Bu gün Azərbaycan zəngin enerji resursları, əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu ilə Asiya və Avropa arasında iqtisadi əlaqələrin inkişafında böyük rol oynayır. Kamboca isə kənd təsərrüfatı, tekstil sənayesi, turizm və istehsal sahələrində malik olduğu potensialla diqqət çəkir. Bu fərqli iqtisadi üstünlüklər iki ölkə arasında ticarətin genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır.
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, 2025-ci ildə hər iki ölkə arasındakı ticarət dövriyyəsi 25 faiz artaraq 12,7 milyon dollara çatıb: "Son 5 ildə Azərbaycan ilə Kamboca arasındakı ticarət dövriyyəsi 6 dəfə artıb. Yüksək artımlara rəğmən tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün daha böyük potensial vardır. 17 milyon əhalisi olan Kamboca 53 milyard dollar nominal, 158 milyard dollar isə real ümumi daxili məhsula malikdir. Kambocanın yüngül sənaye məhsulları ölkənin ümumi ixracatının 80 faizini təşkil edir. Əməkdaşlıq imkanlarına gəldikdə isə, Azərbaycan ilə Kamboca arasında yüngül sənaye, turizm, texnologiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətdə böyük potensial var”.
Qeyd edək ki, qarşılıqlı ticarətin artırılması, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi hər iki ölkənin maraqlarına xidmət edə bilər. Bu baxımdan Azərbaycan - Kamboca iqtisadi əlaqələrinin inkişafında mühüm addımlardan biri kimi, oktyabrın 12-də Bakıda keçirilən Azərbaycan - Kamboca Biznes Forumu xüsusi əhəmiyyət daşıyır. Forum iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının müzakirəsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri və müxtəlif iqtisadi sahələri təmsil edən 100-dək iş adamı iştirak edib. Forumda çıxış edən Kambocanın Baş naziri Hun Manet, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri Çam Nimul ikitərəfli iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması imkanlarını vurğulayıblar.
Kamboca Ticarət Palatasının prezidenti Kith Meng forumun yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyini qeyd edib. Tədbir çərçivəsində Azərbaycan və Kamboca ticarət palataları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə olunub, biznes təqdimatları və B2B görüşlər vasitəsilə yeni əməkdaşlıq istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Forumun əhəmiyyəti, təbii ki, ilk növbədə, Azərbaycan və Kamboca arasında iqtisadi münasibətlərin praktiki müstəvidə inkişafına təsir edə bilməsi ilə bağlıdır. Belə görüşlər sahibkarlara hər iki ölkənin bazar imkanları ilə daha yaxından tanış olmaq, potensial tərəfdaşlar müəyyənləşdirmək və birgə layihələr ətrafında müzakirələr aparmaq imkanı yaradır. Xüsusilə kənd təsərrüfatı, qida sənayesi, turizm, logistika, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər var. Bu cür platformalar yalnız mövcud iqtisadi əlaqələrin genişləndirilməsinə deyil, həm də indiyədək kifayət qədər istifadə olunmamış əməkdaşlıq imkanlarının üzə çıxarılmasına şərait yaradır.
Azərbaycanın inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və regionlararası iqtisadi əlaqələrdə artan rolu Kamboca şirkətləri üçün yeni imkanlar aça bilər. Öz növbəsində Kambocanın Cənub-Şərqi Asiya bazarlarına çıxış baxımından malik olduğu potensial Azərbaycan sahibkarları üçün də maraq doğurur. Bu baxımdan, biznes forumu iki ölkənin iqtisadi üstünlüklərinin qarşılıqlı şəkildə dəyərləndirilməsi və onların konkret əməkdaşlıq təşəbbüslərinə çevrilməsi üçün əlverişli zəmin yaradır.
Kambocanın ticarət naziri Çam Nimul forumda çıxışı zamanı özəl sektorun ikitərəfli iqtisadi əlaqələrin inkişafındakı rolunu xüsusi vurğulayaraq bildirib ki, sahibkarların bilik və təcrübəsi yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, belə müzakirələr qarşılıqlı ticarətin daha səmərəli təşviqi üçün hökumətin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə də töhfə verir: “Məhz buna görə də mən bu gün özəl sektorumuzun fəal iştirakını yüksək qiymətləndirirəm. Onların bilikləri, təşəbbüskarlığı və praktik təcrübəsi hökumətin təkbaşına nəzərdən qaçıra biləcəyi imkanların aşkar edilməsi üçün əvəzedilməzdir. Belə mübadilələr prosesində gəlinən nəticələr, həmçinin qurumumuzun ikitərəfli ticarəti daha səmərəli şəkildə necə dəstəkləyə biləcəyini müəyyən etməyə imkan verəcək".
Forumun uğuru müzakirələrin konkret nəticələr verməsi ilə ölçüləcək. Buraya yeni müqavilələrin imzalanması, birgə investisiya layihələrinin həyata keçirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi daxildir. Bunun üçün sahibkarlar arasında əlaqələr davamlı olmalı, tərəflər bir-birinin bazar imkanları haqqında daha çox məlumat əldə etməlidirlər. Bu mənada Bakı biznes forumu Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlığın inkişafı, yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı ticarətin artırılması üçün mühüm imkan yaradır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”