Başqa sahələrdə olduğu kimi, ölkəmizdə dövlət din münasibətləri də dünya üçün nümunə olacaq səviyyədədir. İnamla demək olar ki, Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biridir.
Uzun illərdir ölkəmiz bir çox beynəlxalq konfransa evsahibliyi edir, ayrı-ayrı din və təriqət nümayəndələrini eyni masa, eyni ideya və məslək ətrafına toplayır. Bütün bu tədbirlərin başlıca qayəsi və amalı insanların dünyada sülh şəraitində yaşamalarına nail olmaqdır.
Tarix boyu ölkəmizdə yaşayan bütün xalqların dini etiqatlarına, mədəniyyətlərinə hörmətlə yanaşılıb. Aparılmış müşahidə və araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycanın din tarixinin ən işıqlı səhifələri müstəqillik illərinə aiddir. Yaxın tariximizdən məlumdur ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ölkəmizdə başqa sahələrlə yanaşı, dini durumda da ciddi gərginlik nəzərə çarpırdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, dövlətin din siyasətində vəziyyət dəyişdi. İnsanlara narahatlıq gətirən, əhali arasında narazılıq yaradan radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər və islahatlar həyata keçirildi. Bu sahədə qəbul edilən ən önəmli qərarlardan biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Bu uğurlu siyasət hazırda da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən dini qurumlara böyük diqqət və qayğı göstərilir, onların fəaliyyəti üçün əlverişli şərait yaradılır.
Dekabrın 23-də Bakıda "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda Azərbaycan Din Xadimləri Forumunun keçirilməsi də buna əyani sübutdur. Forumda müvafiq dövlət qurumlarının, ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər, həmçinin regionlardan gəlmiş din xadimləri iştirak edirlər.
Forum iştirakçıları ilə söhbət edərkən bu tədbirin onların yaddaşlarında dərin iz buraxdığının əyani şahidi olduq. Söhbət zamanı Azərbaycan Gürcü-Sefarad yəhudiləri dini icmasının sədri, ravvin Zamir İsayev dedi ki, keçirilən forum bütün din xadimləri kimi məndə xoş təəssürat yaratdı. Adından da göründüyü kimi forum maarifləndirmə xarakteri daşıyırdı. Din xadimləri belə forum və görüşləri yüksək qiymətləndirirlər. Bu sahədə maarifləndirmə işlərinin aparılması çox vacibdir. Hamı kimi mən də Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciətini diqqətlə dinlədim. Prezident din xadimlərinə ünvanlandığı müraciətdə deyirdi: "Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla evsahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir". İnanıram ki, Prezidentin bu tarixi müraciəti bütün din xadimlərinin fəaliyyət proqramına çevriləcək.
Azərbaycan Din Xadimləri Forumu çox maraqlı keçdi, - deyən Əhmədli qəsəbə məscidi imamının müavini Hacı Mübariz Abdullayev söhbətimizə qoşuldu: "Forumdakı çıxışları, məruzələri diqqətlə dinlədim. Tədbirdə müxtəlif dinlərin nümayəndələri iştirak edirdilər. Onların arasında hökm sürən mehribanlıqdan, qarşlıqlı anlaşmadan məmnun oldum. Forum bir daha dünyaya göstərdi ki, ölkəmizdə dini qurumların fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Əhmədov çıxışında çox haqlı olaraq bildirdi ki, Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir. Ölkəmiz bu istiqamətdə böyük uğurlar əldə edib. Vətəndaşlarımızın həm dini olduğu kimi dərk edib ona münasibətlərini anlamalarını və cəmiyyətə baxışlarını formalaşdırmaq baxımından dini maarifləndirmənin düzgün aparılması çox mühüm əhəmiyyət kəsb edir. Din və əqidə məsələlərində mühüm dəyişikliklər baş verib. Biz bu dəyişiklikləri hər addımda görür və hiss edirik. Forum iştirakçılara yeni biliklər və tövsiyələr verdi. Çıxış edənlərin dilindən səslənən mənəvi dəyərlərin dərinləşməsinə, insanların biliklərinin zənginləşməsinə çağıran dəyərli fikirlər din xadimlərini birliyə, həmrəyliyə səsləyir. Biz daim dövlətimizin və xalqımızın yanındayıq".
İşğaldan azad ediləndən sonra Zəngilanda tikilmiş məscidin imamı Hacı Müşfiq Fərzəliyevlə də söhbətimiz maraqlı oldu. Din xadimi dedi ki, forumun keçirilməsi sülhə, əmin-amanlığa xidmət edən uğurlu bir addımdır. Belə tədbirlərin keçirilməsi din xadimlərinin maarifləndirilməsi işinə böyük töhfələr verir. Forumda müzakirə olunan məsələlər, çıxışlar bizim fəaliyyətimizi daha da genişləndirməyə xidmət edir. Forumda Azərbaycan Respublikası ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri barədə ətraflı məlumat aldım, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMİN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatına diqqətlə baxdım. Layihənin həyata keçirilməsi gələcəkdə din xadimlərinin işlərini daha da asanlaşdıracaq.
Din xadimi Müşfiq Fərzəliyev daha sonra bildirdi ki, tədbirin sonunda Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu. Müraciətdəki reallığı, həqiqəti əks etdirən bu sözlər ürəyimdən xəbər verdi: "...Dörd il öncə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyiniz, xalqımızın sarsılmaz birliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində əldə olunmuş zəfər nəinki Azərbaycanın, bütün regionun tarixində yeni bir səhifə açmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri, yüksək zövqlə bərpa olunan dini-mədəni abidələr, yeni inşa edilən ibadət yerləri xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, ənənələrinə nə qədər möhkəm tellərlə bağlı olduğunun parlaq nişanələridir. Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda, eyni zamanda ölkə hüdudlarından kənarda dini və tarixi abidələrin bərpası məqsədilə həyata keçirdiyi layihələr dövlətimizin dini mənsubiyyətindən asılı olmayaraq bəşəriyyətin ümumi mədəni irsi olan bütün müqəddəs məkanlara eyni qayğıyla yanaşdığını göstərir".
Din Xadimləri Forumunun keçirilməsi bir daha dünyaya göstərdi ki, Azərbaycan mədəniyyətlər, dinlər və xalqlar arasında sarsılmaz birlik, mehribançılıq və harmoniya yaradan bir ölkədir. Ərazisində yaşayan xalqlara və onların dinlərinə, mədəniyyətlərinə bu cür hörmətlə yanaşması, diqqət və qayğı göstərməsi isə Azərbaycanın dünyada yüksələn nüfuzunu daha da artıracaq. Ölkəmiz bu sahədə də başqa millətlər, xalqlar və dövlətlər üçün nümunəyə çevrilib.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"