Ölkəmizin D-8-ə üzv olması təşkilatın inkişafına müsbət təsir göstərəcək
"İnkişaf etməkdə olan səkkizlik - D-8 təşkilatı həm ərazisinə, həm də əhalisinə görə kifayət qədər geniş əhatə dairəsi olan, həmçinin makroiqtisadi baxımdan yüksək göstəricilərə malikdir. Belə ki, bu təşkilata üzv ölkələrin əhalisinin sayı 1,5 milyard nəfər, ərazisi 2,6 milyon kvadratkilometrdir, ÜDM 5,3 trilyon dolları və xarici ticarət dövriyyəsi 1 trilyon dolları ötüb".
Bu fikirləri "Azərbaycan" qəzetinə iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O belə yüksək göstəricilərə malik olan təşkilatın 1997-ci ildə Türkiyədə yaradılmasını xatırladaraq bildirib ki, 30 il keçsə də, D-8 öz inkişaf potensialının yalnız ikidəbir hissəsindən istifadə edib. Lakin hazırda qlobal siyasətdə baş verənlər bu təşkilatın aktuallığını daha da artırıb. "Hətta deyərdim ki, belə bir vəziyyətdə Azərbaycan kimi qlobal gücə çevrilməkdə olan, artıq regional güc kimi tanınan bir dövlətin bu təşkilata üzv olması təkcə ölkəmiz üçün deyil, həmçinin digər üzvlərə, ümumilikdə təşkilata müsbət təsir göstərəcək. Ona görə ki, bu təşkilatın yaradılmasında əsas məqsəd bilavasitə inkişaf etməkdə olan bu ölkələrin gücünü birləşdirərək iqtisadi və sosial cəhətdən daha böyük nailiyyətlər əldə etməkdir. Məqsəd təşkilatlanma vasitəsilə iqtisadi və ticari, sənaye və texnoloji istiqamətlər üzrə əməkdaşlığı yüksəltmək və siyasi gücə çevrilməkdir", - deyə o əlavə edib.
E.Əmirov qeyd edib ki, otuz ilə yaxın müddətdə yeni iqtisadi əməkdaşlığa, sosial inkişafa, eyni zamanda ticarət sazişlərinin bağlanması, müxtəlif sammitlərin keçirilməsi, inkişaf proqramlarının qəbul olunması kimi bir çox istiqamətlərdə nailiyyətlər olsa da, təşkilat daha yüksək nəticələr əldə edə bilərdi.
Ekspert hesab edir ki, D-8-in mövcud qlobal geosiyasi gərginlik şəraitində inkişafının yeni mərhələsinə qədəm qoyması üçün fürsət yaranıb: "Azərbaycan kimi ölkənin üzvlüyü bu təşkilata müsbət təsir edəcək. Azərbaycanın da təşkilat coğrafiyasında ticarət dövriyyəsinin daha da artmasına, ixracın şaxələndirilməsinə, həmçinin bir çox istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin ortaya çıxmasına şərait yaranacaq. Burada da müəyyən risklər və çətinliklər var, çünki təşkilata üzv olan bəzi ölkələr arasında əməkdaşlıq o qədər yüksək səviyyədə deyil. Həmçinin bu ölkələrin bazarları inkişaf etməyib: bəziləri geridə qalan, bəziləri inkişaf etməkdə olan bazarlardır. İqtisadi şərtlər, bu ölkələrə tətbiq edilən beynəlxalq sanksiyalar, siyasi gərginlik, qlobal Qərbin təzyiqi bu bazarların inkişaf etməsinə maneə yaradan faktorlardır".
İqtisadçı vurğulayıb ki, Azərbaycanın bu faktorları nəzərə alaraq, birmənalı olaraq təşkilata fokuslanaraq digər fürsətləri dəyərləndirməməsi doğru olmaz. Çünki hər bir təşkilatdaxili inkişaf Azərbaycan üçün alternativ inkişaflardan biri olaraq qəbul edilməlidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"