Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra özünün xarici siyasətində ciddi önəm verdiyi ölkələrdən biri ərəb-müsəlman dünyasının incilərindən biri olan Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu qardaş ölkə Yaxın Şərqdə yeddi əmirliyin daxil olduğu bir dövlətdir. Ərəbistan yarımadasının cənub-şərq sahillərində yerləşən bu diyar əhəmiyytli coğrafi mövqeyə malikdir. Onun əhalisinin sayı da bizim respublikanın əhalisinə bərabərdir, sahəsi də 83,6 min kv.km. təşkil edir. Ümumdünya Ticarət Təşkilatının və OPEK-in fəal üzvü olan BƏƏ inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələr siyahısına daxildir. BƏƏ adambaşına düşən ümumi daxili məhsulun həcminə (47.793 dollar) görə dünyada 20-ci yeri tutur.
Müstəqillik dönəmində geniş iqtisadi infrastrukturlar şəbəkəsinin qurulması sürətli tərəqqiyə təkan verdi. Hazırda BƏƏ-də 2000-dən çox qida və içki istehsal edən şirkət fəaliyyət göstərir ki, onlar da ildə 7,63 milyard dollar gəlir əldə edir ki, bu da ölkənin ümum daxili məhsulunun 25 faizini təşkil edir və yalnız neft-qaz sənayesindən sonra ikinci yeri tutur.
BƏƏ həyat keyfiyyətinə görə dünyada üçüncü yerdə qərarlaşıb və ətraf mühit siyasəti, nəqliyyat infrastrukturu və siyasi sabitlik alt kateqoriyalarında lider olub. Iş dalınca ölkəyə axışıb gələn xarici işçilər də öz şəxsi təhlükəsizliyini, tibbi xidmətin mövcudluğunu və keyfiyyətini çox müsbət qiymətləndirirlər (dünyada 12-ci yer).
Hazırda Birləşmiş Ərəb Əmirlikləri sabit iqtisadiyyatı olan ən yaxşı ölkələr sırasındadır. Reytinq cədvəlində ikinci yeri BƏƏ tutub, İsveçrə birinci, Kanada isə üçüncü olub. Əmirliklər yüksək ümumi daxili məhsul səviyyəsinə malikdirlər və bu göstərici həm də ərəb dünyasının ən rəqabətli iqtisadiyyatı deməkdir. Belə ki, Dubayın milyonerlər üçün cəlbediciliyi onun sıfır gəlir vergisi siyasəti, qızıl vizaları, dəbdəbəli həyat tərzi və strateji mövqeyidir.
Hazırda Əmirliklər dünya neft ehtiyatlarının təqribən 5,6 faizinə malikdir və məhz bu amil ölkə iqtisadiyyatını idarə edən rıçaqdır. Amma Əmirlikləri zənginləşdirən və nəhəng ölkələrlə rəqabət aparmağa imkan verən təkcə neft deyildir. BƏƏ-də ənənəvi elektrik enerjisi mənbələri, xüsusən də elektrik stansiyaları üstünlük təşkil edir. Onlar təbii qaz və neft məhsulları ilə işləyirlər.
BƏƏ-də əhalinin təxminən 10-20 faizini yerli sakinlər, 80-90 faizini isə xidmət sahəsinin işçiləri, fəhlələr, əcnəbilər və iş adamları təşkil edir. Əhalinin içməli su və təmiz qida ilə təmin edilməsi üçün ciddi və geniş miqyaslı tədbirlər planı həyata keçirilir. Bu artıq öz bəhrəsini verib. BƏƏ-də şirin su hövzələri yoxdur, lakin Qırmızı və Ərəb dənizləri, Fars və Aman körfəzləri var. BƏƏ-də içməli suyun 90 faizi duzdan təmizlənmiş dəniz suyudur, lakin ən təmiz yeraltı mənbələrdən su çıxaran brendlər də var.
Ölkədə Van Ommeren, ENOC və Füceyrə Əmirliyi hökuməti mühüm səhmdarlar kimi çıxış edirlər. Xatırladaq ki, Fuceyra limanı neft məhsullarının ixracının həcminə görə dünyada üçüncü yerdədir (Rotterdam və Sinqapurdan sonra). Buradan hər ay dünya bazarına təkcə 600-800 min tonadək motor yağları ixrac olunur.
Turistlərin gözündə Dubay həm də qaynar ticarət mərkəzi kimi tanınır. Dünyanın ən mühüm ticarət mərkəzlərindən biri kimi onun reputasiyası ümumi daxili məhsula töhfə verən ixrac göstəricisinə görə dünyada dördüncü, Yaxın Şərqdə isə birinci yerdədir.
Sosial rifah ölkəsi olan BƏƏ-də ən böyük məbləği yeni doğulmuş körpələr alır. Orada uşaqların doğulması üçün ödənişlər 50-200 min dollar arasında dəyişir. Bu, yalnız bu ölkənin vətəndaşlarının ailəsində doğulan körpələrə aiddir.
Təyyarələrin buraxdığı karbon izləri, məhdud su ehtiyatları, həddindən artıq balıq ovu, sürətli tullantıların əmələ gəlməsi, havanın çirklənməsi, torpağın deqradasiyası və səhralaşma BƏƏ üçün ekoloji təhlükə yaradır. Bu gün BƏƏ-nin ətraf mühitinə təhlükəni qiymətləndirmək çətindir. Tullantı problemləri onların təkrar emalı, enerji və resurslara çevrilməsi yolu ilə həll edilir.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatı böyük ölçüdə neft və təbii qaz ixracından asılıdır (ümumi ixracın 40 faizi). Neft hasilatı sutkada təqribən 2,2 milyon barrel olaraq qiymətləndirilir ki, onun da böyük hissəsi Əbu-Dabi əmirliyində hasil edilir.
Digər ixrac məhsullarına aşağıdakılar daxildir: mirvari və digər qiymətli metallar və daşlar (ümumi ixracın 28 faizi), səsyazma cihazları və onların hissələri (9 faiz), nəqliyyat vasitələri (6 faiz).
BƏƏ əsasən xam neft, emal edilmiş neft, qızıl, neft qazı, almaz, zərgərlik, alüminium, avtomobillər, yayım avadanlıqları, təyyarə və kosmik gəmi komponentləri ixrac edir. BƏƏ ixracatının daha çox yayıldığı ölkələr Hindistan (51 milyard dollar), Yaponiya (40,9 milyard dollar), Çin (32,5 milyard dollar), Səudiyyə Ərəbistanı (27,8 milyard dollar) və İraqdır (21 milyard dollar).
Maşın, qida, kimya və nəqliyyat avadanlıqları Dubayda ən çox idxal olunan mallardır. Dubay həmçinin Çindən toxuculuq və metallar, Hindistandan pambıq, parçalar, maşın və alətlər, plastik məhsullar idxal edir. İki ən mühüm idxal malları - zərgərlik məmulatları və qızıldır. Quru iqlimə görə BƏƏ-nin kənd təsərrüfatı məhsullarının təxminən 80 faizi xaricdən gətirilir.
Davamlı artım nümayiş etdirməklə yanaşı, Dubay daşınmaz əmlak bazarı heç bir yavaşlama əlamətləri olmayan inkişaf edən, gəlirli bir sektor kimi meydana çıxıb. Son zamanlar Dubayda daşınmaz əmlak sektoru tez bir zamanda ən gəlirli sektorlardan birinə çevrilmişdir. Bu il BƏƏ-yə birbaşa xarici investisiyaların 30 milyard dollara çatacağı gözlənilir.
Turizm sahəsi ən gəlirli sahələrdən biridir. 2024-cü ildə BƏƏ iqtisadiyyatına 64 milyard dollar qazanc gətirəcək. 2023-cü ildə turizm sektorunda 809 min iş yeri açılıb. Bu il isə iş yerlərinin sayı 833 minə çatmalıdır. BƏƏ-nin turizm strategiyası 2031-ci ilə qədər 40 milyon turisti ölkənin otellərinə qəbul etməyi hədəfləyir.
BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanısa da, Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci il sentyabrın 1-də qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, digər regional və beynəlxalq qurumlar çərçivəsində BƏƏ ilə sıx əməkdaşlıq edir.
Digər ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Birləşmiş Ərəb Əmirlikləri İƏT-in və digər beynəlxalq təşkilatların toplantılarında daim birmənalı mövqe tutmuş, Azərbaycanın haqq işini müdafiə etmişdir.
2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni səhifə açdı. Dövlətimizin başçısının BƏƏ-yə növbəti səfəri isə 2016-cı il fevral ayında reallaşdı. Azərbaycan Prezidenti 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsində iştirak etdi və bu səfər ikitərəfli siyasi dialoqun daha da möhkəmlənməsinə mühüm töhfə verdi. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüş xüsusilə yaddaqalan oldu. Maraqlıdır ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edildi və bu möhtəşəm tədbirdə BƏƏ olduqca fəal iştirak etdi. 2023-cü il 9 dekabr tarixində isə İlham Əliyevlə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı oldu. Ərəb dövlət başçısının 2024-cü ildə ilk xarici səfərini Bakıya etməsi, yüksək xətlə inkişaf edən münasibətlərin kulminasiya nöqtəsi oldu. Həmçinin bu il yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü oldu.
Münasibətlər nazirlər səviyyəsində də ardıcıl davam etdirilir. 2023-cü il Oktyabrın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əmirliyə səfər etdi. Bu səfər zamanı xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları barədə müzakirələr apardı.
Hazırda ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan-BƏƏ əməkdaşlığının iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə sənaye, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, turizm, innovasiya, təhsil və mədəni sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialı mövcuddur.
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu Komissiya qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün səmərəli mexanizmdir. Mövcud əlaqələrin genişləndirilməsi üçün yeni yolların araşdırılması Komissiyanın gündəliyinə daxil olan əsas məsələdir. Qarşılıqlı iqtisadi əlaqələr çərçivəsində bu ilin iyun ayında Azərbaycan - BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumu keçirilib. Avqust ayının 1-də isə Şuşa şəhərində bu Komissiyanın 9-cu iclası keçirilib. Tərəflər iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılması, COP29 çərçivəsində potensial əməkdaşlıq istiqamətləri kimi məsələləri müzakirə ediblər. İclasda Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ticarət-investisiya, KOB-ların dəstəklənməsi, innovasiya və rəqəmsallaşma, enerji, o cümlədən “yaşıl enerji”, sənaye, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, meliorasiya və su idarəçiliyi, nəqliyyat-logistika, rabitə və yüksək texnologiyalar, elm və təhsil, turizm, səhiyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar, Azərbaycandan isə BƏƏ iqtisadiyyatına 350 milyon dollarından çox sərmayə yatırılıb.
Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payı var. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq davamı surətdə genişlənir. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük “yaşıl enerji” potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpa olunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına böyük əhəmiyyət verir, bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, “yaşıl enerji”nin önəmli təchizatçısına çevrməyi planlaşdırır. Bu gün Azərbaycanın imkanları nəinki öz enerji tələbatlarını təmin etməyə, həm də alternativ enerjinin ixracına belə şərait yaradır.
Azərbaycanın işğaldan azad etdiyi əraziləri də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. İlkin dəyərləndirmələrə görə, bu ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artlq bu bölgədə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanılıb. 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub.
Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr fəaliyyət göstərir. 2023-cü il oktyabrın 26-da Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi keçirilib. Bu razılaşmalar əsasında Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsii və Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi uğurla həyata keçirilir.
Bu il yanvarın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın respublikamıza rəsmi səfəri zamanı imzalanmış Strateji əməkdaşlıq sənədi isə quruda 2 qiqavat günəş, 2 qiqavat külək, dənizdə 6 qiqavat külək enerjisi layihələri ilə yanaşı, damüstü günəş enerjisi layihələri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı və “yaşıl enerji”nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir.
2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda respublikamızda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət xarakterli BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu fəaliyyət göstərir. Ötən ilə nisbətən iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 15 faizdən çox artıb.
İki ölkə arasında ardıcıl olaraq Ticarət Məclislərinin keçirilməsi məsələlərin daha operativ həllinə kömək edir. Hazırda Məclisin 50-dən yuxarı tərəfdaş şirkəti mövcuddur. Məclis təşkil edildiyi vaxtdan etibarən hər iki ölkə arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edib. Qeyd edək ki, bu qurum iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platformalardan biridir. Həmçinin hər iki ölkənin şirkətləri müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı təqdim edirlər.
Dubay-Bakı hava xəttinin açılışı da münasibətlərin bütün sahələrinə müsbət töfəsini vermişdir. Hava xəttinin açılması ticarət əlaqələrinin genişlənməsinə münbit şərait yaratmışdır. Hazırda ölkəmizə BƏƏ-nin Dubay, Şarja və Əbu-Dabi şəhərlərindən həftədə 50 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Humanitar xeyriyyə işləri sahəsində isti münasibətlər mövcuddur. BƏƏ-nin “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilməsi buna əyani nümunədir.
Möhkəm əminliklə vurğulamaq olar ki, Azərbaycan-BƏƏ arasında qarşılıqlı hörmətə və etibara əsaslanan strateji əməkdaşlıq artıq öz bəhrəsini verir. Bundan həm region, həm də uzaq ölkələr də faydalanır. Hər iki dost və qardaş ölkə beynəlxalq hüquq normalarına böyük hörmətlə yanaşır və inamla gələcəyə doğru addımlayırlar.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti