Bayden vəzifəsindən sui-istifadə edərək narkoman, cinayətkar oğlunu azadlığa buraxdı
ABŞ Prezidenti Co Baydenin vəzifəsindən sui-istifadə edərək həbsdə olan oğlu Hanter Baydeni azadlığa buraxması dünya mediasının müzakirə mövzusuna çevrilib. Böyük qalmaqala dönən bu məsələ ilə bağlı müxtəlif fikirlər söylənilir.
Xatırladaq ki, ABŞ məhkəmələri tərəfindən 2018-ci ildən Hanter Baydenin vergidən yayınması və qanunsuz silah saxlaması ilə bağlı araşdırma aparılıb və qərar çıxarılıb. Belə ki, 2023-cü ildə ABŞ-nin Delaver ştat məhkəməsində hakimlər kollegiyası Hanter Baydeni silah alışı məsələsində təqsirli bilib. 54 yaşlı şəxs 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilib. Bayden ittiham aktının hər 3 maddəsi üzrə təqsirli bilinib.
Co Bayden isə məhkəmədən öncə, oğlunun təqsirli bilindiyi halda onu əfv etməyəcəyini açıqlamışdı. Dünən isə onun Hunter Baydeni əfv etməsi ABŞ-nin 47-ci prezidenti Donald Trampı çox qəzəbləndirib. D.Tramp bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib. ABŞ-nin yeni seçilmiş prezidenti öz paylaşımında belə yazıb: "Ədalətdən sui-istifadə ilə bağlı belə olur!"
Ümumiyyətlə, ABŞ tarixində korrupsiya, rüşvət və digər dövlət cinayətlərində günahlandırılan prezidentlər yetərincədir. Ancaq ABŞ və dünya mətbuatı konkret olaraq Co Bayden haqqında araşdırmalarda onu hər zaman "kriminal ailə başçısı" kimi təqdim edib.
Bayden dünya mediasında yalnız psixi durumu, müəmmalı davaranışları, hər gün törətdiyi növbəti rəsmi protokol qalmaqalı ilə deyil, həm də ailəsinin və şəxsən özünün cinayətləri ilə manşetləri "bəzəyir". Baydenlər "zəngin" kriminal keçmişə və müasir cinayətkar fəaliyyətə malikdirlər. Bu ailənin kriminal "inciləri" ən məşhur mafiya, narkobaron ailələrinin cinayətləri ilə yarışmağa hazırdır.
Hələ Barak Obamanın hakimiyyət illərində ABŞ-nin vitse-prezidenti olan Baydenin oğlu Hanter Ukraynada nüfuz lobbiçiliyi vasitəsilə milyonlarla dollar qanunsuz vəsait qazanıb. Məsələn, o, ən böyük müstəqil qaz istehsalçısı olan "Burisma Holdings"dən beş il ərzində 3-5 milyon dollar arasında vəsait mənimsəyib. Eyni zamanda ABŞ-dəki təsir vasitələrindən istifadə edərək kredit anlaşması adı ilə on milyonlarla dollar vəsait əldə edib. Özü də bu prosesdə bütün tərəfləri şantajla təhdid edib. Ukraynanın kabusuna çevrilən Baydenin oğlunun qanunsuz əməlləri daha geniş miqyas alanda Ukraynanın baş prokuroru Viktor Şokin Hanter barədə cinayət işi açıb. Bu məqamda prosesə "Xaç atası" - ata Bayden müdaxilə edib. Ukrayna rəhbərliyinə şantajları nəticəsində baş prokurorun vəzifədən azad edilməsinə nail olub.
Ukraynadakı gizli laboratoriyaları da hədəfə götürən Hanter Bayden qanunsuz nüfuz lobbiçiliyi ilə ABŞ Müdafiə Nazirliyinin podratçısı "Black&Veatch" ilə patogenlərin tədqiqi üzrə əməkdaşlıq edən "Metabiota" tibb şirkətinə ABŞ hökuməti ilə çoxmilyonluq müqavilə bağlamağa "kömək" edir. Qanunsuz pul dövriyyəsinin 50 milyon dollara yaxın olduğu barədə rəsmi məlumat verilir. Fakt aşkar olunanda istintaqı ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) öz üzərinə götürür. Lakin Co Baydenin müdaxiləsi ilə istintaqa məlum olan məlumatlar gizlədilir. Bir müddət sonra isə istintaq materialları "məxfi" qrifi ilə arxivə atılır.
Rusiya qarşısında tək qalmamaq üçün Ukrayna rəhbərliyi Bayden ailəsinin şantajlarına boyun əyir, Hanterin on milyonlarla dollar həcmində qanunsuz gəlirinə göz yumur, bu cinayətkar fəaliyyətin davamlılığına şərait yaradır…
Vitse-prezident Bayden və ailəsi Ukraynanın maliyyə resurslarını, iqtisadiyyatını beləcə dağıdır…
İllər keçir, Bayden artıq prezident statusunda Ukraynanın çoxəsrlik dövlətçiliyini, müstəqilliyini süquta uğratmağa başlayır, onu savaşa sövq edərək məğlubiyyətə uğradır, milyonlarla ukraynalını vətənindən didərgin salır…
Amma bu dəfə yalnız Ukraynaya vurulan zərər artmamışdı, yüksələn həm də Baydenlər ailəsinin qanunsuz gəlirləri idi…
Əslində, Baydenin milyardlar qazanan oğlu elə də xüsusi ağıla, hazırlığa malik deyil. O, narkoman olduğunu aşkar etiraf edib, küçələrdə gecələdiyini gizlətməyib. Məsələn, narkotikin təsiri altında olan Hanter xarab olmuş kompüterini Delaver ştatında kompüter təmiri sexinə verib. Burada isə onun növbəti cinayətləri barədə faktlar aşkar olub. ABŞ mediasına ötürülən məlumatlardan məlum olub ki, oğul Baydenin Çin şirkətlərindən milyonlarla dollar aldığını göstərən real bank sənədləri var.
Bank qeydlərində Çin dövlət şirkəti "CEFC China Energy"dən Hanter Baydenin "Hudson West" şirkətinə və "Owasco" hüquq firmasına 14 ayda 4,8 milyon dollar köçürülməsi əks olunmuşdu.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komerin araşdırması nəticəsində isə məlum olub ki, 2019-cu ildə Hanter Bayden çinli investor Li Xiang Shengdən atası Co Baydenlə ünsiyyət qurması üçün 250 min dollar alıb.
Baydenin oğlunun noutbukunda aşkar edilmiş elektron məktublar başqa cinayətləri də üzə çıxarıb. Atasının siyasi nüfuzundan xarici biznes sövdələşmələrində gen-bol istifadə edən Hanterin noutbukundakı 103 min mətn mesajı, 154 min elektron məktub, 2 mindən çox fotoşəkil əsasında o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və fahişəliyə cəlbetmə ilə məşğul olmaqda da şübhəli bilinib.
Bütün bunlar amerikasayağı "demokratiyadır". Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir və onu lazım olanda istənilən formada gizlədir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"