Azərbaycan müəllimlərinin I Qurultayından 120 il keçir. Azərbaycanda milli oyanışa və pedaqoji hərəkatın yeni istiqamətdə inkişafına güclü təsir göstərən bu Qurultay sadəcə ana dili və şəriət müəllimlərinin toplantısı deyil, həm də xalqımızın maariflənmə yolunda imperiya siyasətinə və ictimai geriliyə qarşı apardığı sistemli ideoloji-mədəni mübarizənin zirvəsi olub. Azərbaycan müəllimlərinin üzərinə götürdükləri bu tarixi missiya əsarət altında yaşayan xalqın milli şüurunun oyanmasına və haqq səsinin duyulmasına, milli dövlətçilik ideyalarının formalaşmasına, istiqlal, istiqbal və müstəqillik uğrunda mübarizəsinə zəmin yaradıb.
Bu sətirlər ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb. Məqalədə daha sonra deyilir:
İrəvandan Bakının intellektual mərkəzlərinə qədər uzanan bu maarifçilik hərəkatı bir daha təsdiq etdi ki, xalqın tərəqqisi və xilas yolu elmdən, təhsildən və ana dilinin qorunmasından keçir. İlk Qurultay iştirakçılarının səpdiyi ideya toxumları zaman keçdikcə böyük ictimai hərəkata çevrildi, xalqımızın azadlıq salnaməsinə qızıl hərflərlə yazıldı.
1906-cı il avqustun 15-də Qafqaz müsəlman müəllimlərinin I Qurultayı Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən 2-ci şəhər ikisinifli rus-Azərbaycan məktəbinin binasında öz işinə başlayıb. Zalda rəsmi dəvət olunan 60 nəfər nümayəndə ilə bərabər, mətbuat işçiləri və digər qonaqlar da iştirak edib. Bu Qurultay Azərbaycan maarifçiliyi tarixində bir ilk idi. İrəvan, Naxçıvan, Dərbənd, Tiflis və Bakının müxtəlif məktəblərində çalışan Azərbaycan dili və şəriət müəllimləri ilk dəfə idi ki, bir məkanda toplaşırdı. Qafqazın müxtəlif bölgələrindən seçilmiş Azərbaycan dili və şəriət müəllimlərinin ilk Qurultayında əsas məqsəd milli-mənəvi inkişafın konseptual əsaslarını, ana dilli dünyəvi təhsil şəbəkəsinin formalaşdırılmasını, milli pedaqoji kadrların hazırlanmasını, təhsilin məzmununun modernləşdirilməsini, habelə əlifba islahatı və milli dərslik yaradıcılığı kimi strateji məsələlərin müzakirəsi idi. 13 gün davam edən Qurultayın gündəliyi “Qafqaz müsəlman müəllimləri məclisinin məramnaməsi” adı ilə “Dəbistan” jurnalında (“Dəbistan”,№ 8) nəşr olunub. Azərbaycan müəllimlərinin ilk Qurultayının yüksək səviyyədə təşkili üçün müəyyən səlahiyyətlərə malik Təşkilat Komissiyası yaradılmışdı. Komissiyanın tərkibinə Nəriman Nərimanov (sədr), Həsən bəy Məlikov (üzv), Həbub bəy Mahmudbəyov (üzv), Fərhad Ağayev (üzv), Yusif Əfəndiyev (katib) kimi dövrünün tanınmış ziyalıları, ictimai xadimləri və müəllimləri daxil edilmişdi. Təşkilat komissiyasının 10-dan çox iclasında qurultaya hazırlıq məsələləri müzakirə edilib.
Qurultay dövrün tanınmış din xadimi, I rus-Azərbaycan məktəbinin nüfuzlu şəriət müəllimi Axund Ruhulla Məmmədzadənin xeyir-duası ilə başlayıb. Sonra Həsən bəy Zərdabi, Nəriman Nərimanov və başqaları nitq söyləyiblər. Qurultaya hazırlıq komissiyası (sədr N.Nərimanov) qurultayın hazırlığı, məqsədi, Təşkilat Komitəsinin iclasları, qəbul olunan qərarlar haqqında geniş məruzə edib. 13 gün (avqustun 15-dən 28-nə kimi) müddətində gündə iki iclası keçirilən Qurultayın iclaslarına Həsən bəy Zərdabi sədrlik edib.
Azərbaycan müəllimlərinin I qurultayında aşağıdakı məsələlər ətrafında ciddi müzakirələr aparılıb və müvafiq qəraralar qəbul olunub:
1) Müəllimlərin ağır yaşayış şəraiti, əməkhaqqının azlığı, maaşların vaxtında verilməməsi, mənzil şəraitinin dözülməzsizliyi və bununla əlaqədar vərəm kimi xəstəliklərin yayılması, həmçinin məktəb vergisi və pullarının təyinatından yayındırılması məsələləri (F.Ağayev);
2) Müəllimlərin ana dilini bilməməsi, siyasi hadisələrdən xəbərsizliyi, zəruri dərsliklərin çatışmazlığı, kitabxanaların vəziyyəti və ruhanilərin təzyiqləri kimi mənəvi ehtiyacı ağırlaşdıran amillər (F.B.Köçərli);
3) İbtidai məktəblərdə və seminariyalarda Azərbaycan dilinin tədris vəziyyəti, həftəlik dərs saatlarının azlığı və dilin məcburi fənn olmaması; Bu səbəbdən də Abdulla Şaiq, Süleyman Sani Axundov və Həsən bəy Məlikovun daxil olduğu komissiyanın hazırladığı ana dili proqramı (yazı növləri, imla, inşa, ölkəşünaslıq materialları və s.) qəbul olundu;
4) Rus dilini tədris edərkən ana dilində izahat verməyi qadağan edən, milli məktəblər üçün yararsız və çətinliklər törədən “lal metod” üsulunun məktəblərdə tətbiqinin aradan qaldırılması;
5) Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qoridən Cənubi Qafqazın müsəlman şəhərlərindən birinə (Şuşa, Nuxa yaxud başqa şəhərə) köçürülməsi və müstəqil seminariyaya çevrilməsi;
6) Seminariyanı bitirmiş gənc müəllimlərin nəzəri və praktik hazırlığını artırmaq üçün xeyriyyəçilər və cəmiyyətlər tərəfindən vəsaitlərin ayrılması və maliyyə köməyinin göstərilməsi;
7) Müəllimlərin maddi-mənəvi ehtiyaclarını təmin etmək, hüquqlarını müdafiə etmək, siyasi fəallığını artırmaq və təlim-tərbiyə işlərini yaxşılaşdırmaq məqsədilə hər quberniyada müəllimlər ittifaqı təşkili etmək;
8) Xarici ölkələrə təhsil almaq üçün tələbələrin göndərilməsi, yeni orta məktəblərin və yaşlılar üçün axşam məktəblərinin açılması, həmçinin Dağıstandakı (Teymurxan Şura) məktəbə Azərbaycan dili müəlliminin göndərilməsi və s.
Azərbaycan müəllimlərinin I Qurultayında yaradılan komissiya tərəfindən canişinlik qarşısında 6 maddədən ibarət aşağıdakı məsələlər qaldırıldı:
1) Qori Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsini müsəlman mərkəzlərindən birinə köçürmək;
2) həmin şöbəni müəllimlər seminariyasına çevirmək;
3) həmin seminariyada Azərbaycan dilini əsas fənn kimi tədris etmək;
4) müsəlman müəllimlərinin hüququnu başqa müəllimlərin hüququ ilə bərabər tutmaq;
5) hər şəhərdə qız rus-tatar məktəbi açmaq;
6) müsəlman müəllimləri üçün pedaqoji kurslar təşkil etmək.
Qaldırılan bu məsələlərin heç birini həyata keçirmək mümkün olmadı. Lakin Qurultay təsirsiz qalmadı, müəllimlərə çox şey öyrətdi. Azərbaycanlı müəllimlər ilk dəfə belə geniş auditoriyaya toplaşaraq öz fikir və düşüncələrini söylədilər, qarşılarına qoyulmuş böyük və məsuliyyətli vəzifələri dərk etdilər. I Qurultayda qaldırılan məsələlər 1907-ci ildə çağırılan II Qurultayda da müzakirə predmetinə çevrildi və az sonra çox böyük əməli işlər görüldü.