29 Iyun 2024 08:55
228
Mədəniyyət
A- A+

"Arzum Qarabağda layihələrimi gerçəkləşdirməkdir"

 

"Mənim üçün Qarabağ ruh, can, Vətən deməkdir. Qarabağ adı çəkiləndə gözlərimin qarşısında qənirsiz gözəlliyi ilə yaddaşıma əbədi həkk olunan doğulduğum, böyüyüb boya-başa çatdığım gözəl Ağdam canlanır. Çox şükür ki, ermənilərin dağıdıb viran etdiyi bu torpaqlara yenidən həyat verilir, insanlar öz doğma yurduna qayıdır. Bir zamanlar silahların guruldadığı bu torpaqlardan indi musiqi səsi gəlir, körpə qığıltısı eşidilir. Yurdumun hər qarışı cənnətə dönür... 
Bu günlərdə Şuşaya getmişdim. Orada gedən abadlıq-quruculuq işlərini görüb dövlətimin gücü, qüdrəti ilə qürur duydum. Bu torpaqları azad edən əsgərlərə alqış etdim. Torpaqlarımızı azad edib gülüstana döndərən Prezidentimizə dualar etdim... Qarabağda aparılan abadlıq-quruculuq işləri bir memar və şəhərsalma üzrə mütəxəssiz kimi ürəyimi dağa döndərdi".
Həmsöhbətimiz Əməkdar memar,  professor  Yeganə Hacıyeva 1960-cı ildə Ağdam şəhərində anadan olub. 1976-cı ildə orta məktəbi bitirib. Əmək fəaliyyətinə Ağdam rayon XDS icra komitəsinin tikinti və memarlıq işləri şöbəsində başlayıb.
Yeganə xanım deyir ki, gəncliyindən içində qəribə bir hiss var idi: "Böyüdükcə sanki arzularım da böyüyürdü. Özümü daim bitməyən, tükənməyən bir aləmdə görmək istəyirdim. Məndən sonra da dunya durduqca unudulmayanlardan olmağı arzu edirdim. Odur ki, böyük iddia ilə çalışmağa, yaratmağa kökləndim. Xalamın əri memar idi. Bir gün onun kağız üzərində necə maraqla işlədiyini gördüm. "Eskizlərini çəkdiyi bir layihənin sabah şəhərin bir yerini bəzədiyi gözlərim qarşısında canlandı. Qərar verdim ki, mən də memar olacağam. Memarlıq bir xalqın daş yaddaşıdır. Çox şükür ki, arzularımı bu sənətlə gerçəkləşdirə bildim".
1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirən Yeganə Hacıyeva ümumilikdə 15 şəhərin baş planı, 12 müfəssəl plan layihələri, 4 yaşayış kompleksinin, 6 körpü və yolötürücüləri, piyada yeraltı və yerüstü keçidlərin, 67 elmi əsərin, monoqrafiya, dərslik və metodik vəsaitlərin müəllifidir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universietinin fəxri professoru, "Mühit dizaynı" kafedrasının müdiridir.
Yeganə xanım deyir ki, şəhərsalma layihələri 25-30 ilə uğurla həyata keçən bir prosesdir: "Yollar, körpülər, iki-üç səviyyəli yolötürücüləri, yaşayış kompleksləri, inzibati binalar, kiçik mərtəbəli yaşayış evləri, keçidlər və tunellər şəhərlər üzərində icra olunduqca hansı hissləri yaşamışam, onu ifadə etməyə hələ söz tapa bilmirəm. Yeraltı, 1-səviyyəli, 2-səviyyəli "Exsellsor" mehmanxanası (Heydər Əliyev mərkəzi ərazisi)  ərazisində yolötürücüsünün layihəsində və icrasında birbaşa iştirak edəndə, işin çətinliyinə baxanda külək, beton toru, soyuq hava belə çox xoş gəlirdi. Çünki bu, mənim arzularımın həyata keçməsi idi. Sevinirdim ki, məndən sonra işlərim qalacaq. Bu işlərlə adım müasir memarlıq tarixinə düşəcək". 
Hələ 1983-1993-cü illərdə "Bakı Dövlət Layihə İnstitutu"nda memar, II dərəcəli, I dərəcəli memar vəzifələrində işləyərkən Yeganə Hacıyevanın "Şimali Abşeron" Ümumittifaq kurort zonasının, Əhmədli, Günəşli yaşayış massivlərinin baş plan layihələrinin, Badamdar yaşayış rayonunun, 1,3, 6, 7-ci  mikrorayonların, "Pirşağı" müalicə istirahət komplekslərinin, müfəssəl plan layihələrinin, Teleqüllə park zonasının, Səməd Vurğun küçəsinin park ərazisində müəllifi olduğu layihələri gerçəkləşib. Deyir ki, bir memar kimi şanslıdır: "Şəhərsalma layihələri çox geniş bir ərazini əhatə edən genişmiqyaslı, problemlər və proqnozlara bağlı layihələrdir. Şəhərimizi gəzərkən müəllifi olduğum işləri görəndə qürur duyuram. Onlar mənim yuxusuz gecələrimin gerçəkləşən layihələridir. 
1994-cü ildə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində pedaqoji fəaliyyətə başlayan memarlıq üzrə fəlsəfə doktoru Yeganə xanım hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Mühit dizaynı" kafedrasının müdiridir. Onun əməyi yüksək qiymətləndirilib. 2013-cü ildən Əməkdar memardır. Deyir ki, bir memar kimi arzusu bərpaolunan Qarabağda layihələrinin gerçəkləşməsidir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video