Gələn ildən "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri "AgriWeek" brendi altında keçiriləcək
Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - "InterFood Azerbaijan" və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro" sərgiləri davam edir. Mayın 13-də Prezident İlham Əliyevin sərgilərlə tanış olması bu tədbirlərin önəminə bir daha diqqət çəkir.
Vurğulayaq ki, "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Son illər bu sərgilərdə Azərbaycanla yanaşı, onlarla ölkə aqrar sahədəki nailiyyətlərini nümayiş etdirir. Bu dəfə sərgilərdə 31 ölkədən 450 şirkət iştirak edir və Bakı Ekspo Mərkəzinin bütün pavilyonları, həmçinin açıq sahəsi əhatə olunub.
Bir sıra ölkələr tədbirdə milli qrupları ilə iştirak edir. Elə dövlətimizin başçısının tanış olduğu "İtaliya Respublikasının Milli Qrupu" 7 şirkətdən ibarətdir. Ümumiyyətlə, İtaliya bu sərgilərə böyük maraq göstərən ölkələrdəndir və 10 ildən çoxdur onların iştirakçısıdır. İtaliya şirkətlərı bu dəfə də müxtəlif kənd təsərrüfatı məhsullarını təqdim edirlər.
Prezident İlham Əliyev Gürcüstanın stendi ilə də tanış olub. Qonşu ölkə onuncu dəfədir bu sərgilərə gəlir. Bu il "Gürcüstan Milli Qrupu"nda 8 şirkət var. Onlar əsasən qida məhsullarını təqdim edirlər.
Belarus da 10 ildən çoxdur bu sərgilərin iştirakçısıdır. Ölkənin milli stendində qida məhsulları istehsal edən 15 şirkət təmsil olunur. Onlar pendirin, ətin qablaşdırılması və emalı, süd sənayesi kimi sahələrdə ixtisaslaşmış şirkətlərdir. Bundan başqa, Belarusun kənd təsərrüfatı texnikası da sərgidə geniş nümayiş olunur.
Uzaq Cənubi Koreya üç şirkətin təmsil olunduğu stendi ilə buradadır. Kənd təsərrüfatı məhsulları sahəsində tanınmış bu şirkətlər meyvəsoyma və emal avadanlıqları, meyvə-bağçılıq materialları üzrə ixtisaslaşıblar. Biri isə həm də süni intellektə əsaslanan sistemlə "ağıllı heyvandarlıq" monitorinqi və idarəetməsi sahəsində xidmətlərini təklif edir.
Əlbəttə, sərgilərdə ölkəmizin də nailiyyətləri öz geniş əksini tapır. Nəticədə Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin daha da inkişafına, ölkənin ixrac potensialının artırılmasına, xarici investisiyaların cəlb edilməsinə imkan yaranır. Bu sərgilər eyni zamanda qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır.
Qeyd edək ki, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgilərin açıq hissəsində nümayiş etdirilən texnika və pavilyonlarla da tanış olub.
Önəmli olan həm də odur ki, sözügedən sərgilər çərçivəsində bir sıra digər tədbirlər də keçırılir. Misal olaraq deyək ki, "Caspian Agro" sərgisi çərçivəsində "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" mövzusuna həsr olunmuş II Beynəlxalq Aqrar İnnovasiya Forumu baş tutub.
"Bakı COP29-dan sonra dünya: İqlim dəyişikliyində nailiyyətlər, perspektivlər və imkanlar". Forumun panel sessiyalarından biri belə adlanırdı. Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanın evsahibliyi etdiyi COP29-un iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfə verdiyini, aqrar sahənin dayanıqlı inkişafına, investisiya və ticarətə yeni imkan və fürsətlər yaratdığını deyərək əslində həmin mötəbər tədbirin mühüm əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Sonrakı çıxışlarda da COP29 mövzusu aparıcı olub. İqlim dəyişikliyi fonunda təbii resurslardan səmərəli istifadənin əhəmiyyəti vurğulanıb. Azərbaycanda keçirilən COP29 tədbirinin qlobal iqlim dəyişikliyi ilə effektiv mübarizə sahəsində mühüm başlanğıc olduğu qeyd edilib.
Məlumdur ki, iqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirləri olduqca böyükdür. Bunun dünyanın hər yerində ərzaq və su təhlükəsizliyinə təhdidlər yaratdığından qlobal əməkdaşlıq vacibdir. Odur ki, COP29-dakı tədbirlər də kompleks xarakter daşıyırdı. Orada iqlim dəyişikliklərinə ən həssas qrup olan fermerlərin maliyyə resurslarına çıxışının artırılması, ağıllı və iqlimədavamlı kənd təsərrüfatı və ərzaq sistemlərinin yaradılması üçün baza formalaşdırıldı. Ümumiyyətlə, Azərbaycanın ekoloji, ətraf mühit və kənd təsərrüfatı ilə bağlı siyasətinin beynəlxalq konvensiya və protokollara uyğunluğu, COP29 çərçivəsində inkişaf etdirilmiş təşəbbüslərdə aparıcı mövqe sərgiləməsi ölkəmizin aqro-iqlim diplomatiyası üzrə regional və qlobal mərkəzə çevrilməsi üçün unikal imkan yaradıb.
"Ağıllı kəndlərin inkişaf perspektivləri: sistemli və institusional aqro və "yaşıl" yanaşmalar diplomatların gözü ilə", "İqlim dəyişikliyinin təsirinə qarşı kənd təsərrüfatı səylərinin birləşdirilməsi: qlobal çağırışlar, imkanlar və həll yolları" kimi günün tələblərini əks etdirən mövzularının müzakirəsi də keçirilən tədbirlərin sanbalından xəbər verir. Əlavə edək ki, sözügedən forumun sessiyalarında ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, məhsuldarlığın artırılmasında innovativ həllərin tətbiqi, torpaq və su resurslarından daha səmərəli istifadə yolları, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri və bu sahədə qlobal əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar iştirakçılarla bölüşülüb.
Bir mühüm yenilik də var. Sərgilərin miqyasını və sərgi çərçivəsində təşkil olunan tədbirlərin zəngin proqramı nəzərə alınaraq, "Caspian Agro" və "InterFood Azerbaijan" 2026-cı ildən etibarən yeni "AgriWeek" brendi altında keçiriləcək.
Flora SADIQLI,
"Azərbaycan"