29 May 2019 17:15
903
İDMAN
A- A+

Andrey Kançelskis: Mxitaryan Bakıya getməyə qorxur? Elədirsə özünə pampers alsın


Rusiyanın Rusfootball.info portalında məşhur futbolçu Andrey Kançelskis ilə UEFA-nın Avropa Liqasının və Çempionlar Liqasının qarşıdan gələn finalları barədə müsahibə dərc edilib. AZƏRTAC müsahibəni təqdim edir.

X X X

İngiltərənin "Mançester Yunayted” və "Everton” komandalarının keçmiş yarımmüdafiəçisi Andrey Kançelskis Rusfootball.info portalının müxbiri Viktoriya Yakovlevaya verdiyi müsahibədə Avroliqanın finalında "Çelsi” və "Arsenal” komandalarının görüşündən, Çempionlar Liqasının finalında "Tottenhem” və "Liverpul” komandalarının görüşündən gözləntiləri, habelə "Arsenal”ın erməni mənşəli yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıdakı həlledici matça getməkdən siyasi motivlər əsasında imtina etməsi barədə fikirlərini bölüşüb.

-İngiltərə çempionatında iştirak edən dörd komandanın iki avrokubok turnirlərinin final matçlarında təmsil edilməsi faktı təəccüb doğururmu?

-Hazırda İngiltərə premyer-liqası Avropa futbolunda nömrə birdir. Bu onu göstərir ki, digər çempionatlar bu gün geridə qalır. Vaxtilə ispanlar, italyanlar üstünlük təşkil edirdi, indi isə ingilislər. Burada qəribə və təəccüblü heç nə yoxdur, hər şey qanunauyğundur.

-Çərşənbə günü Bakıda Avroliqanın final matçı keçiriləcək. Bu matçda "Çelsi” və "Arsenal” mükafat sahibini müəyyən edəcəklər. Siz bu komandaların hansına üstünlük verərdiniz?

-Yaxşı futbol olacağına əminəm, amma heç vaxt mərc gəlməmişəm – bunun nə demək olduğunu bilmirəm. Komandaların şanslarına gəldikdə isə, mənim fikrimcə, indiki anda "Çelsi”nin şansı daha yüksəkdir. Ona görə ki, bu komandanın bütün xətlərində tarazlaşdırılmış heyət var. Məncə onlar qalib gələcək. Amma söhbət finaldan gedir. Düşünürəm ki, burada vəziyyət penaltilər seriyasına çatmayacaq, oyun əsas vaxtda başa çatacaq. Amma hər halda bu, yaxşı matç olacaq, çünki ingilislər açıq futbol oynayırlar. Bu oyunun nəticəli olacağı gözlənilir.

-"Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın siyasi motivlər əsasında Bakıdakı həlledici matça getməkdən imtina edib. Siz oyunçunun bu qərarına necə münasibət bəsləyirsiniz?

-Mən bunu başa düşmürəm. Adama deyərlər ki, kimdən qorxursan? Hansı siyasi münasibətlərdən danışırsan? Sən futbol oynayırsan – get, oyna. Nə sayaqlayırsan!

Sadəcə gülməlidir. Klounluqdur! Futbolun öz yeri var, siyasətin öz yeri. Get oyna, göstər ki, heç kəsdən qorxmursan. Ümumiyyətlə, orada sənə nə edəcəklər? Azərbaycan ilə Ermənistan arasında yaranmış münasibətlərdən asılı olmayaraq sən oraya getməli və oynamalısan. Orada sənə heç kəs barmağı ilə də toxunmayacaq. Uzaq başı səni fitə basacaqlar, qışqıracaqlar... Maradona İngiltərə yığmasının qapısına topu əli ilə vuranda onu da fitə basmışdılar. Maradona ki, sağ-salamatdır! Mxitaryan belə qorxubsa qoy özünə pampers alsın. Beş il yarım bundan əvvəl böyük futbolçu, "Spartak”ın heyətində çıxış edən İlya Tsımbalar dünyasını dəyişəndə klubun nümayəndələri Odessaya, onun dəfninə getməyə qorxanda mən eyni sözləri demişdim. Qorxurdular ki, onları öldürərlər. Qorxduqlarını açıq bəyan edirdilər. Onda mən dedim ki, özlərinə pampers alsınlar. Sizə kim dəyib-dolaşacaq? Tsımbalar həyatını "Spartak”a həsr edib, amma onun dəfninə gəlmədilər. O, "Spartak”ın heyətində oynayanda onlara lazım idi, belə bir hadisə baş verəndə isə, bir qəpik pul vermədilər. Bu, dəhşətdir. O vaxt klub özünü biabırçı şəkildə apardı. Təkcə azarkeşlər bir qədər vəsait topladılar. Əgər insan istəyirsə, ondan asılı olan hər şeyi edəcək. Amma əgər qorxmusansa, onda etiraf et ki, qorxaqsan. Mən "Arsenal”ın rəhbərliyinin yerində olsaydım, Mxitaryanı peşəkar vəzifələrini yerinə yetirmədiyinə görə cərimə edərdim. Əgər bu komanda Avropa Liqasında uduzsa, təqsirkar Mxitaryandır, çünki gedib komandasına kömək etmədi.

-Çempionlar Liqasının finalını necə təsəvvür edirsiniz?

-Bu final da maraqlı olacaq. Ona görə ki, İngiltərə komandasının kiçik bir mənfi cəhəti var: onlar istənilən halda açıq futbol oynayır. Məsələn, italyanlar bir qol vurandan sonra ehtiyatla oynamağa başlayır, ingilislər isə bunu bacarmırlar. Buna görə də əlbəttə, bu finalın da məhsuldar olacağı gözlənilir. Əlbəttə, mən "Liverpul”a azarkeşlik etməyəcəm. Mən həmin şəhərin "Everton” komandasında oynamışam. Axı onlar bizim "düşmənlərimizdir”. Amma ümumiyyətlə hazırda "Liverpul” çox xoş sözlərə layiqdir: mövsümü yaxşı keçirdilər, maraqlı futbol nümayiş etdirirlər. Lakin bu matçda mən "Tottenhem”ə rəğbətimi bildirəcəyəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video