nail olmağa xidmət edir. Əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır.

Bu məqsədlə ADY öz fəaliyyətində əsas strateji yüklərin daşınmasına prioritet verilməsi, müştərilərlə işin səmərəli təşkili, dinamik tariflərin və effektiv endirim mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və optimizasiya, təchizat zənciri boyu fəaliyyətin genişləndirilməsi, yeni xidmətlərin göstərilməsi və yeni bazarlara çıxış, xarici tərəfdaşlarla əməkdaşlıq platformalarının – assosiasiya, konsorsium və birgə müəssisələrin qurulması istiqamətlərində strateji təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:55
11 Yanvar

"Rəqəmsal ekologiya" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında

00:55
11 Yanvar

"Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

00:54
11 Yanvar

“Rəqəmsal ekologiya” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:52
11 Yanvar

"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:50
11 Yanvar

"Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə

00:49
11 Yanvar

"Rəqəmsal ekologiya" informasiya sistemi haqqında Əsasnamə

00:48
11 Yanvar

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
11 Yanvar

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2023-cü il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” 2023-cü il 31 yanvar tarixli 28 nömrəli Qərarının ləğv edilməsi barədə

00:41
11 Yanvar

BİLDİRİŞ

00:40
11 Yanvar

YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub 

23:01
10 Yanvar

Ağ ev: Nə Ukrayna, nə də Rusiya danışıqlara hazır deyil

23:00
10 Yanvar

Azərbaycan nəqliyyat qovşağına çevrilir: ADY-nin 2024-cü ildə beynəlxalq dəhlizlərin inkişafı üzrə əsas nailiyyətləri 

22:58
10 Yanvar

Nyu-York məhkəməsi Trampa hökm oxuyub  

20:07
10 Yanvar

Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşlarla görüşüb

20:07
10 Yanvar

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

20:06
10 Yanvar

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

20:05
10 Yanvar

“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb

20:04
10 Yanvar

Seyşel Adaları Respublikasının Prezidenti Vavel Ramkalavandan

18:22
10 Yanvar

Bakı Zooloji Parkının yeni sakini “Simba” adaptasiya prosesini tamamlayıb

18:21
10 Yanvar

Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

18:20
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!