22 Oktyabr 2023 10:50
770
İQTİSADİYYAT
A- A+
Aqroemal sənayesində klasterləşmə: reallıq və perspektivlər

Aqroemal sənayesində klasterləşmə: reallıq və perspektivlər

 

İqtisadi səmərəlilik baxımından yerli xammal və yarımfabrikatlar hesabına istehlak məhsullarının istehsalı, daxili bazarda satışı və ixracı ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Təkcə 2021-ci ildə Azərbaycandan ixrac olunan xammal və yarımfabrikat məhsullar ümumi ixracın təxminən 90 faizindən çoxunu təşkil etmişdir.
Onların içərisində aqrar məhsullar da az deyil. Məsələn, 2018-2020-ci illərdə ölkəmiz 236,3 min ton pambıq mahlıcı, 31,3 min ton pambıq ipliyi, 15,6 min tondan çox fermentlənmiş tütün, 1,63 milyon ton emal olunmamış təzə meyvə və tərəvəz, 3,4 milyon ədəd heyvan dərisi və digər xammal resursları ixrac etmişdir. Yalnız 2021-ci ildə Azərbaycan xarici bazarlara 123 min ton pambıq mahlıcı çıxarmışdır ki, bu da həmin ildəki istehsaldan 1,3 dəfə çoxdur. İstehsal olunan pambıq ipliyinin isə 82 faizi ixrac edilmişdir. 
2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş  müşavirədə Prezident İlham Əliyev demişdir: "....emal sənayesi, yüngül sənaye də sürətlə inkişaf etməlidir. Əfsuslar olsun, baxmayaraq ki, müəyyən addımlar atılıb, amma pambıqçılıqda hələ də yığılan 50 faiz məhsul mahlıc kimi ixrac olunur. Özəl sektor Mingəçevir şəhərində iki, ya üç fabrik qurmuşdu, sonra bu iş dayandı. Ona görə baxmaq lazımdır. Təqdimatlar etmək lazımdır, bəlkə hansısa imtiyazlar vermək lazımdır. Biz dəyər zəncirini niyə tam işə sala bilmirik".
"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda prioritet sənaye sahələri üzrə ərazi-istehsal və sənaye klasterlərinin yaradılması, sənaye klasterlərinin təşviqi və inkişafı tədbirlərinin gücləndirilməsi nəzərdə tutulmuşdur (bənd 4.2.14). Dövlət proqramının qəbulundan, demək olar ki, 9 il keçməsinə baxmayaraq, nəinki klaster yaradılmamış, onun normativ hüquqi bazası da tam işlənilməmişdir.
Elə burada sənaye klasterlərinin yaradılmasının Rusiya təcrübəsini qısaca olaraq diqqətə çatdırmaq istərdik. 2015-ci ildə Rusiya hökumətinin "Sənaye klasterləri və sənaye klasterlərinin ixtisaslaşmış təşkilatları haqqında" və 2016-cı ildə "Sənaye klasterlərinə federal büdcədən subsidiyaların verilməsi qaydalarının təsdiq edilməsi haqqında" qəbul etdiyi qərarlarda klasterə tələblər müəyyən edilmişdir: klasterin tərkibində ən azı 10 sənaye müəssisəsi və son məhsul istehsal edən ən azı 1 sənaye müəssisəsi olmalıdır. İştirakçıların ən azı yarısı tərəfindən klasterin ixtisaslaşdırılmış təşkilatı təsis edilməlidir. Bu təşkilat klasterin birgə layihələrinin koordinatoru funksiyasını yerinə yetirir. Klasterin iştirakçıları ölkənin bir və ya bir neçə regionunda yerləşə bilər. Klasterin son məhsulunu istehsal edən sənaye müəssisəsi istisna olmaqla, bir istehsalçının istehsal etdiyi məhsulun ən azı 50 faizi digər iştirakçı tərəfindən istifadə olunmalıdır. Sənaye klasterinin yaradılması barədə regionla müqavilə bağlanılmalıdır. Onu da qeyd edək ki, Rusiyada sənaye klasterlərinin yaradılmasının təşkili və reyestrinin aparılması Rusiyanın Sənaye və Ticarət Nazirliyinə həvalə olunub. Qanunvericilik aktına uyğun olaraq bir neçə istiqamət üzrə layihələrin icrasına çəkilən xərclərə görə klasterlərə federal büdcədən subsidiya verilir. Bütün bunların sayəsində hazırda Rusiyanın 60-dan çox regionunda 2 mindən çox sənaye müəssisəsini əhatə edən 130-dan çox sənaye klasteri fəaliyyət göstərir.
Qayıdaq Azərbaycana. Bu gün ölkəmizin, məsələn, toxuculuq və geyim istehsalı sənayesində fəaliyyət göstərən 213 müəssisədən 65,3 faizi mikro, 16 faizi kiçik müəssisədir. Belə müəssisələrin hər birində müvafiq olaraq 10 nəfərə qədər və 11-50 nəfər işçi çalışır. Orta və iri müəssisələrin sayı 40 vahiddir (2021-ci il). Bu iri müəssisələrlə texnoloji əlaqəsi olan müəssisələrin bazasında müstəqillikləri saxlanılmaqla toxuculuq klasterlərinin yaradılması mümkündür. Ölkədə klasterləşməyə aid normativ hüquqi bazanın hökumət tərəfindən tezliklə hazırlanması da vacibdir. 
Strateji Yol Xəritəsində haqlı olaraq qeyd edilmişdir ki, kiçik və orta sahibkarlıq  subyektləri arasındakı biznes tərəfdaşlığı zəif inkişaf etmişdir. Onların qarşılıqlı əməkdaşlığının gücləndirilməsi və kollektiv faydalardan yararlanması üçün konkret addımlar atılmalıdır. 
Azərbaycanda bəzi şəxslər sənaye parklarının yaradılmasını klasterləşmə kimi qəbul edirlər. Ancaq bu belə deyil. Strateji Yol Xəritəsinin müəllifləri də hesab edirlər ki, Azərbaycanda yaradılan sənaye və texnoparklar klasterə məxsus bütün keyfiyyətləri əhatə etmədiyinə görə onların fəaliyyətinin effektliyi qənaətbəxş səviyyədə deyil. Üstəlik, həmin parkların rezidentlərinin və qeyri-rezidentlərinin qeydiyyatı klasterləşmə prinsipinə əsaslanmır.
Prezidentin 15 iyul 2021-ci il tarixli "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" fərmanı ilə kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsinin və dəyər zəncirinin həlqələri üzrə aparılmasının, yəni klasterləşmənin vacibliyi bir daha vurğulanmışdır. Araşdırmalarımız isə göstərir ki, Azərbaycanda daxili və xarici investorlar üçün kənd təsərrüfatının cəlbedicilik səviyyəsi aşağıdır. Məsələn, 2014-2021-ci illərdə əsas kapitala yönəldilmiş daxili investisiyaların 4,5, xarici investisiyaların isə 0,3 faizi aqrar sektorda istifadə edilmişdir. Üstəlik, bu sektora qoyulan daxili investisiyalarda dövlətin payı daha çoxdur. 
Aqrar sahənin investisiya cəlbediciliyinin yüksək olmamasının səbəbləri müxtəlifdir və onlardan biri də klasterləşmə ilə bağlıdır. Sahənin əsas məhsullarından birinin - pambıqçılığın misalında problemi araşdırmağa çalışaq. Məlumdur ki, birbaşa Prezidentin təşəbbüsü ilə Azərbaycanda pambıqçılıq artıq bərpa edilmişdir. 2015-ci ildə 18,7 min hektardan 35 min ton pambıq tədarük edilmişdirsə, 2021-ci ildə bu rəqəm 8,2 dəfə artaraq 287 min tona çatmışdır. Məhsuldarlıq isə 1,5 dəfə  artaraq 28,5 sentner olmuşdur. Hesab edirik ki, işğaldan azad edilmiş rayonların hesabına pambıqçılıq daha da genişlənəcəkdir.
Azərbaycanın pambıqçılıq praktikasında torpaq mülkiyyətçisi xam pambığı alan müəssisə ilə müqavilə bağlayır. Fermer əkin sahəsinin şumlanması, çiyidin, ziyanvericilərə qarşı dərman preparatlarının, gübrələrin alınması və məhsulun yığılmasına görə sifarişçidən nağd pul və natura şəklində avans alır. İstehsalçı məhsulu təhvil verəndə alıcı ilə son hesablaşmalar həyata keçirilir. 
Keçək əsas mətləbə. 2021-ci ildə Azərbaycan 123 min ton pambıq mahlıcı və 18,5 min ton pambıq ipliyi ixrac etmişdir. Pambıq parça istehsalı ölkə üzrə 2018-ci illə müqayisədə 1,8 dəfə artsa da, 2021-ci ildə Azərbaycana 6,3 milyon kv.m parça idxal olunmuşdur. Bütünlükdə toxuculuq materialları və məmulatların idxal dəyəri 497 milyon dollar təşkil etmişdir. Bu baxımdan hesab edirik ki, pambıqçılığın inkişafının davam etdirilməsi ölkədə toxuculuq sənayesinin dirçəlməsinə, deməli, bu sahədə klasterin yaradılmasına və son məhsul istehsal etməyə şərait yarada bilər. 
Apardığımız araşdırmalar göstərir ki, 2021-ci ildə ölkə üzrə ən çox pambıq istehsal olunan Mil-Muğan iqtisadi rayonudur. Həmin il Azərbaycanda istehsal olunan 287 min ton pambığın 40 faizə qədəri bu iqtisadi regionun payına düşmüşdür. Ölkə üzrə pambıq mahlıcının da 45 faizdən çoxu həmin iqtisadi rayonda istehsal olunmuşdur. Əvəzində, məsələn, pambıq ipliyinin 18 faizi Abşeron iqtisadi rayonunda, 50 faizi Bakıda istehsal edilmişdir. Bu isə o deməkdir ki, ölkə üzrə pambıq mahlıcının yarısını istehsal edən Mil-Muğan regionunda nə pambıq ipliyi, nə pambıq parçası, nə də istehlaka hazır digər məhsul istehsal olunur. Halbuki təxminən 530 minə yaxın əhalisi olan Mil-Muğan iqtisadi rayonu sənayecə elə də inkişaf etmiş region sayılmır. Paytaxt nəzərə alınmadan, bu regionda ölkə sənayesinin 6 faizə qədəri istehsal olunur. Adambaşına əhalinin nominal gəlirləri və pərakəndə ticarət dövriyyəsi də orta respublika səviyyəsindən aşağıdır. Bu səbəbdən Mil-Muğan iqtisadi rayonunda sənaye klasterinin yaradılması məqsədə uyğun olardı. 
Sənaye klasterinin pambıqçılığın inkişaf etdiyi Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarına da aid etmək olar. Qarabağ iqtisadi rayonu illik pambıq istehsalının həcminə görə Mil-Muğan iqtisadi rayonundan sonra ikinci yerdədir. Elə Şirvan-Salyan iqtisadi rayonunda da az pambıq istehsal edilmir. Bu sahə üzrə digər mühüm məsələ xam pambığı fermerlərdən satın alan MMC-lərin səylərinin klasterləşmə əsasında pambıq istehsalçılarının səyləri ilə birləşdirməkdir. Səylərin birləşməsi hər iki tərəf - həm sifarişçilər, həm də istehsalçılar üçün sərfəlidir. 
Aqrar sektor məhsullarının istehsalçı qiymətlərinə gəldikdə, onların tənzimlənməsi məsələsi ayrıca tədqiqatın aparılmasını tələb edir. Bununla belə, təkcə onu diqqətə çatdırırıq ki, xam pambığın istehsalçı qiymətlərinin beynəlxalq praktikanı nəzərə almaqla dövlət tərəfindən tənzimlənməsi zəruridir. Dünya təcrübəsi göstərir ki, ölkədə yaranmış iqtisadi və təsərrüfat şəraitindən asılı olaraq, qiymətlər dövlət tərəfindən tənzimlənir. Məsələn, XX əsrin 30-cu illərində ABŞ Prezidenti F.Ruzveltin ilk fərmanlarından biri kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsinə aid olmuşdur. Fərmanla həmin məhsulların satış qiymətinin aşağı həddi təsdiq edilmişdir. İndinin özündə də bir sıra inkişaf etmiş ölkələrdə (ABŞ, Yaponiya, İsvecrə) istehlak qiymətlərinin müəyyən faizə qədəri dövlət tərəfindən tənzimlənir. 
Azərbaycanda da bəzi aqrar məhsulların istehsalçı qiymətləri hökumət tərəfindən  tənzimlənir. Buna misal olaraq buğdanın qiymətləri ilə bağlı atılan addımları göstərmək olar. "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Prezidentin 19 iyul 2022-ci il tarixli fərmanına əsasən, Nazirlər Kabineti ərzaqlıq buğdanın maya dəyərini və istehsalçının mümkün qazancını nəzərə almaqla 2022-ci ildən ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmişdir. Kənd Təsərrüfatı Nazirliyi isə təsərrüfat subyektləri ilə ərzaqlıq buğdanın istehsalına dair müqavilələr bağlamağa başlamışdır. Bu yerdə bir məqama diqqət çəkmək istərdik: Azərbaycanda elə məhsullar var ki, tələbatdan çox, elə məhsullar da var ki, əksnə, az istehsal olunur. Ona görə də hesab edirik ki, istehsalçı və istehlakçı qiymətləri zəruri hallarda bazar iqtisadiyyatının imkan verdiyi yol və üsullarla tənzimlənməli və onlara dövlət tərəfindən nəzarət edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2021-ci il tarixli fərmanı ilə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi barədə Nazirlər Kabinetinə tapşırıqlar verilmişdir. Həmin tapşırıqların araşdırılması əsasında müəyyən etmişik ki, 2021-ci ildə ölkəyə idxalın 35 faizini istehlak malları, 20 faizə  qədərini kapital yönümlü mallar və 45 faizini emal olunmamış və emal edilmiş məhsullar təşkil etmişdir. Ölkəyə 2 milyard dollarlıq ərzaq məhsulları, 2,6 milyard dollarlıq kapital yönümlü mallar, 3,4 milyard dollar dəyərində sənaye təchizatı məhsulları  idxal olunmuşdur. Bu rəqəmlərdən çıxan nəticə ondan ibarətdir ki, bütün uğurlara baxmayaraq, ölkənin aqrar sektorunun və emal sənayesinin inkişafı sürətlənməlidir. 
Fərmandan irəli gələn digər məsələ emal sənaye məhsullarının maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və vergi güzəştlərinin edilməsidir. Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəyyən etmişik ki, 2021-ci ildə Azərbaycanın emal sənayesinin əlavə dəyərə görə rentabelliliyi 53,3, xalis mənfəətə görə 28 faiz olmuşdur. Bu o deməkdir ki, hər manat əsas fondun əvəzində emal sənayesində 53 qəpik əlavə dəyər, 28 qəpik xalis mənfəət formalaşmışdır. Bunlar çox yüksək göstəricilər olsa da,  əsasən qiymət artımının nəticəsidir. İndiki halda isə söhbət optimallaşdırmadan, vergi güzəştlərindən yox, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dövlət tərəfindən tənzimlənməsindən, 2016-cı ildə qəbul edilmiş "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən, dövlətin investisiyaları hesabına emal sənayesinin konkret inkişafının təmin edilməsindən, aqrar sektorda kooperativlərin yaradılmasının stimullaşdırılmasından və bütünlükdə aqroemal sənayesində klasterləşmənin həyata keçirilməsindən gedir. Mövcud qlobal reallıq onu tələb edir ki, ölkənin sosial-iqtisadi inkişafında institusional tənzimləmə zamanın tələblərinə və yaranmış mövcud vəziyyətə uyğun daim təkmilləşdirilməlidir.

Tofiq HÜSEYNOV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor, Əməkdar iqtisadçı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!