15 Iyun 2024 10:15
497
Səhiyyə
A- A+

Artıq çəkidən niyə əziyyət çəkirik?

 

Hər il təxminən 3 milyon insan bu problemin yaratdığı fəsadlardan həyatını itirir

 

Artıq çəki qarşısı alına bilən ölüm səbəbləri arasında siqaret aludəçiliyindən sonra ikinci ən geniş yayılmış problemdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir. Hər il təxminən 3 milyon insan artıq çəkinin yaratdığı fəsadlardan həyatını itirir. 
Araşdırmalara əsasən, piylənmə xüsusilə son 42 ildə sürətlə artaraq bütün dünyada epidemiya halını alıb. Bu sağlamlıq problemi ilə üzləşən insanların sayı ilbəil artır. ÜST 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.
Bəs artıq çəki problemi hansı fəsadlara səbəb olur? Bu problemlə mübarizə aparmaq hər zaman insanın özündən asılıdırmı? Piylənmənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

 

Artıq çəki insan ömrünü ən az on il qısaldır

 

Əvvəllər yalnız inkişaf etmiş ölkələrdə müşahidə olunan piylənmə problemi bu gün az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də artmaqdadır. Gələcəkdə piylənmə problemi ilə üzləşəcək 10 ölkədən 9-u Asiya və Afrika qitələrinin payına düşəcək. Beynəlxalq ictimaiyyət həmin ölkələrin bu xəstəliklə mübarizə apara bilməyəcəyini bildirir. ÜST-ün məlumatına görə, hazırda Avropada böyüklərin təxminən 60 faizi, uşaqların üçdəbiri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. ABŞ, Çin, Braziliya, Hindistan və Rusiyada piylənmə ilə mübarizə aparanların sayı digər ölkələrlə müqayisədə üç dəfə çoxdur.
Hormonal sistemi pozaraq çəki artımına səbəb olan zəhərli kimyəvi maddələrin - "obesogenlər"in bir çox təsirləri var. Plastik, qatqılı qidalar, pestisidlər, təmizlik məhsulları, bəzi oyuncaqlar, siqaret tüstüsü və hava çirkliliyi "obesogenlər" kimi müəyyən edilir. Onlar yağ hüceyrələrini artırır, maddələr mübadiləsini yavaşladır, aclıq və toxluq mexanizmlərini pozur, tiroid istehsalına təsir edir, insulin müqaviməti yaradır və ya mədəaltı vəzi məhv edir. Zəhərli kimyəvi maddələrə qarşı körpələr, uşaqlar, hamilə qadınlar və yaşlılar daha həssasdırlar.
"Obesogenlər" bir çox xəstəliklərin yaranmasının bilavasitə səbəbidir. Həkimlərin məlumatına görə, insan ömrünü ən az on il qısaldan artıq çəki insan orqanizmində ürək-damar, tənəffüs sistemi, erkən yetkinlik, yüksək təzyiq, sonsuzluq, xərçəng, autizm, şəkərli diabet və dayaq-hərəkət sistemi xəstəlikləri kimi bir çox problemlərə yol açır. Tədqiqatlar göstərir ki, Avropada piylənmə ilə mübarizə aparan xəstələrin 80 faizi 2-ci tip şəkərli diabet xəstəliyindən, 35 faizi ürək-damar xəstəliyindən, 55 faizi isə hipertoniyadan əziyyət çəkir.

 

Fiziki aktivlik və pəhriz arıqlamaq üçün ən yaxşı vasitələrdir

 

Oturaq həyat tərzi və inkişaf edən texnologiya ilə qidalanma vərdişlərinin sürətlə dəyişməsi piylənməni sürətləndirən səbəblərdəndir. Artıq çəki ilə mübarizə apararkən orqanizmimizi daha böyük fəsadlarla üz-üzə qoymamalıyıq. Piylənmə və pəhrizlə bağlı aparılan 87 tədqiqatın təhlili göstərib ki, bitki mənşəli pəhriz arıqlamaq üçün ən təsirli üsuldur. Fiziki məşq və yemək vərdişlərində əhəmiyyətli dəyişikliklər edir.
Mütəxəssislər konservləşdirilmiş və hazır qidaların istehlakını azaltmağı, tərkibində ağır metallar olan dəniz balıqlarından və yağlı ətlərdən istifadə etməməyi məsləhət görürlər. Onların əvəzinə mövsümə uyğun meyvə-tərəvəz, paxlalı bitkilər qida rasionuna əlavə edilməlidir. Havaların isinməsi ilə istifadəsi artan fruktoza ilə zəngin meyvə şirələri, qazlı və enerji içkiləri istehlakdan çıxarılmalıdır. Maye kalorilər tərkibində lif olmadığı üçün aclıq hissini təmin etmir.
Odadavamlı, yapışmayan qazan və tavalardan istifadə etmək də tövsiyə edilmir. Qida istehlakı və saxlanması zamanı plastik əvəzinə şüşə məhsulları seçilməlidir. 
Ev və ofislərdə antibakterial və kimyəvi məhsullardan mümkün qədər az istifadə edilməlidir. İstifadə edildikdə isə həmin səthlər bol su ilə durulanmalıdır. Həmçinin otaq ətirlərindən istifadə etmək əvəzinə, otaqlar tez-tez havalandırılmalı, həşərat, milçək qovucuları yerinə lavanda, nanə və limon kimi təbii efir yağlarından istifadə edilməlidir. Bir sözlə, gündəlik həyatımızdakı kimyəvi maddələri mümkün qədər azaltmalıyıq.
İnsanlarda artıq çəkinin qarşısının alınması üçün sağlam həyat tərzinə, rasional qidalanmaya riayət edilməli, gündəlik kalori qəbuluna, eləcə də yaş və sağlamlıq vəziyyətindən asılı olaraq fiziki aktivliyə nəzarət edilməli, siqaret, spirtli içki və stressdən uzaq olmalı və ən nəhayət, yuxu rejimi qaydaya salınmalıdır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video